Üçüncü hissə, on beşinci fəsil
Elməddinin fikri dağınıq idi. Küçədə məst adamlar təki yeriyir, gözü ayağının altını görmürdü. İlk dəfə idi ki, kənddən çıxıb şəhərə gəldiyinə peşmançılıq çəkirdi. Orda həyat sakit idi. Yoxsulluq, səfalət orda da hökm sürürdü; ancaq bu, o qədər də nəzərə çarpmırdı. Hamının güzəranı təxminən bir-birinə oxşayırdı. Qəryədar Qulamdan, imamdan başqa. Hamı «elnən gələn dərd toy-bayramdı», «Allah kərimdi» deyib əlinə düşən yavan çörəyini yeyərək göydəki «gözəgörünməz kişiyə» şükür eləyirdi. Orda insanın ürəyinə hər addımbaşı zərbə-zərbə üstündən dəymirdi; haqsızlıqlar, aclıq, yoxsulluq adamın ürəyini yeyib çürütmürdü.
Lakin şəhər... Şəhər həyatı addımbaşı ürəkyaxan, ürək parçalayan hadisələrlə dolu idi. Başa düşən, anlayan, az-çox ürəyində millət qanı olan həssas adam üçün burda yaşamaq cəhənnəmdə gün keçirmək, hər gün bir az ölmək kimi bir şeydi. Burada öz dərdin də yaddan çıxır, sən küçələrdə gördüyün kor-şil dilənçilərin, əl açıb dilənən körpələrin dərdini unuda bilmirsən. Yediyin, içdiyin haram olur. Və sənin ürəyin qocalır, saçların vaxtsız ağarır...
Münsif mehmanxanasında eşitdiyi sözlər qulaqlarında səslənirdi:
«Əgər çörəyimizi, geyməyimizi verirsənsə, səninlə getməyə razıyıq». «Bu şərtlə ki, gecə yorğan-döşəyimizə də girməyəsən».
Çörək, geyim, isti sığınacaq. İnsana artıq nə lazımdı? Elməddin şəhər aclarını, yoxsullarını, bir qarın çörək xatirinə namusunubədənini satmağa məcbur olanları təmin etmək imkanına malik olmadığını düşündükcə ürəyini acı bir təəssüf hissi yandırıb-yaxırdı. «Çörəyimizi, paltarımızı verə bilərsənsə...» sözləri beynini, qulaqlarını cırmaqlayırdı. O özü kim idi? O da adi bir dilənçi ola bilərdi, əgər xoş bir təsadüf onu ağayi Nəcməddinə rast gətirməsəydi. O da maaşa baxan adam idi, vəssalam. Burada onun arzularına, istəyinə nöqtə qoyulurdu. Həsrət xanımla danışa bilmədiyinə indi təəssüf eləmirdi. Onun suallarına o kök, kötük kimi qadın nə cavab verəcəkdi? O da deyəcəkdi yəqin: «pislik eləmirəm, yeməklərini, içməklərini, paltarlarını, otaqlarını vermişəm. Dünyada əyləncədən, kef çəkməkdən başqa bir dərd-qayğı bilmirlər. Məgər mən pislik eləyirəm?» Şübhəsiz, o belə deyəcəkdi. Burada o, ağayi Nəcməddinlə ilk gün onlarda elədiyi söhbəti xatırladı, O da belə deyirdi: «Pislik eləyirəm? Mən olmasaydım on min nəfər bu şəhərdə ac-yalavac gəzib, gələnəgedənə əl açmalı olacaqdı».
Həsrət arvad bu cəhətdən ağayi Nəcməddinə çox oxşayırdı. Onlar şəkilcə, cinsiyyətcə başqa-başqa adamlar olsalar da, düşüncə dünyagörüşü etibarı ilə eyni adamlar idi.
Elməddin şəhərdə yaşadıqca onun əsl simasını bütün çılpaqlığı ilə görməyə başlayırdı... Və burada rahat, sakit yaşamağın ona qismət olmayacağı qərarına gəlirdi. Yox, əgər onun yaşayışı ağayi Nəcməddinlərin həyatı kimi təmin olunmuş olsaydı belə, yenə Elməddin rahat yaşaya bilməzdi. O, öz təbiətini yaxşı bilirdi.
Sinema-parkın qabağında cılız, arğaz bir oğlan qabağına qoyduğu qutuda siqaret satırdı. Papiros çəkməyə sinəsində ehtiyac duydu. Ayaq saxlayıb bir qutu siqaret almaq istədi.
– Mənə bir qutu siqaret. Uşaq çevikliklə xəbər aldı:
– Pakistan siqareti istəyirsiniz, ağa, ya Amerikan siqareti?.
– Gülüstan siqareti yoxundu?
– Yox, ağa. O, ah çəkdi:
– Amerikan siqareti ver.
Uşaq ona bir uzun qutulu «Elem» papirosu verdi.
– Kükürd hara kükürdüdü?
