Üçüncü hissə, on yeddinci fəsil
Səhifə 1 / 2
Elməddinlə Rəhgüzərin ailəsinin dostluğu getdikcə möhkəmlənirdi. Boş vaxtlarında tez-tez əvvəllər utana-utana, sonra ərklə bu səmimi və mehriban ailənin qapısını açıb içəri girən Elməddin getdikcə evin bir üzvünə çevrilirdi. Xüsusilə Elməddin üçün çox ağır olan ötən günlərdə Rəhgüzərlər ailəsi ona böyük dayaq olmuş, darıxmağa qoymamış, hər vasitə ilə fikrini dağıtmağa çalışmışdı. Məleykə xanım ona bacı kimi yanaşır, məsləhətlər verir, hətta, «çirkli paltarlarını gətir, yuyum» deyə ona qayğı göstərirdi.
Rəhgüzərin uşaqları ilə, xüsusən böyük oğlu Bəbrəklə Elməddin yamanca dost olmuşdu. Bəbrək ağıllı, sözü tez başa düşən, mərifətli bir oğlan kimi Elməddinin diqqətini cəlb eləyirdi. Üçüncü sinifdə oxumasına baxmayaraq, mütaliə dairəsi çox geniş idi. Dərs kitablarından başqa macal tapıb evdə, atasının kitabxanasında olan kitablardan da oxuyurdu. Evə gələn qəzetləri ata-anasından qabaq gözdən keçirir, məmləkətdə, xaricdə baş verən hadisələr barədə müxtəlif suallar verirdi. Atasının qələmindən çıxan nə vardısa oxumuşdu; onun şair olması ilə hədsiz dərəcədə fəxr eləyirdi. Məktəbdə yoldaşları, müəllimlərin çoxu ona xüsusi ehtiram göstərirdi. Bəbrək özünü atasının adına-sanına layiq aparmağa çalışırdı, yersiz hərəkətlərə yol vermir, ağır oturub batman gəlirdi. Atasının bütün məmləkətdə məşhur adam olmasına baxmayaraq, Bəbrək lovğalıqdan, təkəbbürdən çox uzaqdı. Məhz buna görə yoldaşları onu çox sevirdi. Atasının isə əzizi idi. Divin canı şüşədə olan kimi, Rəhgüzərin də canı Bəbrəkdə idi. Azca nasaz olanda, ya başı ağrıyanda Rəhgüzər az qala özü də xəstələnirdi; dava-dərman, doktor qalmırdı ki, Rəhgüzər oğlu üçün tapmasın, gətirməsin.
Ata-oğul arasında incə, xoşagələn bir dostluq hökm sürürdü: evdə kənar adam olmayanda, ailə üzvləri miz arxasında oturanda Rəhgüzər Bəbrəklə evin böyük oğlu kimi söhbət edir, bəzi şeyləri onunla məsləhətləşirdi. Məleykə ümumiyyətlə evdə hökm sürən ülfətə, sakitliyə baxıb xoşbəxtcəsinə gülümsünürdü və fərəhdən sanki göyün yeddinci qatına qalxırdı. Ona başqa heç nə lazım deyildi. Təki uşaqlarının, ərinin canları sağ olsun, vəssalam. Qara çörək də yeyib yaşamaq olar, təki cansağlığı olsun, arada mehr və ülfət olsun.
Elməddin Bəbrəkin qapqara, mənalı gözlərinə baxıb fikirləşirdi ki, «gözəl oğlandı, ağıllı oğlandı. Gələcəyinə inanmaq olar!!».
Bir axşam miz arxasında çay içilən zaman Rəhgüzər Elməddinə göz vurub Bəbrəkdən xəbər aldı:
– Oxuyub nə olmaq istəyirsən, oğlum?
Bəbrək atəşli gözlərini qıyıb sınayıcı nəzərlərlə atasına diqqət yetirəndən sonra:
– Sənin kimi şair olmaq istəyirəm!—deyə cavab verdi. Elməddin təbəssümlə dedi:
– Bərəkallah.
Rəhgüzər isə ah çəkdi və ciddi bir tərzdə söylədi:
– Onda heç!
