Dördüncü hissə, on ikinci fəsil
Səhifə 1 / 2
Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.
Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Zərrintac xanım atasının toy hədiyyəsi kimi ona aldığı maşını da, mülkü də satmışdı. Eləcə, qurulu. Bu gecə axırıncı gecəsiydi bu evdə. O, Kabillə də vidalaşmışdı. Kiminlə nə haqq-hesabı vardısa, çürütmüşdü. Təkcə bir nəfər qalırdı... Elməddin... hə, bir də qardaşı Nəcməddinlə görüşməli idi, ona bəzi məsləhətlər verməli, bir çox şeyləri başa salmalı idi.
...Təkgöz kişi darvaza ağzında görünəndə... Zərrintac xanım dirçəldi, sual dolu baxışlarını kişinin tay gözünə zillədi, ancaq bir söz soruşmağa dili gəlmədi. Təkgöz ağır yük daşımış adam kimi, eyvanın sütununa söykənib yastı papağını çıxartdı, alnının tərini barmağı ilə silib yerə çırpdı və gülümsünə-gülümsünə xanıma baxdı:
– Əmrinizi yerinə yetirdim, xanım!..
– Öldürdün?
– Bəli, xanım. İkisinin də işini bitirdim. Arvadı bıçaqla vurdum. Kişinin isə təpəsini verdim güllənin ağzına, beyni qatıq kimi dağıldı. Əlində bir kitab vardı, düşdü ayağının altına.
– Bəs uşaq necə oldu? O biri qadın... necə oldu?
– Uşaq-muşaq yox idi, başqa qadın yox idi, xanım. Elə ər-arvad ikisi idi. Arvadı məni görüb qışqırmaq, hay salmaq istədi — susdurdum. Kişiyə də heç aman vermədim taxtdan düşsün. Elə oradaca... vasil elədim cəhənnəmə.
Kişi gözləyirdi ki, Zərrintac xanım onun gətirdiyi bu xəbərdən çox sevinəcək. Ancaq o... donub qalmışdı. Elə bil, dili tutulmuşdu. Elməddinin öldürülməsi üçün o qədər pul verən, onun barəsində qəzəb və nifrətlə danışan Zərrintac xanım indi süstləşmişdi və təkgöz kişiyə hədəqəsindən çıxıb böyümüş, kədərli baxışlarla tamaşa edirdi. Bəli, o, kişiyə baxırdı, ancaq fikri neçə illər bundan qabaqkı günlərdə cövlan eləyirdi. Elməddini gördüyü, sevdiyi günləri, toylarını, onunla birgə keçirdiyi axşamları... — bütün yaxşı şeyləri yad eləyirdi və qeyri-iradi gözlərində yaş gilələnirdi. Kişi çaşıb qalmışdı. Qorxurdu. «Qəribə adamdı. Özü yalvarıb, pul verib ki, get öldür. İndi də... peşmandır, ağlayır... Qadın ki, qadın!» — deyə düşünən təkgöz Zərrintacı xəyaldan ayırmaq üçün öskürdü. Öskürək səsindən Zərrintac xanım doğrudan da səksəndi. Təzəcə görürmüş kimi, kişiyə diqqətlə baxdı və asta səslə:
– Lap öldü?— deyə soruşdu. İstəyirdi, çox istəyirdi ki, kişi, «yox, ölməyib!» — desin. Lakin o, bu istəyin üstünə su çiləyən bir cavab verdi:
– Hə, xanım. Elə o dəqiqə... Deyirəm, beynini dağıtdım...
Zərrintac xanım fırlanıb içəri keçdi, dərhal da əlində qəzetə bükülmüş pulları gətirdi və anlaşılmaz bir qəzəblə təkgöz kişinin üzünə çırpdı:
– Götür, rədd ol burdan, tez rədd ol, gözüm səni görməsin. — Qəzet açıldı, pullar — göy minliklər döşəməyə səpələndi. Kişi tələsik əyilib pulları yığdı. Yaxasından köynəyinin içinə doldurub... dalına baxmadan həyətdən çıxdı...
