Səhifə 1 / 2

Elməddin evə qayıdanda Əfsanə damın böyründə çömbəltmə oturub qabağına qoyduğu iri, paxırdan qızarmış teştdə paltar yuyurdu. Su isti olduğundan teştdən buxar qalxır, bir az aralıdakı ocağın burulubucalan tüstüsünə qarışırdı. Ocağın üstündə iri su qazanı qaynayırdı.

Əfsanə islanmış paltarları çəngələdikcə bədəni yırğalanır, su kənara sıçrayırdı. Başı, üzü açıqdı. Ağ dizləri görünürdü. Uzun hörüklərinin biri ağ çiynindən sürüşüb qabağa, o biri isə kürəyindən axıb yerə dəyirdi. Əndamı tərpəndikcə hörükləri də asta-asta yırğalanırdı.

Sifəti qız vaxtındakından da ağ və cazibəli idi. Qaşları düyünlənmişdi; sanki nəyəsə acıqlanmışdı; ya kiməsə qəzəbi tutmuşdu.

Elməddin canlı bir heykəl qarşısında dayanmış kimi nəfəsini də gizlədərək səssiz-səmirsiz ona tamaşa eləyirdi. Çünki, Əfsanəni belə yaxından və açıq-saçıq gördüyü yadına gəlmirdi.

Əfsanə isə, görünür evdə, həyət-bacada kimsənin olmadığını bildiyindən sərbəstcəsinə öz işinə əl qatmış, üzünü örtməmişdi.

Birdən, Elməddin gözləmədiyi halda, Əfsanə həzin və ürəyə işləyən bir səslə oxumağa başladı.

Bu dəqiqə Elməddin dünyada hər şeyi unutmuşdu; onun indi tez-tez çırpınan ürəyi və Əfsanənin qəmli səsini eşidə bilən qulaqlarından başqa heç nəyi yox idi.

Əfsanə oxuyurdu:

Səndən üzüldü əlim,
Ağlaram ürəyimdə.
Eşqini ömrüm boyu
Saxlaram ürəyimdə.


Mənim nə günahım var?
Bir belə də zülm olar?
Gözümdən qan-yaş axar —
Ağlaram ürəyimdə.


Fələk mənə cövr elər
Qəlb uşaq tək kövrələr.
Zaman-zaman qövr elər, —
Dağlarım ürəyimdə!

Əfsanə şerin son misralarına vurulmuş təki onları iki-üç dəfə təkrar-təkrar oxudu.

Elməddinin ürəyi uçurdu. Hər şeyi — hətta doğma qardaşını belə unudaraq irəli cummaq, Əfsanəni bağrına basaraq mahnı oxuyan dodaqlarını, sabunlu suyun içində ağ göyərçin kimi çırpınan əllərini hərarətli öpüşlərə qərq etmək və sonra... sonra birdəfəlik bu fani dünyaya göz yummaq istəyirdi. Ancaq insan iradəsi, görünür; hər istehkamdan, hər qaladan da möhkəmmiş! İradə çağlayıb-coşan hisslərin önünə möhkəm sədd çəkdi və onu, Elməddini bu addımı atmaqdan saxladı. Dərindən köks ötürdü və sanki ürəyini çulğamış dəlisov fikirlər də o ahla birgə onun taqətsiz bədənini tərk etdi. Əfsanə isə oğlanın ahının səsini eşidib başını qaldırdı.

Məftun baxışlarla ona baxan Elməddini görəndə özünü itirdi. Avazımış sifəti göz kimi qızardı. Yadından çıxartdığından, ya özünü itirdiyindən nə üzünü örtdü, nə də tumanını qıçlarının, dizlərinin üstünə çəkdi. Günahkarcasına başını azca qaldırıb davamlı baxışlarını ondan çəkə bilməyən Elməddinə utancaq, ötəri bir nəzər saldı.

Elməddin yerindən tərpənə bilmir, gözlərini də qırpmırdı. Sanki yuxu görürdü, Əfsanə ərə gedəndən sonra ilk dəfə yaxından görən Elməddin nə qədər yersiz olsa da onun dəyişib dəyişmədiyinin fərqinə vardı: qız vaxtı çaydan su gətirməyə kedəndə, dükanda oturanda, mal-qara qabağına çıxanda o, Əfsanəni tez-tez görərdi. Onda Əfsanə sağlam bədənli, mütənasib boy-buxunlu, üz-gözündən məsumluq yağan bir növrəstə idi. Onda da qəmli idi, indi də. Elə bil, ən böyük sevinc, dünyanın ən böyük şadlığı belə üzündə həkk olunub qalmış ələmi pozmağa qadir deyildi. Təsadüfdən-təsadüfə gülümsünəndə belə bu ifadə onun gözəl çöhrəsini tərk etmirdi. İndi onun əri, ev-eşiyi, özünə görə bəlkə səadəti də vardı. «Təkcə mən bu evdə olmasaydım, bəlkə o özünü xoşbəxt sayardı. Asta-asta yaddan çıxardım. O məni unudardı, mən də... mən də onu. Tale bizə əzab vermək üçünmü ikimizi də bir ocaq başında görüşdürdü», — deyə Elməddin ürəyindən keçirirdi.

Hisslərin tufanı ötüb keçdi. Ağıl, mühakimə öz yerində bərqərar olandan sonra o, «şer hardan Əfsanənin əlinə düşüb görəsən?» — deyə narahatlıqla düşündü.

Nəhayət, Elməddin durduğu yerdən qopub asta, qətiyyətsiz addımlarla irəli yeridi. Əfsanə ehmalca dizlərinin üstünü örtdü və baxışlarını endirdi.

Fikri pərişan olduğundan ağzına gələn ilk sözü söylədi:

– Əcəb yaxşı səsin varmış, Əfsanə! Mən heç bilmirdim.

Elməddin istəyirdi ki, hər kəlmə başı «Əfsanə» sözünü işlətsin. Bu gözəl, şairanə adı ürəyində o qədər təkrar eləmişdi ki... Təkcə ürəyində!.. Amma dili ilə demək istəyirdi. Həm də elə ki, bütün dünya bu adı eşitsin, tanısın! Lakin təəssüf ki, buna onun ixtiyarı yox idi. O, hətta cib dəftərçəsinə köçürdüyü şerlərdə də «Əfsanə» sözünü işlətməkdən ehtiyat edirdi. Nə eybi, o əziz ad onun ürəyinin başına yazılmışdı, çünki Əfsanə onun həyatının yarımçıq əfsanəsi idi, şirin, nakam, sonu göz yaşları ilə bitən əfsanəsi idi!

– O şeri hardan götürüb əzbərləmisən, Əfsanə?

Əfsanə Elməddinin sualını eşidəndə gözlərini qıyğacı dolandırıb baxaraq günahkar uşaq kimi gülumsündü:

– Sənin dəftərindən götürmüşəm, Elməddin!

– Hardan tapmısan, Əfsanə, dəftəri?

– Rəfdən. Bağışla ki, səndən icazəsiz...

– Eybi yoxdur. Onu özümdən başqa oxuyan birinci adam sənsən, Əfsanə.

Əfsanə xoşbəxtcəsinə gülümsündü və Elməddinə elə gəldi ki, ömründə sevincin nə demək olduğunu dadmamış bu yetim qız məhz indi, bu saniyə səadət dolu bir an yaşadı.

– O şeri mən novruz bayramı günü ağlaya-ağlaya dəftərçəmə yazmışam, Əfsanə. Səndən həmişəlik əlim üzülən gün, Əfsanə.

– O gecə mən də səhərəcən yata bilmədim. Yasdığımın bir üzü islandı, o biri üzünü çevirdim. — Araya ani bir sükut çökdü, sonra Əfsanə yenə davam etdi, — əvvəl Nazənin gəlib mənə deyəndə ki, Səbihəgil elçiliyə gəlib, sevindim, elə bildim, səninçün gəliblər. Sonra aydın oldu ki, məni sənə yox, Yusifə veriblər. Ağladım, əlimdən nə gələrdi, yetim qız idim. Dayıma dedim ki, məni satdın, hə?! Üstümə çımxırdı: «sus! — dedi, — axmaq. Minnətin olsun ki, səni Yusif kimi bir oğlana vermişəm! Şadlığına şitlik eləmə!» Mən susdum, özün de, neyləyə bilərdim?.. Amma novruz bayramı axşamı yuxumda səhərəcən yanan şam görmüşdüm,

Elməddin ah çəkdi:

– O şamı yandırdım. Ancaq öz adıma yox, Yusifin adına. Çünki elə süfrə başında bu məsələ ortalığa gəldi va mən ürəyimdəkini dilimə gətirə bilmədim. Böyük qardaşdı. Böyüklüyü qabağımı kəsdi, Əfsanə!!

– Eh. Mən allahın bədbəxt bəndəsiyəm. Mənim üçün xoş gün yazılmayıb... İndi mənim yeganə təsəllim sənsən, səni heç olmasa hər gün görürəm, ürəyim təskinlik tapır, özümü xoşbəxt sayıram.


Gün əyiləndə Yusif Süleymanşəhrdən gəlib çıxdı. Tozlu, dolama yolları üstü açıq maşında gəldiyindən pal-paltarı, çalması, üz-gözü tamam toz içində idi. Təkcə iri, nüfuzlu gözləri və dişləri ağarırdı.

Səbihə və Elməddin Yusiflə görüşdü, ancaq uzaqdan ərinin gəldiyini görən Əfsanə yerindən tərpənmədi, yaxınlaşmadı, tor pərdə arxasından baxmaqla kifayətləndi,—mövcud adət-ənənəyə görə gəlin, qayınana, qayın yanında səfərdən qayıtmış ərinin qabağına çıxmamalı, «xoş gəldin» eləməməli idi.

Səbihə oğlunu təpədən-dırnağa süzüb:

– Bıy, başıma xeyir, bu nə gündü-rüzgardı, gədə? Toz içində itib-batıbsan ki? — dedi.

– Yollarda olub, — Yusif müxtəsərcə cavab verdi və anasına, qardaşına ötəri nəzər saldı. Anası həmişəki kimi gümrah və çevik idi. Elməddin isə sınıxmışdı. Elə sınıxmışdı ki, deyərdin bəs bu günlərdə ən əziz adamını dəfn eləyib oturub.

– Kefsiz-zad deyilsən ki, Elmi?

Sualdan Elməddin diksindi və Yusifin gözlərinin içinə baxmamağa çalışaraq astaca dilləndi:

– Yoxxx...

Səbihə adəti üzrə Yusifə su hazırladı ki, yuyunsun. Sonra onun heybəsini qabağına çəkib töküşdürməyə başladı: — Nə alıbsan? Yusif əl-üzünü qurulaya-qurulaya yaxın gəldi:

– Elə bir şey yoxdu, yarım sir düyüdü, bir sir naringidi, bnr də onun üçün bir cüt ayaqqabı almışam.

Səbihə narınginin birini soyub parçaladı, dişsiz ağzına atıb damağı ilə əzərək udduqdan sonra Yusifin «onun üçün» gətirdiyi yay ayaqqabısına baxdı.

Yusif heç vaxt arvadının adını deməzdi. «O», «bu», deyə haqqında danışardı və hamı da bilərdi ki, «o», «bu» — Əfsanədir.

Ayaqqabı qəşəng idi. Üstünə qızılı haşiyə çəkilmiş və ağ, xırda muncuqlar düzülmüşdü.

– Ay qız, hey, — deyə Səbihə gəlini səslədi, — bir bəri gəl-sənə. Gör Yusif sənin üçün nə alıb?!

Əfsanə çadralı halda kölgə kimi onların yanına gəldi. Gözucu Yusifə nəzər yetirdi, lakin heç nə söyləmədi.

Ailədə səmimiyyət, açıq-saçıqlıq tərəfdarı olan Səbihə gəlininə irad tutdu:

– Bəs «xoş gəldin»in hanı, qız?

– …

– Özgə adam deyil ha, öz ərindi də.

Yusif sözə qarışdı:

– Qızı utandırma daha.

– Yaxşı, gey görək, necədir? — Səbihə həddindən artıq yaraşıqlı və cazibədar görünən ayaqqabıdan gözlərini çəkməyərək onu Əfsanəyə sarı uzatdı, — baxaq görək?! Əfsanə əyilib ayaqqabını ayağına aldı. Yaraşırdı.

– Mübarəkdi, qız.

– Sağ ol. — Əfsanə yavaşca dilləndi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, on ikinci fəsil

Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.

11 dəq
Dördüncü hissə, on üçüncü fəsil

Əfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:

5 dəq
Dördüncü hissə, on dördüncü fəsil

Yaranmış siyasi vəziyyət çox gərgin idi — hezbin Əsas və nüfuzlu rəhbərləri Poli-çərxi həbsxanasına salınmışdı və son dərəcə ciddi nəzarət altında saxlanılırdı. Xariclə əlaqə saxlamaq qətiyyən mümkün deyildi. Yoldaşlardan təkcə dikərval Əbdülqadir xan — Mir Xeybərin dəfnində iştirak edə bilmədiyinə görə — şübhə doğurmamış və həbs olunmamışdı. Əbdülqədir xan neçə gün idi ki, gecə-gündüz narahat idi, dostlarını həbsxanadan xilas etmək yolları barədə düşünürdü. O anlayırdı ki, bu həbs adi həbs deyil, yoldaşlarının həyatı, ən ümdəsi isə, inqilabi mübarizənin müqəddəratı böyük təhlükə altındadı. Bu gün isə Daxili İşlər Nazirliyində işləyən dostlarından biri başılovlu yanına gəlmiş və xəbər gətirmişdi ki, həbsxanadakı yoldaşları dörd-beş gündən sonra, daha dəqiq, may ayının ikisində güllələyəcəklər. Sərdar Məhəmmədin əmri ilə, onların dövlət, rejim əleyhinə olmalarını sübut eləyən dəlilləri toplayıb hazırlayırlar, «sənədləri» qaydaya salırlar. Bu xəbər Əbdülqədiri lap sarsıtmışdı. Nə isə etmək lazım idi! Nə? Bax, bu məsələdə o, tərəddüd edirdi. Təkbaşına, Mərkəzi Komitənin göstərişi olmadan hərəkət etmək təhlükəli idi, səhv eləyə bilərdi və bu, hezbə baha başa gələ bilərdi. Özü vəziyyəti təhlil edir, bu qənaətə-gəlirdi ki, daha məqam yetişib, susmaq mümkün deyil — qoşundan, hava qüvvələrindən, tanklardan istifadə etmək, Ərke-şahini dağıtmaq, Sərdar Məhəmmədi aradan götürmək məqamı çatıb. Bəhram hava meydanında qırıcı təyyarələrdən bir neçəsini, bir ləvayi-tankı ayağa qaldırsa, kifayətdir. Ancaq bunun üçün Mərkəzi Komitənin göstərişi, razılığı lazım idi — bu isə yox idi Əbdülqədirin əlində, ona görə... çaşıb qalmışdı. Mədəsi bərk incidirdi, daha dava-dərman da kömək eləmirdi. Ağrıdan qıvrılırdı. Buna fikir vermirdi. Dözürdü. Süddə həll olunmuş mumiya içmişdi, yenicə. Eyvanda oturub düşünürdü.Bu zaman həyətə əynində köhnə paltar, saqqallı bir kişi girdi. Əbdülqədir qeyri-iradi əlini belindəki tapançasına vurub çəkdi. İndi vəziyyət elə idi ki, hər şey ola bilərdi — gələn qəfildən onu vura bilərdi, Şəfini vuran kimi, Elməddini öldürən kimi. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazım idi.

9 dəq
Dördüncü hissə, on beşinci fəsil

Elə həmin bu vaxt, şəhərdə baş verən hadisələrdən xəbərsiz olan Əbdül ortalıq otağa girəndə... qulaqlarına inanmadı. Yataq otağından tanış, doğma bir səs gəlirdi — Dünyanın səsi... Kimləsə, yad bir kişi ilə danışırdı Dünya xanım.Əbdülün qıçları titrədi, tükləri biz-biz oldu. Hövllənmiş halda qanrılıb Dünya xanımın divardan ona baxıb gülümsünən şəklinə baxdı. Şəkil susurdu. Başını silkələdi — sanki qorxulu yuxudan ayılmaq istəyirdi. Yox, səs kəsilmirdi, səs gəlirdi və buna da şübhə yox idi ki, Dünyaydı danışan. Əbdül o səsi yüz il keçəndən sonra da eşitsəydi, dərhal tanıyardı, yüz qadının səsi içindən seçərdi onun səsini. Bəlkə Heyran idi? Yox, o, həyətdəydi — toyuq-cücəyə dən verirdi. Heyran ola bilməzdi.

15 dəq

Başqa şairlərin şeirləri