Səhifə 1 / 2

İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə biləcək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də elə kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər-əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.

... Elməddinin ilk kitabı bu gün çapdan çıxıb satışa buraxılmışdı. Həcmcə çox da böyük olmayan göy cildli məcmuəyə onun şerləri və hekayələri toplanmışdı. Müəllifi də özü idi, rəssamı da. Redaktoru Məhəmməd Şəfi Rəhgüzər — onun ustadı, böyük şair, qardaşı idi. Əslində kitabı nəşr etmək məsələsini də ustad özü ortalığa atmışdı, əsərlərini alıb saf-çürük etmiş, seçib yaxşılarını, xoşuna gələni saxlamışdı. Elməddin etiraz eləyib «hələ tezdi, ustad!» — demişdisə də, Şəfi razı olmamışdı; «Vaxtındı, Elməddin. Şairdə təvazökarlıq yaxşı şeydi, bəyənirəm, ancaq yaxşı əsərləri çap etməmək özü də bir günahdı, qardaş!» — demişdi. Elməddin naçar qalıb yazılarını vermişdi, lakin qəribə idi ki, sonra kitabının çıxmasını çox böyük bir intizarla gözləməyə başlamışdı. Bu intizar ilk körpəsinin dünyaya gəlməsini közləyən ana intizarına bənzəyirdi — həm şirin idi, həm əzablı idi, həm də... bir az qorxulu idi. O bilirdi ki, sənət yolu uzun, çətin, daşlı-kəsəkli, eyni zamanda gül-çiçəkli, şan-şöhrətli bir yoldu. Ağrısı da var, sevinci də var, qanadından vurulmuş kimi torpağa — ayaqlar altına düşməyi də var. Ucalmağın — şirinlikdi, səadətdi, şöhrətdi, ən uca zirvən — ölməzlikdi. İlhamın, qismətin olmasa, ürəklərə, beyinlərə yol tapa bilməsən, kimsənin sevimlisi ola bilməzsən. Bu isə adını şair, sənətkar qoyan adam üçün bədbəxtlikdi, ölümdü — diri ikən ölü olmaq deməkdi, demək, sənin ikinci ömrün yoxdu, öləndən sonra yaşaya bilməzsən.

Bax, bu mülahizələrə görə Elməddin kitabının çıxmasından sevindiyi kimi, bərk də həyəcan keçirirdi. İlk dəfə böyük və məsul bir imtahan verən şagird kimi. Necə qarşılayacaqlar, nə deyəcəklər, başa düşəcəklərmi? Qəbul edəcəklərmi, sevinəcəklərmi? Doğrudur, qəzetlərdə çıxan yazıları barədə dostlarından xoş sözlər eşitmişdi, Ancaq bu meydanda təkcə dost sözünə arxalanmaq, rahatlanmaq olmazdı.

Kitabdan mətbəə iyi gəlirdi və bu iydə nə isə sirli bir ləzizlik, mübhəm bir doyulmazlıq vardı. Kağız adi kağız idi, ancaq onda da nə isə bir doğmalıq, munislik duyulurdu. Bu cansız, azca sarıya çalan vərəqlərdən ibarət olan kitabça elə bil, Elməddinin ciyərparası idi, canı idi, gözü idi. Ata-ana birinci övladının kimə oxşadığını müəyyən etmək üçük necə maraqla, həvəslə, məftunluqla uşağa baxırsa, Elməddin də eyni hissiyyatla «Əfsanəli mahnılar» adlandırdığı kitabına baxır, baxır, doymaq bilmirdi. «Ah, həqiqətən sehrli və doyulmaz imişsən, ilk kitab!» — deyə düşünür, dönə-dönə səhifələri çevirir, ikinci vərəqdəki şəklinə nəzər salır, xoşbəxt-xoşbəxt gülümsünürdü.

Telefon zəngi onu xəyal aləmindən ayırdı; o, gözünü kitabdan çəkmədən dəstəyi qaldırıb:

– Bəli, eşidirəm, — dedi. Danışan ustad idi. Sonsuz bir sevinc içində dedi:

– Səni təbrik edirəm, Elməddin. İlk kitabın çıxıb. Gözün aydın, qardaş. Yaxşı çıxıb — xoşuma gəldi. Arxını çəkdim, suyu da gəlsin, qardaş. Elə sevinirəm ki, elə bil öz kitabım çıxıb.

– Çox sağ olun, ustadım. Elə həqiqətən sizin kitabdı. Sizə o qədər minnətdaram ki, heç söz tapıb ürək sözlərimi deyə də bilmirəm, ustad. Ömrüm boyu minnətdaram, ömrüm boyu.

– Dəyməz, borcumuzdu, Elmi. Səni hələ yenə sevindirmək istəyirəm.

– Yenə? Çox olar, ustad. Sevincdən də deyirlər adamın ürəyi partlaya bilər.

– Heç nə olmaz, Elməddin. Bu dünyada insan o qədər az sevinir ki, ürək susuz torpaq kimi sevinc həsrəti çəkir, çox çəkir. Ona görə belə sevinclər bizə, susuzluqdan yanan körpə fidana su gərək olan kimi gərəkdi, dostum.

– Onu düz deyirsiz, ustad. Yaxşı, deyin, nə olub ki?

– Bugünkü nömrədə «Nadanlıq» hekayən də çap olunub, Elməddin.

– «Nadanlıq?»

– Hə.

– Çox sağ olun, ustad.

– Bəli, bu gün bütün şəhər səni oxuyur — bundan böyük səadət istəməzsən məncə, elə deyilmi?

– Elədi, ustad. Hamısı üçün sizin qarşınızda baş əyirəm, ustad.

Sonra bir çox başqa yoldaşlar da zəng edib onu təbrik etdilər, cansağlığı, yeni uğurlar arzuladılar. Bu gün doğrudan da, Elməddin üçün bayram idi. Sevinc sevinc üstündən gəlirdi.

İdarədə ara sakitləşəndən, gəlib-gedən azalandan, telefon səsləri susandan sonra o, təklik hiss elədi, evə getmək, sevincini Zərrintacla bölmək kstədi — bu arzu birdən-birə onun qəlbini elə sardı ki, ayağa da qalxdı. Bəli, belə vaxtda adam istəyir ki, onun ömür-gün yoldaşı, ailəsi sevincinə şərik olsun, qucaqlayıb öpsün, başa düşsün bu əvəzolunmaz şadlığı. Ancaq çox təəssüf, bu arzu tez sönüb keçdi. Elə bil üstünə su çilədilər və o, məyus halda yenidən kreslosuna əyləşdi. Yox, Zərrintac xanım onun kitabının çıxmasına çətin sevinəcək. Hələ üstəlik, əgər «Pərçəm»də çıxan «Nadanlıq» hekayəsini oxusa, onda işi lap düzələcəkdi. «Gərək ruznaməni evə aparmayam. Oxuyacaq, başa düşəcək ki, onun başıma gətirdiyi oyunu qələmə almışam. Əsib-coşacaq, aləmi bir-birinə qarışdıracaq və hər şeyi haram eləyəcək mənə. Yox, aparmayacağam!» — dedi qətiyyətlə öz-özünə. Və yenə yadına Əfsanə düşdü, anası, qardaşı düşdü. Onlar yanında olsaydılar, Elməddinin nə dərdi vardı. Onun bu gününü görüb necə də sevinərdilər, aman allah. Yusif, anası üzündən, alnından öpərdi, Əfsanə xəlvətdə də olsaydı, asta, məhəbbət dolu səslə «təbrik edirəm, Elmi!»— deyə pıçıldardı, kitabı sinəsinə sıxıb əzizlərdi, ordakı şerləri əzbərlərdi, yeri düşəndə ona söylərdi. Aman allah, bu nə böyük bayram olardı?

Elməddin belə düşündü, istər-istəməz gözləri yaşardı və yalnız indi böyük bir dünya itirdiyini tam çılpaqlığı, aydınlığı və ağrıları ilə dərk elədi... Amma...

O kövrək xatirələrin içindən ayrı adam sıyrılıb çıxdı, sakit, məsum baxışlarını sözsüz-sovsuz onun pərişan çöhrəsində gəzdirdi, heç nə demədi. Elməddin gözlərini yumub kreslonun söykənəcəyinə dayaqlanmışdı, hərəkətsiz idi, süst idi və bu süstlük içində, yuxu aləmində imiş kimi, güclə gələn xəyalı tanıdı: — bu, Siminbər idi. Onun utancaq, bir az da qorxaq, bir az təbii hərəkətləri, işıqlı, badamı gözlərinə yazılmış maraq və nə isə daha dərinlərdə gizlənmiş şübhəli cazibə — bütün bunlar kino lentinə çəkilib böyüdülmüş halda Elməddinin xəyalının ağ pərdəsi üzərində təzədən cilvələndi, qalan başqa mənzərələrin arasından irəli çıxdı və yenə heç nə demədən Elməddinə tamaşa elədi, sonra isə çevrilib harasa getdi. Elməddinə elə gəldi ki, onun səsini eşidir, sandı ki, utancaq, qayğıkeşliklə dolu bir səslə deyir: «Mən gedirəm evə. Sən də gəl. Burada səhərəcən qalmayacaqsan ki. Yolunu gözləyirəm, gəl. Yaxşı-ıı?» Elməddin vahiməli surətdə gözlərini açdı, otağa göz gəzdirdi. Kimsəni görməyib öz-özünə gülümsündü. Və yalnız indi başa düşdü ki, o qəribə gecədən sonra — Zərrintacın hökmünü dinlədiyi, Siminbərin buxarı qırağında oturduğu, çay gətirdiyi, Elməddinin onun şəklini çəkdiyi sehrli kecədən sonra hər gün, hər gün ancaq Siminbərə görə o evə gedirmiş, onu görmək üçün, ona baxmaq üçün gedirmiş.

Siminbərin bayaq xəyal aləmindən gələn səsini yenidən eşitdi: «Yolunu gözləyirəm, gəl. Yaxşımı?»

Artıq axşam düşmüşdü. Gömgöy göylərdə sarı işıqlı iri ulduzlar par-par parıldayırdı. Qılınc kimi kəsən, adamın iliyinə işləyən şaxta yolu-rizi dondurub şüşə kimi eləmişdi. Küçənin sağındakı-solundakı daş arxların suyu buz bağlamışdı. Gəliş-gediş azalmış, seyrəlmişdi.

Elməddin sürüşüb yıxılmağından qorxa-qorxa, ehtiyatla addımlayırdı. Evə qayıdırdı — lakin ayağının biri gedirdi, biri yox. Əhədullanı günorta bazara yollayandan sonra: «evə gec gedəcəyəm, gəzə-gəzə gedərəm» — deyib buraxmışdı. Havanın belə şaxtalı olduğunu görəndə onu saxla-madığına peşman olmuşdu, lakin artıq gec idi, peşmançılığına dəyməzdi. Darvazanın çax-çaxını taqqıldatdı. Həyətdə qar-buz xırıltısı eşidildi. Gələn Siminbər idi. Ayağında rezin ayaqqabı, əynində qara gödəkcə, başında yun şal vardı. Anbardan daş kömür aparırmış içəri. Ləyəni cığırın üstünə qoyub qapını açmağa qaçmışdı. Qar işığında onun gözləri parıldayırdı.

Darvazadan içəri ayağını qoyan Elməddin onu görən kimi nədənsə sevindi:

– Axşamın xeyir, Simin.

Cığırdan kənara çəkilib ağaya yol verən qız:

– Axşamınız xeyir, ağa! — dedi və darvaza dalında maşın olub-olmadığını — atasının gəlib-gəlmədiyini yoxlamaq üçün çölə boylandı. Onun nəyə görə belə boylandığını başa düşən Elməddin:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, onuncu fəsil

Salman bu ikicə gündə, demək olar ki, qocalmışdı. O boyda kişi büzüşüb-bükülüb yumağa dönmüş, şən, gülərüz çöhrəsi solub ağarmışdı. Deyib-danışmır, həmişə fikirli-düşüncəli gəzib dolanır, başını qaldırıb adamların gözünün içinə dik baxmağa utanırdı. Nadirənin məqaləsi Salmanın ürəyində sağalmaz bir yara açmışdı. Əgər o, arvadının yazdığını çap olunmamışdan əvvəl, əlyazması şəklində stolun üstündən götürüb oxumasaydı, bəlkə də ürəyi bu qəfil zərbəyə dözməyib partlardı. Onda Salman məqaləni cırıb yandırmaq istəmişdi, ancaq sonra fikrini dəyişib «Lənət sənə kor şeytan!» — demişdi. Həm də özü ondan qabağa düşüb məqaləsini çap etdirdiyinə görə Nadirənin təzədən bu məqaləni dərc etdirəcəyinə, o cavanın da, üstəlik Salmanın özünün də yazdığını heç-puç edəcəyinə o qədər də inanmamışdı.Lakin Nadirə, görünür, heç vaxt öz elmi prinsipiallığından əl çəkmök fikrində olmayacaqdı.

6 dəq
İkinci hissə, on birinci fəsil

Gülmirənin yanaqları pörtmüşdü, ürəyi şiddətlə döyünür, gözləri məst adamın gözlərinə oxşayırdı. Sifətinin qızartısı onu daha da qəşəngləşdirmişdi. O gördüyünə inanmaq istəməyənlər təki, hələ də mətbəə iyi verən boz cildli məcmuənin altmış beşinci səhifəsində iri, qara hərflərlə yazılmış adını, familiyasını təkrar-təkrar oxuyur, səhifələri dönə-dönə vərəqləyir və bundan indiyəcən heç vaxt, heç yerdə hiss eləmədiyi bir nəşə alırdı. Bu onun mətbuatda çap olunan ikinci məqaləsi idi. Birincisini hesaba almırdı; çünki göydəndüşmə bir şey kimi idi: necə yazıldığı, niyə yazıldığı, qəzetdə nə üçün Gülmirənin adına çap olunduğu ona yuxu kimi gəlirdi. Amma bu? Bunda onun az da olsa zəhməti vardı. O, əzab çəkə-çəkə günlər, aylarla həmin mövzu üzərində düşünmüşdü. Düzdür, Orxan onun «libasını» başdan-ayağa dəyişmişdi. Hər halda həmin məcmuədə akademiklərin, professorların, elmlər namizədlərinin adları ilə bir cərgədə onun da adı vardı. Məgər bu balaca işdi, kiçik müvəffəqiyyətdi? İndi ona «qabiliyyətsiz», «istedadsız» deyənlər öz sözlərini geri götürərlər. Biri bax, o Nadirə xanım, biri də elə əri Əqdəm...İnstitutda, şöbədə yoldaşları onu təbrik edir, əlini sıxırdılar. Gülmirə stolunun üstünə yığdığı müəllif nüsxələrinin üstünü yazır, dostlarına verirdi. Birini professora təqdim etmişdi. Nadirə xanımın payını aparıb stolunun üstünə qoydu və zəif səslə:

10 dəq
İkinci hissə, on ikinci fəsil

Şəhərdə görünməmiş istilər başlanmışdı. Günəş dənizdən baş qaldırıb çıxandan ta uzaqlarda gözdən itənəcən yeri-göyü yandırıb-yaxırdı. Qır döşənmiş yollar, səkilər elə yumşalmışdı ki, yeriyəndə adamın ayağının izi qalırdı. Axşam çağları suçiləyən maşınlar küçələri dolaşıb isladanda yerdən buğ qalxırdı.Damların çardağı altında, navalçalarda, hündür ağaclarda yuva salmış boz sərçələr dalda yerə qonaraq ağızlarını taqətsiz-taqətsiz açıb yumurdular.

9 dəq
İkinci hissə, on üçüncü fəsil

«Quş qanadla uçar; insan diləklə» deyiblər. Uzun müddət zəifliyin, inamsızlığın əzablı məngənəsində sıxılıb yumağa dönmüş Gülmirənin məqalə çıxandan sonra qırışığı açılmış, şax gəzməyə, şad görünməyə başlamışdı. O özündə olmazın güc-qüvvət hiss eləyir, arabir ürəyinin dərinliklərində oğrun-oğrun baş qaldıran mənfur qorxu, utancaqlıq, gücsüzlük duyğusunu boğur, həvəsə, inama sığınaraq onların qadir qanadlarında havalandıqca havalanırdı.Orxan da elə adam deyildi ki, elədiyi az-maz yaxşılığı hər dəqiqə xatırladıb baş qaxıncı eləsin. Orxan Gülmirənin qorxduğunu, əzab çəkdiyini duyurdu, nəinki yada salan bir şey demir, hətta son vaxtlar ona baxmağa, uzun-uzadı söhbət eləməyə belə çəkinirdi: «Qoy sıxılmasın, qoy o gözəl çiçək özünü şax tutsun, xırdalanıb balacalaşmasın!..» — deyən Orxan ürək çırpıntıları ilə onun gözəlliyini təkrar-təkrar yad edir, belə qəşəng bir qadını sevdiyinə görə özünü xoşbəxt sayırdı.

13 dəq

Başqa şairlərin şeirləri