Birinci hissə, on üçüncü fəsil
Səhifə 2 / 2 · 50%
Bu zaman Zərrintac xanım kresloda yerini rahatlayıb çatma, alınmış qaşlarını yuxarı qaldıraraq viski şüşəsinə işarə ilə:
– Ağayi Siracəddin, bəlkə zəhmət çəkib o şüşəni açasınız, bir xidmət göstərəsiniz, — dedi və özünəməxsus bir rişxəndlə gülümsündü. Ağayi Siracəddin onun bu kinayəsini dərhal anlayıb tez qəlyanını yerə qoydu və şüşəni götürüb rizəli qapağını buraraq açdı:
– Məmnuniyyətlə, xanım. Bizə lap xəcalət verirsiniz...
Zərrintac xanım eynən atası kimi, belə gözlənilməz, gəlişi bivaxt qonaqların hüzurunda etdiyi kimi, ağayana bir hərəkətlə piyaləsini qaldıraraq;
– Siz bizim xanimana xoş gəlmisiniz, ağayi Siracəddin,— dedi. Ağayi Siracəddin də piyaləsini götürdü, ağsaçlı başını sinəsinə endirməklə:
– Sağ olun, — dedi. — Lütfünüzə qarşı minnətdaram. — Dayanıb gözlədi. Ancaq Zərrintac xanım piyaləsini nazik, qırmızı dodaqlarına yaxınlaşdıraraq iri, uzun kirpikli gözlərini qıyaraq:
– İçin, için, ağa, — dedi. — Mən sizi gözləyirəm. Ağayi Siracəddin qıyıq gözləri ilə gülümsünüb:
– Diqqətinizə görə mütəşəkkirəm, xanım,— söylədi,—izn versəydiniz, mən bu piyaləni sizin şərəfinizə nuş edərdim.
– Buyurun.
Və ağayi Siracəddin yenə ağsaçlı başını sinəsinə endirdi, piyaləni dodaqlarına yapışdırıb viskini içdi. Xiyardan bir dilim götürüb yedikdən sonra:
– Sağ olun, ağa, bizi yad eləyib gəldiyiniz üçün sağ olun, — deyərək piyaləsini başına çəkdi. Ağayi Siracəddin tez bir narıngi soyub ona tərəf uzatdı.
– Sağ olun!—Zərrintac narıngidən nazik bir dilim qoparıb ağzına atdı.
Yemək yedilər azca. Sonra yenə ağayi Siracəddin viski süzdü. Viski artıq Zərrintacı bayaqkı gərginlikdən, kəmhövsələlikdən qurtarmışdı — o, bir az şənlənmişdi, sərbəstləşmişdi. Ağayi Siracəddinin də onun düçar olduğu böhranlı anların keçib getdiyini anlayıb qırışığı açılmışdı. Zərrintac xanımın heç bir nigarançılıq keçirmədiyini, rahatca oturub nə qapıya, nə səs-səmirə fikir vermədiyini görüb ağayi Siracəddin şübhədən çıxmağa başlamışdı. «Yazıq dərdlidi. Təkdi. Bəlkə də hövlündən belə eləyir biçarə?»—deyərək onun saçlarına gözucu, qorxa-qorxa baxır, yeyə-yeyə ordan-burdan danışırdı. Bu dəfə o qabağa düşdü. Piyaləni götürərək:
– Zərrintac xanım, siz yaxşı bilirsinnz ki, mərhum qibləgahınız, indi olmasın, mənim həmsöhbətim, yaxın adamım idi. Səxavətli idi o kişi, həyat adamı idi. Yeyib-içən, məclis yaraşığı idi, o olan yerdə insan insan olduğunu anlayırdı, o olan məclisdə insan başa düşürdü ki, biz bu fani dünyaya bir dəfə gəlirik, ikinci dəfə gəlməyəcəyik — ona görə ancaq şənlənirdik, dünyadan ləzzət alırdıq, nəfsimiz, ürəyimiz istəyən şeyə yox demirdik. Mən ömrümdə çox adamlarla oturub-durmuşam, yemişəm-içmişəm, ancaq ağayi Nəcməddinin, — Allah onun qəbrini nurla doldursun, — yerini heç biri verməyib. Mən o kişi ilə keçirdiyim günləri ömrümün ən xoş, ən unudulmaz günləri hesab eləyirəm və harda otursam, kiminlə otursam onu yad eləyirəm. Hara gedirəm, onun yeri görünür. Elə bir kişi yoxdu indi bizdə, bala. Vaxta ki indi onun ciyərparası ilə rubəru oturmuşam, o kişini mən gərək karratla, şükranlıqla yad eləyəm, qızım.
– Lütf edirsiniz, ağa.
