Elməddin evdə tək-tənha oturmuşdu. İki saatdan çox idi ki, o, Rəhgüzərgildən gəlmişdi, ancaq orada olan söhbətlərin və qanıqaralığın təsirindən hələ də qurtara bilməmişdi. Saat on ikiyə işləyirdi; hər gün o, bu vədə yatağına uzanır, dağı arana, aranı dağa köçürəköçürə yuxuya gedirdi. Lakin bu gün yuxusu ərşə çəkilmişdi. Rəhgüzər onun gözlərinin qabağından çəkilib getmirdi. Canlı-cüssəli, sağlam, gümrah Məhəmməd Şəfi, Əli Tüğyanın həmləsindən sonra qaralıb tutulmuşdu, tez-tez fikrə gedir, iri, qara gözləri yol çəkirdi. Hərdən qızışıb yana-yana danışır, hərdən də susub durur, beynində nəyisə ölçüb-biçirdi, Məleykə özünü şad göstərməyə və beləliklə də, ərinə ürək-dirək verməyə çalışırdısa da, bu, çox vaxt süni təsir bağışlayırdı. Bunu o özü də hiss etdiyindəndi ki, tez-tez tutulur, sinədolusu ah çəkirdi. Bu gecəki bütün söhbətlər ancaq və ancaq Əli Tüğyanın ətrafında hərlənirdi. Ər də, arvad da onun nəmək-bəharamlığından, dönük və əqidəsiz adam olduğundan danışırdı. Məlum olurdu ki, o da bir vaxt, kasıb və işsiz olanda bu evin açıq süfrəsi başında çox oturmuş, dərdi-dil eləmiş, Rəhgüzərdən yazıları barədə məsləhət almış və onun yaxşılıqlarını heç zaman unutmayacağına söz vermişdi. Rəhgüzərin fikir və görüşlərinə şərik olduğunu bildirmiş, vətəni və bədbəxt milləti barədə çox yanıqlı sözlər demişdi.

Hərdən Elməddinə elə gəlirdi ki, onlar — Şəfi və Məleykə Əli Tüğyan haqqında dedikləri sözləri ona eşitdirmək istəyirdilər; axı o da onların ev adamı olmuşdu, Əli Tüğyan kimi. O da şerlərini, hekayələrini əvvəl Rəhgüzərə oxuyur və məsləhət alırdı. Rəhgüzərin onun boynunda haqq-sayı çox idi. O, demək olar ki, Elməddini uçurumun lap qırağından çəkib gətirmiş, işlə, çörəklə təmin etmişdi. Əslində o, Rəhgüzərin çörəyini yeyirdi. Elməddin düşünürdü ki, bu sözlər ona deyilir: «Qızım, sənə deyirəm, gəlinim, sən eşit...». Axı bir çox cəhətdən indi Elməddinin getdiyi yol da Əli Tüğyanın getdiyi yola bənzəyirdi. Əli Tüğyan milyoner Mumtazın — qəryədar Qulamın qardaşının, Ətiqullanın atasının kölgəsi altına sığınmışdısa və duz-çörək kəsdiyi, ustad adlandırdığı Rəhgüzərlə üzbəüz dayanıb onun məfkurəsinə, özünə atəş açırdısa, o da ağayi Nəcməddinin qanadı altına girmişdi; milyoner Mümtazla Nəcməddinin arasında əslində heç bir fərq yox idi və sanki onlar bir alma idi, yarı bölünmüşdü. Elməddin də Əli Tüğyan ola bilərdimi? Onun kimi üzüdönük çıxıb Rəhgüzərlə əlbəyaxa ola bilərdimi? «Yox, heç vaxt»,— deyə o özünün bu fikrindən dəhşətə gəlmiş kimi bərkdən səsləndi və həyəcanını boğmaq üçün papiros yandırıb sümürdü, — «heç vaxt, ustad. Mən sənin, sənin təmsil etdiyin adamların — yoxsulların, binəsiblərin əleyhinə çıxmaram, ustad. Çünki sənin işin haqdı və mən haqq üçün, heç bir şeyimi, hətta canımı da əsirgəmərəm. Əgər siz mənim haqqımda belə düşünsəniz, məni təhqir etmiş olarsınız».

Onun fikri dolanıb hələ üzünü görmədiyi, adını eşidib, bir neçə şerini oxuduğu Əli Tüğyanın üstünə gəlirdi. Bəli, məsləksiz adamdır. Buna şübhə ola bilməz. Belə adamlar öz dünənini — aclığını, çılpaqlığını tez unudur. Onlar üçün məsləkin, əqidənin qara qəpik qədər qiyməti yoxdur. Rəhgüzər «Pərçəm»in səhifələrindən bir ovuc sərmayədara — xalqın qanını sorub bir tikə yavan çörəyə möhtac qoyan adamlara sərrast atəş açdığı məqamda, Əli Tüğyan arxadan düşmənlər tərəfindən əlinə verilmiş iti bıçağı onun kürəyinə saplayır, səsini batırmaq istəyirdi. Bu satqınlığı, rəzilliyi, alçaqlığı Elməddin təsəvvür etdikcə Əli Tüğyana qəzəbi daha da artırdı. «Bağa qınından çıxdı, qınını bəyənmədi» məsəli yadına düşdü və gözlərinin qabağına həqiqətən qınından çıxmış çirkin, çılpaq bir bağa gətirdi və çimçəşdi. Sonra durub miz arxasına keçdi. Qələmi götürüb ağ səhifə üzərində təsəvvüründə canlandırdığı bağanı rəsm etdi, boynuna bir qalstuk taxdı. Boş qını isə bağa öz təpiyi ilə vurub kənara atırdı. Bağanın üstünə yazdı: «Əli Tüğyan!» Altında isə bu sözləri həkk etdi: «Nə çirkin qındır bu, tfu!»

Karikaturanı özünə xas səliqə ilə işləyib kənara qoydu. İki-üç dəfə baxdı.

«Verəcəyəm Rəhgüzərə, qoy «Pərçəm»də nəşr etsin. Belələrini cavabsız qoymaq olmaz...» — deyə düşündü. İndicə Rəhgüzərgilə getmək, şəkli ona göstərmək arzusu ürəyində baş qaldırdı. Saata baxdı, gec idi, birin yarısı olmuşdu.

«Səhər göstərərəm!»

Səhəri gözləri ilə açdı, yuxusu gəlmədi ki, gəlmədi. Saat səkkizdə sürücü onun dalınca gələndə o, artıq çoxdan hazır idi. Maşını idarəyə yox, birbaşa Rəhgüzərgilə sürdürdü. Məhəmməd Şəfi tezdən onun gəldiyini görüb qorxdu, nigaran halda soruşdu:

– Nə olub, Elməddin? Elməddin onu sakitləşdirdi:

– Qorxulu heç bir şey yoxdur.

– Bəs gözün-zadın niyə qızarıb. Ağlayan adama oxşayırsan?

– Yox, ağlamamışam, ancaq yatmamışam. — Niyə? Elməddin gülümsündü:

– İçəri keçək, sənə bir şey göstərəcəyəm, ustad?

– Hə?

İçəri keçdilər, Məleykə onu mehribancasına salamladı. Elməddin portfelindən karikaturanı çıxardıb stolun üstünə qoydu. Rəhgüzər diqtətlə baxıb:

– Özün çəkibsən? — deyə xəbər aldı.

– Hə.

Rəhgüzər davamlı nəzərlərini Elməddinin yuxusuzluqdan qızarıb şişmiş gözlərinə zilləyib baxdı, baxdı və birdən qüvvətli qolunu onun boynuna dolayıb üzündən öpdü:

– Əcəb, əcəb. Çox sağ ol, Elməddin. Sən yaxşı rəssam imişsən.

– Elə belə, hərdən özümçün çəkirəm.

– Yox, özünçün çəkməkdən bir şey çıxmaz, Elməddin. Xalq üçün çəkmək lazımdır, qardaşım. Şəklin dili daha anlaşıqlı olur. Bizim qəzetə sənin kimi karlı bir rəssam lazımdı. Axı sən bilirsən ki, bizim xalqın çoxu savadsızdı. Biz belə karikaturalarla daha çox iş körə bilərik.

– Bunu qəzetdə verə bilərsənmi, ustad?

– Əlbəttə. Əgər karikatura şəxsən mənə aid olsaydı, mən bunu etməzdim. Ancaq o, ümumən bizim qrupun məfkurəsinə atəş açdığına görə, cavabsız qoymaq olmaz. Məleykə, bura gəl, gör Elməddin nə çəkib? — deyə o, yan otaqdan Məleykəni səslədi. Məleykə şəkli görəndə güldü:

– Elməddin qardaş çəkib?!

– Hə

– Necə də tutarlı deyibsiniz?! «Bağa qınından çıxdı, qınını bəyənmədi!» Əli Tüğyanı elə tutur ki, heç olmayan kimi. Ürəyimdən tikan çıxartdın, Elməddin qardaş, Sağ ol.

Elməddin karikaturanı Rəhgüzərgildə qoydu, ər-arvadın səhər yeməyini onlarla bir yerdə yemək təklifini lütfkarlıqla rədd edib işə yola düşdü.

Gecəni səhərəcən yatmadığına baxmayaraq o, özünü gümrah və şad hiss eləyirdi.

Mubarizə başlayırdı. Elməddinin mübarizəsi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on səkkizinci fəsil

Heyranın gəlişi ilə Nəcməddinin çoxdan bəri sükunətə qərq olmuş malikanəsində həyat əvvəlki qaydasına düşürdü yavaş-yavaş. Nə vaxtdan qadın nəfəsi, qadın əli dəyməyən ev-eşik indi isinmişdi, səliqə-sahman yaranmışdı. Ürək sıxan məhzunluq, kədər harasa uçub getmişdi. Tək qalıb çox zaman öz-özünə danışan, körpə ilə oynayan, başını qatmağa çalışan, ancaq bütün bunlarla da həyatında əmələ gəlmiş boşluğu doldura bilməyən, buna görə də son dərəcə üzüntülü günlər keçirməyə məcbur olan Əbdül, Heyranın gəlişini əvəzsiz bir nemət kimi qiymətləndirir, söhbət etməyə, dərdi-dil eləməyə, məsləhətləşməyə bir həmdəm, bir nəfəs tapdığından uşaq kimi sevinir, yerə-göyə sığışmırdı. O indi bu evin ağası, başıpapaqlısı, külli-ixtiyar sahibi olsa da, özünü lap Dünya xanımın, ağayi Nəcməddinin sağlığında olduğu kimi sadə, demək olar ki, nökər kimi aparır, qüdrətini, gücünü hiss etdirmir, mehribanlığı, qayğıkeşliyi, canıyananlığı ilə Heyranın xoşuna gəlməyə çalışır, burada özünü qərib, kənar adam kimi hiss eləməyə qoymurdu. Danışır, gülür, Heyranın sıxılmasına, çəkinməsinə qətiyyən imkan vermirdi. İstəyirdi ki, o, şad yaşasın, boş-bikar qalıb çox istədiyi mərhum ərinin yoxluğu barədə düşünməsin: unutsun onu da, dərdini də. Lap əvvəl gündən, burada qalacağının razılığını aldığı gündən Əbdül Heyranı yaxşıca yedirdib qonaq eləyəndən sonra yanına salıb otaqları bir-bir gəzdirmiş, evin üzdə olan bər-bəzəyini göstərmişdi. Heyran siftə gələndə bu otaqlara ötəri baş çəkmişdi, ancaq, həyəcanlı olduğundan, heç nəyə diqqətlə, doyunca baxa bilməmişdi, indi arxayın-arxayın hər şeyə tamaşa eləyir, zəngin, müzəyyən bir muzeyi xatırladan otaqlar, ömründə heç vaxt, heç yerdə belə bərbəzəkli ev-eşik görmədiyi üçün onun gözlərini qamaşdırır, könlünü oxşayır, fərəhləndirirdi. Dünya bacısının bu cah-calal sahibi olması ona qəribə, inanılması mümkün olmayan bir nağıl, əfsanə kimi görünürdü. Əbdülün dediyindən məlum olurdu ki, bu otaqlar elə beləcə, bax bu səliqə-sahmanda da qalmalıdı, çünki onu Dünya xanım belə düzəltmişdi, Əbdül istəmirdi ki, bu nizam pozulsun. Heyran evləri silib-süpürəcək, ancaq səliqə-sahman elə-belə, olduğu kimi qalacaq. Sonra Əbdül Heyranı həyət-bacada gəzdirmiş, qarajı, hamamı, anbarı, vaxtilə özünün yaşadığı hücrəni göstərmişdi. Hücrənin içinə baxanda Əbdül ona demişdi:– Mən buranı sizin üçün nəzərdə tutmuşdum. Demişdim ikiniz yaşarsınız. Ancaq... qismət olmadı. Heyran kədərli-kədərli köks ötürüb:

13 dəq
İkinci hissə, on doqquzuncu fəsil

Aylı-ulduzlu, ayazlı mart gecəsi idi. Qar ərimişdi, ancaq şaxtalar hələ sınmamışdı. Xüsusilə gecələr bərk soyuq olurdu, çuxurlarda, gölməçələrdə sular donur, damların üstündən axan damcılar səhərəcən şüşələnib iti, uzun buz parçası olurdu.Saat on ikidən keçmişdi. Həmişəki adəti üzrə, Şəfi öz otağında oturub işləyir, siqareti siqaretin oduna yandıraraq yazıb-pozurdu. Hərdən də yanındakı başıpapaqlı çaydandan piyaləyə çay süzür, bir-iki qurtum içir, ağzının acısını alırdı. Məleykə də, uşaqlar da çoxdan yatmışdı. Evdəki gecə sükunətini divardakı asma saatın yeknəsəq çıqqıltısından başqa heç nə pozmurdu. Şəfi təzə şer yazmışdı. Qaralama vərəqdən böyük, ümumi dəftərə köçürəndən sonra, «görüm necə səslənir?» — deyə son bəndi ucadan oxumağa başladı:

12 dəq
Üçüncü hissə, birinci fəsil

Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

7 dəq
Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 dəq

Başqa şairlərin şeirləri