Xoş gəlmisən, Nərgizim
Səhifə 3 / 20 · 10%
⎯ Bəli, mənəm, Toğrul müəllim!
Sonra kənara çəkilib ikimiz də qəribə halda gülümsünə-gülümsünə bir-birimizə baxdıq. Anlar keçdi, sən özünü ələ aldın, mən isə dəcəlliyimi bir kənara qoyub ciddiləşdim.
⎯ Sizdən nə əcəb? Yəqin təzə kitabınızı gətirmişdiniz?
⎯ Yox, Nərgiz xanım, özüm gəlmişəm. İşləməyə gəlmişəm.
⎯ Hə? Akademiyanın daşını atdınız?
⎯ Bəli. Bura yaxşıdır.
⎯ Demək, alim olmaq istəmirsiniz?!
⎯ Yox. Bir əldə iki qarpız tutmaq indiki zəmanədə çox çətin məsələdir.
Mən zarafat elədim:
⎯ Qorxdunuz qarpızın birini salıb sındırarsınız?!
⎯ Hə. Ona görə, bəri başdan ağıllı tərpənib qarpızın birini ehmalca yerə qoydum ki, sınmasın. O xatirə ki, qoltuğumda tutduğum o birini mənzil başına salamat aparım. Mənim üçün bədii yaradıcılıq hər şeydən doğmadır.
Sən mənim işimlə maraqlandın. Şöbəmi soruşdun. Mən şöbənin adını deyəndə yenə nə üçünsə uşaq kimi sevindin:
⎯ Nə yaxşı oldu. Bir şöbədə işləyəcəyik ki! – dedin.
O vaxt şöbə müdiri işləyən Musa səni yaxşı qarşıladı. Pəncərənin ağzında, mənim stolumla qabaq-qənşərdə qoyulmuş boş stolu sənə göstərib:
⎯ Bu sənin yerin, Toğrul! – dedi. Səni bizə səmimiyyətlə təqdim etdi – Tanıyırsınız – dedi – əsərlərini oxumuşsunuz, yaxud redaktə etmişsiniz. Bu qəşəng oğlan – Musa gülə-gülə əlavə elədi – çoxunuzun oxuduğunuz «Unutma məni» kitabının müəllifidir. Toğrul Əlizadə.
Sən tərləmişdin. Onda bildim ki, tərifdən xoşlanmırsan. Hamı sənə baxırdı. Xüsusilə qızlarımız. Gombul, ətli-canlı şəkili qızı Solmaz üzünü Musaya tutub şirin bir ləhcə ilə:
⎯ Musa müəllim, ha indi şərti bu başdan kəsirik ki, xırmanda yabalaşmayaq. Bizə öz kitabının üstünü yazıb verməsə, cijimin canına, onu kollektivimizə qəbul eləməyəcəyik.
⎯ Verərəm – dedin.
Səhərisi bizə kitab gətirib verdin. Mən sənin necə də sevindiyini görürdüm, duyurdum, elə sanırdım ki, kitabın çap olunduğuna görə sevinirsən. Bu da vardı. Ancaq əsil sevincin bizim şöbədə işə düzəlməyinlə bağlı imiş. Mən bunu sonralar anladım.
Sən o gün mənə də «Unutma məni»dən bir nüsxə bağışladın. Şəklinin altına bu sözləri yazmışdın:
«Ağıllı və qəşəng Nərgiz xanıma xoş arzularla təqdim edirəm».
O kitabı indi də saxlayıram. O, sənin mənə ilk hədiyyəndir, Toğrul.
Çox çəkmədi ki, mətbuatda haqqında təriflə dolu məqalələr çıxmağa başladı: tanıdığım bəzi yazanlar kimi, bu təriflərdən sonra özünü dartmadın, lovğalanmadın. Bunlara adi, çox adi bir şey kimi baxır, yerişini, oturuşunu, duruşunu dəyişmirdin. Sadəliyin, təvazökarlığın tək mənim yox, bütün yoldaşlarımızın xoşuna gəlirdi. Təzə gəldiyin vaxtlar sən otaqda olmayanda bir dəfə Musa bizə demişdi:
⎯ Toğrulu mən hələ Universitetdə oxuyandan tanıyıram, istedadlı oğlandır. Yolundan azmasa, öldürməsələr, gələcəyi çox parlaqdır.
Solmaz təəccüblə xəbər almışdı:
⎯ Ha necə yəni öldürməsələr? Onu öldürə də bilərlər?
⎯ Mən cismən öldürməyi nəzərdə tutmuram, Solmaz xanım. Çox yazanlar olub ki, əvvəl məşəl kimi yanıb, işığı göylərə bülənd olub, nuru göz qamaşdırıb, sonra… sonra birdən-birə sönüb gedib. Qəfil yel vurmuş çıraq kimi. Bəzən tamam sönüb, bəzən də korun-korun yanıb. İşığı nə özünü isindirib, nə də başqalarını.
⎯ Yox, Toğrul sönən məşələ bənzəmir – demişdim onda mən. Onun ürəyində nəsə sehirli bir sənət odu yanır ki, çətin sönə bilər.
Musa mənim sözümü təsdiq etmişdi:
⎯ Düz deyirsən, Nərgiz. Bunu mən onun yazısından hiss etmişəm. Şəxsən bir oxucu kimi, Toğrulun əsərlərini çox xoşlayıram. Həmişə yeni fikir söyləməyə çalışır. Hər hansı yazısını əlimə alanda irəlicədən bilirəm ki, nəsə təzə bir şey deyəcəkdir. Qələm sahibi üçün bu, böyük məziyyətdir.
Sənin haqqında belə söhbətlər tez-tez olurdu. Az bir zaman içində hamının hörmətini qazandın. Ağır, təmkinli danışığınla, mehribanlığınla, qayğıkeşliyinlə. Elə qaynayıb-qarışdıq ki, sanki bir idarədə çoxdan işləyirdik: sanki bir ailənin üzvləri idik. Dərd-sərimiz bir idi. Şöbəmizə öz əsərlərini gətirən cavan müəlliflər, Musadan çox, sənə müraciət edir, sənə «pənah» gətirirdilər. Çünki Musa onları hiss olunacaq dərəcədə soyuq qarşılayır, ümidverici çox az söz deyirdi: bütün bunlar bir yana, bəzən hələ ona qətiyyən yaraşmayan bir şəkildə lağ da eləyir, sarıyırdı. Əsərlərini çap etdirmək arzusu ilə yanan bu cavanlar, çox vaxt, bu etinasızlıqlara dözür, Musaya heç bir kobud cavab vermədən çıxıb gedirdilər. Bu, mənim yaman acığıma gəlirdi. Neçə dəfə sözarası Musaya qandırmışdım ki, belə eləmək yaxşı deyil. Ancaq o, qulaqardına vurub bildiyindən əl çəkməmişdi.
Sən isə Musadakı bu xasiyyəti çox tez müşahidə edərək bir dəfə ona irad tutdun:
⎯ Yaxşı deyil, Musa. Cavan oğlandı, onu elə sındırma. Musa boz-boz sənin üzünə baxdı:
⎯ Bunları sən tanımırsan, Toğrul. Üz verəndə astarını da istəyirlər; barmağının ucunu göstərsən biləyindən yapışarlar. Bunların üzünə xoş baxsan, görək yorğan-döşəyini yığışdırıb nəşriyyatdan köçəsən. Çox həyasız tayfadır, qapıdan qovsan, pəncərədən girərlər. – Sən siqaret yandırıb əsəbiləşdiyini biruzə verməmək üçün durub gəzinə-gəzinə dedin:
⎯ Bura nə sənin, nə mənim şəxsi idarəmiz deyil. Bunu dövlət elə ona görə yaradıb ki, bax, belə gənclərin, istedad sahiblərinin əsərlərini çap edək, oxucuya çatdıraq. Çox vaxt Musa, bilmək olmur ki, bu kasıb geyinmiş cılız oğlandan sabah nə olacaq. Bəlkə ondan sabah xalqımızın adını, şöhrətini göylərə qaldıracaq bir sənətkar çıxacaq? Nə bilmək olar? Hansı sahədə olur-olsun, texnika, elm və ya sənət sahəsində – ürəyində yaratmaq eşqi yanan hər kəsi qorumaq, tərbiyə etmək, qayğısına qalmaq hamımızın borcudur. Çünki belə adamların yetişməsi xalqın, vətənin mədəni, milli iftixarının artmasına səbəb olur. İstedadların yetişməsinə mane olmaq cinayətdir, cinayətkarlıqdır.
Sən bu sözləri ucadan, yüksək, amiranə tonla demirdin, sanki adi söhbət edirmiş təki söyləyirdin Musaya. Bəlkə ona görə də, o, bu sözlərin müqabilində sənə heç nə demədi. Amma bildim ki, üzə vurmasa da acığına gəldi. Musada bu adət vardı: qabağından qaçdın, qovacaq, divara söykəyib nəfəsin kəsilincə sıxacaq, öz üstünlüyünü nümayişkaranə şəkildə biruzə verəcək və bununla öyünəcək; cavabını qaytardın, ağzından vurdun, güzəştə getmədin, onda sənə zahirən ehtiram bəsləyəcək, kinini-küdurətini ürəyinə salıb səninlə razılaşacaq, ta yıxılana qədər fürsət gözləyəcək. Axı mən Musanı səndən də, başqalarından da yaxşı tanıyıram, Toğrul. O, sənin haqqında ümumən yaxşı fikirdə idi: ancaq həmin söhbətdən sonra, başa düşdüm ki, o, daha səndən ehtiyat edəcək, çəkinəcək, lakin səni əvvəlki kimi sevməyəcək. Bu, mənə gün kimi aşkar idi. Həmin gün sən gedəndən sonra bu barədə söz düşəndə mən sənin haqlı olduğunu söylədim. Musanın acığına gəldi:
⎯ İndi siz mənə necə işləmək lazım gəldiyini öyrədəcəksiniz?! Mənim işimə qarışmayın, xahiş edirəm – dedi və bizim evin tuşuna çatana qədər daha mənimlə danışmadı. Soyuq-soyuq xudahafizləşdi və getdi. Mən pilləkənləri qalxa-qalxa fikirləşirdim ki, Musa məni Toğrulla həmfikir hesab edir. Bəs «siz mənə?» ifadəsi nə demək idi? Yəni Toğrulla mən ona – Musaya necə işləmək lazım gəldiyini öyrətmək istəyirmişik? Toğrulla mən! Bu, elə incə və həssas nöqtə imiş ki, onu o zaman nə Musa, nə mən hiss edə bilməzdik. Ancaq əslində o özü, anlamadan, bilmədən səninlə mənim aramda gələcəkdə ola biləcək mənəvi yaxınlığın, doğmalığın əsasını qoymuş oldu. O sözlə Musa məni öz «cəbhəsindən» uzaqlaşdırıb sənə, sənin «cəbhənə» yaxınlaşdırdı. Mənimlə səni, kiçik də olsa, bir nöqtədə birləşdirdi.
Musa ilə bu cür, Solmaz demişkən, kəllə-kəlləyə gəlməyin qızlarımız arasında sənin hörmətini bir az da artırdı. «Arvadlar səltənətinin yeganə başı papaqlısı olan Musa»ya belə, yeri gəlmişkən təpinmək sən demə, qızların hamısının ürəyindən imiş. Kişilər – yəni Musa ilə sən çıxan kimi, Solmaz dedi:
⎯ Cijimin canı üçün, bu Toğrul qiyamət oğlandır. Xoşum gəldi mərdanəliyindən. Görəsən hansı bəxtəvərin qisməti olacaq belə oğlan?! Cijimin canı üçün, subay olsaydım, əldən buraxmazdım onu.
⎯ Hə, neyniyərdin? – mən gülə-gülə soruşdum.
⎯ Ha neyniyərəm, cijimin canı üçün, elə eləyərdim ki, bir də gözünü açıb görərdi ki, mən Solmaz onun arvadıyam, hələ bir uşağımız da var.
⎯ Yox, ağəz. O, ağır oğlandı. Yoldan çıxara bilməzdin – deyə Səyyarə başını qaldırıb eynəyini çıxardaraq etirazını bildirdikdə Solmaz əlini havada yellədi.
⎯ Get işüvə. Çörək yeyənin fağırı olmaz. Kişidi, vəssəlam.
Hamımızdan cavan olan Rəhilə sözə qarışdı:
⎯ İndiyə qız tapmamış olmaz. Belə oğlanı indiyə qapazlamış olarlar.
Sən içəri girdiyin üçün söhbətimiz yarımçıq qalmışdı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-xos-gelmisen-nergizim
Müəllifin digər əsərləri
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.