– Bəli, o yad edilməyə layiq kişi idi. Sizin icazənizlə, mən təklif edirəm ki, bu piyalələri onun ruhi-əbədisinin şərəfinə içək, ona xudavəndi-aləmdən rahat axirət dünyası arzu edək.
– Sağ olun, ağa. Qədrdanlığınız üçün mütəşəkkirəm, ağa.— İçdilər, yedilər.
Növbəti piyalələrə viskini Zərrintac xanım özü süzdü. Onun rəngi allanmışdı, gözlərində bir xumarlıq əmələ gəlmişdi. Damağında uzun amerikan siqareti tüstülənirdi. Bir-iki saat bundan əvvəl hiss elədiyi sıxıntı, kədər, tənhalıq onu tərk etmişdi, beyni dumanlanmış, dərdi yadından çıxmışdı. Bayaqdan bəri Siracəddinin buraya gəlişi ona müəmmalı görünürdüsə, indi fikirləşirdi ki, nə yaxşı oldu bu kişi bizə təşrif gətirdi. Və bu hissini gizləməyib;
– Nə yaxşı oldu, ağa, siz bu gün Allah və bəndələr tərəfindən unudulmuş xanimanımıza təşrif gətirdiniz? Mən buna çox şadam, ağa. Çünki çox darıxırdım, çox pəjmürdə idim, ağa, bu gün. Nə üçün gəlmisiniz mən deyə bilmərəm, ancaq sizin bu gəlişiniz mənim üçün göydəndüşmə bir səadətdi, ağa.
– Mən heç bir şey üçün gəlməmişəm, qızım. Sadəcə olaraq, burdan keçirdim, dedim sənə baş çəkim, görüm necə dolanırsan.
Ömrünüz uzun olsun, ağa!
—Görürəm, sən çox mükəddərsən, mən səni başa düşürəm, ağayi Nəcməddin kimi ata itirən, sonra namərd kişi tərəfindən yalqız qoyulan bir cavan qadın üçün, bu dərdlər qayət dözülməzdir. Bunlar sənə—naz-nemət içində böyüyən, həyatda heç bir çətinlik görməyən sənə çox ağır və fəna təsir bağışlaya bilər. Ancaq gərək sən heç vaxt unutmayasan ki, kimin qızısan, necə dəyanətli-dözümlü bir kişinin qızısan.
– Hə, qibləgahım, doğrudan da qəribə kişi idi. Ancaq o, özü-özünü məhv elədi — Zərrintac xanım belə deyib ani susdu və birdən düz ağayi Siracəddinin gözlərinə şax baxıb əlavə elədi: — Əslində onu sən, sonra da Dünya xanım məhv elədiniz. Bəli, siz.
Ağayi Siracəddin yerində qurcalandı və irişə-irişə:
– Mən? — deyə sual etdi. — Mən?
– Bəli, ağa. Sən o Dünya xanımı qibləgahıma verməsəydin, o bu günə düşməzdi, ağa.
Araya sükut qanad gərdi. Bu sükutdan istifadə eləyən Siracəddin qəlyanının başına köz qoydu və dedi:
– Yox, xanım, sənin qibləgahın mənim yaxın adamım idi. Sən bilməzsən, amma mən yaxşı bilirəm ki, o, necə hal əhli idi, necə qadınpərəst idi. Lap cavan vaxtından, lap elə sizin mərhum ananızın sağlığında o, mənim yanıma tez-tez gəlib-gedərdi. Pulu çox idi, canı saz idi — gəlirdi, xərcləyirdi. Elə gecələri vardı ki, iki-üç qadını səhərəcən yanında saxlayırdı sənin qibləgahın. O, uzun illər mənim bir nömrəli müştərim olmuşdu. Mənim xanımlarımın hamısı onun əlinin duzunu dadmışdı və qəribə idi ki, hamısının ondan xoşu gəlirdi. O, bizim xanimana ayaq basanda xanımların gözləri parıldayırdı və ayrı-ayrılıqda hərəsinin ürəyindən keçirdi ki, ağanın hüzuruna getsin. Çünki ağa onları çox əfsunlamışdı. Çünki qadın cəzb eləyə biləcək hər şey vardı sənin qibləgahında — sənin qibləgahın aləm idi, xanım. Sonra da, lap axırda bu Dünya xanıma rast gəldi və mənə yalvardı-yaxardı ki, Dünyanı ona verim. Mən də dostluğumuz xatirinə verdim, xanım. Vurulmuşdu ona bədbəxt.
– Hə, yaman vurulmuşdu. Amma nanəcib çıxdı, qoydu, getdi və bu gedişi ilə yazıq qibləgahımın axırına çıxdı, ağa. Sizin tərəflərə qayıtmadı ki, o?
– Kim?
– Dünyanı deyirəm.
– Yox, xanım. Qayıtsaydı, nə dərdimiz vardı? Məncə, onu kimsə uzaq bir şəhərə aparıb — burda olsaydı, səs-sorağı çıxmışdı. Burda olsaydı, mən onu çoxdan tapmışdım. Şeytanın balası. Çox qəşəng idi. Elə arvadı olan, təcrübə göstərir ki, axırda həmişə bədnam olur. Gözəllik hardasa səadətdirsə, xoşbəxtlikdisə, hardasa da bədbəxtlikdi, müsibətdi, xanım. Sən cavansan, sən bəlkə də bu hikməti bilmirsən, ancaq mən, ömrümü-günümü bu işdə çürütmüşəm deyə bu həqiqəti çox yaxşı dərk eləmişəm, xanım yeri gəlmişkən, xanım, bunu da deyim ki, siz də qəşəngsiniz, olduqca qəşəngsiniz.
Zərrintac, başı dumanlı halda, bu sözlərdən səksənən kimi oldu, ancaq sonra canında, ürəyində incə, xoş bir duyğu oyandı, o, başını aşağı endirib sinəsinə, bədəninə, ayaqlarına ötəri nəzər salıb gülümsündü və:
– Kim? Mən? — deyə qəribə bir nazla soruşanda Siracəddin gözlərini onun məst baxışlarından çəkmədi:
– Bəli, siz, xanım, — dedi. — Siz, mən cəsarətlə deyərdim ki, siz Dünyadan da gözəlsiniz. Mən bu sözü, qadın gözəlliyindən başı çıxan bir kişi kimi, tam ciddiyyəti ilə deyirəm.
Zərintacın dodaqlarını təbəssüm araladı, yaraşıqlı bir boyda, bir biçimdə olan ağ dişləri göründü:
– Elə şey olmaz, ağa!
– Siz mənə inanın, inanın ki, bu, belədi.
Ağayi Siracəddinin sözləri Zərrintac xanımın canına yağ kimi yayıldı, bir anlığına o, bütün kədərini, dərd-qəmini unudub özünü xoşbəxt saydı, qonağını unudaraq ayağa qalxdı, stolun başına fırlanıb bədənnüma güzgünün qənşərinə keçdi və süzgün baxışlarla özünə tamaşa elədi, barmaqlarını daraq eləyib çiyninə tökülmüş saçlarına çəkdi. Bu zaman Siracəddin əlində iki piyalə güzgünün qabağına gəldi, piyalənin birini Zərrintac xanıma uzatdı və ona güzgüdə baxa-baxa:
– Bir fikir verin, —dedi və sağ əlinin şəhadət barmağını aynadan baxan xanımın qaşları, gözləri, dodaqları üstündə, sinəsində gəzdirdi — Dünyada belə qaş-göz vardı, belə dodaq vardı? Yox, xanım, yox.
Ağayi Siracəddin danışırdı, Zərrintac ancaq səsini eşidirdi və xəyalında özünün gözəlliyinə, zəifliyinə həmişə daxili, gizli bir qibtə hissilə baxdığı Dünya xanımla müqayisə edir, onunla özü arasında duyduğu gözəllik fərqləri qonağın şirin-şirin söylədiyi sözlərin təsirilə yavaş-yavaş silinib əriyir, Dünya onun nəzərlərində adiləşirdi. Ağayi Siracəddinin sözləri onun cavan ürəyini xoş bir əhvali-ruhiyyə ilə, xoşbəxtlik duyğusu ilə doldururdu. Zərrintac xanım güzgüdə dayanan əksinin boyun-boğazında, sinəsində gəzən əli görüb xoşhallanırdı. Şirin, ləzzətli sözlər deyən səs birdən susdu—bu sükutdan Zərrintac, xanım təəccüblənən kimi oldu— elə bu zaman ağayi Siracəddin piyaləsini irəli uzadıb artıq özünü hisslər aləmində hiss eləyən, dərdini, qayğısını unutmuş, yalnız qadın olduğunu xatirində saxlayan Zərrintac xanıma sarı döndü:
– Bu piyalələri, xanım, icazənizlə, şəxsən sizin, sizin gəncliyinizin, gözəlliyinizin şərəfinə içmək istəyirəm.
– O... Lütf... edirsiz, ağa... — Zərrintac xanım gözlərini süzüb.... piyaləsini başına çəkdi, Siracəddin də içdi... Və birdən:
– Bu piyalənin məzəsi gül dodaqlar olmalıdı —deyib onun dodaqlarından öpdü. Zərrintac xanım qəhqəhə çəkib güldü.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-on-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.
Dördüncü hissə, ikinci fəsilYaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.
Dördüncü hissə, üçüncü fəsilBuxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:
Dördüncü hissə, dördüncü fəsil...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.