...Zərrintac xanımın qabağında, mizin arxasında qonurgözlü, uzunsifətli, saçları kəhrəba rənginə çalan, bığ yeri yenicə tərləmiş bir cavan oğlan əyləşmişdi. Qar kimi ağ köynəyin üstündən geydiyi qara pencək bədəninə kip oturmuşdu; oğlana son dərəcə gözəl yaraşır və onu da yaraşıqlı göstərirdi. Oğlan iri əllərini mizin üstünə qoymuşdu, həlqəsini şəhadət barmağına keçirdiyi açarları oynadırdı. Bu, ağayi Nəcməddinin yurdunda qalan, Dünya xanımın döşlərindən süd əmən, əvvəlcə Əbdülün, sonralar isə onunla bahəm Heyran xanımın min bir əziyyətlə böyütdükləri, oxutduqları balaca Nəcməddin idi. Böyümüşdü, bacısının sevincqarışıq bir kədərlə dediyi kimi, daha yekə kişi olmuşdu. Əbdül bütün həyatını ona sərf eləmişdi, gizli-gizli bir ata fərəhi duyaraq ömrünün yeganə sevinci olan bu uşağın hər nazına, hər şıltaqlığına, hər əzabına dözə-dözə böyütmüşdü onu, məktəb vaxtı çatanda məktəbə qoymuşdu, oğlan on iki il Nadiriyyə litseyində oxumuşdu, bu il məktəbi qurtaracaqdı. Nəcməddin ağa oğlu kimi böyümüşdü, ağa oğlu kimi tərbiyə almışdı. Ağayi Nəcməddinin oğlu olduğunu bilən hər kəs istər məktəbdə, istərsə şəhərdə ona hörmət eləmişdi. O böyük və nüfuzlu adın kölgəsi altında ərsəyə çatmışdı. Ağıllı oğlandı, qəribə məntiqi, mühakiməsi vardı. Yaşından çox bilirdi. Hər şeylə maraqlanar, hər şey haqda öz fikri olardı. Keçən il on səkkiz yaşı tamam olan gün bacısı Zərrintac xanım, Əbdül atasından qalan məktubu ona göstərmiş, bacısı hər şeyi ona izah eləmiş, başa salmışdı ki, sən çox böyük, nüfuzlu bir kişinin oğlusan, ondan sənə çoxlu pul, müəssisə miras qalıbdır və sən bunların sahibisən. Bu Sübhan isə sənin işlərini, sən həddi-büluğa çatanacan görüb. Bacının məsləhəti ilə. Bu Əbdül sənin dayəndir, o Heyran sənin xalandır — səni böyüdüblər. Zərrintac xanım axırda demişdi:
– Bu iki nəfərin — Əbdüllə Heyran xalanın sənin boynunda haqqı-sayı çoxdu, qardaş. Onlar sənə ata-ana əvəzi olublar — hər ikisinə hörmət eləmək sənin borcundu. O ki qaldı şirkətin işlərinə, istəyirsən günü bu gündən özün idarə et, istəmirsənsə, qoy elə Sübhan görsün o işləri — sənin köməkçin olsun. Etibarlı, halal adamdı Sübhan.
Nəcməddin deyilənlərin hamısına qulaq asmış, xeyli fikirləşəndən sonra yaşına yaraşmayan bir ciddiyyətlə:
– Qoy Sübhan hələlik öz yerində qalsın, — demişdi. — Ancaq mənim icazəm, sərəncamım olmadan heç nə etməməlidir. Mən hər işə əməlli-başlı varid olandan sonra bir qayda-qanun yaradaram.
Bu söhbətdən sonra Nəcməddin daha özünü uşaq kimi aparmaqdan əl çəkmişdi, ağır oturub-durmuşdu, özündə sonsuz bir qüdrət, ixtiyar hiss eləmişdi. Ağayi Nəcməddinin var-dövlətinin hesabını dəqiqləşdirmiş, nə qədər pulu, neçə müəssisəsi olduğunu, onlardan gələn gəliri Sübhana hesablatdırmış və pulun ümumi məbləğini öyrənəndən sonra yerə-göyə sığışmamışdı. O, indi boş vaxtlarını Sübhanın yanında keçirir, Dəftərin işləri ilə maraqlanır, müəssisələrə onunla birgə gedir və öyrənirdi. Var-dövlətin çoxluğu onu nə qədər məst eləsə də, təkliyindən çox sıxılırdı. Ata yox, ana yox, bircə bacısı var — o da ögeydi, nə üçünsə o qədər də mehriban deyil. Nəcməddin bu soyuqluğun səbəbini ögeyliklə əlaqələndirirdi.
