Dördüncü hissə, on üçüncü fəsil
Əfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə.
...Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:
– Elmi, Elmi.
Ondan təbii ki, cavab gələ bilməzdi. Onda Əfsanə zar-zar ağladı:
– Sənə qurban olum, Elmi! Sənə hansı namərd qıydı, sən kimə neyləmişdin, ay qurbanın olum? — Çarpayıda, yanında oturdu, əyilib qanlı üzündən öpdü, öpdü. — Sağlığında səni doyunca öpə bilmədim, əzizləyə bilmədim, qoy indi öpüm. Elmi, qoy doyunca öpüm, Elmi, qoy doyunca öpüm, əzizim. — Əfsanə, həqiqətən, Elməddinin qanı qurumuş üzündən, dodaqlarından sonsuz bir həsrətlə öpürdü, doydum demədən öpürdü. Dikəldi, qapı ağzında uzanmış Simini görəndə, səksənən kimi oldu. Ona nə olub? O, niyə bura yıxılıb? Hə, yadına düşdü, — onu içəri girəndə görmüşdü, ancaq unutmuşdu. Aman allah, onu da öldürüblər. İkisini də birdən... Beyni açıldı, huşu duruldu: «Bəs qız hanı?».. — bu fikirlə o özünü dəli kimi çölə atanda... Məleykənin, Bəbrəkin, balaca Əfsanənin gəldiyini görüb dayandı...
Məleykə də ona qoşulub ağladı. Evdə təzədən vay-şivən qopdu. Bəbrək içəri keçdi — Siminin, Elməddinin meyitinə baxıb çıxdı. Az sonra... Əhədullanı, Fatiməni gətirdi. Fatimə qızının bədəni üstünə çöküb fəryad qoparanda... Əhədullanın səssiz-səmirsiz göz yaşı yanaqlarına axmağa başladı.
...Ertəsi gün... həyətdən iki meyit çıxartdılar. Adam az idi, qonum-qonşu gəlmişdi... Dostlarından heç kəs yox idi — həbsxanada idi hamısı...
Mövcud adətə görə, qadın qəbiristanlığa getməməli idi. Ancaq kişilər cənazələri qaldırıb həyətdən çıxanda Əfsanə də çarqatını çiyninə saldı:
Əhədulla çəp-çəp ona baxdı:
– Olmaz, qız!
Əfsanə başını mənalı-mənalı tərpətdi:
– Olar, əmi. Olar!
– Axı adət deyil.
– O adət deyil, bu adət deyil... Aman allah, bu nə tilsimdi Yox, qoy kim nə deyir, desin. Mən də gedəcəyəm. Mən öz əzizlərimi dəfn etməyə gedəcəyəm, kişi!
«Əzizlərim» — sözü Əhədullanın qəlbini yumşaltdı.
– Nə deyirəm, özün bilən... məsləhətdi,
Əfsanə tərpənəndə... balaca Əfsanə onun əlindən tutdu.
– Mən də gedirəm, xala!—dedi. Bu zaman Fatimə uşağın donunun ətəyindən yapışıb geri çəkdi.
– Sən getmə, qız.
– Yox, gedirəm. Xalamnan gedirəm, — söylədi və çırpınıb nənəsinin əlindən çıxdı, qaçıb Əfsanəyə çatdı.
Əfsanə... geri dönüb Fatiməyə küskün-küskün baxaraq;
– Dəymə, qoy getsin, xala, — dedi.—Adamın ata-anası hər gün ölmür. Qoy görsün, yadında qalsın.
Ancaq Fatimə qızının, kürəkəninin meyitini görəndən sonra deyəsən key kimi olmuşdu — Əfsanənin yavaşcadan söylədiyi bu sözləri ya eşitmədi, ya da başa düşmədi. Elə baxa-baxa qaldı. Əfsanə Əfsanənin əlindən tutub... kişilərin dalınca addımladı.
Ertədən... yanaşı iki qəbir qazılmışdı. Biri dərin idi əvvəlcə dərin qəbrə Simini qoydular, üstünü torpaqladılar Sonra Elməddinin cənazəsini qəbrə salladılar.
Əfsanə... uşağa görə hay-haray salmadı. Sakitcə, xısın xısın ağladı. Qəbir üstündə, təkcə bunu düşündü ki, kaş sənin yerinə mən öləydim, Simin. Heç olmasa Elməddinlə torpaqda yanaşı yatardım...
...Nə yaxşı ki, Əhədulla varmış. O, Elməddinin ən yaxın adamı kimi, qaynatası kimi, qəlbinə dəyən bu qoşa yaranın ağrısına kişi kimi dözərək o iki cavanın dəfninin əziyyətini çəkdi. Ağsaqqal kimi irəli durub yas məclisini yola verdi ilk böyük uşağını itirdiyindən heç cür toxtaya bilməyən arvadını, dünyada yeganə, əziz adamını itirdiyindən bərk sarsılan Əfsanəni, öz balası kimi ovundurmağa, təsəlli verməyə çalışdı.
Bəli, Əhədulla başa düşən insan idi. Əfsanənin Elməddinin, Siminin bu nagahani ölümündən yanıb külə döndüyünü görürdü... Onların — Elməddinlə Əfsanənin macərasın bildiyindən o bədbəxt qıza həmişə yazığı gələrdi. Üstəlik Əfsanənin bu dolaşıq, qatmaqarışıq dünyada hələm-hələm kişilərin qoruyub saxlaya bilmədiyi dəyanətini, mərdliyini, məhəbbətini yüksək qiymətləndirirdi. Buna görə Əhədulla Elməddindən sonra, onun vaxtilə elədiyi bütün yaxşılıqlarının əvəzini bu dərdli qadına qaytarmağın — borcundan ancaq bu yolla çıxmağın mümkün olduğunu da anlayırdı.
«Elə bilərəm öz qızımdı, öz bacımdı...» — deyə düşünürdü. Axşam hüzr yerinə gələn beş-altı qonum-qonşu çəkilib gedəndən sonra, Fatimə arvadın gözlənilmədən ortalığa atdığı çox mühüm məsələdə Əhədullanın bircə sözü kifayət oldu.
Fatimə arvad... evə, uşaqlarının yanına getmək istəyəndə... nəvəsini də özü ilə aparmaq istədi. Üzünü uşağa tutub:
– Geyin, bala, — dedi, — gedək.
– Hara, nənə?
– Gedək bizə. Daha sən burda qalmayacaqsan. Burda anan yox, atan yox. Orda yenə uşaqların yanında başın qarışar.
– Yox, mən getmirəm. Mən xalamın — Əfsanə xalamın yanında qalıram, — dedi uşaq.
– Kəs səsini. «Xalamın yanında qalıram». — deyə Fatimə uşağın üstünə çımxırdıqda... Əfsanə dilləndi:
– Fatimə bacı, qoy qalsın burda. Mən də təkəm.
– Yox, qız, sən nə danışırsan? O mənimlə gedəcək. Burda onun daha nəyi var?..
– Burda... mən varam, Fatimə bacı. Həm də bu, onun atasının evidi — qoy uşaq qalsın atasının xanimanında.
Fatimə daş atıb başını tutdu, iki ayağını bir başmağa dirəyib «yox!» — dedi. Bu zaman Əhədulla öskürüb sözünü söylədi:
– Qız burda qalacaq, Fatimə. Əfsanənin yanında. O da bizim uşağımızdı. Başa düşdün?
Bu söhbəti eşidən uşaq durub Əfsanənin yanına gəldi, ona sığındı. Əfsanə, anası kimi, onun ipək saçlarını sığalladı, əzizlədi. Uşaq pişik kimi bu nəvazişdən xoşhallanıb dedi:
– Mən həmişə sənin yanında qalacağam, xala.
– Əlbəttə, qızım. Sən həmişə mənim yanımda qalacaqsan... Mən səni böyüdəcəyəm, oxudacağam, qızım. Bu il səni məktəbə aparacağam, yazıb-oxumaq öyrənəcəksən, qibləgahının kitablarını oxuyacaqsan... Xoşbəxt olacaqsan, qızım.
Əl-ayaq çəkiləndən, tək qalandan sonra Əfsanə düşündü ki, mehrini ona salan o məsum körpənin xatirinə hər necə olursa-olsun bu Elməddinsiz dünyada yaşamaq, Əfsanəni yaşatmaq lazımdı. Axı o... çox sevdiyi Elməddinin yadigarı idi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-on-ucuncu-fesil-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Havalar isti keçirdi. Səhər saat ondan ta üçə qədər elə bürkü olurdu ki, nəfəs almaq çətinləşirdi. Bütün günü göynəkdə gəzən adamlar günəş qüruba doğru əyilən kimi, hava birdən-birə soyuduğundan pencək geyməli olurdular. Şəhəri üzük təki əhatə eləmiş dağlardan soyuq axıb üzü aşağı gəlirdi. Gecələr isə adam əməlli-başlı üşüyürdü...Saat beşə qalmış Elməddin işdən çıxdı. Çoxdan piyada gəzmədiyini xatırlayıb sürücünü qaraja göndərdi, özü isə əlində tutduğu açarları oynada-oynada asta addımlarla yaşıl küçə ilə evə sarı yönəldi. Elə bir təcili işi yox idi, beynində yorğunluq hiss eləyirdi. Şəhərdə gəzib-dolanmaq, azacıq dincəlmək istəyirdi. Anasından cavab almadığına görə həddən artıq nigaran olan Elməddin nə idarədə, nə evdə rahatlıq tapa bilirdi. O biri yandan da Əfsanənin fikri onu kölgə kimi izləyirdi; həmişə gözlərilə onu axtarır, bir gün, bəlkə elə bu şəhərdə rastlaşacaqlarına inanırdı. Məhz bu inam onu üzürdü, qərarını əlindən alırdı.
Üçüncü hissə, on dördüncü fəsilMaşın təzə şəhərin ucqarında, dar döngəli küçənin tinində dayandı: Ətiqulla taksi şoferinin pulunu verib yola salandan sonra Elməddinə işarə elədi:– Dalımca gəl.
Üçüncü hissə, on beşinci fəsilElməddinin fikri dağınıq idi. Küçədə məst adamlar təki yeriyir, gözü ayağının altını görmürdü. İlk dəfə idi ki, kənddən çıxıb şəhərə gəldiyinə peşmançılıq çəkirdi. Orda həyat sakit idi. Yoxsulluq, səfalət orda da hökm sürürdü; ancaq bu, o qədər də nəzərə çarpmırdı. Hamının güzəranı təxminən bir-birinə oxşayırdı. Qəryədar Qulamdan, imamdan başqa. Hamı «elnən gələn dərd toy-bayramdı», «Allah kərimdi» deyib əlinə düşən yavan çörəyini yeyərək göydəki «gözəgörünməz kişiyə» şükür eləyirdi. Orda insanın ürəyinə hər addımbaşı zərbə-zərbə üstündən dəymirdi; haqsızlıqlar, aclıq, yoxsulluq adamın ürəyini yeyib çürütmürdü.Lakin şəhər... Şəhər həyatı addımbaşı ürəkyaxan, ürək parçalayan hadisələrlə dolu idi. Başa düşən, anlayan, az-çox ürəyində millət qanı olan həssas adam üçün burda yaşamaq cəhənnəmdə gün keçirmək, hər gün bir az ölmək kimi bir şeydi. Burada öz dərdin də yaddan çıxır, sən küçələrdə gördüyün kor-şil dilənçilərin, əl açıb dilənən körpələrin dərdini unuda bilmirsən. Yediyin, içdiyin haram olur. Və sənin ürəyin qocalır, saçların vaxtsız ağarır...
Üçüncü hissə, on altıncı fəsilŞad xəbər kimi, bəd xəbər də tez yayılır. Bəlkə bir az da tez. Elməddinin anasının ölüm xəbəri səhəri gün onun hələ barmaqla sayıla biləcək qədər az olan dostlarının qulağına çatdı. Bunu Zərrintac elədi.... Səhər Elməddin ayılanda pal-paltarlı yatdığını görüb təəccüb elədi. Yuxu ona anasının ölümünü elə bil unutdurmuşdu. Otaqda var-gəl elədikdə gözü stolun üstündəki açıq məktuba sataşanda hər şeyi xatırladı. Anası ölmüşdü. Titrək əlini uzadıb kağızı götürdü və təzədən diqqətlə oxudu. Qəryədar Qulamın kiməsə yazdırdığı kağız yalan və zarafat ola bilməzdi. «Anana yazdığın məktubu biçarə arvad ala bilmədi. Çünki sən gedəndən iki ay sonra Səbihə — sənin əziz anan Allahın rəhmətinə getdi». Bu sözləri dönə-dönə oxudu, sanki burada dərk ediləsi çox çətin olan bir məsələ yazılmışdı; onu anlamaq, başa düşmək istəyirdi.
Başqa şairlərin şeirləri
Nə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
بر خاک نظر کرد که زر میسازمبر آب گره زد که گهر میسازم
PayızBudaqdan yarpaqlar uçub gediblər,birinin xətrinə dəyiblər, qalıb.