Maşın təzə şəhərin ucqarında, dar döngəli küçənin tinində dayandı: Ətiqulla taksi şoferinin pulunu verib yola salandan sonra Elməddinə işarə elədi:

– Dalımca gəl.

Elməddinin ürəyi titrəyirdi. Vücudunu anlaşılmaz, qorxulu duyğu sarmışdı. Ayağının biri gedirdi, biri yox. İçdiyi viskinin təsiri azalmışdı; o, tam ayıq idi. Əfsanəyə burada — bu dəhşətlər, əyləncələr məskənində rast gəlmək hissi onun əl-ayağını buza döndərmişdi. Özünü təskin etməyə çalışırdı: «Yox, Əfsanə ölüb. O, burada ola bilməz».

Darvazanın qapısı ağzına, yerə basdırılmış dirəyə «Münsif hotel» sözləri yazılmış lövhə vurulmuşdu.

– Bura mehmanxanadı ki, — deyə Elməddin ayağını sürütləyə-sürütləyə irəlidə gedən Ətiqulladan soruşdu.

– Hə mehmanxanadı. Bizim cəmiyyətdə hər şeyi öz adı ilə çağırmamağa çoxdan öyrəşiblər... Sən hələ bilmirsən?

– Yavaş-yavaş öyrənirəm, — deyə Elməddin kinayə ilə cavab verdi.

– Öyrən, öyrən!! Lazımın olar!!

Həyətə girdilər. Talvarın altında kök, eni ilə uzunu güclə seçilən, yaşı qırxı çoxdan adlamış bir qadın taxtın üstündə oturub piyalədə yaşıl çay içirdi. Müştərinin gəldiyini görən kimi arvadda tərpəniş yarandı. Dizinin böyrünə qoyduğu dəsmalı götürüb dolu, qırmızı sifətindəki tər damcılarını silib üzünü yellədi.

– Uff... istidən bişdik. — dedi. Uzaq da olsalar Elməddin qadının kişi səsinə bənzər səsini eşitdi.

Qadın gələnlərə diqqət yetirdi və Ətiqullanı tanıyıb:

– Hə, sənsən?. Ay qaçaq, hardasan? Heç yoxsan, gəlib eləmirsən, demirsən mənim Həsrət xalam ölüb-itib? — dedi.

– Burda yox idim.

– Deyirəm axı, Ətiqulla ola, ayda iki-üç dəfə bura baş çəkməyə? Bəs bu cavan kimdir?

– Dostumdur.

– Allah saxlasın, görürəm, abırlı-həyalı oğlandı. Amma oğul, bura utananlar gəlmirlər, özünü qız kimi həyalı göstərməyə çalışma. Tanıyıram siz kişiləri.

Bu mehmanxana Həsrətə mərhum ərindən miras qalmışdı. On il qabaq Münsif ağa öz maşınında yol kənarındakı ucu-bucağı görünməyən uçuruma düşüb həlak olandan sonra arvad yeganə gəlir mənbəyi olan mehmanxanaya daha çox fikir verməyə başlamış, özünün yaşadığı ikimərtəbəli evi də «tək adamam, nəyimə lazımdı?» — deyib satmış, bura köçmüş, birinci mərtəbədəki iki xudmani otağa yığışmışdı. Oğul-uşaq yiyəsi olmayan Həsrət o vaxt cavandı, gözəgəlimli idi. Özü demişkən, ömrünün ən qızğın, ehtiraslı çağını yaşayırdı. Səsi onda kişi səsinə bənzəmirdi, saçları uzun, sifəti ağappaq idi. Həmişə sürmə çəkdiyi gözləri ehtiras qığılcımları ilə yanardı. Süzgün baxışlarla mehmanxanada yaşayan qonaqlarına baxmağa bəzən özü də qorxurdu. Çünki bu baxışlar insana nəsə şirin, sehrli vədlər pıçıldayırdı.

Beşgünlük, ongünlük qonaqlardan bəziləri müxtəlif bəhanələrlə Həsrət xanımın yanına gəlir, kiçik şeylərdən şikayət edirdilər.

– Su gəlmir.

– Külqabı yoxdur.

– Paltarasan yoxdur.

Bir dəfə o bu cür şikayətlərlə onun yanına gəlmiş cavan, görkəmli kişiyə cavab vermişdi:

– Bəlkə bir arvad da verək sizə? Kişi gülüb demişdi:

– Nə olar, lap yaxşı olar. Şəhərə gəzməyə gələn adam, necə deyərlər, istəyir ki, fürsətdən istifadə edib dişini də dəyişsin. Keçəl halva yeyər, puluna minnət!

Bu fikir Həsrətin ağlına batmışdı və o, əvvəl özündən başlamışdı. Gələn müştəriləri dişinə vurub saf-çürük eləyir, pullusunupulsuzunu müəyyənləşdirir, sonra özünəməxsus incəliklə, cazibədarlıqla pullu müştərini cəlb edir, həm ticarət eləyirdi, həm ziyarət... Belə varlı-karlı adamlar üçün hər şərait yaradır, onları bacardığı qədər şəhərdə çox saxlamağa çalışırdı. İki-üç belə adam əlinə düşəndə, o çətinlik qarşısında qalır, əldən çıxan pulları nəzərində hesablayıb dilxor olurdu. Nəhayət, buna da çarə tapdı və onlarla günün ayrı-ayrı vaxtlarında (bəzisilə öz otağında, bəzisi ilə nömrədə) görüşməyə başladı. Aylıq gəliri ilə bərabər pula olan hərisliyi də artmışdı. İllər keçdikcə dövlətlənirdisə də, qocalırdı da. Ona ayrı bir bəla üz vermişdi – yemək bəlası. Gündə üç-dörd adamın payını yeyirdi, ac qala bilmirdi. Gündüz axşamacan, axşam da yatanacan elə ağzı işləyirdi: əlinə nə düşdü, yeyir, yenə doydum demirdi.

Kökəlir, bədəni qəşəngliyini itirir, ağırlaşır, çətinliklə nəfəs alırdı. Həkimə-təbibə müraciət etdi: «az ye» — dedilər - «idman elə»—dedilər. — Amma o bunların heç birini eləyə bilmədi. Beləliklə o, nəhəng, oturanda dura bilməyən ağır-səngin bir xalaya çevrildi. Təbii ki, gözəlliyini də itirdi; müştərilərini də...

Bu zaman o, mehmanxanada işləyən kişiləri bir-bir qovmağa başladı; yerinə cavan qız, gəlin götürdü. Altı-yeddi ayın içində mehmanxanada bir dənə də olsa başıpapaqlı qalmadı. Hamısı qadındı.

İndi mehmanxanaya gələnləri o, adətən belə qarşılayırdı:

– Qalmağa yeriniz varmı? — deyə soruşana:

– Bəli, varımızdır, — deyirdi, — hər cür şəraitlə!

Qonağı yerləşdirəndə yanınca cavan xidmətçilərdən birini götürürdü; qonaq müştəri gözü ilə qadına baxanda o qımışıb xəbər alırdı:

– Daha nə lazımdı?

– Daha? Daha sənin sağlığın.

– Görürəm qızdan xoşun gəlir deyəsən, hə?

Kişi çaşbaş qalırdı və açıq eyhamı başa düşüb:

– Bəli, qəşəng xanımdan ancaq ölülərin xoşu gəlməz, — deyirdi.

– Könlü balıq istəyən, quyruğunu suya salar, — deyə qadın ikibaşlı söz atardı. Söhbət bu yerə çatanda o, qızı otaqdan çıxardar, özü qonaqla tək qalardı:

– İstəyirsən?

– Əlbəttə.

– Neçə saatlığa lazımdı?

– Bir saatlığa...

Bu sözü eşidəndə Həsrət cırnayırdı:

– Kişilər var ki, əlinə qadın düşdü, səhərəcən əldən buraxmaq istəmir! Sən də...

– Mən də buraxmazdım, amma cibişdan müsaidə eləmir, xanım!!

Həsrət xanım bu minvalla yaşayır, xidmətçilərinə yaxşı baxır, incitmirdi.

Ətiqulla Həsrətlə söhbət eləyəndə yuxarıdan əynində polis paltarı olan tösmərək bir adam aşağı düşdü... Polis nəfərini görəndə Elməddin üşüyən kimi oldu... «Yəqin yoxlayır. Bəs bu qadını niyə tutub aparmır? Bütün bu fisqu-fəsadın günahkarı bax, bu kök ifritədir. Gör indi bu dörd divar arasında nə qədər cavan qız-gəlinin irzinamusu tapdalanır, gör nə qədər arzular solub yerlə-yeksan olur. Mən də bura gəlmişəm? Ar olsun mənə... heysiyyətsiz, qansız adamların yeridir bura... Xalqın biçarə, ac-yalavac qızları burada məhv olub gedir...» Düşündükcə qızışan Elməddin az qalırdı ki, üzünü polisə tutub desin: «Ey vətəndaş. Səni qanun-qaydaya keşik çəkən qoyublar. Nə üçün susursan? Nə üçün cinayətkarları tutub aparmırsan, bu cinayət ocağını viran qoymursan? Axı sən polissən, səni oğruları, əyriləri, caniləri tutmaq üçün qoyublar!!»

Onun fikrini Həsrət xanımın sözləri qırdı; o, üzünü polisə tutub deyirdi:

– Hə, pəzəvəngi, yaxşı istirahət eləyə bildinmi?

– Bəs necə, elədim.

– Qız səni incidib-eləmədi ki.

– Bir balaca çəm-xəm elədi, amma mənim qabağımda dayana bilər o?

– Elə şeylərə fikir vermə. Hələ cavandı, yaxşı öyrəşməyib. Bir az da—o, şəhadət barmağını gicgahına söykəyib əlavə etdi,— burası xarabdı.

Polis şit-şit hırıldadı:

– Başı xarabdı özü üçün, onun başı bizim nəyimizə lazımdı.

– İri, kobud ayaqqabılarını tıqqıldada-tıqqıldada ötüb keçəndən sonra Elməddin bayaqdan bəri ilk dəfə dilləndi və özünə danışıqdan məlum olan mətləbi bir daha soruşdu:

– O da bura... gəlib-gedir?

– Ha. Gəlib-gedir. Həmişə əlinə, özü demiş, axmaq pul düşəndə bura qaçır.

– Axı o, polisdi?.

– Polis olanda nə olar, oğul, polis adam deyil?.. Arvadın işlətdiyi sözü eşidəndə Elməddin qızardı, amma onun ağızdan yava olduğunu bilən Ətiqulla yoldaşının pərtliyini görüb bərkdən güldü.

– Sənin bu dostun lap xam adama oxşayır, ay Ətiq!

– Cavandı hələ. Bu, düzələn şeydi. Hələ bir de görək təzə, xoruz səsi eşitməmiş, nəyin var?.

– Var. Təzə götürmüşəm.

– Neçə yaşındadı?

– On yeddi.

Elməddin sarsıldı. «Bu il Əfsanənin də on yeddi yaşı tamam olurdu. Bəlkə odur?. Özü də deyir təzə götürmüşəm? Aman allah, o olacaq...» Elməddini elə bil, cərəyan vurmuşdu; bədəni, beyni qurumuşdu.

– O mənim, — deyə Ətiqulla indidən bölüşdürdü. — Bəs mənim yoldaşım üçün nə təklif eləyirsən?

– O da seçsin, xoşuna gələnini... götürsün.

– Pulunu mən verəcəyəm, — Ətiqulla arvadın ovcuna iki dənə beşyüzlük basdı.

Həsrət pulu döşəkçəsinin altında gizlətdi, yanındakı yumru, paslı zəngi götürüb çaldı. Arıq, cılız bir qadın içəridən çıxıb qaça-qaça onun yanına gəldi:

– Bəli, xanım.

– Bu uşaqları apar yuxarı; o təzəni bu ağanın otağına sal, bunun üçün də... özü istəyəni... De ki, cəzə-fəzə eləməsinlər, de ki, xanım söylədi ki, öz uşaqlarımızdı.

– Beçeşm, xanım.

– Hə, di gedin...

İkinci mərtəbədə, vestibüldə ölü bir sükut vardı. Dəhlizdəki stolun ətrafında kreslolar düzülmüşdü.

Bələdçi qadın dəhlizin ortasında dayanıb üç dəfə əlini əlinə vurdu. Nömrələrdən birinin qapısı açıldı. Səkkiz qadın ürkə-ürkə dəhlizə çıxdı. Bu işarəyə çoxdan alışmışdılar.

Elməddin ürək çırpıntısı ilə qadınlara baxdı. Əfsanə yox idi. «Şükür ki, yoxdu Əfsanə burada. Bəlkə o biri nömrələrdədi?»

Qızlara müştəri gözü ilə baxan Ətiqullaya əhəmiyət verməyib o, bələdçidən soruşdu:

– Daha yoxdur?

– Yoxdur, ağa.

– O biri otaqlarda qalanı yoxdur?

– Yox, ağa.

Elməddin susdu. Azca rahat oldu. Ətiqulla bələdçinin qulağına nəsə pıçıldadı.

– Keç bura, — deyə o hamıdan xırda, gözləri nəmli, saçları üzünə tögülmüş qıza müraciət etdi. — Ağanı qəbul elə. Xanımın yaxın adamıdı.

Qız dəstədən ayrıldı. Dodaqları arasında siqaret tutub tüstülədən Ətiqullaya ötəri nəzər salıb ayaqlarını sürüyə-sürüyə on nömrəli otağın qapısına sarı getdi.

Ətiqulla qalxdı:

– Mən getdim, — dedi Elməddinə. Və qızın dalınca yollandı. Elməddin heygəl kimi donub qalmışdı. Qızlar hamısı ona baxırdı. O isə hamısına. Hər kəs ürəyində: «kimi seçəcək?» deyə düşünürdü. Yorğun, yuxusuz, həvəssiz olduqları üzlərinə yazılmışdı. Sükutla keçən anların ucundan, elə bil, daş asılmışdı.

Bələdçi qadın ağır sükutu pozdu:

– Hansını, ağa?

Elməddin iztirab və kədər dolu baxışlarını qızlardan çəkib bələdçi qadına zillədi. Baxdı, baxdı, qəti bir səslə:

– Heç birini, — dedi, — hanı sizin o kök böyüyünüz? Qızların arasına pıçıltı düşdü. — Böyüyümuz aşağıdadı. O, ayağa durdu. Qadınlardan kimsə söz atdı:

– Həsrət xanımdan xoşu gəlib. — Gülüşdülər. Səsi eşidən Elməddin döndü, yenə sürəkli baxışlarla onları süzdü.

Elməddin kinayəqarışıq bir tərzdə:

– Zavallılar, — dedi. — Bu qədər adamı bir arvad dörd divar arasında çürüdür. Kimsə cavab verdi:

– Çörəyimizi verir, paltarımızı verir. Ayrısı tamamladı:

– Əgər çörəyimizi, paltarımızı verirsən, sənnən getməyə razıyıq, ağa... Əgər ürəyin yanırsa, bizi yedirt, geydir. Cılız bir səs əlavə etdi:

– Bu şərtlə, gecə yorğan-döşəyimizə də girməyəsən...

Elməddii sarsılmış halda pilləkənləri düşdü. Həsrət xanım oğlanın tezbazar elədiyini görüb piyaləsini yerə qoydu və təəccüblə:

– Xoşuna gələn olmadı? — deyə soruşdu.

– Mənim səninlə işim var...

Sözünü deyib qurtarmamışdı ki, Həsrət arvadı gülmək tutdu. Arvad uğundu. Sallanıb dizlərinin üstünə düşmüş iri qarnı o, güldükcə tuluq kimi yırğalanır, atılıb-düşürdü.

– Ay sənin canınacan, — deyə ət içində itib-batmış gözləri yaşaran Həsrət yırğalanırdı; — o qədər canın içində xoşuna gələn olmadı, məndən xoşun gəldi? Mənim vaxtım çoxdan keçib, bala...

Və yenə uğundu.

Elməddin ona demək istədiyini udub ordan uzaqlaşdı, çünki onunla danışmağı artıq hesab etdi. Əgər qayıdıb dala baxsaydı, o zaman gülən arvadın şəhadət barmağını gicgahına qoyub əlini yırğaladığını görərdi:

– «Başı xarab imiş ki?».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, doqquzuncu fəsil

İçəridə, pəncərənin ağzında yanan çırağın öləziyən işığı səkidə salınmış süfrənin üstünə düşürdü. Kasalara çəkilmiş şorba soyumuşdu. Üzbəüz oturmuş Səbihə və Əfsanəni fikir aparmışdı. Yusifin başına qəza gələni onlar iştahayla, ürəklə bir loğma kəsməmişdilər. Çörək-xörək ortalığa gəlirdi, amma doyunca yeyən olmurdu.İndi də gəlin-qayınananın boğazından tikə keçmirdi. Nigarançılıq üzürdü. Elməddinin getdiyi bir aydan çox idi. Keçini, inəkləri satmış, qəryədar Qulamdan da on beş min rupi borc götürüb Yusifin işinin dalınca Süleymanşəhrə getmişdi. Bu pulun kifayət etməyəcəyini Elməddin irəlicədən bilirdi, — onunla ölüm işini yuyub-təmizləmək mümkün deyildi. Amma Elməddin yenə getməyi, öz qardaşlıq borcunu imkanı daxilində yerinə yetirməyi lazım bilmişdi. Budur, indi Elməddindən də bir xəbər-ətər yoxdu. Nə təhər oldu, məhkəmə Yusifin cinayəti barədə nə hökm çıxartdı. Bəlkə, allah üzünə baxdı, ölüm hökmü kəsmədilər?

6 dəq
Birinci hissə, onuncu fəsil

Deyirlər, gözləmək ölümdən betərdi. Bu, doğrudu. Bəs arzuları, həvəsləri, ümidləri öldürən dəhşətli ölümün özünü gözləmək necə?? Bir var ki, bilməyəsən o qorxulu kabus səni nə vaxt yaxalayacaq, sinənə çöküb şirin canını alacaq — yuxudamı, yoldamı, iş başındamı? Ölüm hələ əsl siması ilə sənin təsəvvüründə canlana bilmir.Bir də var ki, öləcəyini bilirsən. Bunu sənə rəhmsizcəsinə və ya bəlkə də haqlı olaraq elan eləyiblər. Bax, bu zaman sən ölümün qanla dolu gözlərini aydın görə bilirsən, soyuq, öldürücü nəfəsini üzündə duyursan — rəngin getdikcə ağarır, saralırsan, solursan. Sənin fikrində ancaq bir şey dolanır — ölüm... Məhz bu zamam insan mənən, ruhən, fikrən ölməyə başlayır.

10 dəq
Birinci hissə, on birinci fəsil

Qətl meydanına çoxlu adam toplaşmışdı. Ədnan kəndinin məmə yeyəndən pəpə yeyənəcən bütün camaatı bura yığışmışdı. Bu o yer idi ki, burada Yusif Zümrəyi öldürmüşdü. Cahan arvadın ciddi tələbi və təkidi ilə, Yusif gərək burada öldürülə idi.Əmniyyə idarəsi rəisinin müavini başda olmaqla polis dəstəsi, vilayət məhkəməsinin nümayəndəsi, cəllad Cabbar və həbsxana mollası qətl mərasimini qanun əsasında yerinə yetirmək üçün saat doqquzda gəlmiş, lazımi işləri görmüş, meydanda Yusifin qanı töküləcək çuxuru qazdırmış, polis nəfərlərindəi ibarət dairə yaratmışdılar.

9 dəq
İkinci hissə, birinci fəsil

Bağışlanandan bir neçə dəqiqə sonra Yusifin gözlənilməz ölümü evdə dəhşətli, soyuq, tükürpədən bir boşluq əmələ gətirmişdi. Elə bir boşluq və mənasızlıq ki, adamın canına üşütmə salırdı. Bundan belə həyatın davam edə biləcəyinə şübhə doğururdu. Sanki bu üç nəfər dərdli insanı dünyada maraqlandıracaq heç nə, heç şey qalmamışdı. Hamısı Yusifin ağ kəfəni içərisində qara torpaqlar altında gömülmüşdü.Günlər, həftələr ötüb keçdikcə Yusifin qəbri köhnəlir, çökürdü; ancaq Elməddinin düzəltdiyi başdaşı qəbiristanlığa gələnləri hüznlə ayaq saxlamağa məcbur edirdi. Doğrudan da Yusifin dərdi adam qocaldan dərd idi: bunu ana da, qardaş da, Əfsanə də dərindəndərinə duyur, anlayırdı və anlaya-anlaya saatbasaat, günbəgün qocalırdılar.

7 dəq

Başqa şairlərin şeirləri