İndi bacısı onu yanına çağıtdırmışdı. Güman ki, nə isə ciddi söhbəti vardı. Nəcməddinin gözlədiyi kimi də oldu. Zərrintac, xoş-beşdən, əhvalpürsanlıqdan sonra əsl mətləb üstünə gəldi:
– Bilirsən səni niyə çağırmışam, qardaş?
– Yox.
– Mən səhər gedirəm, ona görə səninlə həm görüşmək, həm də bəzi məsələlər barədə danışmaq istəyirəm.
– Hara gedirsən ki?
– Mən... Mən xaricə gedirəm. Parijə gedirəm.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-on-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
«O qız deyəsən səni yaman əfsunlayıb ha!» — Samirənin o vaxt, neçə ay bundan qabaq Şərifə haqqında söylədiyi bu sözlər Mürşüdün yadından heç cür çıxmırdı. Mürşüd elə o zaman, anası ilə danışarkən birdən-birə başa düşmüşdü ki, Şərifəyə biganə deyil. Bu hissindən uzun müddət utanmışdı. Bilirdi ki, cavan da olsa, qəşəng də olsa, əri var, uşağı var; ərini də tanıyırdı. Universitetdə iki kurs ondan yuxarı oxumuşdu oğlan. Buna görə, o deyib-gülməyi xoşlayan, açıq-saçıq danışmaqdan çəkinməyən Şərifəyə başqa gözlə baxmağı qətiyyən istəmirdi. Ancaq günlər, həftələr keçdikcə Mürşüd özü də bilmədən ona bağlanırdı. Qəribə idi ki, qız da onun xətrini çox istəyirdi. Başqalarına nisbətən ona daha yaxın idi və bunu hiss elətdirməyə çalışırdı başqalarına. Mürşüd bilmirdi, başa düşmürdü ki, bunu o, ürəyinin tələbinə görə eləyir, yaxud ona çox böyük hörmət bəsləyən direktorun oğlu olduğuna görə! Əlbəttə, Mürşüd atasının Şərifəni başqalarından uca tutduğunu aydınca görürdü, hiss eləyirdi — uşaq deyildi ki? Lakin bu hörmətin altında gizlənən məna ona çatmırdı. O, sadəcə olaraq, Şərifənin ərinə olunan bir hörmət kimi başa düşürdü bunu. Digər tərəfdən, Şərifə ilə direktor arasında yaranmış xüsusi münasibət barədə institut divarları arasında, ələlxüsus qadınlar içində gəzən «pıçapıçları» o eşitməmişdi — çünki heç kəs ürək eləyib bunu ona deməmişdi. Hər necə olsa direktorun qulağına çatsaydı, bunu dilə gətirən adam gərək elə o gün kitab-dəftərini yığışdıraydı, özünə başqa yerdə iş axtarmaq qayğısına qalaydı. Bunu isə heç kəs istəmirdi. «Hər kəs özünə cavabdehdi, kim nə eləyir özü bilər» — fikrinə bu məsələdə xüsusilə riayət olunurdu kollektiv arasında. Təbiidir ki, belə bir şəraitdə Mürşüd atası ilə Şərifənin münasibətindən xəbərsiz idi. Başqa cür düşünməyə isə onun əsası yox idi. Buna görə də, Mürşüd yavaş-yavaş, özü də hiss eləmədən Şərifəyə bir gözəl qadın kimi maraq göstərməyə başlamışdı. Bu maraq getdikcə güclənirdi və iş o yerə gəlib çatmışdı ki, bunu qadın özü də hiss eləmişdi. O bunu hiss eləyən an Mürşüd uşaq kimi qorxmuşdu — Şərifə ona çay verəndə... Mürşüd qeyri-iradi olaraq əlini onun kiçik və yumşaq əlinin üstünə qoymuşdu. Və gözləmişdi ki, indicə qadın əlini onun əlindən qoparıb üzünə taraz bir şillə çəkəcək. Ancaq bu, olmamışdı. Şərifə əlini tərpətmədən uzun kirpikli qara gözlərini dolandırıb Mürşüdün utancaq və qorxu içində pörtmüş sifətinə, qonur gözlərinə baxıb qəribə bir məsumluqla gülümsünmüşdü. Və sonra — Mürşüd üçün ən maraqlısı bu idi — Şərifə ondan qaçmamışdı, uzaqlaşmamışdı. Mürşüdün fikrincə, bundan sonra o, qaçmalıydı ondan. Lakin əksinə olmuşdu — Şərifə onunla daha tez-tez və daha mehriban danışmağa başlamışdı. Aydındı ki, bu, oğlanı hədsiz dərəcədə sevindirmişdi. Onu dəhlizdə, şöbədə, kitabxanada görəndə bəxtiyar olurdu, elə bil hava təmizlənirdi, elə bil hər yan Şərifənin vurduğu o qəribə ətrin qoxusu ilə dolub gözəlləşir, baharlaşırdı. Mürşüd o vaxt atasına demişdi ki, institutdan getmək istəyir. Bu onun qəti fikri idivə əgər atası o cür işləməkdə davam edərsə, hökmən gedəcəyini qərara almışdı. Ancaq sonralar onun bu qərarını Şərifə dəyişdirdi
İkinci hissə, on birinci fəsilEvdə qıy vursaydın, qulaq tutulardı. Qonaq-qaralı, çal-çağırlı bu mənzildən Ceyhun öldürüləndən sonra, əl-ayaq kəsilmişdi, məclislər yığışdırılmışdı, cürbəcür maqnitofonlardan ucalan rəqslər, mahnılar susmuşdu. Salman Qurbanzadə zahirdə özünü tox tutmağa çalışsa da, içəridə, batində tamam məyus olmuşdu; deyən, gülən, hərə ilə öz dilində danışmağa çalışan Salman indi dindirsən dinirdi, dindirməsən yox. Fironluğu getmişdi. Nadirə ilə daha heç nə üstündə mübahisə eləmirdi. Əsas söz-söhbətləri elmi ixtilaflar olardı, bir də Ceyhun üstündə söz güləşdirərdi əvvəllər. Daha Ceyhun yox idi — onun gələcəyi, tərbiyəsi, oturuşu-duruşu barədə də danışıqlar, təbii ki, kəsilmişdi. Elmi mübahisələrə girişməyə də hövsələləri qalmamışdı. Ər-arvad bir-birinə çox mehriban olmuşdu. Nadirə xanım nə qədər kədərli, süst olsa da, Salmana əvvəlkilərə nisbətən daha yaxşı qulluq eləyirdi. Yeməyinə, içməyinə xüsusi diqqət yetirirdi. Salman isə daha onun üstünə qışqırmır, heç nəyin üstündə evə qanıqaralıq salmırdı. Yaxşı ki, bu yazı-pozu varmış. Hərə öz otağına çəkilib gecədən xeyli keçənə qədər başını kitablarla, yazmaqla qarışdırırdı. Və nə yaxşı ki, bu televizor da varmış. Yorulanda, sıxılanda televizoru yandırar, verilişin yaxşısını, pisini seçmədən, filmin maraqlı olubolmamasının fərqinə varmadan divanda əyləşib tamaşa edərdilər. Bəzən tək, bəzən ikilikdə, səssiz-səmirsiz; müzakirə filan eləməzdilər. Ən gülməli, uğunmalı şeylər belə ürəklərini aça bilmirdi.Nadirə hərdən evdə hökm sürən bu qəribə sükuta fikir verib düşünərdi ki, söz-hərəkətin, mübahisələrin, soyuqluğun, «döyüşlərin» əsas səbəbkarı yazıq Ceyhun imiş deyəsən. Döyüş onun üstündə gedirmiş, sən demə. Ceyhunun ürəyi, beyni, tərbiyəsi — boş ərazi kimi atanın, ananın fikrini məşğul edirmiş. Hərəsi ayrı-ayrılıqda da o beyni, o ürəyi «işğal» etmək, öz «bayrağını» sancmaq istəyirmiş. Salman öz bayrağını, Nadirə öz bayrağını. İndi o ürək, o beyin yox idi — onlar da susub oturmuşdular.
İkinci hissə, on ikinci fəsilSalman işdən çıxıb bağa getmişdi, şənbə, bazar günləri orada qalacaqdı: nə qədər təkid eləmişdisə, Nadirə xanım boyun qoymamışdı, evdə qalacağını, yır-yığışla məşğul olacağını bildirmişdi. Yır-yığış deyəndə o, otaqları silib-süpürməyi, səliqə-sahman yaratmağı nəzərdə tutmurdu, haçandı ürəyində gəzdirdiyi, Salmana da açıb demədiyi bir işi görmək istəyirdi; Ceyhunun otağının bütün dər-divarını şəkilləri ilə bəzəmişdi, çarpayısını düzəltmişdi, kitab-dəftərini mizin üstə qoymuşdu; elə bir şərait yaratmışdı ki, sanki Ceyhun harasa getmişdi, haçansa gələcəkdi və bu otağa baş çəkən hər kəs belə düşünə bilərdi ki, bu otağın sakini olduqca səliqəli, hər şeyinin öz yeri olan bir adamdı. Nadirə xanım bütün bu səliqə-sahmanlı otağa bir ziynət də vermək istəyirdi; Ceyhunun müxtəlif illərdə, lap dili təzə söz tutandan son günlərinə qədər maqnitofon lentlərinə yazılmış — özü bilən, özünün xəbəri olmadan səbt olunmuş — səsini, sözlərini az qala üç-dörd qutunu dolduran kasetlərdən axtarıb tapmaq, hamısını bir lentə köçürmək və yadigar saxlamaq istəyirdi. Qış vaxtı da, istirahət zamanı da, yuxularında da heç cür yadından çıxara bilmədiyi yeganə ciyərparasının bir növ «mənzil muzeyinə» çevirdiyi bu kiçik otağa, gələnlərə gözlərinin qorasını sıxa-sıxa danışan Nadirə xanım, Ceyhunun sözləri, gülüşləri, çox sevdiyi mahnılarla da bəzək vermək arzusunda idi. Əslində o, oğlu haqqında başqalarına yox, özü üçün danışırdı və hər şəkil, hər söz Ceyhunu onun gözündə yoxluq, heçlik aləmindən geri, həyata qaytarır, dirildib canlandırırdı; yalnız bu zaman o, qəlbinin atəşinə su çiləyə bilirdi.Ceyhun maqnitofon «xəstəsi» idi. İndiyə qədər çıxmış bütün maqnitofonların — istər yerli, istər xarici olsun — elə bir markasını göstərmək olmazdı ki, lap təzə yayılan vaxtı almasın, istifadə etməsin və bir az sonra, yenisi şəhərdə peyda olan kimi, dəyər-dəyməzinə yoldaşlarından birinə sataraq təzəsini almasın. Xüsusilə Yapon maqnitofonlarını çox xoşlardı. Anası bu «xəstəliyinə» görə onu danlayıb-dansayanda, «bunun əvəzinə dərslərinə baxsan, heç də pis olmaz» — deyəndə, Salman, «dəymə, Nadirə, hərə bir şeyin bazı olduğu kimi, o da maqnitofon bazıdı, qoy uşaq kefini çəksin!» — deyib oğluna qahmar çıxırdı və çox vaxt, təzə maqnitofon almaq istəyən, ancaq pulu çatmayan Ceyhuna Nadirədən gizlin pul da verərdi. Ceyhun sevinə-sevinə gedib həmin maqnitofonu alıb gətirəndə birinci Salmanın kabinetinə keçərək kişini işdən ayırar, onun texniki məziyyətlərindən, başqa maqnitofonlardan fərqli və üstün cəhətlərindən böyük həvəslə, özü ixtira edibmiş kimi, ən azı yarım saat danışardı, atasının, özünün səsini yazardı, lenti geri hərləyib yazdıqlarına təzədən qulaq asardı. Bu hal, Ceyhun hər dəfə təzə maqnatofon alanda təkrar olunardı. Nadirə xanım belə hallarda narazılıqla başını tərpədərək Salmana deyərdi: «Bunda texniki sahəyə böyük maraq var, Salman. Deyəsən injinerdən-zaddan olacaq». O zaman Salman adəti üzrə əlini sinəsində gəzdirə-gəzdirə: «Hələ bilmək olmaz, Nadirə. Adicə maraqdı bu. İndi texnika əsridi, belə-belə işlərlə indi hamı maraqlanır» — söylərdi.
İkinci hissə, on üçüncü fəsilİltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərləçox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.
Başqa şairlərin şeirləri
Sənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,