Məleykə təəccübləndi:
– Niyə elə deyirsən, Şəfi?
– Bunun səbəbi var, Məleykə.
Elməddin maraqlı bir söhbət eşidəcəyinə əmin olduğu halda gözlərini Məhəmməd Şəfinin ağzına dikdi. Şəfi dilləndi:
– Mən özüm sənət allahı olmaq arzusu ilə yaşayırdım, oğul. Amma gəlib adi bir şair oldum. Əgər sən mən olmaq istəyirsənsə, deməli, axırda heç bir şey olmaz.
– Elə demə, sən allah. Uşağın qəlbini qırma, — deyə Məleykə tərs-tərs ərinə baxdı.
– Yox, Bəbrək, — deyə Elməddin söhbətə müdaxilə elədi. — Atan heç də adi şair deyil. O, əlbəttə, təvazökarlıq eləyir. Adam çox vaxt öz böyüklüyünü hiss eləmir — dağlar öz əzəmətini duymayan kimi. Dağların əzəməti kənardan baxanlara daha yaxşı məlumdur.
Elməddinin bu sözləri Məleykənin çox xoşuna gəldi. Ürəyində çoxdan bəri gəzdirdiyi narazılığını açıb ortalığa tökdü:
– Kişi o qədər sadədir ki, böyüklüyü-zadı bilinmir. Bizim evə çox adamlar gəlir, Elməddin qardaş. Baxırsan, görürsən eləsi var ki, qabında, başında sən deyən bir şey yoxdu, amma özünü elə aparır ki, elə bil yeri-göyü bu xəlq eləyib. O sarışın oğlanın adı nə idi, Şəfi? hə, Cövdət xan. Cəmisi bir-iki dəfə Şəfinin yanına gəlmişdi, insafən iki-üç, Şəfinin dediyinə görə, yaxşı şer yazmışdı. Bizim kişinin də bir xasiyyəti var ki, yaxşıya-yaxşı, pisə-pis deməsə o gecə səhərəcən yata bilməz. Dedi ki, çox yaxşı şerlərdi. Sonra gələndə Cövdət özünü elə tox, şax tutmağa başladı ki, ayağım yerə yapışdı. Başladı «mənim şerlərim, mənim əsərlərim, mənim yaradıcılığım»—deməyə. Şəfi isə buna dözə bilmədi, dedi: «Oğlan, hələ sənin belə deməyin tezdi».
Küsdü, getdi. O kedəndi, gedib.
Rəhgüzər Məleykənin danışdığı bu əhvalatı xatırlayıb qəmli-qəmli gülümsündü:
– Gedib orda-burda deyirmiş ki, Rəhgüzər mənim paxıllığımı çəkir. Yaxşı şeri görməyə gözü yoxdur.
– Nanəcib adammış, — deyə Elməddin əslində görmədiyi adam haqqında qəti hökm verdi.
– Bizim sənətimizə, ədəbiyyatımıza belə adamlar ancaq ziyan vura bilərlər.
– Onlar olmasa yaxşıdı.
– Gec-tez onlar cərgədən çıxır, Elməddin... Təkəbbür, lovğalıq başlayan yerdə, yadında saxla, sənət həmişə ölür.
– Düz buyurursunuz, ustad.
Bu gün Elməddin Rəhgüzərgilə gələndə onu evdə görmədi. Bəbrək dərslərini hazırlayırdı. Qızlar onun yanına qaçıb: «Əmi» — deyə qıçlarına sarmaşdılar. Elməddin cibindən noğul və saqqız çıxarıb hər ikisinin ovcuna tökdü. Onlar atılıb-düşərək evə qaçdılar və analarına xəbər verdilər ki, Elməddin əmi gəlib, bizə də saqqız, noğul verdi. Əyninə xalat geyinmiş Məleykə xanım eyvana çıxdı:
– Xoş gəlmisiniz, Elməddin qardaş.
– Xoş gününüz olsun.
– Gəlin, oturun, indi Şəfi də gələr. Zəng eləmişdi ki, gəlirəm.
Elməddin həyətdə əyləşdi. Söyüdün altında...
Yay çıxhaçıxda idi. Havalar hiss ediləcək dərəcədə soyumuşdu. Yağmurlu, küləkli payızın nəfəsi duyulurdu. Söyüdün yarpaqlarına sarı xal düşmüşdü; tək-tək yarpaqlar saplağından üzülüb balıqlar olan hovuzun içinə düşüb üzürdü. Əlini vurmasa da Elməddin suyun soyuduğunu bilirdi. Həyətdə qərib bir sakitlik hökm sürürdü...
Məleykə çaynikdə çay gətirib mizin üstünə, Elməddinin qabağına qoydu:
– Nə zəhmət çəkirsiniz?! Belə havalardan xoşum gəlir, Məleykə bacı!
Ani sükutdan sonra Məleykə xəbər aldı:
– İşlər necə gedir, bir çətinliyin-zadın yoxdu ki?!
– Yaxşıdı, Məleykə bacı. Hələ ki bir çətinlik hiss eləmirəm.
– Olsun, olsun. Nəcməddin ağa səni incitmir ki?
– Yox. Mənnən işi yoxdur.
– Qızı nə təhərdi, bizim Zərrintac xanım?.
Bu sözü eşidəndə Elməddin ürəyinin sürətlə döyündüyünü, üzünün azca allandığını hiss elədi və Məleykənin bunu nə məqsədlə soruşduğunu ayırd eləmək üçün qadının üzünə ötəri bir nəzər saldı; Məleykənin hiyləgər bir təbəssümlə gülümsədiyini sezdi.
– Yaxşıdı...—utana-utana cavab verdi. Zərrintacın ona laqeyd olmadığını xatırladı, yanına gəldiyini və qapının ağzında dayanıb: «Mənim gəldiyimə şad deyilsən?» deyə nazla, ərkyana xəbər aldığını yadına saldı. «Qadınlar həssas olurlar. Onların gözündən tük də yayınmır. Bəlkə Məleykə xanım bir şey hiss eləyib?! Zərrintac hisslərini gizlədə bilmir və ümumən buna heç çalışmır da» — deyə o, sürətlə beynində dolandırdı. «Bəlkə o, məndən qabaq Məleykəyə bir şey deyib?!»
Həyəcanını, utandığını ört-basdır eləmək üçün piyaləyə çay süzdü və soyumağına macal verməmiş içməyə başladı.
– Zərrintac gözəl qızdı, — Məleykə astaca əlavə etdi.
Elməddin onun bu sözünü cavabsız buraxmaq istədi. Dinmədi. Lakin Məleykə təkidlə ssruşdu:
– Sən allah, düz demirəm, Elməddin qardaş?
– Hə, əlbəttə, düz deyirsən...
– Görəsən kimə qismət olacaq? Qardaşım olsaydı, alardım onun üçün.
– Elə qız yerdə qalmaz. Heç olmasa atasının var-dövlətinə görə. Yəqin istəyənləri çoxdu.
– Çoxdur, ancaq heç kəsə «hə» demir. Atasına deyib ki, kimi istəsəm ona da gedəcəyəm.
– Əgər atasına elə deyibsə, cəsarətli qızdır.
– Hə, cəsarətli qızdır.
Burada söhbət qırıldı. Kiçik qız anasını evə çağırdı. Məleykənin bu söhbəti başlamaqda ayrı məqsədi vardı, istəyirdi ki, Elməddinin ağzını arasın, Zərrintac haqqında ürəyini bilsin. Fikri bu idi ki, Elməddin onu — Zərrintacı alsın. Kasıb və kimsəsiz oğlan idi, əli çörəyə çatardı. Qız da artıq yetişmişdi. Düzdü, ərköyün böyümüşdü, ancaq atasının var-dövlətiylə onu elə axıra qədər ərköyün dolandırmaq olardı. Nəcməddin özü qocalmışdı, bu gün sabah köçünü çəkib dünyadan gedəcəkdi. Kişinin mal-mülkünə görə isə Zərrintaca göz dikən çox idi. Lakin qız heç kəsə boyun qoymurdu. Dünyanın ən varlı adamı belə nə atasının, nə də Zərrintacın gözünü qamaşdıra, ağlını oğurlaya bilməzdi. Elməddinin təhər-töhüründən, danışığından, rəftarından yaxşı, təmiz adam olduğunu təkcə Məleykə yox, Rəhgüzər özü də, ağayi Nəcməddin və bəlkə Zərrintac da bilirdi və ya hiss eləyirdi.