– Çin kükürdüdü, ağa.
Elməddin qutunu açıb nazik, ağ kağıza bükülmüş siqaretdən birini damağına qoyub yandırdı: «papirosumuz da, kükürdümüz də xaricdən gətirilir. İlahi, yəni özümüzün heç nəyimiz yoxdu?» deyə düşünə-düşünə yoluna davam elədi.
İstədi Rəhgüzərgilə dönsün, fikrini dəyişdi. Ağayi Nəcməddinin evinin yanından keçəndə çox tərəddüd etdi. Zərrintacı neçə gündü görmədiyini xatırladı. Qız ona xoş təsir buraxmışdı. Zərrintacda nəsə cazibəli, yapışıqlı bir cəhət vardı. Bunun nə olduğunu hələlik Elməddin deyə bilməzdi, amma tutqun şəkildə hiss eləyirdi. Lakin ovqatının təlx olduğunu anlayıb ağayi Nəcməddingilə getmək fikrindən də daşındı. Bu dəqiqə o, evə getməyi, tək otağına qapılıb yatmağı, hər şeyi unutmağı daha üstün tuturdu. Yatmaq və unutmaq.
Həyətində həmişə hökm sürən bir sakitlik vardı. Bura ondan başqa kimsə gəlib-getmirdi. Qu desən, qulaq tutulardı. Otağın qapısını açıb içəri girməmişdən qabaq darvaza ağzındakı poçt qutusuna baxdı. Məktubu görən kimi sevindi. Nəhayət, anasından cavab gəlib. Əsəblərinin gərginliyi boşaldı. Yorğun, qüssəli üzünə ürkək bir təbəssüm qondu. Tez məktubun üstünə göz gəzdirdi. Məktub anasından yox, qəryədar Qulamdan gəlmişdi. Dalağı sancdı. Və nigarançılıqla məktubu tələsik nəzərdən keçirtdi:
«Əziz oğlum Elməddin!
Mənim üçün nə qədər ağır olsa da, sənə bu xəbəri çatdırmağı özümə borc bilirəm. Çünki indiyənəcən sənin ünvanını bilmirdim. Məlumun olsun ki, sənin anana yazdığın məktubu biçarə arvad özü ala bilmədi. Çünki, sən gedəndən iki ay sonra Səbihə — sənin əziz anan Allahın rəhmətinə getdi. Yığışıb el qaydasınca onu Yusifin yanında dəfn etdik. Özünü ələ al, mən sənin dəyanətinə bələdəm, bilirəm ki bu ağır dərdi çəkməyə sənin qüdrətin və iradən çatar. Bir gün yaranan bir gün də öləcək. Bu, Allah-taalanın qoyduğu qanundu.
Qapınızı bağlamışam. Açarı məndədir. Əgər gəlmək istəyirsənsə (mən məsləhət görürəm ki, öz qəryəmizə qayıdasan) qayıt gəl. Yenə gözümün üstə yerin var. Əgər istəmirsənsə, evini-torpağını alan var — icazə ver, satım.
Pulunu sənə göndərrəm, hər halda fikrini mənə yaz!
Ba ehtiram — qəryədar Qulam».
Elməddin məktubun ikinci hissəsini oxudusa da beyninə heç bir şey batmadı. Başı dumanlandı, qeyri-ixtiyari olaraq gözlərindən yaş axmağa başladı. Məktubu stolun üstünə atıb çarpayıya sərildi və birdən hönkürtü vurub uşaq kimi ağladı. Özünü büsbütün tək hiss elədi.
Acı-acı düşündü:
«Bir nəslin yeganə sağ nümayəndəsi» — deyə kədərli inlədi. «Təkəm, tək» — dedi. Və ağladı, ağladı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-on-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəbir neçə vaxtdı narahatdı. Qayğılı, düşüncəli gəzib-dolanır, işləyə bilmir, gecələr gözünə yuxu getmirdi. Atasının nagahan gəlişi, aralarında olan söhbət, nəhayət, o zabitəli və hökmlü adamın aciz, kücsüz bir uşaq kimi gözüyaşlı çıxıb getməsi Bəbirin indiyəcən aramla, sakit axıb gedən həyatını alt-üst eləmiş, onu dərdə salmışdı. Nə edirdisə, hara gedirdisə, Əziz xanın o nəmli gözləri xəyalından silinmirdi. Ürəyində elə hey onunla danışırdı:«Nə üçün belə etdin, qibləgahım? Nə üçün mənim oğulluq məhəbbətilə dolu qəlbimi öz əllərinlə daşlara çırpıb parçaladın, qibləgahım? Axı mən səni qibləm, tanrım sanırdım, qibləgahım? Yolumuz ayrılmışdı — bu, taleyin işi idimi, həyatın bizə verdiyi dərs idimi — bilmirəm; onu bilirəm ki, biz — bir ocağın adamları, qan birləşdirsə də, məsləkcə, əqidəcə uzaqlaşmışdıq, soyumuşduq... Burda, belə haçalaşma məqamında ikimizdən birimiz güzəştə getməyi bacarmadıq, qibləgahım. Sən məğrur idin, sən qan üstündə qurulmuş bu taxt-tac səltənətinə sadiq idin. Səni qınamıram, qibləgahım, gözünü dünyaya açıb belə görmüşdün, belə tərbiyə olunmuşdun. Sən əlahəzrəti hər şeyə qadir sanırdın, yer üzündə Allahın kölgəsi sanırdın və buna sidqi dildən inanırdın, bu inam isə sənin əqidənə, məsləkinə çevrilmişdi, qibləgahım. Döşündə parıldayan, qızıl suyuna çəkilmiş o dəmir-dümürün işartısı, nuru sənin gözlərini qamaşdırmışdı və sən hər yeri, hər şeyi işıq içində, nur içində görürdün. Sən o işığın, o nurun arxasında, üstünə pərdə çəkilmiş aclığı, səfaləti, çirkabı görmürdün, qibləgahım. Görə də bilməzdin. Onu görmək üçün bir az aşağı enmək, ipək yorğan-döşəkdən çıxmaq, gözqamaşdıran o dəmir-dümürdən yaxa qurtarmaq lazım idi, qibləgahım! Bunu isə sən bacarmadın, hələ də bacarmırsan.
