«O qız deyəsən səni yaman əfsunlayıb ha!» — Samirənin o vaxt, neçə ay bundan qabaq Şərifə haqqında söylədiyi bu sözlər Mürşüdün yadından heç cür çıxmırdı. Mürşüd elə o zaman, anası ilə danışarkən birdən-birə başa düşmüşdü ki, Şərifəyə biganə deyil. Bu hissindən uzun müddət utanmışdı. Bilirdi ki, cavan da olsa, qəşəng də olsa, əri var, uşağı var; ərini də tanıyırdı. Universitetdə iki kurs ondan yuxarı oxumuşdu oğlan. Buna görə, o deyib-gülməyi xoşlayan, açıq-saçıq danışmaqdan çəkinməyən Şərifəyə başqa gözlə baxmağı qətiyyən istəmirdi. Ancaq günlər, həftələr keçdikcə Mürşüd özü də bilmədən ona bağlanırdı. Qəribə idi ki, qız da onun xətrini çox istəyirdi. Başqalarına nisbətən ona daha yaxın idi və bunu hiss elətdirməyə çalışırdı başqalarına. Mürşüd bilmirdi, başa düşmürdü ki, bunu o, ürəyinin tələbinə görə eləyir, yaxud ona çox böyük hörmət bəsləyən direktorun oğlu olduğuna görə! Əlbəttə, Mürşüd atasının Şərifəni başqalarından uca tutduğunu aydınca görürdü, hiss eləyirdi — uşaq deyildi ki? Lakin bu hörmətin altında gizlənən məna ona çatmırdı. O, sadəcə olaraq, Şərifənin ərinə olunan bir hörmət kimi başa düşürdü bunu. Digər tərəfdən, Şərifə ilə direktor arasında yaranmış xüsusi münasibət barədə institut divarları arasında, ələlxüsus qadınlar içində gəzən «pıçapıçları» o eşitməmişdi — çünki heç kəs ürək eləyib bunu ona deməmişdi. Hər necə olsa direktorun qulağına çatsaydı, bunu dilə gətirən adam gərək elə o gün kitab-dəftərini yığışdıraydı, özünə başqa yerdə iş axtarmaq qayğısına qalaydı. Bunu isə heç kəs istəmirdi. «Hər kəs özünə cavabdehdi, kim nə eləyir özü bilər» — fikrinə bu məsələdə xüsusilə riayət olunurdu kollektiv arasında. Təbiidir ki, belə bir şəraitdə Mürşüd atası ilə Şərifənin münasibətindən xəbərsiz idi. Başqa cür düşünməyə isə onun əsası yox idi. Buna görə də, Mürşüd yavaş-yavaş, özü də hiss eləmədən Şərifəyə bir gözəl qadın kimi maraq göstərməyə başlamışdı. Bu maraq getdikcə güclənirdi və iş o yerə gəlib çatmışdı ki, bunu qadın özü də hiss eləmişdi. O bunu hiss eləyən an Mürşüd uşaq kimi qorxmuşdu — Şərifə ona çay verəndə... Mürşüd qeyri-iradi olaraq əlini onun kiçik və yumşaq əlinin üstünə qoymuşdu. Və gözləmişdi ki, indicə qadın əlini onun əlindən qoparıb üzünə taraz bir şillə çəkəcək. Ancaq bu, olmamışdı. Şərifə əlini tərpətmədən uzun kirpikli qara gözlərini dolandırıb Mürşüdün utancaq və qorxu içində pörtmüş sifətinə, qonur gözlərinə baxıb qəribə bir məsumluqla gülümsünmüşdü. Və sonra — Mürşüd üçün ən maraqlısı bu idi — Şərifə ondan qaçmamışdı, uzaqlaşmamışdı. Mürşüdün fikrincə, bundan sonra o, qaçmalıydı ondan. Lakin əksinə olmuşdu — Şərifə onunla daha tez-tez və daha mehriban danışmağa başlamışdı. Aydındı ki, bu, oğlanı hədsiz dərəcədə sevindirmişdi. Onu dəhlizdə, şöbədə, kitabxanada görəndə bəxtiyar olurdu, elə bil hava təmizlənirdi, elə bil hər yan Şərifənin vurduğu o qəribə ətrin qoxusu ilə dolub gözəlləşir, baharlaşırdı. Mürşüd o vaxt atasına demişdi ki, institutdan getmək istəyir. Bu onun qəti fikri idi

və əgər atası o cür işləməkdə davam edərsə, hökmən gedəcəyini qərara almışdı. Ancaq sonralar onun bu qərarını Şərifə dəyişdirdi

– düzdü, aralarında açıq söhbət olmamışdı. Şərifə ona heç nə deməmişdi. Sadəcə, Mürşüd onu qoyub getmək fikrini başından çıxarmışdı. Şərifə ilə bir yerdə işləmək onun üçün xoş idi, şirin idi, maraqlı idi. Odur ki, daha Mürşüd bu barədə düşünmürdü — atasının hərəkətlərinə də o qədər fikir vermirdi: «Özü bilər. Mən neyləyə bilərəm!» Atası da son vaxtlar oğlunun hərəkətlərinə göz qoyurdu. O, səliqəli geyinirdi, üzünü hər gün qırxırdı, ən başlıcası isə, əvvəlki kimi, işə nə vaxt istəyirdisə onda getmirdi. İndi hər gün atasından qabaq qalxır, yeyib-içir, işinə yollanırdı. Atasının dalınca gələn qara «Volqa»ya minməzdi. Samirə qadın sövqi-təbiisilə başa düşürdü ki, oğlunun ürəyində sevda yaranıb; ona heç kəs deməsə də bilmrdi ki, bu sevda o Şərifə deyilən gəlinlə əlaqədardır. Və ürəyinə axıb dolan bu deyilməmiş hiss nə üçünsə, Samirə xanımı fəhərləndirirdi. «Əgər, o naməlum qadının telefonda dediyi sözlər həqiqətdisə, onda Nurəddinin ağzı boşa çıxar, əli quru yerdə qalar. Əlbəttə, o kimdisə, gül kimi cavan oğlanı qoyub Nurəddin kimi qoca ilə oturub durmaz ki?!» — deyə özünə təsəlli verirdi, toxtadırdı qəlbini. Uzaqgörən qadın olmadığından və kişi-qadın münasibətlərindəi ən primitiv şəkildə xəbərdar olduğu üçün, o, bu işin sonrasını, aqibətini qətiyyən təsəvvür eləyə bilmirdi. Təsəvvür eləyə bilmirdi ki, əgər deyilənlər düz olarsa, bu məsələ üstündə ata ilə oğul arasında daha biabırçı bir münaqişə meydana çıxa bilər. Samirə xanımı indilik, ancaq öz əri düşündürürdü. Əlbəttə, Mürşüdün nə anasının, nə də atasının ürəyindən xəbəri yox idi. Heç bilmək də istəmirdi.

Günlərin birində Nurəddin xəstələndi. Bir həftəyə qədər işə çıxmadı. Bu, onun direktorluğu müddətində ilk xəstəliyi idi və qəribə idi ki, institutun işçiləri onun xəstələndiyini, artıq iki gündü işə çıxmadığını biləndə təəssüflənmək əvəzinə, sevinmişdi. Beş gün, on gün camaatın qulağı dinc olacaqdı. Təhqir edilən olmayacaqdı. İdarəyə qorxa-qorxa gələn, qorxu içində işləyən olmayacaqdı, axşam başı salamat, qanı qaralmamış evə gedənlərin sayı çoxalacaqdı. Maraqlı idi ki, bu hissini heç kəs gizləmirdi, açıq-aşkar dilinə gətirən yox idisə də, gizləməyə çalışan da yox idi. Hətta buna Şərifə də sevinirdi. Bütün bu sevincləri Mürşüd də görürdü, duyurdu və ağıllı bir oğlan kimi düşünürdü ki, gör kişi özünü nə günə qoyub, naxoşlamağına sevinir camaat. Bu, onun bir direktor kimi, bir insan kimi məğlubiyyəti deyildimi? Camaatın sevinci nə qədər qəlbini ağrıtsa da, Şərifənin sevinməyi onu bir o qədər məst eləmişdi. Zahirdə Mürşüdə elə gəlirdi ki, Şərifə Nurəddini çox istəyirdi. Və bu, son vaxtlar Mürşüdü yaman qıcıqlandırırdı; Şərifə atasının üzünə güləndə, onunla şirin-şirin danışanda, ikinci kabinetə girib bir az gec çıxanda oğlanın nədənsə ürəyi qısılırdı, gözlənilmədən kədər seli axıb içərisinə dolur, əlini işdən soyudurdu. Lakin kişinin xəstələndiyini Mürşüd Şərifəyə söyləyəndə ümidlə onun gözlərinin içinə baxdı ki, kədərləndiyini görəcək. Şərifə isə, Mürşüdün gözlədiyinin əksinə olaraq, bu xəbəri çox soyuqqanlılıqla qarşıladı.

– Qoca kişidi də. Bu yaşda elə şeylər tez-tez olar, — dedi.

Mürşüd bu sözlərdən ürəyində duyduğu fərəhi gizləməyə, çlışaraq zarafat eləmək istədi:

– Qocadı? Üzünə deyə bilərsən?

– Niyə demirəm? Ondan qorxmuram ki? O gün hesab eləmişəm, mənim atamdan sənin atan düz on bir yaş böyükdü, qocadı. Yoxsa etiraz eləmək istəyirsən, hə?

– Yox, yox. Həqiqətə etiraz eləmək axmaqlıqdı. Ancaq məni bir şey maraqlandırır: bu institutda böyükdən kiçiyə ondan qorxur. Sən niyə qorxmursan — bunu başa düşə bilmirəm.

Şərifə yumşaq kresloda yayxanıb ucadan güldü:

– Mən heç kəsdən qorxmuram, Mürşüd. Sənin atandan heç qorxmuram!..

– O niyə?

– Ona görə ki... Ona görə ki... Sənin atanın məndən xoşu gəlir.

– Hə?

– Hə. Necə, inanmırsan?

– Yox, niyə ki?.. Sən gözəl qadınsan, hamının səndən xoşu gələ bilər.

– Sənin atanın isə xüsusilə, Mürşüd.

Mürşüd fikrə getdi. Doğrudan Şərifə həddən artıq açıq-saçıq danışan imiş. Hiss eləmişdi, ancaq bu dərəcədə yox.

– Bu əsas məsələ deyil. Əsas məsələ budur ki, sənin kimdən xoşun gəlir!

– Mənim? Mənim — ərimdən.

– Ərindən sonra?

Şərifə fikrə getdi. Sonra baxışlarını qaldırıb Mürşüdə baxdı və bic-bic güldü:

– Bu, səni çox maraqlandırır?

– Hə.

– Nəyinə lazımdı?

– Elə belə, bilmək istəyirəm.

Şərifə yenə güldü:

– Görürəm, çox ciddi maraqlanırsan. Ona görə əvvəlcə məndən xoşu gələnləri sayacağam sənin üçün. Əlbəttə, hamısını yox, ən mühümlərini.

– Yaxşı, de gəlsin.

– Birincisi, atandı — onu bilirsən. İkincisi, o Dombagöz şairfason var ey, adama oxşamazın biridi. İltifat. Mənə şer də yazıb. Bir dəfə kitabxanada mənə kitabçasını bağışladı və dedi sənə bir şer də yazmışam. İcazə ver oxuyum səninçün. Dedim saxla, arvadına oxuyarsan. Düz çıxıb getdi. Odu budu, məni görəndə özünü soxmağa yer axtarır. Üçüncüsü, şöbə müdirim vardı ey mənim? Keçmiş şöbə müdirim. O keçəl Rüfət. Paxan onun şöbəsindən məni çəkib bura gətirdi və keçəlin sözü ürəyində qaldı.

– Daha bəsdi, sən allah.

– Acığına gəldi.

– Yox, elə belə, bəsdi. İndi sənin xoşun gələnləri de!

– O, səhv eləyirsən. Mənim xoşum gələn bir nəfərdi, ancaq bir nəfər!

Mürşüdün ürəyi əsdi. Fikrən bir anda bütün institutu gəzib dolandı, o adamı axtarıb tapmaq istədi. Ancaq dəqiq heç kəsin üstündə qərar tuta bilmədi.

– Kimdi o bəxtəvər?

– Deməyəcəyəm. Səni çox maraqlandırırsa, özün düşün, tap.

Mürşüd məyus halda köks ötürdü. «Demək istəmir. Görəsən kimdi o?» — deyə yenə institutun kişilərini saf-çürük eləməyə başladı. Həyəcanından dodağı qurumuşdu. Xatırladı ki, atası burada olsaydı, indi Şərifə çay hazırlamışdı.

– Yaxşı, indi kişi burda yoxdu deyə bizə çay verməyəcəksən?

– Çay istəyirsən? Niyə vermirəm? Bu saat! — deyib ayağa qalxdı. — Sən fikirləş, mən bu dəqiqə!

Şərifə iki stəkan götürüb qonşu otağa keçdi və iki dəqiqə keçməmiş qayıtdı.

– Buyur. Bu da sənin çayın, Mürşüd. Hə, nə oldu, tapa bilmədin?

Mürşüd pərişan halda başını tərpətdi:

– Yox.

– Tapa bilməzsən, Mürşüd, — dedi və əlini uzadıb onun qonur, yumşaq saçlarını qarışdırdı. — Yüz il də axtarsan, tapa bilməzsən, çünki uşaqsan sən hələ. Başını nahaq yerə yorma, çayını iç. Özü də sən nahaq elə bilirsən ki, atana görə, sənə çay verirəm. Yox, Mürşüd, bəlkə atana sənin xatirinə çay verirəm, bildin?

Mürşüdün ürəyi quş kimi çırpındı və o ayağa qalxıb Şərifənin hələ də saçında gəzən əlindən yapışdı:

– Tapdım, tapdım, Şərifə... O... mənəm, o mənəm. Düz tapdım?

Şərifə ciddiləşdi, gülüşünə ara verdi və astaca kirpiklərini endirməklə:

– Hə! — dedi, — sənsən, Mürşüd... Ay dünyadan xəbərsizim mənim.

Mürşüdün ayağı altında yer rəqs eləyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

III fəsil

Kişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.

2 dəq
IV fəsil

Bəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:

6 dəq
V fəsil

Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.

3 dəq
VI fəsil

Balaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?

2 dəq

Başqa şairlərin şeirləri