Səhifə 1 / 2

Evdə qıy vursaydın, qulaq tutulardı. Qonaq-qaralı, çal-çağırlı bu mənzildən Ceyhun öldürüləndən sonra, əl-ayaq kəsilmişdi, məclislər yığışdırılmışdı, cürbəcür maqnitofonlardan ucalan rəqslər, mahnılar susmuşdu. Salman Qurbanzadə zahirdə özünü tox tutmağa çalışsa da, içəridə, batində tamam məyus olmuşdu; deyən, gülən, hərə ilə öz dilində danışmağa çalışan Salman indi dindirsən dinirdi, dindirməsən yox. Fironluğu getmişdi. Nadirə ilə daha heç nə üstündə mübahisə eləmirdi. Əsas söz-söhbətləri elmi ixtilaflar olardı, bir də Ceyhun üstündə söz güləşdirərdi əvvəllər. Daha Ceyhun yox idi — onun gələcəyi, tərbiyəsi, oturuşu-duruşu barədə də danışıqlar, təbii ki, kəsilmişdi. Elmi mübahisələrə girişməyə də hövsələləri qalmamışdı. Ər-arvad bir-birinə çox mehriban olmuşdu. Nadirə xanım nə qədər kədərli, süst olsa da, Salmana əvvəlkilərə nisbətən daha yaxşı qulluq eləyirdi. Yeməyinə, içməyinə xüsusi diqqət yetirirdi. Salman isə daha onun üstünə qışqırmır, heç nəyin üstündə evə qanıqaralıq salmırdı. Yaxşı ki, bu yazı-pozu varmış. Hərə öz otağına çəkilib gecədən xeyli keçənə qədər başını kitablarla, yazmaqla qarışdırırdı. Və nə yaxşı ki, bu televizor da varmış. Yorulanda, sıxılanda televizoru yandırar, verilişin yaxşısını, pisini seçmədən, filmin maraqlı olubolmamasının fərqinə varmadan divanda əyləşib tamaşa edərdilər. Bəzən tək, bəzən ikilikdə, səssiz-səmirsiz; müzakirə filan eləməzdilər. Ən gülməli, uğunmalı şeylər belə ürəklərini aça bilmirdi.

Nadirə hərdən evdə hökm sürən bu qəribə sükuta fikir verib düşünərdi ki, söz-hərəkətin, mübahisələrin, soyuqluğun, «döyüşlərin» əsas səbəbkarı yazıq Ceyhun imiş deyəsən. Döyüş onun üstündə gedirmiş, sən demə. Ceyhunun ürəyi, beyni, tərbiyəsi — boş ərazi kimi atanın, ananın fikrini məşğul edirmiş. Hərəsi ayrı-ayrılıqda da o beyni, o ürəyi «işğal» etmək, öz «bayrağını» sancmaq istəyirmiş. Salman öz bayrağını, Nadirə öz bayrağını. İndi o ürək, o beyin yox idi — onlar da susub oturmuşdular.

Salman son zamanlar bağda, evdə, maşında, insandan uzaq olanda, təklik aləminə qapılanda öz həyatını gözünün qabağına gətirir, olub-keçənləri düşünür, gördüyü haqq-nahaq işləri vicdan tərəzisinin gözünə qoyub çəkir, dünyada hamıdan çox istədiyi Ceyhunun tələf olmasının səbəblərini araşdırır və bu fikrə gəlirdi ki, taleyin ona vurduğu bu zərbə Mirzə Yanarın qarğışıdı, naləsidi tutub onu. Doğrudur, Salman nə qədər ki cavan idi, qəlbi-beyni dumanlı idi, tale deyilən şeyə inanmazdı. Lakin illər keçib yaşa dolduqca Salmanın ürəyində anlaşılmaz bir xof yaranırdı, belə bir inam, duyğu beynində özünə yurd salmağa başlayırdı ki, dünyada heç nə əvəzsiz qalmır; yaxşılıq da, pislik də gec-tez öz mükafatını alır. Bütün ömrü boyu bir çox nahaq işlər tutmuşdu Salman, ancaq onların ən böyüyü və yəqin ki, ən bağışlanmazı Mirzə Yanarın — ustadının, müəlliminin, dostunun ürəyinin qanı ilə yazdığı, amma işıq üzünə çıxarmağa macal tapmadığı kitabını öz adına çap etdirməsi idi. Həmin əsəri iki dəfə — birinci dəfə elə o zaman, əsəri mənimsəmək fikrinə düşəndə, sonra isə, lap bu yaxında Gülmirə əlyazmasının bir nüsxəsini ortalığa çıxaranda aparıb bağda, şölələri göyə dirənən tonqalın alovları içində yandırıb külə döndərmişdi. Hələ birinci dəfə gecənin qaranlığında üzünə düşən alov işıqları altında ərəb əlifbası ilə yazılmış köhnə vərəqlər qaralıb qıvrılıb külə döndükcə içərisində nə isə gizli bir sızıltı duysa da, düşünmüşdü ki, daha əsərin izi itdi. Bundan sonra arxayın yaşamaq olar. Və elə həmin anda qulağına qəribə, anlaşılmaz səslər gəlmişdi. Mirzə Yanarın səsi idimi, ruhunun fəryadı idimi? Anlaya bilmirdi. Sonrakı günlər bir müddət key kimi gəzsə də, qəlbində qəribə bir rahatlıq da duymuşdu. Aylar, illər keçib getdikcə bu ağrıyabənzər şey ötüb keçmişdi; əlyazması da, alov dilləri də, o anlaşılmaz fəryadlar da yavaş-yavaş unudulub getmişdi. Üstündən uzun illər sovuşandan sonra, heç gözlənilmədən Gülmirə həmin əsərin ikinci nüsxəsini qəfildən çıxarıb ortalığa qoyandan, Salmanı camaatın gözü qabağında öldürüb dirildəndən, məqam tapıb həmin lənətə gəlmiş qovluğu akademik Aslanzadənin stolunun üstündən çırpışdırıb özünü bağa yetirəndən sonra, təzədən tonqal qalayıb ocaq çatanda qorxu və həyəcan içində fikirləşmişdi ki, ilahi, bu nə işdi mən özümü öz əlimlə salmışam? Bu nə əzabdı mənə verirsən? Görəsən bu, o əsərin axırıncı-sonuncu nüsxəsidi, ya yenə var; bir azdan yenə kimsə, hardansa tapıb ortaya çıxaracaq və Salmanı təzədən sarsıdıb silkələyəcək? Yadına qızıl ilan əhvalatı düşdü. Deyilənə görə, qızıl ilan yeddi bacı-qardaş olur — birini öldürdün, ikincisi səni harda olsan axtarıb tapacaq, qardaşının, yaxud bacısının intiqamını alacaq. İkincisini də öldürsən, üçüncüsü sənin dalınca kölgə kimi sürünəcək... Və sən, o yeddi qardaş-bacı ilanları öldürməyincə, həmişə nigaran və səksəkədə yaşayacaqsan... Doğrudanmı Mirzə Yanarın əsəri də eynən o qızıl ilan əhvalatındakı kimi gecə-gündüz, ömrünün axırına kimi onu təqib edəcək? Doğrudanmı Mirzə Yanar öz əsərini yeddi nüsxədə yazıb? Yox, bu ağlasığan şey deyil. Yəqin indi yandırdığı son nüsxəsi olar...

«Kaş belə olaydı, kaş belə olaydı, bu, sonuncu olaydı» — deyə qəlbinin içini yeyə-yeyə düşünən Salman yenə bir müddət yuxularını qarışdıra-qarışdıra, qızıl ilanlar görə-görə yaşamışdı. Məhz bundan sonra Ceyhunun öldürülməsi kişini əməlli-başlı fikir dəryasına qərq eləmişdi. Bəlkə o Mirzə Yanarın incidilmiş, təhqir edilmiş ruhu idi ki, qızıl ilana dönüb onun arxasınca sürünmüş, sürünmüş, nəhayət, özünə əli çatmadığına görə əziz oğlunu — Ceyhunu çalıb məhv eləmişdi? Bu, adi bir təsadüf idimi, qəzanın hökmü idimi? Salman çaşıb qalmışdı və hardasa qəlbinin, vicdanının dərinliyində bir sızıltılı hiss baş qaldırıb pıçıltıyabənzər səslə qulağına söyləyirdi ki, bu, sənə taleyin verdiyi cəzadır və elə bir cəzadır ki, son gününə qədər təqib edib nəfəsini kəsməyincə səndən əl çəkməyəcək. Və bu pıçıltı onu yamanca vahiməyə salırdı. Unutmaq istəyirdi, unuda bilmirdi, hərdən lap qulaqlarına pambıq da tıxayırdı, ancaq mümkün olmurdu — çünki o vahimə təlqin eləyən səs içəridən gəlib bütün içini yandırırdı. Yazıq olmuşdu Salman. Bunu kənardan baxanların heç biri, hətta arvadı Nadirə xanım da görmürdü, görə bilmirdi. Öz oduna yanan özü idi.

Yenicə o dəhşətli fikri yaddan çıxarmaq istəyirdi ki, təzə bir dalğa öz güclü qanadları ilə onu vurub həmin əzablı odun içinə atdı. Günlərin birində... Yox, çoxdanın söhbəti deyildi, elə bu gün olmuşdu o hadisə. Bəli, bu gün günorta tənəffüsündən sonra institut dəhlizində ucaboy, arıq, başına şlyapa qoymuş bir kişi soraqlaşa-soraqlaşa gəlib Salmanı tapmışdı. Xoşbəxtlikdən, Salman kiçik otaqda tək oturmuşdu, nə isə yazırdı. Gələn adam başını içəri uzadıb gər səslə:

– Bağışlayın, Salman müəllim lazımdı mənə! — geri qanrılmış professorun ürəyi qəribə bir qorxu içində çırpınmışdı. Onu tanımırdı, görməmişdi, ancaq Gülmirənin Nadirəyə söylədiyindən öyrənmişdi ki, belə bir adam var, özü də Mirzə Yanarın bacısı oğludu, haçansa, ağlının buyurduğu vaxt gəlib Salmanın qabağını kəsə bilər. Bu səksəkə çoxdan canında idi və hər dəfə instituta gələn yad bir adam görəndə ürəyi ayağının altına düşmüşdü, o adama sual dolu nəzərlə baxmış, onun yanına gəlmədiyini başa düşəndə dərindən nəfəs almışdı.

– Buyur, bala, Salman mənəm.

Kişi qapını açıb içəri girərək salam verəndən sonra birbaşa özünü təqdim etmişdi:

– Müəllim, mən Mirzə Yanarın bacısı oğluyam. Adım Möhsündür!

Professor həyəcanla, təşvişlə ayağa qalxmış və irəlicədən, bu adamın gec-tez peyda olacağı fikrinə inanandan sonra ətraflı düşünüb-daşındığı qayda üzrə hərəkət etmiş, sonsuz bir təəccüb ifadə edən tərzdə:

– Bizim Mirzə Yanarın? Mərhum alimimizin? — söyləmiş və cavabını gözləmədən iri, tüklü əllərini onun çiyinlərinə qoyaraq: — Ay bala, sən xoş gəlibsən, xoş gəlibsən! — demiş, kişini sinəsinə basıb gün altında yanmış qəhvəyi sifətindən öpmüşdü. Bu cür qarşılanacağını ağlına gətirməyən Möhsün mütəəssir halda professora baxanda onun gözlərinin yaşardığını görmüş, həyəcandan nə edəcəyini bilməmişdi.

Salman ani olaraq: «Qızıl ilanın ikisini öldürmüşəm. Bu üçüncüsüdü — allah, özün saxla!» — deyə ürəyindən keçirmiş.

Möhsünə diqqətlə baxmaqda davam edərək:

– Otur, bala, otur — söyləmişdi. — Sən mənim bütün kövrək xatirələrimi oyatdın, oğul. Elə bildim rəhmətlik Mirzə Yanar özüdü, qapını açıb içəri girdi — necə də oxşayırsan ona, torpağı sanı yaşayasan. — Belə deyə-deyə pencəyinin sol cibindən ütülü dəsmalını çıxarıb gözlərini silmişdi və sonra əlavə eləmişdi — Yaxşı igid dayısına oxşayar!

Möhsün bu mehribanlığın müqabilində hədsiz dərəcədə kövrəlmişdi. Şəklini, simasını, yerişini-duruşunu güclə xatırladığı, lap sonralar, bəraət kağızı gələndən sonra anasının gecəli-gündüzlü bir bacı yanğısı ilə danışdığı söhbətlərdən sevdiyi əziz dayısının indiyə qədər belə yaxın dostu, istəyəni olduğunu bilməmişdi. Mirzə Yanarın yetmiş illiyini bayram eləyən vaxt çap olunmuş iki cildlik əsərlərinin — indi yaxşı yadında deyil — ya redaktoru, ya tərtibçisi, yaxud da müqəddimə yazanı Salman Qurbanzadə idi — nə isə yaddaşında belə qalmışdı ki, Mirzə Yanarın əsərlərinin dünya durulandan sonra, cəmlənib yenidən işıq üzü görməsində o vaxt, yubiley günlərində televizorda çıxış eləyən Orxan Əlizadənin hamıdan çox əməyi-zəhməti olmuşdu; ancaq bu da həqiqət idi ki, o kitabın harasındasa professor Salman Qurbanzadənin də adı yazılmışdı və bu, boş-boşuna deyildi. İndi Möhsün aydın başa düşürdü ki, qabağında əyləşən, yana-yana başını bulayan professor Salman Qurbanzadə dayısını şəxsən tanıyırmış, onu çox istəyirmiş və yəqin ki, şirin-şirin xatirələri də olmamış deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, on altıncı fəsil

Şad xəbər kimi, bəd xəbər də tez yayılır. Bəlkə bir az da tez. Elməddinin anasının ölüm xəbəri səhəri gün onun hələ barmaqla sayıla biləcək qədər az olan dostlarının qulağına çatdı. Bunu Zərrintac elədi.... Səhər Elməddin ayılanda pal-paltarlı yatdığını görüb təəccüb elədi. Yuxu ona anasının ölümünü elə bil unutdurmuşdu. Otaqda var-gəl elədikdə gözü stolun üstündəki açıq məktuba sataşanda hər şeyi xatırladı. Anası ölmüşdü. Titrək əlini uzadıb kağızı götürdü və təzədən diqqətlə oxudu. Qəryədar Qulamın kiməsə yazdırdığı kağız yalan və zarafat ola bilməzdi. «Anana yazdığın məktubu biçarə arvad ala bilmədi. Çünki sən gedəndən iki ay sonra Səbihə — sənin əziz anan Allahın rəhmətinə getdi». Bu sözləri dönə-dönə oxudu, sanki burada dərk ediləsi çox çətin olan bir məsələ yazılmışdı; onu anlamaq, başa düşmək istəyirdi.

7 dəq
Üçüncü hissə, on yeddinci fəsil

Elməddinlə Rəhgüzərin ailəsinin dostluğu getdikcə möhkəmlənirdi. Boş vaxtlarında tez-tez əvvəllər utana-utana, sonra ərklə bu səmimi və mehriban ailənin qapısını açıb içəri girən Elməddin getdikcə evin bir üzvünə çevrilirdi. Xüsusilə Elməddin üçün çox ağır olan ötən günlərdə Rəhgüzərlər ailəsi ona böyük dayaq olmuş, darıxmağa qoymamış, hər vasitə ilə fikrini dağıtmağa çalışmışdı. Məleykə xanım ona bacı kimi yanaşır, məsləhətlər verir, hətta, «çirkli paltarlarını gətir, yuyum» deyə ona qayğı göstərirdi.Rəhgüzərin uşaqları ilə, xüsusən böyük oğlu Bəbrəklə Elməddin yamanca dost olmuşdu. Bəbrək ağıllı, sözü tez başa düşən, mərifətli bir oğlan kimi Elməddinin diqqətini cəlb eləyirdi. Üçüncü sinifdə oxumasına baxmayaraq, mütaliə dairəsi çox geniş idi. Dərs kitablarından başqa macal tapıb evdə, atasının kitabxanasında olan kitablardan da oxuyurdu. Evə gələn qəzetləri ata-anasından qabaq gözdən keçirir, məmləkətdə, xaricdə baş verən hadisələr barədə müxtəlif suallar verirdi. Atasının qələmindən çıxan nə vardısa oxumuşdu; onun şair olması ilə hədsiz dərəcədə fəxr eləyirdi. Məktəbdə yoldaşları, müəllimlərin çoxu ona xüsusi ehtiram göstərirdi. Bəbrək özünü atasının adına-sanına layiq aparmağa çalışırdı, yersiz hərəkətlərə yol vermir, ağır oturub batman gəlirdi. Atasının bütün məmləkətdə məşhur adam olmasına baxmayaraq, Bəbrək lovğalıqdan, təkəbbürdən çox uzaqdı. Məhz buna görə yoldaşları onu çox sevirdi. Atasının isə əzizi idi. Divin canı şüşədə olan kimi, Rəhgüzərin də canı Bəbrəkdə idi. Azca nasaz olanda, ya başı ağrıyanda Rəhgüzər az qala özü də xəstələnirdi; dava-dərman, doktor qalmırdı ki, Rəhgüzər oğlu üçün tapmasın, gətirməsin.

12 dəq
Üçüncü hissə, on səkkizinci fəsil

Elməddin evdə tək-tənha oturmuşdu. İki saatdan çox idi ki, o, Rəhgüzərgildən gəlmişdi, ancaq orada olan söhbətlərin və qanıqaralığın təsirindən hələ də qurtara bilməmişdi. Saat on ikiyə işləyirdi; hər gün o, bu vədə yatağına uzanır, dağı arana, aranı dağa köçürəköçürə yuxuya gedirdi. Lakin bu gün yuxusu ərşə çəkilmişdi. Rəhgüzər onun gözlərinin qabağından çəkilib getmirdi. Canlı-cüssəli, sağlam, gümrah Məhəmməd Şəfi, Əli Tüğyanın həmləsindən sonra qaralıb tutulmuşdu, tez-tez fikrə gedir, iri, qara gözləri yol çəkirdi. Hərdən qızışıb yana-yana danışır, hərdən də susub durur, beynində nəyisə ölçüb-biçirdi, Məleykə özünü şad göstərməyə və beləliklə də, ərinə ürək-dirək verməyə çalışırdısa da, bu, çox vaxt süni təsir bağışlayırdı. Bunu o özü də hiss etdiyindəndi ki, tez-tez tutulur, sinədolusu ah çəkirdi. Bu gecəki bütün söhbətlər ancaq və ancaq Əli Tüğyanın ətrafında hərlənirdi. Ər də, arvad da onun nəmək-bəharamlığından, dönük və əqidəsiz adam olduğundan danışırdı. Məlum olurdu ki, o da bir vaxt, kasıb və işsiz olanda bu evin açıq süfrəsi başında çox oturmuş, dərdi-dil eləmiş, Rəhgüzərdən yazıları barədə məsləhət almış və onun yaxşılıqlarını heç zaman unutmayacağına söz vermişdi. Rəhgüzərin fikir və görüşlərinə şərik olduğunu bildirmiş, vətəni və bədbəxt milləti barədə çox yanıqlı sözlər demişdi.Hərdən Elməddinə elə gəlirdi ki, onlar — Şəfi və Məleykə Əli Tüğyan haqqında dedikləri sözləri ona eşitdirmək istəyirdilər; axı o da onların ev adamı olmuşdu, Əli Tüğyan kimi. O da şerlərini, hekayələrini əvvəl Rəhgüzərə oxuyur və məsləhət alırdı. Rəhgüzərin onun boynunda haqq-sayı çox idi. O, demək olar ki, Elməddini uçurumun lap qırağından çəkib gətirmiş, işlə, çörəklə təmin etmişdi. Əslində o, Rəhgüzərin çörəyini yeyirdi. Elməddin düşünürdü ki, bu sözlər ona deyilir: «Qızım, sənə deyirəm, gəlinim, sən eşit...». Axı bir çox cəhətdən indi Elməddinin getdiyi yol da Əli Tüğyanın getdiyi yola bənzəyirdi. Əli Tüğyan milyoner Mumtazın — qəryədar Qulamın qardaşının, Ətiqullanın atasının kölgəsi altına sığınmışdısa və duz-çörək kəsdiyi, ustad adlandırdığı Rəhgüzərlə üzbəüz dayanıb onun məfkurəsinə, özünə atəş açırdısa, o da ağayi Nəcməddinin qanadı altına girmişdi; milyoner Mümtazla Nəcməddinin arasında əslində heç bir fərq yox idi və sanki onlar bir alma idi, yarı bölünmüşdü. Elməddin də Əli Tüğyan ola bilərdimi? Onun kimi üzüdönük çıxıb Rəhgüzərlə əlbəyaxa ola bilərdimi? «Yox, heç vaxt»,— deyə o özünün bu fikrindən dəhşətə gəlmiş kimi bərkdən səsləndi və həyəcanını boğmaq üçün papiros yandırıb sümürdü, — «heç vaxt, ustad. Mən sənin, sənin təmsil etdiyin adamların — yoxsulların, binəsiblərin əleyhinə çıxmaram, ustad. Çünki sənin işin haqdı və mən haqq üçün, heç bir şeyimi, hətta canımı da əsirgəmərəm. Əgər siz mənim haqqımda belə düşünsəniz, məni təhqir etmiş olarsınız».

5 dəq
Üçüncü hissə, on doqquzuncu fəsil

Elməddinin sürücüsü yaşı əllini adlamış, olduqca arıq, uzun boğazlı, iri hülqumlu bir kişi idi. Ancaq başı yamanca ağarmışdı, elə ağarmışdı ki, dərdə dərman üçün bir dənə də qara tük tapmazdın. Üzündə iri, uzun qırışlar vardı. Uzaqdan baxanda bıçaq şırımlarına oxşayırdı. Əynindəki rəngini itirmiş nimdaş kostyumu neçə il geydiyini təyin etmək mümkün deyildi.Dindirsən dinərdi, dindirməsən ağzına su alıb susardı. İlk baxışda adama elə gəlirdi ki, onun sürdüyü qara «Mersedes»dən və getdiyi yoldan başqa fikri-zikri yoxdu. Maşını özününkü imiş təki gündə üç dəfə yaxşıca silib təmizlərdi: səhər qarajdan çıxanda, günorta idarənin qabağında və axşam...

8 dəq

Başqa şairlərin şeirləri