Xoş gəlmisən, Nərgizim
Səhifə 1 / 20
(Dramatik roman)
MƏN – İş saatı yenicə qurtarmışdı. Evə – ailəsinin, uşaqlarının yanına, dükana-bazara tələsən şöbə əməkdaşları beş-altı stol, iki şkaf qoyulmuş, iri lay pəncərələri şəhərin ən gözəl, axar-baxarlı küçələrindən birinə açılan otağı tərk edib getmişdilər. İdarədə təkcə Toğrul qalmışdı. Buna o, uzun illərdən bəri adət eləmişdi. Hamı çıxıb gedəndən, gəl-get azalandan sonra o, redaktə etdiyi əsərin əlyazmasını təzədən qabağına çəkər, səbrlə, təmkinlə, düşünə-düşünə oxuyar və düzəlişlərini edərdi. Yorulanda qələmini yerə qoyub siqaret yandırar, qızarmış, yorğun gözlərini qənşərində qoyulmuş stola ⎯ Nərgizin stoluna dikər, hər səhər hamıdan qabaq gəlib suladığı dibçəkdəki «aşdım-daşdım» gülünə baxar-baxar, xəyalında Nərgizi öz yerinə gətirib oturdar və ürəyində, səssiz-səmirsiz onunla dərdləşərdi.
Bu balaca otaq Toğrulun ən çox sevdiyi, demək olar ki, müqəddəs sandığı yer idi. Ruhən, qəlbən və fikrən o, on iki il idi ki, burada yaşayırdı. Bu otaqda Nərgizin nəfəsi vardı, özü kimi zərif və incə gülü vardı, ağ, ətli qollarını üstünə qoyduğu qırmızı müşəmbəli stolu, oturduğu stulu qalırdı, ilıq, mehriban və isti səsi qalırdı. İstirahət günlərini çıxmaq şərtilə hər gün səkkiz saat o gözəl qadın burada oturardı, bu səkkiz saat Toğrul üçün o qədər mənalı, o qədər şairanə və hiss olunmadan keçərdi ki, ürəyində öz taleyindən çox razılıq eləyərdi. Yorulub əldən düşəndən, şəhərin ucqarındakı tək otaqlı mənzilinə çıxıb gedəndən sonra da o, xəyalən burada qalardı. Sanardı ki, onu buradan uzaqlaşdırsalar, əsla yaşaya bilməz: sudan çıxarılmış balıq kimi çırpınıb-çırpınıb ölər. Bəli, bura Toğrul üçün şirin xatirələr otağı idi, ata-ana, bacı-qardaş nəfəsilə isinməyən mənzilindən doğma idi, əziz idi.
Toğrul Nərgizin boş qalmış stoluna baxıb düşündüyü zaman şöbənin meşin qapısı ehtiyatla açıldı və bayaq qızlara qoşulub otaqdan çıxan Nərgiz ürkək-ürkək içəri girdi. Yaşı otuz beşi çoxdan adlasa da, hələ də ilk gənclik təravətini əsla itirməmiş, qaraya çalan qonur gözlərində cavanlıq nuru bərq vuran, zərif və mütənasib vücudu ilə qızdan seçilməyən, şux və şirin gülüşlü Nərgiz bu gün nədənsə daha gözəl idi: Toğrulun çox sevdiyi yeri qara güllü qırmızı donunu geymişdi. Həmişəkinə nisbətən şad və xoşbəxt görünürdü, deyib gülür, qızlarla zarafat edirdi. Səbəbini isə kimsə bilmirdi. Nərgizin bu qeyri-adi şadlığı Toğrula da sirayət etmişdi: o da şən olmuşdu, həmişə fikirli, qayğılı görünən sifətinə sevinc qonmuşdu. Dəniz suyu kimi göy-mavi və daima daxili bir kədər ifadə edən gözləri gülmüşdü.
Şöbə tünlük olduğundan bu gün demək olar ki, bircə kəlmə də kəsə bilməmişdilər. Nərgiz qızlarla çıxıb gedəndə də nə işarə ilə, nə də açıq-aşkar ona heç nə deməmişdi. Toğrul da fürsət tapıb ondan bir söz soruşa bilməmiş və nigaran qalmışdı. Nərgiz təzədən otağa qayıdıb gələndə Toğrul sevindi. Qələmi yerə qoyub nəzərlərini Nərgizə zilləyərək soruşdu:
⎯ Nə əcəb qayıtdın, Nərgiz?
Nərgiz həyəcanlı bir səslə cavab verdi:
⎯ Sənə sözüm var, Toğrul.
Nərgiz bayaq çıxıb gedəndən sonra Toğrulun bütün günü ürəyini çulğamış qəm-kədər bir andaca uçub getdi.
⎯ Bu gün səninlə heç danışa bilməmişəm, Toğrul – deyə Nərgiz onun mizinə yaxınlaşdı. – Amma bu gün səninlə üzbəüz oturub danışmaq istəyirdim. Təəssüf ki, mümkün olmadı. Sonra isə bu, heç mümkün olmayacaq. İndi nəşriyyatın qapısından çıxanda qızlara dedim ki, siz gedin, əlyazması yadımdan çıxıb şkafımda qalıb, gedib onu gətirim. – Bunu deyib Nərgiz balaca, qəhvəyi rəngli redikülünü açdı, içindən qəzetə bükülmüş nəsə çıxartdı və demək olar ki, bir nəfəsə söylədi:
⎯ Bu gün sənin qırx yaşın tamam olur, Toğrul. Səni təbrik edirəm, sənə can sağlığı, yaradıcılıq müvəffəqiyyətləri və hər şeydən çox, könül rahatlığı arzulayıram, Toğrulum. – Toğrulun sifəti gül kimi açıldı. Bu neçə ildə ilk dəfə idi ki, Nərgiz ona «Toğrulum» deyirdi. Bu bir kəlmə sözdə nə qədər mehribanlıq və doğmalıq vardı?!
Nərgiz necə də diqqətcil imiş, aman allah. Onun ürəyində yəqin ki, nə Bünyadın, nə də hələ Toğrulun özünün kəşf edə bildiyi nə qədər gözəl, şairanə və insani duyğular varmış. Toğrulun nəzərində Nərgiz qadınlığın da, insanlığın da ən kamil, ən ülvi mücəssəməsi kimi həmişə yüksəkdə durmuşdu. Onun yolunda çəkdiyi əzablar, keçirdiyi yuxusuz gecələr, sarsıntılar üçün heç vaxt peşmançılıq hissi keçirməmişdi: əksinə, həmişə ona elə gəlmişdi ki, bütün bunlar ona – dünyalar qədər sevimli, şirin, ən incə xatirələr kimi unudulmaz Nərgizə qovuşmaq üçün çox azdı və o, məhz buna görə qovuşa bilməyib, qovuşmayacaq da!
Bax, budur, qayğıkeşliyin, diqqətin ən bariz təcəssümü. Anadan olduğu gün özünün yadından çıxıb, ancaq Nərgiz onu unutmayıb. Onu – Toğrulu anadan olduğu gün münasibətilə təbrik edir. Bunu düşünüb Toğrul mütəəssir halda gülümsündü:
⎯ Çox sağ ol, Nərgiz. Mənim özümün heç yadımda deyildi. Bu boyda şəhərdə məni yada salan, anadan olduğum gün münasibətilə təbrik eləyən bir nəfər varsa, o da sənsən, Nərgizim. Əvvəllər, uşaq evində olarkən müəllimlərim, yoldaşlarım bu günü qeyd edərdilər. Sonralar… yavaş-yavaş hər şey unudulub getdi. Minnətdaram sənə, Nərgiz.
Toğrulun səsi titrədi.
⎯ Yaxşı-yaxşı, kövrəlmə, uşaq deyilsən ki.
⎯ Sənin həssaslığın, qayğıkeşliyin məni çox mütəəssir elədi, Nərgiz.
Nərgiz bükülünü Toğrulun qənşərinə qoydu:
⎯ Bu, qırx yaşın münasibətilə mənim sənə hədiyyəmdir, Toğrul. Bu, sənin və mənim gizli, deyərdim ki, qeyri-adi məhəbbətimizin şirin tarixçəsidir. Səninlə qırılmaz tellərlə bağlı olan bu ötən on iki ildə bəxş etdiyin sevincləri, unudulmaz əzabları bax, bu lentə yazmışam – maqnitafon lentinə. Bünyad dənizdə olanda yazmışam. Mən bütün varlığımla buradayam – bu lentdəyəm: ürəyim də, məhəbbətim də buradadır. Mən heç vaxt öz hisslərimi sənə belə yerli-yataqlı danışmamışam, danışa da bilməzdim, bəlkə də ömrüm boyu heç danışa da bilməyəcəyəm. Ancaq mən istəyirəm ki, sən mənim ürəyimdəkiləri bütün incəliklərinə qədər biləsən, Toğrul. Oxudarsan, qulaq asarsan. Nə vaxt könlünə düşsəm, məni yanında görmək istəsən, mənsizləsən, maqnitafonu qurarsan, səsimi eşidərsən: mən sənə məhəbbətimizin nağıl kimi şirin əfsanəsini danışacağam, Toğrul.
⎯ Nərgizim, - deyə Toğrul həyəcanla ayağa qalxmaq, ömründə ilk dəfə, heç olmasa bu gün onu qucaqlayıb bağrına basmaq və işıqlı gözlərindən, nazik və təravətli dodaqlarından öpmək, duz kimi yalamaq istədi, ancaq Nərgiz buna imkan verməyərək ehmalca çiynindən basıb onu yerində oturtdu, özü əyilib Toğrulun vaxtından əvvəl qar kimi ağarmış saçlarından, sevincdənmi, həyəcandanmı yaşarmış gözlərindən hərarətlə öpdü və:
⎯ Bu da mənim sənə hədiyyəmdir. – dedi. – İlk və son hədiyyəm, Toğrulum.
Sonra çəkilib kənardan Toğrula baxdı və işıqlı gözlərini qırpıb gülümsündü: - Görürsən, bəzən belə də olur. – Susdu, Toğrul ona nəsə demək istəyirdi ki, Nərgiz imkan vermədi: - Heç nə lazım deyil, demə. Ancaq belə xoş gündə mən sənə ağır bir xəbər də verəcəyəm. Mən gedirəm.
⎯ Hara, Nərgiz?!
⎯ Sibirə.
⎯ Sibirə?
⎯ Hə. Bünyadla gedirəm. Sibir nefti onu maqnit kimi özünə çoxdan cəzb eləyirdi. Deyir, Sibir indi – işıq deməkdir. Sibir indi – ölkəmizin nur çeşməsidir. Azərbaycan neftçiləri gərək Sibir neftinin ilk kəşfiyyatçıları olsun. Saxlaya bilmədim, gedirəm – deyir. Mən də onunla getməliyəm. «Ər harda, arvad da orda olmalı!» – deyir. Bilirsən, Bünyad bu fəlsəfə ilə yaşayanlardandır. Gedirəm, kim bilir, bir də görüşəcəyikmi?
Bu xəbər Toğrul üçün doğrudan da ağır və dözülməz idi. O, yatsaydı, heç yuxusuna da girməzdi ki, günlərin bir günü həyatı qədər, bəlkə də daha çox sevdiyi Nərgiz buradan Sibirə gedəcək və o, tək qalacaq. Onsuz da Toğrul tək idi, ancaq belə yox. Nərgizsiz o, necə yaşayacaqdı, necə?
Eşitdiyi onu yamanca sarsıtmışdı. Yalvarmaq istəyirdi: «Getmə, heç yerə getmə. Mən yaşaya bilmərəm. Sənsizliyinə dözə bilmərəm». Ancaq o, bunların heç birini deməyə imkan tapmamış Nərgiz yüngül bir hərəkətlə, quş kimi uçub qapıdan çıxdı. Toğrul elə bil, yuxu görürdü.
… Nərgiz xəyala dönüb gedəndən sonra Toğrul bir yerdə qərar tuta bilmədiyindən kağız-kuğuzunu yığışdıraraq siyirtməsinə qoydu, pencəyinin döş cibindən gün eynəyini çıxararaq gözünə taxıb küçəyə yendi.
Avqustun sonu idi, səhərdən yerə-yurda od ələyən günəş uca binaların arxasında gizləndiyindən hava xeyli sərinləşmişdi. Dənizdən yüngül meh də əsirdi, elə bil, küçələr boyu əkilmiş çinarların yarpaqları asta-asta pıçıldayırdı, sanki hardasa, kimsə musiqi çalırdı. Bir az kədərli, bir az sevinclə süslənmiş, gərilmiş əsəblərə sığal çəkən musiqi… Bəlkə bu, həmişə belə olub: bəlkə indi də heç belə deyil. Amma Toğrulun ürəyində meh əsirdi, musiqi çalınırdı…
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-xos-gelmisen-nergizim
Müəllifin digər əsərləri
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.