Səhifə 1 / 3

Yüngül dəniz küləyi əsirdi. Suları qırçın-qırçın sahilə çırpıb sındırırdı. Sahildən xeyli aralı iki gəmi lövbər salıb dayanmışdı. O tərəfdə, gündoğan səmtdə dənizin içinə doğru taxta qol kimi uzanan körpünün kəlləsində «Sadko» kafesinin pəncərələrinin şüşələri, qüruba enən günəşin şüaları altında şəfəqlənirdi.

Dəniz qırağında adam seyrək idi. Sakit əllərini paltosunun cibinə qoyub lap sahildə, daş məhəccərin yanında dayanmışdı, ora-bura uçuşan ağ qağayılara tamaşa eləyirdi. Yorğun gözlərini dənizin maviliyi oxşayıb dincəldirdi. Bütün günü işləmişdi, başı dumanlı idi elə bil. Barmaqları qələm tutmaqdan keyimişdi, kötüyə dönmüşdü. Son vaxtlar çox ciddi işləyirdi. Düşündüyü roman gecə-gündüz ona rahatlıq vermirdi. Yazdığı adamlar yanındaydı, talelər gözünün qabağındaydı, heç nəyi quraşdırmaq, düzüb qoşmaq lazım deyil. Hadisələr elə sürətlə inkişaf edirdi ki, Sakit yazıb çatdıra bilmirdi. Qəribə idi ki, Nurəddinin hərəkətlərinin kollektivdə doğurduğu qəzəb artdıqca Sakitdə də ona qarşı anlaşılmaz bir kin əmələ gəlirdi. Nurəddin Sakitə şəxsən heç nə eləməmişdi — ancaq Sakit hiss edir və görürdü ki, o, institutu idarə etməyə layiq adam deyil; o, alimləri — bu «qələm fəhlələrini» həvəsləndirmək, qanadlandırmaq əvəzinə, qamçılayır» ruhdan salır, qol-qanadını sındırır, əsəbi və gərgin şərait yaradır və ən dəhşətlisi bu idi ki, o, bunu işləmək və tələbkarlıq sayırdı. Alim zəkası, alim beyni — məmləkətin qızılından da, neftindən də, yeraltı-yerüstü xəzinələrinin hamısından qiymətlidir və üstəlik də çox zərifdir. Ona qayğı ilə, həssaslıqla yanaşmaq lazımdır. O, ağıllı adamın əlində dürr-gövhər saça bilər. Nadanın əlinə düşsə, qəzəb və nifrət püskürə bilər. Nurəddin kimi üzdəniraq «rəhbərlərin» kobudluğu, özbaşınalığı alim beyninin düşünmə düzümünü, saf niyyətini pozub qaralda bilər, inamını öldürə bilər. Ona görə Nurəddinləri — tək-tük olsalar da — ifşa etmək, başa salmaq, bu yanlış və əyri yoldan döndərmək hamının, birinci növbədə qələm sahiblərinin borcu olmalıdır. Belə adamları ictimaiyyətə tanıtmaq vacibdir ki, gələcəkdə vəzifə başına qoyanda səhv etməsinlər və özləri isə öz əməllərinə baxıb utansınlar.

Sakit romanını geniş planda düşünmüşdü. Təkcə institut və onun adamları deyildi qəhrəmanları. Bəlkə bütün şəhər idi, şəhərin müxtəlif sənət, müxtəlif düşüncə adamları idi. Burada fəhlə də, evdar qadın da vardı, müəllim də, şair də vardı, akademik də, akademik oğlu da vardı... Çox adam vardı bu romanda və Sakit istəyirdi ki, hamını özünə göstərsin, tanıtdırsın; istəyirdi ki, yaxşı və pis adamlar haqqında öz ürək sözünü desin və rahatlansın. Ola bilər bu adamlar özlərini bu kitabın səhifələrində tanısınlar, inciyən, küsən olsun; eybi yoxdur, nə olur-olsun, sözün düzünü demək lazımdır, bundan qorxmaq gərək deyil. Bu, qələm sahibinin mənəvi borcudur. Fikri bura çatanda «Palıd kölgəsi» kitabı yadına düşdü və qəmli-qəmli gülümsündü. O kitabın üstündə başını çox ağrıtmışdılar. On bir il kiçik elmi işçi vəzifəsindən yuxarı qalxmağa qoymamışdılar o kitabda özünü tanıyan qəhrəmanları. Axırda... o institutdan bu institututa atmışdılar. Mədəni surətdə «başlarından» eləmişdilər. Əlbəttə, bunu açıq-aşkar eləməmişdilər, çox sakit və mehribanlıqla «Sakiti bu instituta göndərmişdilər». Sakit isə bundan daxili və dərin bir zövq alsa da, açıb ağartmamış, iynəsini papağına sancıb köçən dərzi kimi qələm-kağızını götürüb ikicə mərtəbə yuxarı qalxmışdı. Və burada isə daha maraqlı bir aləmlə qarşılaşmışdı. Yazırdı, qorxusuz-ürküsüz yazırdı. Buradan da «qovsalar», nə eybi!.. Əvəzində bir kitab qalacaqdı yadigar!

Sakit sulara baxa-baxa xeyli dayandı, ayaqlarının yorulduğunu hiss eləyib geri buruldu və dəniz sahilinin «ikinci mərtəbəsinə» qalxan pillələrlə yuxarı çıxdı... Fəvvarələri yaydakı kimi «gül açmamışdı». Boş hovuz yaraşıqsız görünürdü — hovuzun yaraşığı su imiş, sən demə. Sakit indiyəcən bunun fərqinə varmamışdı. Heyrətlə düşündü ki, görüb müşahidə eləmədiyi nə qədər şeylər var dünyada, aman allah!. Həyat oxunub qurtarılması mümkün olmayan nəhəng bir kitabdı və onu başa çıxmaq üçün bir ömür çox azdı, çox az!.

Qabaqda ucaboylu bir kişi gedirdi. Yerişi ləngərliydi və bu ləngərli yeriş ona kimisə xatırladırdı... Ancaq kimi? Tapa bilmirdi. Addımlarını bir az sürətləndirdi və üç-dörd qədəm atmamış qarşısında yeriyən kişini tanıdı... Bu, Əsəd idi. Sakitin əhvalı dərhal dəyişdi. Əsədin kədərli söhbətini xatırladı, neçə vaxtdan bəri ona rahatlıq verməyən, unuda bilmədiyi Xəzangülün taleyi gözünün qabağında canlandı. Əsədin bu əhvalatı danışdığı anlarda düşdüyü vəziyyət, qəmli-qəmli, tez-tez köksünü ötürməsi, hərdən gözlərinin dolması... sonra üç təkərli araba, sonra Sahilə, Ərəstun oğlan... Hər şey-hər şey hafizəsində təzələndi... Onda Əsəd söhbətini axıra çatdıra bilməmişdi. İndi fürsət idi. Həm bir az dərdləşərdilər, həm də Sakit o maraqlı əhvalatın mabədini öyrənərdi. Cavabsız suallar aydınlaşardı. Bu məqsədlə Sakit yenə addımlarını yeyinlətdi. Lakin Əsədin tək olmadığını, qarşısında bir kolyaska itələdiyini görüb... dayandı. Yenə fikri qarışdı. Bu nədir? Əsəd o dəfə demişdi ki, heç özüm də bilmədən birdən geri — Xəzangülə sarı qayıtdım. Demək qayıdıb. Bu, deyəsən, tamam qayıtmaq olub, yəni alıb Xəzangülü? Ya... Bir anda yenə neçə-neçə cavabsız sual beynində dolaşdı... Əsəd ağır-ağır irəliləyirdi, sol əli kolyaskanın ağ nikel dəstəyinin üstündə idi. Növbəti oturacağın tuşuna çatanda kolyaskanın ağzını ona sarı döndərdi. Kolyaskanın üzünü dənizə tərəf çevirdi. Arabada oturmuş adamın qıçları üstəki adyalı bir az yuxarı çəkdi, sonra özü də oturacaqda əyləşdi. Dənizə baxmağa başladı...

Sakit tərəddüd içində olsa da, nəhayət, yerindən qoparaq irəlilədi. Əsədin yanına çatanda... kolyaskadakı adamın başını, yumulmuş gözlərini görüb onun sifətini yadda saxlamağa çalışdı. Əsəd qayğılı olduğundan onu görmürdü. Sakit irəli gəldi, Əsədin önündə dayandı. Əsəd birdən:

– Oy, Sakit, sənsən? — deyib yerindən sıçradı və səsinin qeyri-iradi ucadan çıxmağından qorxmuş kimi, dərhal da ahəngini dəyişib. — Xoş gördük! — söylədi yavaşca. Görüşdülər. Sakit onun yanında oturub:

– Nə var, nə yox, ay Əsəd? Elə o gedən getdin. Mən səndən nigaran qaldım, — dedi.

– Hə, heç imkanım olmadı. Başım qarışdı. — O, başı ilə Xəzangülə işarə elədi,— büna...

Sakit arxa tərəfdən ancaq güllü yaylıqla örtülmüş başı görünən xəstəyə sarı boylandı və asta səslə:

– Hə, necədi indi? — deyə xəbər aldı.

Əsəd ah çəkdi:

– Elə elədi. Bir dəyişiklik yoxdu. Olmayacaq da deyəsən. Həkim-professor qalmayıb ki, yanına aparmayam. Məşhur nevropotoloq professor Kamil Məmmədovun da qəbulunda oldum, o da ancaq təsəlli verdi.

Sakit münasibətlərindən nigaran idi — Xəzangülü evinə gətirmişdimi, özü onun evinə köçmüşdümü? Bəs Sahilə hanı?.. Yoxsa qız, anasını bu vəziyyətdə qoyub Ərəstun deyilən o oğlana qoşulub gedib? Əsəd necə olub ki, vaxtilə onu yarıyolda qoyub getmiş, heç nə izah eləmədən üz döndərib sevən ürəyinə çalın-çarpaz dağ çəkərək sözün həqiqi mənasında həyatını sındırmış bir qıza — indi ancaq gözləri və beyni yaşayan bu Xəzangülə qahmar çıxıb, dayəsinə çevrilib? Bu, məhəbbətin ölməzliyi idimi, alicənablıq idimi, yamanlı, yaxşılıq idimi? Sakit həssas bir insan kimi bu sualları götür-qoy edir, soruşmaq, öyrənmək arzusu ilə yanırdı, lakin hardan, necə başlayacağını kəsdirə bilmirdi. Əsədə maraqla baxırdı, onun gözlərindən ürəyini oxumaq istəyirdi. O, isə siqaretisiqaretin oduna yandırır, susurdu.

Sakitin səbri çatmadı. Soruşdu:

– Yaxşı, bəs... sən necə... Yəni demək istəyirəm, bununla neyləmək istəyirsən, Əsəd?

Əsəd fikrindən ayıldı. Əslində o özü də danışmaq üçün susmuşdu, düşünürdü. Bu dünyada yeganə adam Sakit idi ki, Əsəd ona taleyini, həyatını, uzun illər susandan sonra, açıb danışmışdı. İndiki halını isə gizləməyə dəyməzdi. Odur ki, verilən sualdan istifadə edərək sözünü söylədi:

– Mənim işim əvvəldən gətirməyib, qardaş. Sənə keçən dəfə ətraflı nağıl elədim. Səndən nə gizlədim, mən bu bədbəxti çox sevirdim. Hələ nə bir kitabda, nə bir filmdə, nə də həyatda mən belə məhəbbət görməmişəm. O vaxt da, sonralar da, qəribə idi ki, elə hey arzulayırdım — Xəzangül kor olsun, şikəst olsun, ancaq yanımda olsun, nəfəsini duyum, səsini eşidim. Vəssalam. Uşaq kimi qulluğunda duraram, başına dönərəm, yalnız və yalnız onun üçün yaşaram və özümü xoşbəxt hesab elərəm. İşə bax ki, unutmaq, yaddan çıxarmaq əvəzinə mən, bir ömür, bu il Bakıya gələnə, Sahiləyə rast gələnə qədər bu arzu ilə yaşamışdım. Mən əslində bir insan kimi yaşamamışam bu illəri, sürünmüşəm. Zahirdə işləmişəm, demişəm, gülmüşəm, amma içimdə onu düşünmüşəm, onu axtarmışam, onu danlamışam, sonra yenə sevə-sevə haqqında fikirləşmişəm. Bu, cəhənnəm əzabı olub mənim üçün. Yanmışam, kül olmuşam, ancaq səsim-ünüm heç yerə çıxmayıb, kimsə dərdimi bilməyib. Mən belə-belə gəlib az qala əllini haxlamışam, Sakit. Bura gələndə sənə danışdığım qəribə görüş və onun dalınca Xəzangülü bu halda görməyim mənim həyatımı təzədən yeni bir məcraya saldı. Düzdü, işimi itirdim—o məktəbə daha qayıtmaq olmazdı. Ancaq, əvəzində, həmişə fikrən sorağında olduğum Xəzangülü tapdım. Çarəsizlikdən arzu elədiyim şəkildə — şikəst, hərəkətsiz, dilsiz-ağızsız... Sahilə — onun qəşəng və ağıllı qızı məni bu dərdin ailənin vəziyyəti ilə yaxından tanış etdi. Xəzangül ölümə məhkumdu — beş gün, on gün, kim bilir, bəlkə də çox yaşasa da, daha onun ayaq açıb yeriməsindən, adam olmasından keçmiş ola. Ona yazığım gəlir, Sakit. Sən məni başa düşürsən. Ondan çox qıza yazığım gəlir — əsir olub uşaq. Dərslərinə baxa bilmir, dolanacaqları çətindi. Bütün gününü bunun qulluğunda durmalıdı. Onun isə həyatı hələ qabaqdadı. Ona kömək eləyən, əlindən tutan bir adam lazımdı. O oxumalıdı, bir sənət sahibi olmalıdı... İstəyirsən məni qına, istəyirsən qınama. Sakit, mən bu işi öz boynuma götürməyi qərara almışam. Onsuz da mənim heç kəsim yoxdu — elə bilərəm Xəzangül mənim arvadımdı, Sahilə də balamdı. Nə qədər yaşar-yaşar Xəzangül.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, səkkizinci fəsil

Hava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.

12 dəq
Dördüncü hissə, doqquzuncu fəsil

Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.

8 dəq
Dördüncü hissə, on üçüncü fəsil

Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.

9 dəq
Dördüncü hissə, on birinci fəsil

Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.

11 dəq

Başqa şairlərin şeirləri