Birinci hissə, yeddinci fəsil
Məhəmməd Şəfi Rəhgüzar Elməddinin Zərrintacdan ayrıldıqdan sonra, onlarda yaşadığı günlərdə oğlanın sarsıldığını, ümidsizləşdiyini görüb onu təzədən, kim bilir neçənci dəfə danlamış, təsəlli vermişdi. Əhədulla isə Siminbər haqda söhbət etdiyi gün axşam Şəfi yenə Elməddini danlamışdı:
– Darıxma, qardaş, Bu, həyatdır. Onun tərəqqisi də var, tənəzzülü də. Bəzən o, sənin başına gül-çiçək çələngi qoyur, bəzən ayaqlar altına salıb tapdalayır, qədir-qiymətsiz edir. İnsan gərək dözümlü olsun, iradəli olsun, nazik çubuq kimi tez .sınmasın. Amma görürəm ki, sən belə hallarda tez pərt olursan, darıxırsan; eybi yoxdur, hələ cavansan, nə görübsən ki, sən həyatda?... ...
– Daha nə görməmişəm, ustad?!
– Yox, gördüklərin, çəkdiklərin, düzdü, çox olub; ancaq sən bundan da pislərinə gərək hazır olasan, qardaşım. Həyat səni hələ çox qamçılaya bilər—bundan pis qamçılaya, döyə bilər. Unutma ki, dəmir döyülə-döyülə bərkiyir. Sən gərək xoş günündə də, pis günündə də müvazinətini itirməyəsən, eyni qaydada yaşamağı bacarasan. Ancaq belə adamlar dünyada yaşamağa, qalib gəlməyə qadirdirlər. Sən «Bu da keçər» əhvalatını eşidibsən? Yox? Hə, bu çox ibrətamiz bir hekayətdir. Deyir, bir padşah öz vəzirini çağırır yanına, söyləyir ki, vəzirsən, mənə belə söz de, xoş günümdə də, dar günümdə də məni eyni qaydada saxlaya bilsin. Vəzir iki gündön sonra padşaha bir üzük gətirir, üstünə ikicə kəlmə söz yazdırıbmış: «Bu da keçər!» Padşah bunun hikmətini anlaya bilməsə də, susur», heç nə demir. Ancaq az sonra hər şeyi anlayır padşah.. Eyş-işrət məclislərində oturubmuşlar, yeyib-içirmişlər, rəqqasələr oynayırmışlar, musiqi çalınırmış. Padşah meyin, gözəl qızların yaratdıqları xoş təəssürat altında özünü cənnətdə hesab edirmiş, bu eyş-işrətin, bu bəxtəvərliyin əbədi olacağına inanırmış, lakin birdən gözü barmağındakı üzüyə sataşır, «bu da keçər» sözlərini oxuyur və ayılır. Doğrudan da yorulub, məst olub yatıb durandan sonra o dünənki nəşədən, kefdən bir əsər-əlamət qalmadığını görür və inanır ki, o cür gözəl, şirin dəmlər də keçib gedə bilərmiş. Vaxt ötüb dolanır, düşmən məmləkətin padşahı bu padşahın üstünə hücum çəkir, qoşunu qırır, şəhərlərini, kəndlərini dağıdır, lap paytaxta girir. Padşah qorxuya düşür, hər şeyin məhv olduğunu zənn edir, düşmən əlinə əsir düşməmək üçün özünü öldürmək istəyəndə yenə gözü üzükdəki sözlərə sataşır: «Bu da keçər!» Doğrudan da, ən son məqamda dostu olan qonşu padşah qoşun çəkib gəlir, onun düşmənini darmadağın edir, dostunu da xilas edir. Padşah düşünür ki, nə yaxşı özümü öldürməmişəm, bu da keçərmiş! İndi qardaş, bu da keçər, sən heç darıxma, səbirli ol.
– Nə gözəl hekayətdi, ustad! — deyə Elməddin gülümsünüb dirçəlmiş, dərdini unutmuşdu. Gecəyarıdan keçənəcən iki dost üzbəüz oturub söhbət etmiş, Məleykə xanım qulluqlarında durmuşdu. Səhər Şəfi ilə birlikdə, qonşuluqda qapısına satılmaq elanı vurulmuş evə getmiş, baxmışdılar. Ev üç otaqdan, bir mətbəxdən ibarətdi. Palçıq hasarı vardı, həyəti vardı. Doğrudur, baxılmamışdı, ağacı, gülü yox idi, bir az səliqəsizlik nəzərə çarpırdı. Ancaq otaqlara söz ola bilməzdi.
– Hə, necədi, xoşuna gəlir?—deyə Şəfi soruşmuşdu.
– Gəlir, ustad. Şəhərin mərkəzidi, həm də ən ümdəsi sizə yaxındı. Neçəyə deyir görəsən?!
– İndi danışarıq, əsas budu ki, sənin xoşuna gəlsin.
Həyətdə iki nəfərin gəzdiyini, görən ağsaqqallı, başı çalmalı, bir kişi artırmada görünəndə Şəfi irəli yerimişdi, salam vermişdi:
– Oho, ustade-möhtərəm xoş gəlib, səfa gətirib! — deyə qoca ev sahibi yaşına yaraşmayan bir cəldliklə qabağa gəlib iki əlilə Şəfinin əlini sıxıb ehtiyzamla baş endirmişdi.
– Xoş gününüz olsun, baba! Necəsən, günün-rüzgarın necə keçir?
– Əlhəmdullah, pis keçmir. İçəri buyurun, ustad.
– Çox sağ olun, baba. Bu cavan oğlan mənim dostumdu, özü də şairdi.
– Lap gözəl, çox gözəl, — deyə qoca Elməddinə təpədən-dırnağa nəzər salmışdı. — Özünüz bilirsiniz ki, mən şairlərə necə böyük ehtiram bəsləyirəm. Allah sizin hər ikinizə ömür versin, balalarım.
– Onun üçün ev almaq istəyirəm, baba. Dedim elə... sizin evi..
– Nə olar, mən sevinirəm ki, mənim evim şairə qismət olur. Baqqala, tacirə, lotuya-qumarbaza yox.
– Uşaqları deyəsən göndərmisən, hə?
– Bəli, ustade-möhtərəm, göndərmişəm, Qəndəhardadırlar. Bilirsən, ustad, ömrüm-günüm keçib, qocalmışam daha, əcəl, görürəm addım-addım yaxınlaşır. Vətəndə ölmək istəyirəm, oğul. Torpaq çəkir, torpaq yaman çəkir, oğul.
– Bəs bura vətən deyil, ay baba? Bu torpağın hansı guşəsinə qədəm bassan, ora sənin üçün vətən deyilmi, baba? Bir şəhərdən başqa şəhərə köçüb yaşamaq məgər qürbətdi, qəriblikdi?
– Düz buyurursan, oğul, bu vətənin hər qarışı, hər guşəsi mənim üçün əzizdi, doğmadı. Ancaq, insan üçün ən əziz yer ən müqəddəs yer onun dünyaya göz açdığı, iməklədiyi, gəncliyini keçirtdiyi torpaqdı, bala. Ondan şirin şey mən təsəvvür eləyə bilmərəm, dünyada oğul. Öz dilimdə danışmışam burda, öz millətimin arasında yaşamışam burda, ancaq həmişə, nədənsə özümü qərib hesab eləmişəm, can oğul.
– Sənin sözlərin vətənindən uzağa düşmüş, qəriblik çəkmiş bir şairin sözlərini yadıma saldı, baba. Vətən, doğma torpaq həsrəti burnunun ucunu göynədəndə bu şeri yazıb. Deyir ki:
Ömrümün gülləri bükdü boynunu,
Əsdi, yaman əsdi, yeli qürbətin.
Başıma dağlar tək qar ələndi, qar,
Gəzdi saçlarımda əli qürbətin,
Həsrətdən quzu tək mələyir ürək,
Çarə yox, hər dərdə dözəsən gərək.
Yağ-bal yedirsə də, ögey ana tək —
Zəhər tuluğudur dili qürbətin.
Vətənsiz dünyada, Allah, neylərdim,
Vətənə çatsaydım, olmazdı dərdim.
Ana qucağında rahat ölərdim,
Axmazdı gözümdən seli qürbətin.
Elin öz qəmidir mənim öz qəmim,
Eldən ayrı düşsəm, el olar qənim.
Qəbrimi qürbətdə qazmayın mənim,
Üstümdə bitməsin gülü qürbətin.
Şəfi şeri söyləyib qocaya baxmışdı, qoca gözləri yaşara-yaşara:
– Bah, bah, dilinə qurban olum, ay oğul. Nə gözəl deyib, ilahi, nə gözəl deyib o şair? Yanıb deyib, ustad, yanmasaydı deyə bilməzdi, — demişdi.
– Bəli, ürək yanmasa, gözdən yaş çıxmaz; baba. Ocaq yanmasa, tüstüsü də çıxmaz, baba...
Sonra qoca şerin yadında qalan son misralarını təkrar eləmişdi:
...Qəbrimi qürbətdə qazmayın mənim,
Üstümdə bitməsin gülü qürbətin.
– Mən də istəmirəm üstümdə qürbət gülləri bitsin, oğul; ona görə doğulduğum torpağa can atıram, qoy o torpağın gülləri bitsin qəbrim üstündə, o güllərin gözü ilə dünyaya təzədən baxım, bala... O şerin elə bu beyti mənim ev-eşiyimdən qiymətlidi, ustad. Allah xeyir versin, xoşbəxt yaşa, oğul—deyə o, Elməddinə üzünü tutmuşdu, — səadət dolu bir ömür sür bu evdə, bala.
– Çox sağ olun, baba can!—bayaqdan heyranlıqla qocanı dinləyən Elməddin nəhayət dillənmişdi, — ömrün uzun olsun, baba can. Ancaq qiymətini deyin evin, elə-belə olmaz, götürmərəm.
– Eh, sağ olmuş, dünya malı dünyada qalandı. Kim özü ilə indiyənəcən kəfəndən başqa bir şey aparıb ki, bu fani dünyadan?
Xeyli söz-söhbətdən sonra axır ki, dil tapıb sövdələşmiş, kişinin bütün səmimiyyətinə baxmayaraq, əlli min rupiyə sövdələşmiş, açarı almışdılar. Açarı əlinə alanda Elməddin yaman sevinmişdi — bu, onun öz xanımanının açarı idi, daha onu heç kəs əlindən ala bilməzdi, heç kim. Elməddinin şadlığını görən Şəfi gülmüşdü:
– Gördün bu da keçərmiş?
– Hə, ustad. Hikmətli sözlər imiş. Gərək biz də o üzükdən bir dənə düzəltdirək, taxaq barmağımıza.
– Olar. Biz o padşahdan tez-tez gərgin vəziyyətə düşürük, bizə ondan daha çox lazımdı elə üzük. Amma, öz aramızdı, evə söz ola bilməz, Elməddin. İndi onu yaxşı-yaxşı bəzəmək, təmizləmək gərəkdi. Ev əşyası, ayın-oyun almaq gərəkdi.
– Onları eləyəcəyəm, ustad. Burda bir səliqə-sahman yaradım ki, cənnət guşəsi kimi gözəl olsun. Mən kəndli balasıyam, əlimdən hər iş gəlir. Eh, axır ki ev-eşik sahibi olduq. Amma evi çox ucuz aldıq—elə o müdrik qoca ilə tanış olmağın özü əlli min rupiyə dəyərdi. Aləm kişi idi!
Şəfi Elməddinin eyninin açıldığını görüb sevinmiş və zarafat eləmişdi:
– Bəli, qardaş. Bazar yaman qəribə olub—bir şairin bir beytinin qiyməti bir evə dəyərmiş, bir kişiylə tanışlıq əlli min rupiyə dəyərmiş!
Hər ikisi gülmüşdü.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.
Birinci hissə, on üçüncü fəsil...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:
Birinci hissə, on dördüncü fəsilƏbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Başqa şairlərin şeirləri
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Uryer söylənciOturmuşdu, düşünürdü Turq ata,Elə bağlan, yarıtanrı olsan da.
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum