Birinci hissə, on ikinci fəsil
Səhifə 2 / 2 · 50%
– «Ağlama, Dünya».
Dünya o an qanrılıb ona nəzər salar, xeyli — diqqətlə-məhəbbətlə, nifrətlə baxdığı bilinməzdi — onu süzüb cavab verərdi:
– «Necə ağlamayım, Əbdül? Ciyərparamdan ayrı düşmüşəm, Əbdül, necə ağlamayım?»
– «O tək sənin ciyərparan deyil, Dünya. O ikimizin ciyərparasıdı, Dünya».
– «Sus, Əbdül. Sənə deməmişəm o sözü dilinə gətirmə?»
– «Mən heç kimə demirəm o sözü, Dünya, sənin özünə deyirəm təkcə.
– «Heç mənim özümə də demə, bildin? Mən onda özümü pis hiss edirəm, Əbdül!»
– «Baş üstə, Dünyam. Sənin özünə də demərəm daha. Ancaq sən ondan nigaran qalma, onu mən sənin ürəyin istəyən kimi saxlayacağam, Dünyam».
– «Sağ ol, Əbdül. Deyirəm nə yaxşı sən varmışsan, Əbdül. Yoxsa o tifil neylərdi? Mənim gorum da yanardı, sümüklərim də yanardı, Əbdül».
– «Arxayın ol».
– «Nəcməddin nə qəddar adam imiş, Əbdül. Mənə rəhm eləmədi, Əbdül. Ağladım, yalvardım, rəhm eləmədi. Çox daşürəkli adam imiş».
– «Onda günah yox idi, Dünya».
– «Bəs kimdə idi, Əbdül?»
– «Sən özün günahkarsan, Dünya».
– «Mən neyləmişəm ki?»
– «Sən... sən... o kürənə uymuşdun, Dünya».
– «Mən kürəni sevmirdim, Əbdül. Onunla elə-belə, əylənmək istəyirdim.»
– «Bax sənin bədbəxtliyin elə onda oldu, Dünya. O sənin nəyinə lazım idi axı? Sən odla oynamağa başlamışdın və od da səni yandırdı.»
– «Mən başa düşmədim ki, o, haradan duyuq düşdü. Səninlə məni tuta bilmədi, heç ağlına da gəlmədi, Əbdül. Ancaq onunla aramızda heç bir şey olmamış, telefon söhbətindən tutdu.»
– «Yenə günah özündə oldu, Dünya!»
– «Niyə?»
– «Ona görə ki, mən var idim arada və mənim o cür böyük məhəbbətimə sənin xəyanət etmək fikrinə düşməyə haqqın yox idi
– bu məhəbbət müqəddəs məhəbbət idi və ona xəyanət eləmək günah idi, böyük günah idi. Ancaq sən bunu eləmək istəyirdin. Özü də mənim gözümün qabağında. Məni adam saymadın. Buna isə mən dözmədim, Dünya. Mən sənin qulun idim, ancaq axı mən kişi idim — bax sən bunu unutmuşdun. Sənin bu xəyanətinə — telefon xəyanətinə mənim ürəyim dözmədi və mən səni o kürənin murdar nəfəsindən qorumaq üçün, hər şeyi o gecə dəhşətli dərəcədə içəndən sonra ağama dedim. Ayıq olsaydım bəlkə də elə eləməzdim — cəzanı özüm verərdim. Ancaq sərxoş olub ona dedim, Dünya! Sənin əsl qatilin mən oldum, Dünya...»
– «Eh, yox, Əbdül, öz qatilimi mən son anda—ölümqabağı o dəhşətli anda yaxşı tapdım, tanıdım».
– «Kim idi, Dünya?»
– «Qatilim özüm oldum, özüm, Əbdül!..» Dünya belə deyib ağlar, sonra çəkilib gedərdi. Bu və bunabənzər xəyali söhbətlər, görüşlər o hər dəfə ərik ağacının dibinə gələndə baş verərdi və Əbdül bundan çox əzablar çəkərdi. Bu əzablar nə qədər ağır və dözülməz olsa da, Əbdül buraya gəlməkdən qorxmazdı. Kim bilir, bəlkə bununla o, Nəcməddinin, Dünyanın, körpənin qarşısında öz günahlarını yumaq istəyirdi, kim bilir?
Axşamçağı idi. Hava sərinləşmişdi. Günəş qərbdəki dağların başı arxasında gizlənməkdə idi. Əbdül xeyli vardı ki, balaca Nəcməddini götürüb evə gəlmiş, eyvanda yedirtmiş, sonra döşəmənin üstünə qoyub otaqlara əl gəzdirməyə başlamışdı. İş görə-görə düşünürdü ki, əcəb tək qaldıq, nə Zərrintac, nə dost-tanış — heç kim qapını açıb içəri girmir, ölübsünüz-qalıbsınız deyənimiz yoxdu. Nəcməddinin qırxı çıxandan sonra bircə nəfərin də bu həyətə ayağı dəyməmişdi və həmişə qonaqlı-qaralı olan ev-eşik sanki məzar sukutuna dalmışdı. Əlində supürgə otaqları, xalıları süpürən, səliqə-sahmana diqqət yetirən Əbdül ürəyində təklik hiss edir, xəyalında ağayi Nəcməddinlə, Dünya xanımla, hərdənbir də kürənlə, Elməddinlə həsb-hal eləyir, sözünü-söhbətini gah qəlbində, gah da ucadan söyləyir, demək olar ki, öz-özünə danışırdı.
Balaca Nəcməddin onun arxasınca yıxıla-dura gəzirdi, təzəcə danışmaq istədiyindən öz anlaşılmaz dilində nə isə deyirdi, Əbdül ha dinləyirdisə, heç nə anlamayır, axırda naəlac, «dilinə qurban olum, oğlum, hə, düz deyirsən!» — deyirdi. Arada bir uşaq kürlük eləyəndə, onu yerdən qaldırıb bağrına basır, ağ-qırmızı üzündən şirin bir nemət kimi öpüb təzədən xalçanın üstünə qoyurdu.
Pəncərənin qabağına qoyduğu yapon tranzistoru—«Sonya» əfqan mahnılarından ibarət konsert verirdi. Əbdül şüşələri silə-silə qulaq asır, beynindəki gərginliyi, qatmaqarışıq hissləri qovmağa çalışaraq nəğmələrin ahənginə uymağa, onlarda ifadə edilən vüsal, hicran anlarına aid nöqtələri seçməyə və özü ilə Dünya arasında olan eşq məcarasında o anları axtarıb tapmağa çalışırdı. Vüsala aid misra olanda o nəğmələrdə, Əbdül sevinirdi və düşünürdü ki, mənim də belə xoş günüm, saatım olub. Dünya eynən beləcə xoşbəxt eləmişdi məni. Ayrılıq dəmlərindən bəhs eləyən misraları eşidəndə Əbdülün qeyri-iradi olaraq ürəyinin başı göynəyirdi və fikirləşirdi ki, bu ayrılıq
– Dünya ilə onun arasında yaranmış bu ayrılıq əbədidir, bir də Dünya geri qayıtmaz, bir də onu xoşbəxt edə bilməz, yox, yox, edə bilməz.
Belə düşünə-düşünə, o, şkafa əl atdı və birdən bir ovuc üzük, sırğa, boyunbağı, qolbaq, xal-xal görüb təəccübləndi. «Bunları buraya kim qoyub?» — deyə düşünərkən birdən yadına düşdü ki, bu qızıllar, brilyantlar Dünya xanımındır, o məşum gecə, bunlar hamısı onun barmaqlarını, qulaqlarını, biləklərini, sinəsini, topuqlarını bəzəmişdi, bərq vururdu çilçıraq işığı altında. Dünyanın vücudu onları, onların varlığı Dünyanın vücudunu bəzəyirdi, yaraşığa mindirirdi. Onları görən kimi Əbdülün halı dəyişdi. Bu dilsiz-ağızsız daş-qaş, hamısı bir yerdə bir ovuc belə olmayan ləl-cəvahirat o boyda Dünya xanımı torpağın altından çəkib dərhal çıxartdı, nəfəs verdi, qaytarıb bu otağa gətirdi. Əbdülün nəzərində Dünya canlandı, Dünya gülümsündü və az sonra arxası üstə — qan içində çapalayan, gözləri tavana zillənən bir varlığa çevrildi. O xatırladı ki, içəri girəndə Dünya beləcə uzanmışdı — sinəsindən, sol döşünün altından qan fışqırırdı, iri, geniş açılmış gözləri çilçırağa dirənmişdi. Ağayi Nəcməddin əlində tapança başının üstündə dayanmışdı, sifətində qəzəbqarışıq bir təəssüf ifadəsi vardı. Əbdülün o anda dediyi sözlər öz qulaqlarında canladı.
– Ağa, sən neylədin? — Və o, vaxtilə dediyi bu sözləri yenidən eşidəndə Dünyanın öldüyünü, artıq bu aləmdə olmadığını xatırladı və bu da yadına düşdü ki, bax, bu ləl-cavahiratı ağayi Nəcməddinin əmri ilə, gördüyü mənzərədən heç nə dərk etməyən, sarsılmış Əbdül özü Dünyanın boyun-boğazından çıxartmışdı, harada gizlədiyi də yadında deyildi, üstündən neçə ay keçəndən sonra onlar bax indicə tapılmışdı. Tapılmışdı və hərəsi ayrı-ayrılıqda ona yüz əzab vermişdi. Bax, bu brilyant qaşlı üzüyü görürsən? Bax, o üzük Dünyanın ağ, şümşad barmağını bəzəyirdi — Əbdül neçə dəfə Dünyanın əlini öpəndə onu dodaqlarına, gözlərinə sürtüb öpmüşdü, əvvəlcə sinəbəndi öpmüşdü, sonra Dünyanın sinəsini. Əvvəl sırqaları öpmüşdü, sonra onun boyun-boğazını; əvvəl xalxalları öpmüşdü, sonra topuqlarını, ayaqlarını. Hələ bu da yadında idi ki, Əbdülün ilkin daş-qaşı, sonra onun vücudunu öpüşlərə qərq etdiyini müşahidə eləyən Dünya bir dəfə zarafata salıb nazla demişdi:
– Deyəsən, yaman daş-qaş pərəstişkarısan ha?
– Necə bəyəm, Dünyam mənim? Nəyə görə belə deyirsən ki?
– Ona görə deyirəm ki, sən əvvəl bu daş-qaşı öpürsən, sonra məni! Əbdül bəxtəvərliklə gülüb cavab vermişdi:
– Səhv eləyirsən, gülüm. Ona görə əvvəl onları öpürəm ki, onlar sənin bu gül, bu nazik, bu ətirli bədənini hər gün öpmək səadətinə malikdilər, gülüm. Mən onları qısqandığımdan öpürəm, gözlərimin işığı.
– Yaman bicsən ha, — demişdi Dünya, — yaman şeytansan, Əbdül. Nəcməddin belə şeyləri, belə dilləri bilmir, Əbdül.
Əbdül dərindən bir ah çəkib ovcunda tutduğu daş-qaşa, sırğaya, üzüyə baxdı, baxdı. Dünya xanımın siması gözünün qabağında ötəri bir rəqs eləyib keçəndə yanaqlarını ilıq-isti yaşın islatdığını hiss elədi, əlinin içindəki parlaq daş-qaş öləziyib söndü, Dünya da, o daş-qaşın parıltısı da harasa uçub getdi. Elə bu zaman balaca Nəcməddin onun qıçlarına sarıldı. Təmasdan Əbdül huş-xəyal aləmindən ayrıldı, qanrılıb arxaya, ayağının dibinə nəzər saldı. Körpə, Əbdülün qıçlarına sarılıb nə isə deyirdi. Əbdül çevrilib aşağı əyildi və ovcundakıları Kaşan xalçasının üstünə tökdü. Uşaq onların parıltısından gözü qamaşa-qamaşa bir Əbdülə, bir də onlara baxıb kiridi və çömbəldi. Totuq, ətli barmaqları ilə daş-qaşı qurdalamağa, oynatmağa başladı. Əbdül sağ əlinin arxası ilə gözlərini tutan yaşı silib nisgilli bir səslə:
– Bunlar sənindi, oğul, — dedi.— Bunlar sənin anandan sənə qalmış yadigarlardır, bala. Əhd eləmişəm, onların hamısını sənin seçib-bəyəndiyin qızın barmağına, boyun-boğazına özüm taxacağam.
Anan axıra qədər gəzdirə bilmədi bu daş-qaşı, arzu eləyirəm ki, sənin alacağın qız onları halallıqca, ömrünün axırınacan gəzdirə bilsin, can bala!!!
Balaca Nəcməddin daş-qaşı oynadır, onları oyuncaq sanır və arabir Əbdülə baxaraq ağappaq süd dişlərini göstərib qayğısız-qayğısız gülürdü.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-on-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.
Üçüncü hissə, səkkizinci fəsilVə hərlənib yenə beşiyin yanına qayıtdı. Körpə Nəcməddin arxası üstə, şirincə uyumuşdu. Seyrək qaşlarını, böyüklərə məxsus bir ədayla, nəsə ciddi bir şey fikirləşirmiş kimi, çatmışdı. Xırdaca dodaqları, uzunsov çənəsi arabir tərpənir, ancaq gözlərini açıb baxmırdı. Nəcməddin ürəyinə sığışmayan qürurla uşağına tamaşa eləyir, doymaq bilmirdi. «Kaş tez böyüyəydin, əlindən tutub gəzdirə bileydim, məclislərə apara bileydim və hamıya deyə bileydim ki, baxın, bu mənim canım-ciyərim, arxam-dayağım, hurilər hurisindən olan oğlumdu, mənim canişinimdi!» — deyə düşünür, fərəh içində gah beşiyin bu böyründən, gah da o biri böyründən dünyadan xəbərsiz halda yatan çağaya baxmaqdan usanmırdı. Nəhayət, uşaq gözünü açdı, başının üstündə dayanan adama diqqətlə nəzər salıb nə üçünsə gülümsündü.– Niyə gülürsən, oğul? — Nəcməddin böyük adamla danışırmış kimi xəbər aldı, o isə təbii ki, cavabsız buraxdı bu sualı. Kişi şəhadət barmağını onun zənəxdanlı çənəsinə toxundurub dedi: — Demirsən niyə gülürsən? Daha maşallah yekə kişisən. Bu gün bu qoca dünyada düz qırx gündü yaşayırsan. Bizim uşaqlığımız ayrı zəmanəyə düşüb — avamlar zəmanəsinə. Amma indi dünya tamam dəyişib, oğul. Gərək bu qırx gündə sən çox şey öyrənmiş olaydın. Heç olmasa danışmaq öyrənəydin. Bax, bayaq xoşum gəldi səndən, filosof kimi qaşlarını düyüb fikirləşirdin. Fikirləşə bilirsən demək! Fikirləşə bilirsən, onda danışa da bilərsən demək. Heç olmasa mənim kimi adamın oğlu olduğun üçün gərək danışmağı bacarasan, bala. Gözlərini yaxşı aç, mənə — öz doğma atana yaxşı-yaxşı bax, məni tanı. Mən sənin arxanda dağ kimi dayanmışam. Sabah ölsəm belə, yenə sənin arxanda durmuşam, bala. Ad-sanımla, dostlarımla, var-dövlətimlə. Zirək ol, heç kəsdən utanma, heç kəsdən qorxma. Od parçası ol, odun içindən pul götürməyi bacar, bala. Aciz olsan, səni yeyəcəklər, ayaqlar altında tapdalayacaqlar. Bir fransız dahisinin yaxşı kəlamı var: «Ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdır». — Bu zaman körpənin harası ağrıdısa, üz-gözünü turşutdu, başını buladı, ata buna ayrı məna verdi: — Hə, nədi? Razı deyilsən bu fikrimlə? Deyirsən yəni qoyunu da yeyərlər?.. Hə, düz deyirsən, afərin, oğul. Bax, burasını fransız dahisi düşünməyib…
Üçüncü hissə, doqquzuncu fəsilƏbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:
Dördüncü hissə, birinci fəsilGecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.