İkinci hissə, ikinci fəsilRəhgüzər «Pərçəm»in redaksiyasında, balaca, sadə bəzənmiş otaqda oturub növbəti nömrə üçün materialları nəzərdən keçirirdi. Ustadın əhvali-ruhiyyəsi gözəl idi. İşləri hələ ki qaydasınca gedirdi. Qəzetin tirajı getdikcə artırdı, çünki müştərisi çoxalırdı. Deməli, onu başa düşənlər, anlayanlar artır, oxuyanların dairəsi günbəgün genişlənirdi. Bu isə balaca məsələ deyildi. Təkcə Rəhgüzər yox, Bəbir də, Elməddin də, başqa mübarizə yoldaşları da buna sevinməyə bilməzdi,Keçən nömrədə Rəhgüzər Elməddinin «Təqvim» hekayəsini oxucularına təqdim etmişdi. Hər yazısı dərc ediləndə olduğu kimi, bu dəfə də Elməddin uşaq kimi sevinmiş; yerə-göyə sığmamışdı. Rəhgüzər fikirləşmişdi ki, əsərin çap olunması yaradıcı adam üçün həmişə toy-bayramdı, bu sevinc müəyyən dərəcədə övladı dünyaya gəlmiş ata-ana sevincinə, fərəhinə oxşayır. Neçənci uşaq olur olsun, sevinc eyni sevincdi. Neçənci əsər olur olsun, fərəh həmin fərəhdi. Rəhgüzərə bu hisslər tanışdı, Elməddini yaxşı başa düşürdü. O özü də otuz ildən çoxdu ki, həmin duyğuların oduna isinə-isinə yaşamışdı, yazıb-yaratmışdı. Və hər dəfə hiss eləmişdi ki, dünyada bundan müqəddəs, şirin sevinc yoxdur və ola da bilməz.
İkinci hissə, üçüncü fəsilAğayi Nəcməddinin kefi kök, nəşəsi sazdı. Aynabənddə qoyulmuş yumşaq divanda oturub qıçını-qıçının üstünə aşıraraq təsbeh çevirir, fit çalırdı. Günorta yatıb durmuşdu. Əsəbləri sakit, əhvali-ruhiyyəsi yaxşı idi.Dünya evləri yığışdırıb, silib-süpürüb çəkələklərini sürüyə-sürüyə Nəcməddinin yanına gəldi, onun böyründə əyləşib başını divanın söykənəcəyinə dayayaraq:
İkinci hissə, dördüncü fəsilGünortaya az qalırdı. Səhərdən idarədə kabinetinə qapılıb işləyən, Nəcməddinə məxsus müxtəlif şirkətlərin, kombinatların göndərdiyi pul-maliyyə sənədlərini nəzərdən keçirən, yazıb-pozmaqdan biləyi ağrıyan Elməddin qələmi cibinə qoyub kağız-kuğuzu kənara itələdi, bayaq sürücü Əhədullanın gətirdiyi qəzetləri qabağına çəkib mütaliə eləməyə başladı. Əlinə birinci keçən «Sülh» qəzeti oldu.– Hə, Əli Tüğyan möhkəm yazır!—deyə yanında kimsə varmış kimi ucadan söylədi. — Gör nə yaxşı kağız tapıb? Deyəsən, yapon kağızıdı. Bizim ruznamənin kağızından yaxşıdı. Amma heyf ki, belə kağızda çərən-pərən çap eləyir. Özü də az qala hər nömrəsində ən çox öz yazılarını verir. Yəqin yazanı, müəllifi azdı. Neyləsin yazıq?
Başqa şairlərin şeirləri
Müshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma