Birinci hissə, on ikinci fəsil
Səhifə 1 / 2
Günortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.
Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.
Əbdül ümumiyyətlə yuxu aləmindən ayılmamışdı elə bil. Bu xannmana düşəndən üzü bəri başına gələn bütün əhvalatlar ona həqiqətən röya kimi görünməkdə idi, bəzən elə hallara düşürdü ki, gözləri ilə gördüyü şeylərə də inanmaq istəmir, «yox, məni qara basır mənim başıma hava gəlir!» — deyə xoflanırdı. Məsələn, cibində ağayi Nəcməddinin əli ilə yazdığı məktub vardı və o kağıza əsasən bu ev onun idi, filan qədər pul onun idi—ancaq Əbdül buna inanmaq istəmirdi; inansaydı, indiyə qədər bir toyuq hini boyda daxması olmayan Əbdülün sevinci yerə-göyə sığmayaydı gərək, inansaydı, ömrü boyu qəpik-quruşdan başqa pul görməyən Əbdül milyonların sahibi olandan sonra gərək şadlığından atılıb-düşəydi, fərəhindən ürəyi dağa dönəydi. Ancaq o, bütün bunlara başqasının başına gəlmiş nağıl kimi baxır, zərrəcə sevinə bilmirdi. Yenə əvvəlki kimi özünü nökər sayırdı, elə bilirdi ki, ağa da, xanım da harasa gedib, gecmi-tezmi gələcək. Elə bilirdi ki, onlar gedəndə həyət-bacaya, ev-eşiyə, uşağa yaxşı baxmağı tapşırıblar, o da ağasının, xanımının sözünə itaət edərək öz vəzifəsini vicdanla yerinə yetirir. Halbuki Əbdül uşaq deyildi, hamıdan, hər kəsdən gizli saxlamağa çalışsa da yaxşı bilirdi ki, bax indi o yüyrükdə mışıl-mışıl yatan körpə ağayi Nəcməddinin oğlu deyil, onun öz oğludur, öz ciyərparasıdır. Və bu boyda həqiqət də çox vaxt ona yalan kimi, nağıl kimi, yuxu kimi görünürdü. Bax məhz belə anlarda o çaşıb qalır, düşüncələrinin kələfi pırtlaşır, nəyin haqq-həqiqət, nəyin yuxu, yalan olduğunu ayırd edə bilmirdi. Topdağıtmaz ev-eşik, qızıl-gümüş, pul-filan o yana qalsın, uşağın özü Əbdülə gah munis, doğma, baldan şirin görünür, gah da yad, uzaq, əfsunlaşmış təsiri bağışlayırdı və bu zaman o, körpəyə qorxa-qorxa baxır, onda nə isə qəribə, anlaşılmaz sehr olduğunu hiss edir, dilsiz-ağızsız uşaqdan vahimə içində qaçmaq, uzaqlaşmaq istəyirdi. «Sən cinsənmi, əcinnəsənmi, bala, sənin ayağın nə ağır imiş, oğul. Sən dünyaya gəlməmiş ağayi Nəcməddində, anan Dünya xanım da, mən də arın-arxayın, rahatca ömür eləyirdik, bala. Ağam Nəcməddin cavan, qəşəng Dünyanın məhəbbətindən xoşbəxt idi, Dünya isə ərinin ad-sanından, var-dövlətindən, uşaq nəvazişlərindən bəxtəvər idi, mən də — dünyada bir qarın çörəyi, bir isti bucağı səadət sanan mən də Dünyanın hər şeydən şirin, hamıdan gizli vüsalından sərxoş idim, oğul. Dərdsiz-qayğısız yaşayırdıq, bu dərdlərlə dolu dünyada. Ancaq sən gələndən sonra — ayağın nə ağır imiş?! — aləm qarışdı bir-birinə. Dünya dəyişdi, bala. Dünya qorxaqlaşdı. Dünya məndən üz çevirmək istədi, o kürən köpək oğluna meyl salmaq fikrinə düşdü. Mən də buna dözmədim, oğul. Yox, bunları sənə niyə deyirəm, bunları sən bilməməlisən, bala, bu sirlər mənimlə qəbrə getməlidi, qəbrə, oğul» — deyərək xoflu-xoflu əyilib yatan uşağa baxırdı, yuxu aləmində olduğunu yəqin edəndən sonra arxayın nəfəs alıb toxtayırdı. Sonra özünü bu nöqtədə tuturdu ki, axı o, bu sözləri bərkdən demirdi, ürəyindən keçirirdi, uşaq bunları necə eşidə bilərdi?
Hətta oyaq olsaydı belə, yenə eşidə bilməzdi. Bu həqiqəti dərk eləyəndən sonra Əbdül lap arxayın olurdu. Çox keçməmiş ağayi Nəcməddinin solğun, arıq siması gözləri qabağında peyda olurdu — o, həyətin o başından ağır, ləngərli addımlarla bura, ərik ağacının dibinə gəlir, əvvəl boylanıb beşikdə yatan körpəyə diqqətlə baxır, onu sağ-salamat görüb gülümsünür, sonra baxışlarını döndərib Dünyanın çiçəklik-güllük içində uyuyan qəbrinə nəzər salır, kirpik çalmadan dəqiqələrlə ora tamaşa edir, yanaqlarından yaş axmağa başlayanda üzünü çevirib Əbdülü görürdü. Əbdül, təbiətinə uyğun olaraq, əlini sinəsinə qoyub baş endirəndə kişinin sifətinin ifadəsi dəyişir, yanağındakı yaş quruyur, üzündəki təbəssüm yoxa çıxır, gözlərində bir qəzəb odu yanırdı və o, addım-addım irəli yeriyərək damarları çıxmış uzun əllərini onun boğazına sarı uzadır, xırıltılı səslə:
– Səni boğacağam, Əbdül! — deyirdi. — Sən xəyanətkarsan, sən namərdsən, Əbdül. Mənim çörəyim, mənim çəkdiyim əzablar gec-tez səni tutmalı idi. Bax, indi səni mən öz əllərimlə boğacağam, cəzana çatdıracağam, namərd!
Bu zaman Əbdül oturduğu yerdə özünü geri atır və hərəkətindən səksənib xəyaldan ayılırdı və hərəsan halda əlini göylərə qaldırıb:
– Allah, sən özün keç günahımdan!—deyə yalvarırdı. Ağayi Nəcməddinin xəyalının zəhmi o qədər ağır olurdu ki, Əbdül uzun müddət özünə gələ bilmir, gözləri hədəqəsindən çıxmış halda o yan-bu yana boylanır, indicə burda olan kişinin hara çəkilib getdiyini öyrənmək istəyirdi — onun gəlişi nə qədər aydın olurdusa, gedişi bir elə mübhəm, anlaşılmaz olurdu və Əbdül yenə də burada həqiqətlə xəyalın bir-birinə qarışdığını aşkarca hiss eləyirdi.
Az sonra qonşunun kürən oğlu peyda olanda... — bax, tək onda Əbdül ağzını açmağa, kəlmə kəsməyə imkan vermədən onun üstünə atılır, o da lal-dinməz çəkilib gedirdi. Əbdül, qəribə idi ki, ölüb gedəndən sonra da ona qarşı ürəyində çox güclü bir kin bəsləyirdi və bu kin Əbdülə əcaib bir güc verirdi. O, yalnız kürəni düşünəndə, onun vücudunu, maşınını gözünün qabağına gətirəndə dirçəlir, özündə qüvvət-qüdrət hiss eləyir, tutduğu bütün günah işlərin hamısının cəzasını, əzabını çəkməyə qadir olduğunu anlayır və bundan qəribə bir sevinc duyurdu. «Səni ağayi Nəcməddinə mən öldürtmüşəm, kürən, əcəb də eləmişəm. Rədd ol get buradan, yoxsa, səni təzədən özüm öldürərəm, kürən. Sən mənim səadətimə göz dikmişdin— mən o gözləri oyum-oyum elərəm, kürən. Get, təzədən ölmək istəmirsənsə, get, kürən! — deyə qarasınca asıb-kəsərdi. — Dünyanı görməyə gəlmisən? Ay özün öləsən. Onun nəinki özünə, hətta qəbrinə də yaxın düşməyə qoymaram səni, kürən».
Əbdül kürəni beləcə «qovandan» sonra azca asudə nəfəs alardı, qalxıb Dünyanın «gizli» qəbrinin başına dolanar, yenidən gəlib yerində oturardı. Gözlərini qəbrə zillərdi, baxardı, baxardı. Bu zaman sanki torpaq yarılardı, Dünya xanım zahir olardı. Əbdül bihuş kimi gözlərini yumardı, onun yüngül qədəmlərinin səsini, ipək xalatının xışıltısını eşidərdi. Əbdülün qorxudanmı, həyəcandanmı—ixtiyarı və iqtidarı olmazdı ki, yerindən tərpənsin, ona bir söz desin, ayaqları altına yıxılsın. Olmazdı. Dünyanın gəlişinin ilk anları Əbdülün yaddaşında məhəbbətli günlərin xatirələrini oyadardı; Dünya gözəlliyi ilə, iltifatı ilə, məhəbbət və nəvazişi ilə onun dərdli-ələmli, günahlı ürəyində anlaşılmaz duyğular yaradardı. Dünya xanım səssiz-səmirsiz, qanlı sinəsini (aman allah, hələ də o qan qurumayıb?) saçlarının pərişan tükləri ilə örtməyə çalışaraq oğlunun başı üstünə gələr, əyilib onun iri alnından, yumşaq, qonur tüklərindən, öpər, öpər, səyriyən dodaqlarının arasından bu sözlər çıxardı. «Can oğul, can oğul. Mənsiz necə dolanırsan, can oğul?» —Ağlayardı Dünya xanım. Onun ağlamasına Əbdül tab eləməzdi, dillənərdi:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-on-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.
Üçüncü hissə, səkkizinci fəsilVə hərlənib yenə beşiyin yanına qayıtdı. Körpə Nəcməddin arxası üstə, şirincə uyumuşdu. Seyrək qaşlarını, böyüklərə məxsus bir ədayla, nəsə ciddi bir şey fikirləşirmiş kimi, çatmışdı. Xırdaca dodaqları, uzunsov çənəsi arabir tərpənir, ancaq gözlərini açıb baxmırdı. Nəcməddin ürəyinə sığışmayan qürurla uşağına tamaşa eləyir, doymaq bilmirdi. «Kaş tez böyüyəydin, əlindən tutub gəzdirə bileydim, məclislərə apara bileydim və hamıya deyə bileydim ki, baxın, bu mənim canım-ciyərim, arxam-dayağım, hurilər hurisindən olan oğlumdu, mənim canişinimdi!» — deyə düşünür, fərəh içində gah beşiyin bu böyründən, gah da o biri böyründən dünyadan xəbərsiz halda yatan çağaya baxmaqdan usanmırdı. Nəhayət, uşaq gözünü açdı, başının üstündə dayanan adama diqqətlə nəzər salıb nə üçünsə gülümsündü.– Niyə gülürsən, oğul? — Nəcməddin böyük adamla danışırmış kimi xəbər aldı, o isə təbii ki, cavabsız buraxdı bu sualı. Kişi şəhadət barmağını onun zənəxdanlı çənəsinə toxundurub dedi: — Demirsən niyə gülürsən? Daha maşallah yekə kişisən. Bu gün bu qoca dünyada düz qırx gündü yaşayırsan. Bizim uşaqlığımız ayrı zəmanəyə düşüb — avamlar zəmanəsinə. Amma indi dünya tamam dəyişib, oğul. Gərək bu qırx gündə sən çox şey öyrənmiş olaydın. Heç olmasa danışmaq öyrənəydin. Bax, bayaq xoşum gəldi səndən, filosof kimi qaşlarını düyüb fikirləşirdin. Fikirləşə bilirsən demək! Fikirləşə bilirsən, onda danışa da bilərsən demək. Heç olmasa mənim kimi adamın oğlu olduğun üçün gərək danışmağı bacarasan, bala. Gözlərini yaxşı aç, mənə — öz doğma atana yaxşı-yaxşı bax, məni tanı. Mən sənin arxanda dağ kimi dayanmışam. Sabah ölsəm belə, yenə sənin arxanda durmuşam, bala. Ad-sanımla, dostlarımla, var-dövlətimlə. Zirək ol, heç kəsdən utanma, heç kəsdən qorxma. Od parçası ol, odun içindən pul götürməyi bacar, bala. Aciz olsan, səni yeyəcəklər, ayaqlar altında tapdalayacaqlar. Bir fransız dahisinin yaxşı kəlamı var: «Ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdır». — Bu zaman körpənin harası ağrıdısa, üz-gözünü turşutdu, başını buladı, ata buna ayrı məna verdi: — Hə, nədi? Razı deyilsən bu fikrimlə? Deyirsən yəni qoyunu da yeyərlər?.. Hə, düz deyirsən, afərin, oğul. Bax, burasını fransız dahisi düşünməyib…
Üçüncü hissə, doqquzuncu fəsilƏbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:
Dördüncü hissə, birinci fəsilGecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.