Məleykə sadəcə olaraq dünyada tək-tənha, kimsəsiz qalmış Elməddinin halına, taleyinə acıdığına görə bu fikri başından çıxara bilmirdi. Bu barədə o, əri ilə də neçə dəfə söhbət eləmişdi. Rəhgüzər arvadına diqqətlə qulaq asıb:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-on-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nadirə xanım maqnitafon lentində Ceyhunun Reyhan adlı bir qadınla danışığı həkk olunmuş parçanı axırıncı dəfə dinləyən kimi mayor Hacı Əliyevə zəng eləyəndən yarım saat keçməmiş, o, özünü yetirmişdi. Nadirə əzgin, kədərli vəziyyətdə Hacını qarşılamış, içəri, Ceyhunun otağına dəvət eləmiş, mayor da keçib xırda stulda oturmuş, dər-divarı Ceyhunun şəkilləri ilə bəzənmiş otağa göz gəzdirib Nadirənin - aman-zaman bir balasını itirmiş bu ananın halına yanmışdı, qəlbən yanmışdı. Və hardasa, ürəyinin dərinliklərində Ceyhunu qətlə yetirən o vicdansızı indiyə qədər tapa bilmədiyinə görə özündən narazı qalmışdı. Nadirənin kədərli gözlərinə baxmağa da utanırdı Hacı. Nadirə xanım isə ona sual dolu baxışlarını zilləmişdi, ondan nə isə yeni bir məlumat eşidəcəyi ümidini hələ itirməmişdi. Hacı isə divardakı şəkillərə tamaşa edirdi. Nadirə xanım axırı dözməyib soruşdu:− İşdən təzə nə xəbər var, Hacı qardaş?
Birinci hissə, dördüncü fəsilMay günəşi ağ buludların arası ilə axıb günbatana doğru gedirdi. Havada yüngül meh vardı, balkonun qabağında əkilmiş hündür, artıq qocalmaq üzrə olan çinarların körpə yarpaqlarını yüngülcə titrədirdi.Şənbə günü olduğundan həyətdəki uşaq bağçasının qapıları bağlı idi, hay-küy yox idi. Ancaq üstü şiferlə örtülmüş «besedka»nın altında üç-dörd oğlan uşağı oturmuşdu, nə barədə isə danışıb gülürdülər. Hacı gedəndən sonra evdə qərar tuta bilməyən Nadirə bu səs-küyə balkona çıxmışdı, kədərli-kədərli onlara baxırdı. Neçə illər qabaq onun Ceyhunu da öz yoldaşları ilə tez-tez orada oturardı, onlardan biri gitara çalardı. Qəribə idi ki, Nadirə indi də o uşaqlara baxa-baxa gitaranın səsini eşidirdi və fikrən Ceyhunu da o sehirli gitara səsi qaytarıb bu uşaqların arasına gətirirdi. Nadirə bir neçə dəfə az qala ağzını doldurub «Ceyhun» deyə oğlunu evə çağırmaq istəmişdi. Ancaq beynində, xəyalında birdən o gitara susmuş, əvəzində yarımçıq lent yazıları səslənmiş və ananın əlini-ayağını soyutmuş, dilinə qıfıl vurmuşdu. Burda da duruş gətirə bilməyən Nadirə otağa keçmiş, itiyi itmiş adam kimi ora-bura vurnuxmuşdu. Səhər tezdən dolma büküb asmışdı. Yarpağın xoş ətri evi başına götürəndə mətbəxə gəlib qazı söndürmüş, ac olduğuna, artıq nahar vaxtının çoxdan ötdüyünə baxmayaraq, qazanın ağzını da açmamışdı.
Birinci hissə, beşinci fəsilAmma belə deyildi. Gülmirə indi özünü çox xoşbəxt sanırdı – əlbəttə, bu xoşbəxtlik nisbi xoşbəxtlik idi, gözü-könlü tox olan Gülmirəyə bəs eləyəcək xoşbəxtlik idi. Əvvələn, Orxanın evinə köçməyi onun qəlbini xeyli toxtatmışdı, qəribə bir nisgil içində olsa da, Gülmirənin Orxansız günləri sona çatmışdı– fikrən, qəlbən Orxanlı idi o indi. İkincisi, Orxanın o zaman açıb-ağartmadığı o böyük məhəbbət hələ də bitib-tükənmirdi, davam eləyirdi. Məsələ burasında idi ki, Gülmirə dəmir qapısına «Orxan Əlizadə» sözləri yazılmış bu otaqlara köçəndən xeyli sonra, növbəti yır-yığışların birində, arakəsmənin üstündə düzəldilmiş taxçadan bir ümumi dəftər tapmışdı. Dəftər Orxanın əliylə yazılmışdı – hamısı şer idi. Onu tapanda Gülmirə böyük bir xəzinə tapmış adamdan çox sevinmişdi. Qəribə idi ki, dəftəri ürəyi atlana-atlana vərəqləyib axıra çıxanda özü də gözləmədən belə bir qərara gəlmişdi ki, bu dəftəri birdən-birə oxumayacaq. Tez qurtarar və sonra Gülmirə neyləyər? Hər gün, ya həftədə bir şer oxuyacaq və elə biləcək ki, bu şeri Orxan bu gün yazıb! Və beləliklə, o, Orxanın hər gün isti səsini, doğma sözünü eşidib sevinəcək. Bu isə, böyük səadət idi onun üçün. Qəlbi təzədən Orxana qarşı dərin, şirin bir duyğu ilə dolmuşdu. Qəribə bir sövqi-təbii ilə duymuşdu ki, Orxan bu şerləri onun eşqilə, onun üçün yazıb və bu, onun qəlbini kədər qarışıq bir sevinclə doldurmuşdu. Birinci gün, dəftəri tapdığı anlarda, gəlib miz arxasında oturaraq, birinci şeri – cəmi dörd misradan ibarət şeri oxumuş və gözləri yaşarmışdı:
Birinci hissə, altıncı fəsilƏsəd yorğun-arğın xəstəxananın daş pillələrini aşağı düşüb arakəsməli, şüşəli qapıdan çölə çıxan kimi, ayaq saxlayıb bir siqaret yandırdı. Əhvali-ruhiyyəsi yaxşı idi. Xəzangülün səhhəti babatlaşdıqca Əsədin kefi durulurdu. Xəzangül yeyib-içir, rəngi-rufu açılır, üzünə həkk olunmuş əbədi kədər, əbədi bədbəxtlik ifadəsi dava-dərmanın, qayğının əlilə silinib yox olurdu. Sahilə də Əsədin gözünə yaxşı dəyirdi – qızın həyatı bir az nizama düşmüşdü. Daha az ora-bura qaçırdı, bütün günü dərsdə, evdə olurdu, axşamlar isə anasının yanına gəlib Əsədi azad edirdi. O, xəstəxanaya gələn kimi, palatada anasını çarpayısında uzanmış, Əsədi isə aşağı tərəfdə, kətilin üstə oturmuş görüb sevinc içində salam verirdi, yaxınlaşıb anasının üzündən öpürdü, Əsədin əhvalını xəbər alırdı. Yarım saat ordan-burdan, məktəbdən, xəstəxanadan söhbət eləyib, bir az deyib-güləndən sonra, Əsəd ayağa qalxır:− Bax, xəstəmizi sağ-salamat sənə təhvil verdim, yoldaş gecə növbətçisi! – deyir və xudahafizləşib gedirdi. Xəzangül neçə dəfə ikisi bir yerdə olanda, keçmiş xatirələrin üstünə qayıtmaq, illər uzunu qəlbini, həyatını didib parçalayan «günahları»nı dilə gətirib yüngülləşmək, o ağır yükü birdəfəlik yerə qoyub rahat nəfəs almaq istəmişdisə də, Əsəd buna imkan verməmişdi, açıq-aşkar etirazını bildirmişdi:
Başqa şairlərin şeirləri
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Yox, mənə deməyinYox, mənə deməyin"çox yazma,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur