Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.

Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

Lakin Süleyman istəyirdi ki, əvvəl Nəzər başlasın. Bir az havadan, bir az bu «Ənvər bağı»ndan, bir az bağban Şirəlidən danışıb, Nəzər axırı mətləb üstünə gəldi:

⎯ Doğrusu, ay Süleyman, mən elə bilirdim, sən gələn kimi, bu rayonda hər şeyi yerbəyer eliyəssən. Bir-bir hamının qulağından tutub qaldırassan, işinə-gücünə, ləyaqətinə, nəhayət, vicdanına, ürəyinə baxassan, layiq olanları, təmizləri saxlayassan və öz yerində olmayanları, ləyaqətsizləri, oğruları, yalançıları dəbərdəssən, kürüyüb atassan. Ancaq görürəm yoox, az qala il yarımdı gəlibsən, di gəl, fərli-başlı, tutarlı heç nə eləməmisən; elə oturmusan, baxırsan, demək olar ki, əhəmiyyətli heç nə eləmirsən, Süleyman! Axı mən sənə lap siftə görüşlərimizdə dedim ki, ağıllı padşah köhnə vəzir-vəkilnən işləməz! Səni yeyərlər onlar dedim! Kimi tərpətmirsən? Heç kimi! Cəfərzadənin ⎯ keçmiş katibin vaxtında kim harda oturmuşdusa, harda yeyirdisə, elə orda da oturub xımır-xımır yeyir! Onda yığıb, çapıb-soyub ona verirdilər. Yoxsa indi də sənə verirlər, hə, Süleyman?

Bayaqdan siqaret çəkə-çəkə qulaq asırdı, Nəzərin sözünü kəsmirdi, daha doğrusu, kəsmək istəmirdi. Lakin indi sual birbaşa ona verilmişdi. Süleyman özü də hiss eləmədən qızardı, elə bil ürəyinin, vücudunun bütün qanı üzünə çırpıldı. Yaxşı ki, Nəzər bu anda onun sifətinə baxmırdı. «Bu qoca hər yerə başını soxur, hər şeydən xəbərdardı. Olmaya? Yox, yox, ola bilməz. Elə-belə, sözgəlişi deyir!» ⎯ düşündü və ayrı söz tapa bilməyib:

⎯ Sən nə danışırsan, Nəzər müəllim? ⎯ dilləndi. ⎯ Doğrudanmı, sən məni…

⎯ Yox da, mən də bilirəm elə deyil. Ancaq bəs niyə susursan, göz yumursan, Süleyman? Nəyin xatirinə?

Süleyman azca toxtadı. «Deməli… heç nə bilmir!.. Ancaq qorxuludu bu kişi. Kəşfiyyatçıya oxşayır lap! Gec-tez iy çəkəcək!»

⎯ Bəlkə də iradlarında haqlısan, Nəzər müəllim! ⎯ Səsi tutqun idi, elə bil boğazını kimsə gözəgörünməz əlləri ilə sıxırdı. ⎯ Bəlkə də yox, tam haqlısan! Ancaq məsələ burasındadı ki, sən birini bilirsən, birini yox, Nəzər müəllim!

⎯ Hə?

⎯ Bəli.

⎯ Onda zəhmət çək, xırdala, oğul! Görüm bildiyim nədi, bilmədiyim hansıdı?!

Süleyman siqaret yandırdı. Nəzərin qulaq kəsilib gözlədiyini görərək:

⎯ Bildiyin budu ki, ⎯ dedi, ⎯ doğrudu, bizim rayonda rüşvət var, yalan var, oğru, öz yerində oturmayan var!..

⎯ Bəli, var!

⎯ Amma niyə var?

⎯ Onun səbəblərini sənə demişəm, Süleyman. Sən o səbəbləri aradan götürməyincə ⎯ oğurluğun, rüşvətin kökünü kəsə bilməyəs-sən. Demişəm bunu sənə!

⎯ Bəli, demisən. Və bunlar sənin bildiklərindi, Nəzər müəllim!

⎯ Bildiklərimi bilirəm, Süleyman. Sən bilmədiklərimi de!

⎯ Hə, indi qulaq as, Nəzər müəllim. Mən bu rayonda heç kəslə belə açıq danışmıram və kimsəyə də icazə verməmişəm ki, sən danışan kimi danışsın mənimlə!

⎯ Çox sağ ol, mən bğunu başa düşürəm!

⎯ Hə. Sən deyirsən briqadirlər sədrləri, sədrlər məni, mən də yuxarını aldadlıram; sən deyirsən: «ət, yağ, yumurta kağız üzərində-di, biz kağız yeyirik».

⎯ Düz deyirəm də!

⎯ Düz deyirsən, Nəzər müəllim. Lakin sənə elə gəlir ki, bunu ancaq sən görürsən, bilirsən. Axı bunu yuxarıda da bilirlər, Nəzər müəllim! Hamısı bilir! İnstruktoru da, naziri də, katibi də…

⎯ Kişinin özü də bilir?

Süleyman susdu, o yan-bu yana nəzər saldı, ətrafda heç kəs yox idi. Buna baxmayaraq müəlliminin qulağına yavaşcadan pıçıldadı:

⎯ Əlbəttə, bilir.

Birdən ikisi də susdu, xoflu-xoflu, bir-birinə baxmadan, demək olar ki, eyni vaxtda siqaret yandırdı. Deyəsən, araya çox namünasib gəlib düşmüş bu söhbətin yönünü, səmtini dəyişmək üçün hərəsi öz ürəyində yol-çarə axtarırdı.

⎯ Mənim bilmədiklərim elə bunlar idi? ⎯ Nəzər söhbətin əvvəlinə qayıtdı və buna sevindi.

⎯ Yox. Sənin hələ bilmədiklərin çoxdu, Nəzər müəllim. Sən deyirsən ki, Rayon icraiyyə komitəsinin sədri, məhkəmənin sədri, prokuror, pambıq qəbulu məntəqəsinin direktoru, raykopittifaqın sədri oğrudu, julikdi, talançıdı, siyahini də tutub veribsən mənə!

⎯ Bəli, vermişəm! Axı bu adamlar balaca adamlar deyil. Onlar Şura hökuməti, partiya adından danışırlar, bala! Necə olur ki, sən indiyəcən başa düşmək istəmirsən ki, «krupnı» oğrular arasındasan, Süleyman! Bu oğrular elə oğrulardı ki, dövlətin, xalqın bir milyonunu, iki milyonunu çalıb-çapırlar; tutulmadılar heç, tutuldularsa, gedib uzaq başı beş-on il yatırlar, sonra qayıdıb yığdıqlarını ömür boyu bala-bala yeyib yaşayırlar özləri üçün! Bax, bunlar belə oğrulardı, Süleyman!

⎯ Sənin dediyindən belə çıxır ki, bu adamlar kommunist deyillər, Nəzər müəllim?

⎯ Sən elə bilirsən indi cibində partbilet gəzdirən hər adam əsl kommunistdi?

⎯ Yox?

⎯ Yox, Süleyman. Sən səhv eləyirsən, bala. Bu, qabaqlar belə idi. İndi vəziyyət xeyli dəyişib. İndi bir çoxu partiyaya yaxşı vəzifə, yaxşı mövqe tutmaq xatirinə keçir, cəmiyyətə, xalqına, vətəninə daha yaxşı xidmət etmək naminə yox. Təəssüf ki, ⎯ adamın ürəyi ağrıyır düşünəndə ⎯ elələri var ki, partiya sıralarına girmək üçün rüşvət də verməyə hazırdı, Süleyman. Və yenə min təəssüf ⎯ elələri də var ki, ⎯ səni partiyaya qəbul etmək üçün səndən rüşvət almağa da hazırdı.

Msüleymanın alnı düyünləndi:

⎯ Paho. Adam heç inanmaq istəmir, vallah.

⎯ Bəli. Mən də inanmaq istəmirdim. Ancaq həyat və gördüklərim məni inandırdı. Təmizlə natəmizə fərq qoymayanda belə olur, Süleyman.

⎯ …

⎯ Partiya biletləri dəyişdiriləndə uzaqda yox, elə sənin kabinetinin qabağında qəribə bir hadisə, daha doğrusu, söhbət olmuşdu. Katib Cəfərzadənin kabinetinin qapısı ağzında sədr Mikayılla fermamızın çobanı Zaman ⎯ Zaman da Zamandı ha, ömrünü halal yaşayıb, evinə bir tikə haram çörək girməyib, mərdin, qorxmazın biridi ⎯ rastlaşır. İkisi də təzə bilet alıb çıxıbmış. Elə oradaca Mikayıl partbiletini gözdən keçirirmiş. Necə olursa Zamanın nəzəri Mikayılın biletinə sataşır və təəccüb içində soruşur:

⎯ Sənin də biletin mənimkindəndi, a Mikayıl?

⎯ Bə nədi? Bilet biletdi də.

⎯ Axı, gərək zənnimcə, sənin biletinlə mənim biletim arasında bir fərq olmalıdı, a Mikayıl.

⎯ Niyə ki, ay Zaman?

⎯ Heç olmasa ona görə ki, mən səndən yaxşı qəmnistəm, a Mikayıl. Gərək bu, heç yerdə, heç nədə bilinməsə də, biletdə bilinsin axı. Yəni partiya da yaxşını pisdən, təmizi natəmizdən, oğrunu doğrudan ayıra bilmir?

⎯ Naxırçı ki, naxırçı ⎯ deyərək Mikayıl ilan kimi fısıldayıb gedir.

Sonra isə Zamanın qara günləri başlandı, Süleyman. Mikayılı ifşa eləyib tutmasaydılar, yəqin Zaman damdaydı. İndi Zamanın sözü olmasın, axı gərək sən yaxşıynan pisi, halalnan haramı oğruynan doğrunu ayırasan, Süleyman. Yoxsa, mizan-tərəzi itər. Bax, yenə deyirəm, uzaqda yox, lap burnunun ucunda, gözünün qabağında oturan icrakom İsrayıl rüşvət alır! İnanmırsan, çağır onun ev, maşın verdiyi adamları, xəbər al! Ev verir ⎯ üç min gərək verəsən, yoxsa ala bilməzsən! Maşın verir ⎯ gərək mincə manat verəsən ⎯ yoxsa ala bilməssən!

Süleyman güldü:

⎯ Bax, bilmədiklərindən biri elə budu, Nəzər müəllim!

⎯ Axı, bilirəm Süleyman.

⎯ Bilirsən ey, ancaq hamısını bilmirsən! Sən bilmirsən ki, İsrayıl o kişinin adamıdı!

Nəzərin gözlərindəki işıq öləzidi. Daha nə danışmağa, nə tərpənməyə taqəti, həvəsi yox idi. Sükut uzun çəkdi. Süleyman darıxdı, ayağa durdu.

⎯ Belə-belə işlər, Nəzər müəllim! İndi başa düşdün və inandın ki, birini bilirsən, birini bilmirsən?

Nəzər köks ötürdü:

⎯ Hə, başa düşdüm, Süleyman, başa düşdüm. Acığına gəlməsin, oğul, demək, sən ⎯ sən deyilsən, sən ⎯ kölgəsən, səni elə-belə qoyublar bura. Demək səni onlar idarə eləyir, sən onları yox. Amma hayıf, Süleyman. Mən sənə belə tərbiyə verməmişdim; mən səni şəxsiyyət görmək istəyirdim, kölgə yox, buyruq qulu yox. Səni qınamıram, Süleyman. Səndə günah yoxdu. Atalar yaxşı deyib: balıq başdan iylənər. Atalar bir də deyib ki, hər şeyi iylənməkdən, çürüməkdən duz saxlayar; vay o gündən ki, duz özü iylənə, çürüyə.

Süleymanın sifəti qapqara qaralıb boğuldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, on dördüncü fəsil

Gülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!

3 dəq
Üçüncü hissə, on beşinci fəsil

Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə

7 dəq
Üçüncü hissə, on altıncı fəsil

Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.

5 dəq
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 dəq

Başqa şairlərin şeirləri