İkinci hissə, doqquzuncu fəsil
Səhifə 1 / 2
Regina Samirlə görüşüb Ceyhunun faciəli şəkildə öldürüldüyünü öyrənəndən sonra bir neçə müddət özünə gələ bilməmişdi. Hara getmişdi, neyləmişdi, kiminlə tanış olub, oturub durmuşdusa da, Ceyhun gözlərinin qabağından çəkilməmişdi. Səsini eşitmişdi, nəfəsini duymuşdu. Bu, əlbəttə, sevgi deyildi, sadəcə olaraq, yaxşı bir oğlan üçün gənc, gözəl bir qadının çəkdiyi xiffət ola bilərdi uzaq başı. Daha zəng eləməkdən, «Ceyran» restoranı tərəflərdə hərlənməkdən əl çəkmişdi. Nə mənası var idi ki!. Günlər ötüb-keçdikcə, iş-güc, güzəran, atasız uşağı böyütmək qayğısı başını qatdığından Ceyhun həsrəti, Ceyhun xiffəti də öləziyib sönmüşdü. İndi hərdən-birdən, o da Salehin «yoxa» çıxmasının səbəblərini araşdıranda, istər-istəməz Ceyhunu da xatırlayırdı və o cavanın ölümünə yüngülcə köks ötürməklə təəssüflənirdi.
Samirlə söhbət eləyərkən ürəyinə dammış fikir isə beynindən çıxmırdı: Ceyhunu Saleh öldürüb! Blokda dayanan, onu görən kimi üzünü yana çevirən mütləq Saleh imiş!. Qısqanıb öldürüb. Bəs sonra niyə Reginanın yanına gəlməyib? Bəs niyə onunla «haqq-hesab» çürütməyib — Bax, bu məsələ indi də onu düşündürürdü. «Ola bilsin məndən etibarsız bir qadın kimi küsüb, üz döndərib. Məni görməyə daha gözü yoxdu. Yaxud başqa bir qadın tapıb, başı qarışıb, mən yaddan çıxmışam. Ola bilər. Saşadan hər şey gözləmək mümkündür. Yox, o, sadəcə olaraq, ona görə yanıma gəlmir ki, mən onun gözlərinə baxan kimi biləcəyəm Ceyhunu o öldürüb ya yox. Özü də söz saxlayan deyil: mənim o uşağa bəslədiyim yaxşı münasibəti bilirdi Saşa. Ona görə, məni yandırmaq, qorxuzmaq üçün özü hər şeyi açıb deyərdi mənə. Hə, bax, buna görə gəlmir!»
Bu gün nədənsə bütün günü ürəyində Saleh dolanmışdı. Uşaq bağçasından, isti otaqda körpələrə «Şiroka strana moya rodnaya» mahnısını öyrədəndə də, sonra evdə təzə qonağı ilə yeyib içəndə də, bir az əvvəl qızını yatağına salıb yatıranda da Saleh haqqında düşünmüşdü. İndi tərtəmiz silinib süpürülmüş mətbəxdə əyləşib ağ müşəmbəli stolun üstünə tökdüyü pullarını sayanda da, yenə qəribə idi ki, Saleh gözlərinin qabağından çəkilib getmirdi. Gələcək. Ürəyinə damıb ki, gələcək. Və canı bu fikirdən üşüyən kimi olurdu. Onu unutmaq üçün pulları — beşlikləri, onluqları, iyirmibeşlikləri (əllilik yox idi pulların arasında) təzədən saymağa başladı və fikrində hesabladı ki, rəngli televizor almaq üçün düz yüz yetmiş beş manatı çatmır. Antenası, gətirmək haqqı, usta pulunu da sayıb müəyyən etdi ki, üstəlik hələ ən azı yüz-manat da lazımdı. «İki yüz yetmiş beş manat» məsələsi onun pulları görərkən duyduğu sevincin üstünə su çilədi və ayın axırına qədər rəngli televizor ala bilməyəcəyinə qəti inanıb məyus oldu. Pulları büküb yataq otağında gizlədi. Trümonun yanındakı fransız ətrindən barmağının ucunda qulaqlarının dibinə, boyun-boğazına sürtüb işığı keçrmək istəyəndə... qapının zəngi çalındı. Divar saatına baxdı — saat on birin yarısı idi. Bu vaxt kim ola? Hiss elədi ki, çox yorğundu. Heç kəsi qəbul edəcək halda deyil. Yatmaq istəyir, yuxu gözündən tökülürdü. «Açmayacağam!» — dedi öz-özünə. Ancaq zəng ikinci dəfə çalınanda maraq güc gəldi, xalatını çarpayının başından götürüb geyindi və ayaqyalın qapıya sarı gəldi. «Gözcükdən» baxıb kandarda dayananın Saleh olduğunu görüncə «sənə demədim gələcək?. Ürəyimə daman başıma gəlir həmişə!» — deyə düşündü. Bir anlığa «açım, açmayım?» sualına cavab axtardı, bu iki söz arasında çırpındı. O, qəti qərara gəlməmiş Saleh çöldən yavaşca səsləndi — Mənəm, Regina, aç qapını.
Neçə illər ərzində zəhmli-zabitəli Salehin müti quluna dönmüş, çox vaxt istəməyə-istəməyə onun hər sözünü yerinə yetirməyə adət etmiş Regina qeyri-iradi cəftəni çəkdi. Saleh içəri girdi. Əynində layka plaş vardı. Həmişəki kimi başı açıq idi. Regina birinci, onun gözlərinə baxdı. Gözləri qızarmışdı. O dəqiqə başa düşdü ki, içib Saleh. İçmiş adamın isə gözlərini oxumaq çətindi. Ancaq ürəyini oxumaq olur — araq ən gizli sirləri belə açıb ortalığa tökməyə kömək edir.
Regina geri çəkildi. Keçib mətbəxə getdi. Saleh plaşını, ayaqqabısını çıxarıb dalınca gəldi. Reginanın qarşısında dayanaraq düz gözlərinin içinə baxmağa başladı. Bu baxışların mənasını o yaxşı bilirdi. Onun xəyanət edib-etmədiyini yoxlamaq istəyirdi. Amma hər dəfə də necə deyərlər, əli boşa çıxırdı. Regina elə qadın deyildi ki, elədikləri gözlərinə yazılsın. Və Saleh, hardasa, qəlbinin dərinliklərində çoxdan onun xəyanətkar qadın olduğuna inansa da, bu adətindən əl götürə bilmirdi. Ümumiyyətlə ondan ayrıla bilmirdi. Regina düz fikirləşmişdi: Saleh ondan küsmüşdü, incimişdi — çünki o, Salehin dostu hesab olunan Ceyhunla gizlində görüşmüşdü. Ceyhunu o, öz cəzasına çatdırmışdı, ancaq Reginanın yanına beyni, ürəyi isti-isti gəlməkdən zorla özünü saxlamışdı. Gəlsəydi, Reginanın da vəziyyəti pis ola bilərdi; öldürə bilərdi, vurub şikəst edə bilərdi. Bunu isə o, istəmirdi. Bu, eyni zamanda, Ceyhunun qatilinin Saleh olduğunu sübuta yetirərdi ki, bundan da yaxa qurtarmaq mümkün olmazdı. Saleh indiyə qədər bura — Reginanın yanına gəlməməkdə həm çox istədiyi, zəhləsi getsə də, ayrıla bilmədiyi qadını qorumuşdu, həm də hamıdan çox istədiyi canını qorumuşdu. Salehin özü üçün də çox dəhşətli olan o gündən doqquz aydan çox keçirdi. Bu müddəti o, səksəkə içində yaşamışdı. Hər çıqqıltıdan, hər zəng səsindən, hər qəribə baxışdan sarısını udmuş, ölüb-dirilmişdi. Yaşına yaraşmayan bir ustalıqla, Ceyhunun yas mərasimində axıra qədər iştirak etmişdi, ağlaya-ağlaya «Ceyhun ölməli oğlan deyildi» — deyərək atasına-anasına təsəlli də vermişdi. İşi təhqiq edən mayor Hacı Əliyevin üç-dörd dəfə sorğularına da təmkinlə cavab vermişdi, şübhə doğuran bir hərəkətə yol verməmişdi. Sonra isə... özünü bir restorana salaraq bir az əvvəl qabağında ağladığı, vaysındığı Salmanın, Nadirənin pullarına yaxşıca yeyib-içmişdi. Samirə də tez-tez qonaqlıq vermişdi—onun da yanında ilk sözü də, son sözü də Ceyhun olmuşdu. Akademik Əlişir, oğlunun bu hala düşməyini Ceyhunun ölümündən bərk sarsıldığı ilə izah edirdi. Ata-bala gec-gec görüşsələr də onlar ayrı yaşayırdılar — Əlişir öz üçüncü arvadı ilə, Saleh isə tək yaşayırdı — Salehin ruhi vəziyyəti Əlişirə aydın idi və o, Salmanla, Nadirə xanımla hər dəfə görüşəndə oğlunun Ceyhunun ölümündən yana çox pis günə düşdüyünü gizli bir fəxrlə danışırdı.
– Hə, onlar yaxşı dost imişlər, indi olmasın. Samir də, Saleh də Ceyhunu çox istəyirmişlər, — deyə Salman kövrələ-kövrələ cavab verirdi. İndi Saleh Reginanın qənşərində dayanmışdı. Regina əlini üzünə söykəyib altdan-yuxarı ona tamaşa eləyirdi.
– Ayaq üstə çox dayanacaqsan? Otur da, görək nə var, nə yox? Hardasan bu neçə ayı, niyə gəlmirsən, görünmürsən? — deyə nəhayət, qadın yorğun-yorğun dillənəndə Saleh elə bil yuxudan ayıldı. Ona baxıb gülümsündü:
– Hə, doğrudan ha, — deyərək əyləşdi.
– Aclığın var?
– Yox. Amma ciyərim yanır, bir stəkan çay versən... savab iş görmüş olarsan.
Regina armudu stəkanda ona çay süzdü.
– Yenə içmisən, hə?..
Saleh əlini üzünə çəkib gözlərini geniş açaraq Reginaya baxdı:
– Guya sən içməmisən?.
– Mən içmişəm. Tək darıxdım. Bir az konyakım vardı, içdim.
Saleh isti çaydan bir qurtum alıb:
– Yəni deyirsən lap tək içmisən? — deyə qımışa-qımışa soruşdu.
– Hə, lap tək. Bəs sən kimnən içmisən? Yəqin dostlarınla, hə?
– Dostlarım kimdi?..
—Yəqin Samirnən, Ceyhunnan, eləmi?.. — Regina bu sözləri deyərkən Salehin qırmızı gözlərinin içinə nəzər yetirdi, Salehin bəbəkləri qaçdı bir anlığa.
– Yoox... — Ani sükutdan sonra: — Bəs sən bilmirsən, Ceyhunu öldürüblər, Regina?!
Regina təəccüblə, nazik, qələmlə çəkilmiş qaşlarını qaldırdı:
– Yox a?. — Saleh tam ayıq olsaydı, bu «yox a»... nidasının çox süni səsləndiyini sezərdi, ancaq indi o halda deyildi.
– Hə. Öldürüblər.
– Niyə? Nəyin üstündə, Saşa?
– Oğrular giriblər evə, qarət ediblər, özünü də öldürüblər.
Qəribə idi ki, bu adi söhbət əsnasında ikisi də bir-birini sınayırdı. Hər ikisi işin nə yerdə olduğunu çox gözəl bilə-bilə zahirdə bir söz deyir, batində ayrı cür düşünürdü.
Regina ürəyində: «Yalan deyirsən gözünün içinəcən, qatil. Oğru-zad söhbəti, yalandı. Onu sən... mən onun yanından çıxandan sonra öldürmüsən. Bəli, sən öldürmüsən. Bunu sənin nigaran, səksəkəli gözlərin də təsdiq edir. Onun qatili sənsən. Mən təəccüb edirəm ki, necə olub səni indiyə qədər tutmayıblar!. Məni öldürməyə?.. Yox, sən mənə əl qaldırmazsan... Amma... o qonşu binanın blokunda duran sən idin, eləmi?. Məni görürdün, eləmi?. Mən, çıxan kimi gedib onu öldürdün, eləmi?» — deyə fikirləşirdi və bütün bu sualları onun özündən soruşmaq istəyini güclə boğurdu içərisində.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-doqquzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məhəmməd Şəfi Rəhgüzar Elməddinin Zərrintacdan ayrıldıqdan sonra, onlarda yaşadığı günlərdə oğlanın sarsıldığını, ümidsizləşdiyini görüb onu təzədən, kim bilir neçənci dəfə danlamış, təsəlli vermişdi. Əhədulla isə Siminbər haqda söhbət etdiyi gün axşam Şəfi yenə Elməddini danlamışdı:– Darıxma, qardaş, Bu, həyatdır. Onun tərəqqisi də var, tənəzzülü də. Bəzən o, sənin başına gül-çiçək çələngi qoyur, bəzən ayaqlar altına salıb tapdalayır, qədir-qiymətsiz edir. İnsan gərək dözümlü olsun, iradəli olsun, nazik çubuq kimi tez .sınmasın. Amma görürəm ki, sən belə hallarda tez pərt olursan, darıxırsan; eybi yoxdur, hələ cavansan, nə görübsən ki, sən həyatda?... ...
Birinci hissə, səkkizinci fəsilElməddinin ağlına gələn fikir onu sevindirdi. Geriyə dönərək mizin üstünə çayniki qoyan Əhədullaya müraciət elədi:– Əhəd:
Birinci hissə, doqquzuncu fəsil– Ustad, anam yuxuma girib, qəryəmiz yuxuma girib. Görürəm arvad gileyli-gileyli deyir ki, əcəb etibarsız oğul imişsən, bala. Elə biryolluq getdin, gör neçə ildi gedibsən, bircə kərə də dəyməyibsən ki, anamı tək, dörd divar arasında qoyub gəlmişəm, baş çəkim görüm ölüb, qalıb? Getmək istəyirəm, ustad. İstəyirəm gedəm anamın qəbrini ziyarət eləyəm, o doğma yerləri görəm. Baba demişkən, burnumun ucu göynəyir, ürəyim titrəyir, ustad, o yerlərdən sarı. — Elməddin bu sözləri böyük həyəcanla söylədi, elə həyəcanla ki, daha Məhəmməd Şəfi etiraz eləyə bilmədi və ürəyindən keçirdi ki, Elməddini indi danışdıran hisslər müqəddəs hisslərdi, onların qarşısında durmaq, susdurmaq, öldürmək özü günahdı. Nə qədər ki insan ürəyi belə döyünür, anaya, doğulduğu, boya-başa çatdığı, pərvazlanıb uçduğu torpağa qarşı ilıq, isti məhəbbət duyğuları ilə çırpınır, demək, o ürək sahibi əsl insani keyfiyyətlərə malikdi, o, həyatın, yaşamağın mənasını anlayır, qədrini bilir. Şəfinin şəxsən tanıdığı bir çox cavanlar vardı ki, onlar belə təmiz, ülvi hisslərdən məhrum idilər: günləri harda xoş keçsəydi, ora vətən idi, hansı ağbirçək qadın üzlərinə mehriban baxsaydı, o, ana idi onlar üçün! Belələri üçün müqəddəs heç nə ola bilməzdi dünyada. Ancaq, nə yaxşı ki, Elməddin belə deyildi. Elməddin indiyənəcən Şəfinin nəzərində ağıllı idi, bacarıqlı idi, dözümlü, təmkinli idi, qabiliyyətli idi. İndi isə başa düşürdü ki, o, üstəlik, nəcib bir insan imiş. Onun nəcibliyini Şəfi çoxdan hiss eləmişdi — o, həbsxanada olarkən ailəsinə pul verməsi ilə (bəlkə bu borc idi? O qədər borclu olduğunu bilə-bilə belə işlərə biganəlik göstərən görmüşdü ki, Şəfi!), adi bir sürücü olan Əhədullaya bəslədiyi ehtiram ilə bu nəcibliyini sübut eləmişdi. Əslində Şəfi düşünmüşdü ki, burda sən deyən elə fövqəladə nəciblik də yoxdur, bu, adi insanın borcudur, vəzifəsidir. Lakin indiki zamanədə—biganəliyin, laqeydliyin, öldürücü «eh, mənə nə dəxli» fəlsəfəsinin hökmran olduğu, insanların çoxunun, böyük əksəriyyətinin bu mərəzə tutulduğu zəmanədə bunlar, bu keyfiyyətlər qeyri-adiləşir, təəccüb, heyrət və çox vaxt sevinc doğururdu.Şəfi razılıq hissilə başını tərpətdi:
Birinci hissə, onuncu fəsilAdamın öz evi, öz isti ocağı necə yaxşı imiş, rahat imiş! Ata yurdundan çıxdığı gündən keçən bu illər ərzində Elməddin haralarda yaşamamışdı? — çayxana günclərində, təpə üstündə açıq havada, Şəfigildə, ağayi Nəcməddinin işlər müdiri üçün ayırdığı tək otaqda, nəhayət, nəhayət, bərli-bəzəkli gəlin otağında — Zərrintacla birgə!..Bunların hamısı — hərəsi bir cür onu sıxmışdı, əzmişdi. Özgə paltarı geymiş adam kimi hiss eləmişdi özünü Elməddin. Hətta Zərrintacla yaşadığı o gen-bol, muzəyyən otaqlarda da o, qonağa oxşamışdı.
Başqa şairlərin şeirləri
Yeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
ƏləsgərəUnudulmaz el bəzəyi, el oğlu,Hər gün onu saz dinlədi, saz andı.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
İlğımFəlakət yol gəlir hələ uzaqdan,İşini görmədə qəm xırda-xırda..