İkinci hissə, birinci fəsil
Bəbir neçə vaxtdı narahatdı. Qayğılı, düşüncəli gəzib-dolanır, işləyə bilmir, gecələr gözünə yuxu getmirdi. Atasının nagahan gəlişi, aralarında olan söhbət, nəhayət, o zabitəli və hökmlü adamın aciz, kücsüz bir uşaq kimi gözüyaşlı çıxıb getməsi Bəbirin indiyəcən aramla, sakit axıb gedən həyatını alt-üst eləmiş, onu dərdə salmışdı. Nə edirdisə, hara gedirdisə, Əziz xanın o nəmli gözləri xəyalından silinmirdi. Ürəyində elə hey onunla danışırdı:
«Nə üçün belə etdin, qibləgahım? Nə üçün mənim oğulluq məhəbbətilə dolu qəlbimi öz əllərinlə daşlara çırpıb parçaladın, qibləgahım? Axı mən səni qibləm, tanrım sanırdım, qibləgahım? Yolumuz ayrılmışdı — bu, taleyin işi idimi, həyatın bizə verdiyi dərs idimi — bilmirəm; onu bilirəm ki, biz — bir ocağın adamları, qan birləşdirsə də, məsləkcə, əqidəcə uzaqlaşmışdıq, soyumuşduq... Burda, belə haçalaşma məqamında ikimizdən birimiz güzəştə getməyi bacarmadıq, qibləgahım. Sən məğrur idin, sən qan üstündə qurulmuş bu taxt-tac səltənətinə sadiq idin. Səni qınamıram, qibləgahım, gözünü dünyaya açıb belə görmüşdün, belə tərbiyə olunmuşdun. Sən əlahəzrəti hər şeyə qadir sanırdın, yer üzündə Allahın kölgəsi sanırdın və buna sidqi dildən inanırdın, bu inam isə sənin əqidənə, məsləkinə çevrilmişdi, qibləgahım. Döşündə parıldayan, qızıl suyuna çəkilmiş o dəmir-dümürün işartısı, nuru sənin gözlərini qamaşdırmışdı və sən hər yeri, hər şeyi işıq içində, nur içində görürdün. Sən o işığın, o nurun arxasında, üstünə pərdə çəkilmiş aclığı, səfaləti, çirkabı görmürdün, qibləgahım. Görə də bilməzdin. Onu görmək üçün bir az aşağı enmək, ipək yorğan-döşəkdən çıxmaq, gözqamaşdıran o dəmir-dümürdən yaxa qurtarmaq lazım idi, qibləgahım! Bunu isə sən bacarmadın, hələ də bacarmırsan.
Səni qınamıram; mən o adamları xoşlayıram ki, dostluqda, sədaqətdə bütövdür: sevirsən, bütün varlığınla sev; sadiqsən, bütün varlığınla sadiq ol. Yaxud nifrət edirsən, yenə də həmçinin — bütün qəlbinlə nifrət et! Əqidədə, məhəbbətdə dəyişkənlik, sabitqədəm olmamaq kec-tez səni xəyanət yoluna aparacaq, bədnam və bədbəxt eləyəcək. Mənim ağlım belə kəsir, qibləgahım; sənin sabitqədəmliyindən xoşum gəlir. Sən hətta oğul məhəbbətini də ürəyindən çıxartmağa hazır idin; inanıram ki, əgər sənə əmr edilsəydi, öz sədaqətini sübut etmək üçün, mənim başımı da aparardın əlahəzrətin ayaqları altına. Yaxşı ki, belə əmr olmadı, belə vuruş olmadı və əgər bundan sonra olarsa, sən daha bu döyüşlərdə əliqılınclı, belitapançalı iştirak edə bilməzsən, qibləgahım.
Məni də qınama, qibləgahım. Mən sənin oğlunam, sənin qanın damarlarımda axır; fərqimiz budur ki, mən dünyaya sənin gözlərinlə baxmıram, öz gözlərimlə baxıram və sənin görmədiyin şeyləri görürəm, qibləgahım».
Bəbir fikirli-fikirli həyətdən çıxmaq istəyirdi ki, başı çalmalı, ayağında taxta çəkələk olan uzunsaqqallı kişi özünü onun qabağına verib baş endirdi:
– Salamünəleyküm, ağayi Bəbir!
Bəbir ayaq saxlayıb qocaya nəzər saldı və onu tanıdı; bu, onların qədimi ev nökəri Heybətəli idi. Bəbir közünü açıb onu öz evlərində görmüşdü; o, demək olar ki, elə Əziz xanın qulluğunda dura-dura qocalmışdı. Uşaq vaxtı Bəbir onu çox incitmişdi, hətta nəyinsə üstündə (indi yadında deyil) qibləgahına şikayət eləyib kişini döydürmüşdü də. Bəbir Heybətəlini görüb əvvəl gülümsündü, salamını alıb kefini-əhvalını soruşdu, ancaq sonra birdən Heybətəlinin bura elə-belə gəlmədiyinə, atasının başında bir xətər ola biləcəyini xatırlayıb tutuldu və tələsik:
– Xeyir ola, Heybətəli? Səndən nə əcəb bu tərəflərə təşrif gətirmisən? — deyə soruşdu.
Heybətəli mırıq dişlərini göstərə-göstərə dedi:
– Heç, ağa. Qibləgahın... — duruxdu, sonra əlavə elədi, — qibləgahın dedi ki, get Bəbir ağanı yanıma çağır. Bəbir həyəcan içində:
– Düzünü de, yoxsa... kişiyə bir şey olub?—deyə soruşduqda onun təşvişini hiss eləyən Heybətəli and içdi:
– Qəsəm bexoda, heç nə yoxdu. Bir az nasazdı ağam. Dedi get, çağır!..
– Düzünü de!
– Vallah, ağam, düz sözümdü. Bəbir azca düşündü, sonra dedi:
– Yaxşı, gedək.
Taksidə gedirdilər. Bəbir dinib-danışmırdı, fikirli oturmuşdu. Heybətəli arxada Bəbirin enli kürəyinə, ağarmağa başlamış saçlarına baxıb onun uşaqlığını xatırlayırdı, keçmiş günlərini yadına salmaq istəyirdi, ancaq qanının qara olduğunu görüb susurdu. Bu ara Bəbir geri dönüb:
– Sən məndən sədaqətli çıxdın, Heybətəli, qibləgahıma! — dedi.
Heybətəli irəli əyildi:
– Hə, Bəbir!—dedi. — Bizim sədaqətli olmaqdan başqa heç nə əlimizdən gəlmir, ağam!
Bəbir bu sözlərin mənasını yaxşı anladı və dərdli-dərdli ah çəkib:
– O vaxt qoca mənim qəlbimi yaman qırdı, Heybətəli — dedi.
– Böyüyündü, gərək dözəydin, ağa!
– Dözə bilmədim. Ürək sındırmaq pis şeydi, Heybətəli, mən deyərdim, cinayətdi.
– Düz sözdü, ağam. Bunu kim bilməsə də, biz yaxşı bilirik. Sənin ürəyini ömründə bircə dəfə sındırıblar, unuda bilmirsən, gör neçə il keçib unuda bilmirsən. Bəs biz? Bizim ürəyimizi o qədər sındırıblar ki, ağa, o qədər sındırıblar ki!
– Sınıq ürəklə yaşamaq çox çətin olur.
– Elədi, ağa. O yaşamaq deyil daha, sürünməkdi, ağa! — Heybətəlinin ürəyi dolu idi; yeri gəlmişdi, danışmaq istəyirdi. Bəbir düşünürdü ki, insan həyatında hələ nə qədər naqisliklər, kamil olmayan cəhətlər var. İnsan yaşadığı cəmiyyətin bir parçasıdı, təmiz güzgüsüdür. Onun yaxşılıqları, pislikləri, ədalətsizliyi, əsəbiliyi, xoşbəxtliyi insanın ürəyində, mənliyində, rəftarında əks olunür. Əsəbi cəmiyyətin adamları əsəbi, nizamsız cəmiyyətin adamları intizamsız, bərabərlik üstündə bərqərar olan cəmiyyətin adamları bərabər və xoşbəxt olurlar.
Bizim cəmiyyətimiz qeyri-bərabərlik əsasında qurulub; ona görə biri ağadı, yüzü qul, nökər. Ona görə də ağalar qulların, nökərlərin qəlbini qırıblar həmişə, qıracaqlar da. Nə qədər ki belə davam edir, qıracaqlar da, bəli! Onlar buna adət etdiklərindən, bəzən, fərqinə varmadan, öz övladlarının da qəlbini sındırırlar, mənliyini tapdalayırlar!
Bəbir həyətə girəndə ürəyi çırpındı, hündür, qollu-budaqlı tut ağacı yenə əvvəlki əzəmətilə dayanmışdı; ev həmin evdi, heç bir dəyişiklik olmamışdı. On il əvvəl Bəbir necə qoyub getmişdisə hər şey eləcə də dururdu. Ayaq saxlayıb ətrafı nəzərdən keçirdi. Bir uşaq gəldi gözünün qabağına. Dəcəl, ipə-sapa yatmayan, tut ağacından asılmış yelləncəkdə yellənən... Bu, o özü idi. Səs eşitdi, uşaq səsi...— uzaqdan, illərin arxasından nəsə qışqırdı — öz səsi idi.
Heybətəli haçan içəri keçmişdi — Bəbir görməmişdi. Heybətəli sevindirmişdi ağasını; «gətirdim oğlunu!» — demişdi. Ona görə şad-xürrəm təzədən Bəbirin qabağına yeridi;
– Ağam közləyir! — dedi.
Bəbir ağır addımlarla on il qabaq çıxdığı qapıdan min həyəcanla içəri girdikdə, tavandan asılmış çilçırağın işığı altında sifəti başının ağ tükündən seçilməyən Əziz xan çarpayısında dikəlmək istədi, ancaq deyəsən, gücü çatmadı. Yalnız başını azca yana əyib çuxura düşmüş gözlərini Bəbirə sarı döndərdi, taqətsiz halda:
– Gəldin, oğul? — dedi.
Bəbir qorxa-qorxa irəli yeridi, böyründə dayanıb atasına ehtiramla baxdı və əyilib qar kimi ağ olsa da, od təki isti alnından öpdü:
– Qibləgahım!.. — dedi, ancaq sözünün dalı gəlmədi, qəhər onu boğdu. Sonra çarpayısının böyründə əyləşdi, əlini əlinin içinə alıb nəvazişlə sığalladı. Kişinin halı ağır idi. Nazik ipək yorğanın içində sinəsi tez-tez qalxıb-enir, çiyinləri tərpənirdi. Üzünün almacıq sümükləri çıxmışdı. Son dəfə gördüyündən heç iki ay keçməmişdi, ancaq bu az müddət ərzində o, xeyli arıqlamış, sınıxmış, bir dəri, bir sümük qalmışdı. Ata-oğul lal-dinməz, sükut içində xeyli baxışdılar.
– Sən də gələrmişsən bu evə, oğul!—deyə Əziz xan kədərli-kədərli dillənəndə Bəbir kövrək səslə:
– Təbib gəlib baxıb? — deyə xəbər aldı.
– Baxıb... Ancaq... nə faydası, oğul?!
– Nə dedi təbib, qibləgahım?
Kişi ümidsiz halda başını buladı və gözlərini yumdu. Bəbir o biri otaqdan harasa zəng elədi, kiminləsə danışdı. Bu zaman Heybətəli yemək gətirdi. Toyuq şorbası bişirmişdi; qabı çarpayının böyründəki kətilin üstünə qoydu. Bəbirə işarə elədi ki, gör yedirə bilərsənmi — mən verirəm, yemir...
Bəbir atasının balışını dikəltdi:
– Hə, qibləgahım, səninlə bir yerdə gör neçə ildi çörək yemirik. Neçə il olar? — Onun cavabını közləməmiş üzünü Heybətəliyə çöndərib: — mənim üçün də çək gətir xörək. Ata-bala bu gün gərək bir yerdə nahar eləyək biz, Heybətəli — dedi.
– Baş üstə, ağa!
Əziz xan gözünü dolandırıb kasadakı xörəyə, yumşaq təndir çörəyinə nəzər saldı, udqundu. Bəbir qaşığı götürəndə kişi dilləndi:
– Məni qaldır, oğul.
Bəbir onu dikəltdi: Əziz xan qıçlarını aşağı saldıqda oğlu yorğanı kürəyinə çəkdi. Kişi qaşığı götürdü, ancaq yemədi, qapıdan gələn Heybətəliyə dedi:
– Gətirdin? Ay sağ ol. Hə, bismillah, oğul. Başlayaq.
Bəbir qımışıb kasanı qabağına çəkdi. İştahla yeməyə başladı. Əziz xan da yeyirdi. Kişinin sanki gözlərinə işıq, qoluna qüvvət gəlmişdi. Neçə gündü boğazından tikə keçmirdi, amma indi, maşallah, yeyirdi. Elə bil, əhd eləmişdi, oğlu gəlsin, onunla bir süfrə arxasında oturub çörək yesin. Arzusu yerinə yetmişdi elə bil. Heybətəli də divarın dibində ayaq üstə dayanıb ağasının iştahla yediyini gördükcə Bəbir kimi sevinirdi. Çünki neçə gündü ki, Əziz xan əlini tikəyə vurmur, sudan başqa heç nə içmirdi. Heybətəlinin zəhməti hədər gedir, bişirdiyini elə özü yeyirdi.
– Ağzım dada gəldi, oğul. Çox sağ ol, oğul, — deyə Əziz xan doyandan sonra dəsmalla ağzını silib məmnun halda Bəbirə fikir verdi. O hələ yeyirdi. Kişi də sanki oğlunun yeməyindən ləzzət alırdı.
– Nuş-can, qibləgahım, mən də haçandı belə iştahla nahar eləməmişdim. Heybətəli, əlin-qolun var olsun. Dadlı xörək bişirmişdin.
Ata-balanı bir süfrə arxasında görən, ömrünün qırx ilindən çoxunu bu evdə keçirən Heybətəli də, uzun ayrılıqdan sonra onların ulduzunun barışdığını zənn edib şadlanmışdı, odur ki, dedi:
– Heybətəli haçan dadsız xörək bişirib ki, ay saqqalı ağarmış. Ağamız, — Allah onun canına şəfa versin, — həmişə deyərdi ki, bütün şəhərdə Heybətəli kimi aşpaz yoxdu, onun bişirdiyi xörəkləri yeyəndən sonra adam istəyir barmaqlarını da yalasın. Sən bu evdən gedəndən sonra Heybətəlinin xörəyi dadsız olub, ay pir olmuş! O kişiyə yazığın gəlsin, gəl otur evində-eşiyində, Bəbir.
Bəbirin gəlişi evə hərarət gətirmişdi, səmimiyyət gətirmişdi, günlərlə kölgə kimi həyət-bacada gəzib-dolanan qaradinməz Heybətəlinin də dili açılmışdı. Əziz xan illər boyu həsrətini çəkdiyi arzusuna qovuşmuş adam təki sevinirdi, elə bil, daha heç bir kamı qalmamışdı ürəyində. Kişinin xəstəliyi də yadından çıxmışdı. Bəbir də sanki sinəsində düyünlənib qalmış daşı atmışdı elə bil.
Keçmişləri yad elədilər, dedilər, güldülər. Söhbət ara verəndə Əziz xan Heybətəliyə müraciət elədi:
– O beçə, o gün yazdığım, möhürlədiyim kağızı gətir bura.
– Baş üstə, ağa! — Heybətəli üzü meşin cildli hafiz divanının arasından iki qatlanmış kağızı götürüb Əziz xanın üstünə qoydu:
– O nədir, qibləgahım?
Əziz xan titrək əlilə kağızı oxumamış oğluna sarı uzatdı.
– Vəsiyyətnamədi, oğul... Yazmışam... Vəsiyyətimi eləmişəm…
Bəbir kağızı almadı:
– Qoy oyana, qibləgahım. Vəsiyyətnamə nədi, zad nədi? Ürəyimizi qana döndərmə, sən allah. Mənə sənin heç nəyin lazım deyil, canın sağ olsun, nəfəsin gəlsin, mənim bəsimdi, qibləgahım. Özünə fikir ver, ye-iç, əmələ gəl. Özünü indidən tərk-silah eləyib yorğan-döşəyə salma. Ölməyə nə var ki? Ölməkdən asan şey yoxdu, dünyada, qibləgahım. Yaşamaq çətindi, yaşamaq, qibləgahım. Mən yaşamağı bacaranlara pərəstiş eləyirəm, qibləgahım. Çətinliyə düşən kimi, vəzifədən çıxan kimi, rütbəsi əlindən gedən kimi özünü ölümün soyuq qucağına atmağa can atanlar aciz adamlardı, qibləgahım. Yaşa, sən hələ bizə lazım olacaqsan, sənin böyük təcrübən var, dünya görübsən, qibləgahım.
Əziz xan yaxşı başa düşürdü ki, oğlu onun hərbi nazir tərəfindən, demək olar ki, zorla istefa verməyə məcbur edilməsinə işarə eləyir. Doğrudan da bu, Əziz xana pis təsir bağışlamışdı və onun indi belə, taqətsiz halda yorğan-döşəyə düşməsinə səbəb olmuşdu. Kişi içində çəkmişdi, ancaq dözməyib yıxılmışdı. Və ona elə gəlirdi ki, daha hər şey bitib, daha «general Əziz xan» yoxdu, heç vaxt da olmayacaq. İndi isə Bəbir ayrı şeylər söyləyirdi. «Sən hələ bizə gərək olacaqsan» deyirdi. Bu sözlər onun canına qüvvət, gözlərinə işıq verirdi.
Bəbir saata baxdı və nigaran halda:
– Bəs bu təbib niyə gəlib çıxmadı? — dedi.
– Təbib çağırmısan, oğul?
– Hə...
Kişi minnətdarlıq hissilə dolu nəzərlərlə Bəbiri süzdü:
– Lazım deyil, oğul. Mənim təbibim sən özünsən, bala. Sən yanımda olsan, mən yaşayaram, oğul.
– Yaxşı, qibləgahım... Sənin təbibin mən özüm olacağam, qibləgahım! — deyib atasının əlindən öpdü... Bu zaman həkim gəlib çıxdı...
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ustad, anam yuxuma girib, qəryəmiz yuxuma girib. Görürəm arvad gileyli-gileyli deyir ki, əcəb etibarsız oğul imişsən, bala. Elə biryolluq getdin, gör neçə ildi gedibsən, bircə kərə də dəyməyibsən ki, anamı tək, dörd divar arasında qoyub gəlmişəm, baş çəkim görüm ölüb, qalıb? Getmək istəyirəm, ustad. İstəyirəm gedəm anamın qəbrini ziyarət eləyəm, o doğma yerləri görəm. Baba demişkən, burnumun ucu göynəyir, ürəyim titrəyir, ustad, o yerlərdən sarı. — Elməddin bu sözləri böyük həyəcanla söylədi, elə həyəcanla ki, daha Məhəmməd Şəfi etiraz eləyə bilmədi və ürəyindən keçirdi ki, Elməddini indi danışdıran hisslər müqəddəs hisslərdi, onların qarşısında durmaq, susdurmaq, öldürmək özü günahdı. Nə qədər ki insan ürəyi belə döyünür, anaya, doğulduğu, boya-başa çatdığı, pərvazlanıb uçduğu torpağa qarşı ilıq, isti məhəbbət duyğuları ilə çırpınır, demək, o ürək sahibi əsl insani keyfiyyətlərə malikdi, o, həyatın, yaşamağın mənasını anlayır, qədrini bilir. Şəfinin şəxsən tanıdığı bir çox cavanlar vardı ki, onlar belə təmiz, ülvi hisslərdən məhrum idilər: günləri harda xoş keçsəydi, ora vətən idi, hansı ağbirçək qadın üzlərinə mehriban baxsaydı, o, ana idi onlar üçün! Belələri üçün müqəddəs heç nə ola bilməzdi dünyada. Ancaq, nə yaxşı ki, Elməddin belə deyildi. Elməddin indiyənəcən Şəfinin nəzərində ağıllı idi, bacarıqlı idi, dözümlü, təmkinli idi, qabiliyyətli idi. İndi isə başa düşürdü ki, o, üstəlik, nəcib bir insan imiş. Onun nəcibliyini Şəfi çoxdan hiss eləmişdi — o, həbsxanada olarkən ailəsinə pul verməsi ilə (bəlkə bu borc idi? O qədər borclu olduğunu bilə-bilə belə işlərə biganəlik göstərən görmüşdü ki, Şəfi!), adi bir sürücü olan Əhədullaya bəslədiyi ehtiram ilə bu nəcibliyini sübut eləmişdi. Əslində Şəfi düşünmüşdü ki, burda sən deyən elə fövqəladə nəciblik də yoxdur, bu, adi insanın borcudur, vəzifəsidir. Lakin indiki zamanədə—biganəliyin, laqeydliyin, öldürücü «eh, mənə nə dəxli» fəlsəfəsinin hökmran olduğu, insanların çoxunun, böyük əksəriyyətinin bu mərəzə tutulduğu zəmanədə bunlar, bu keyfiyyətlər qeyri-adiləşir, təəccüb, heyrət və çox vaxt sevinc doğururdu.Şəfi razılıq hissilə başını tərpətdi:
Birinci hissə, onuncu fəsilAdamın öz evi, öz isti ocağı necə yaxşı imiş, rahat imiş! Ata yurdundan çıxdığı gündən keçən bu illər ərzində Elməddin haralarda yaşamamışdı? — çayxana günclərində, təpə üstündə açıq havada, Şəfigildə, ağayi Nəcməddinin işlər müdiri üçün ayırdığı tək otaqda, nəhayət, nəhayət, bərli-bəzəkli gəlin otağında — Zərrintacla birgə!..Bunların hamısı — hərəsi bir cür onu sıxmışdı, əzmişdi. Özgə paltarı geymiş adam kimi hiss eləmişdi özünü Elməddin. Hətta Zərrintacla yaşadığı o gen-bol, muzəyyən otaqlarda da o, qonağa oxşamışdı.
Birinci hissə, on birinci fəsilElməddin imtina sənədini, idarənin, seyfin açarlarını Zərrintac xanımın gözünün qabağında stolun üstünə qoyandan, ertəsi günü talağı geri oxutdurandan sonra da milyoner qızı nə eşitdiklərinə, nə gördüklərinə inanmaq istəməmişdi. Doğrudur, o, evdən çıxan kimi Zərrintac xanımı ağlamaq tutmuşdu, ha eləmişdisə, gözlərilə bacara bilməmişdi. Onlar söhbət etdiyi müddətdə yan otaqda dayanıb Elməddinin dediklərini eşidən, işin axırının belə qurtaracağını ağlına belə gətirməyən və buna görə də qulaqları guruldayan, çox sözü ayırd eləyə bilməyən Siminbər özünə gələndə artıq Elməddin çıxıb getmişdi. Zərrintacın hönkürtüsünə içəri girən Siminbər Elməddini orada görməyib ətrafa baxınmış, görməyib təəccüblənmişdi. Adi olaraq, qız ürəyində ondan incimişdi də: «Gedirsən, heç olmasa xudahafizləşəydin mənimlə, Elməddin!» — deyə fikrindən keçirmişdi. Ancaq bilməmişdi ki, Elməddin bu xanimanı tərk eləyəndə elə pərişan, elə həyacanlı idi ki, Siminbərlə xudafizləşmək belə yada düşməmişdi; onu ancaq küçədə, iti addımlarla getdiyi zaman xatırlamışdı, təəssüf eləmişdi, geri qayıtmaq isə mümkün deyildi. Siminbər bunu bilmirdi.. O, Zərrintac xanımın yanında dayanaraq təsəlli vermək istəmişdi, lakin deməyə söz tapmamışdı. Eləcə: —Ağlama, xanım!—söyləmişdi. Zərrintac xanım özünü Siminbərin yanında sındırmamaq üçün arada olan söz-söhbəti dilinə gətirməmişdi. Həqiqətdə o, Elməddini tamam-kamal atacağını heç xəyalına da gətirmirdi. Qulağı ilə eşitdiklərinə, gözü ilə gördüklərinə inanmaq istəmirdi. Buna Elməddinin «kişilənməyi», adicə şıltağı kimi, baxırdı: «Məni qorxuzmaq istəyir. Gözümün odunu almaq istəyir. Amma bacarmazsan, Elməddin. Mən Nəcməddinin qızıyam, mənimlə sən bacarmazsan!» — deyirdi öz-özünə. Hətta talağı geri oxunandan sonra da uzun müddət özünü tox tutmuşdu, ürəyində sınsa da, çəksə də, üzə vurmamış, deyib-gülmüşdü; sanki heç bir şey olmamışdı. Talaq nə idi ki, quruca kağız deyildimi, məgər insanları bir-birinə bağlayan kağızdı?! Yox, o, ümid eləyirdi ki, hər necə olsa, gec-tez Elməddini öz ayağına gətirəcək, təslim edəcək. Arada bu qədər var-dövlət var. Hələ bu var-dövlət bir yana dursun, Zərrintac kimi gözəl, cavan gəlindən kim imtina edər? Gərək nə qədər nadan olasan ki, taleyin sənə bəxş etdiyi belə cah-calaldan, belə gözəl bir can sahibindən imtina edəsən!—Zərrintac belə fikirləşmişdi. Lakin vaxt dolanıbkeçdikcə Elməddindən səs-səmir çıxmadığını görəndə narahat olmağa başlamışdı. Siminbər də çıxıb gedəndən, lap tək-tənha qalandan sonra o, bərk sarsılmış, qəlbində Elməddinə dərin nifrəthissləri duymuşdu. Yaralanmış aslana dönüb gizli-gizli inləmişdi. Elməddin onun poladdan möhkəm olan qürurunu yaman sındırmışdı. Hərdən belə düşünürdü ki, indiyə qədər bir yana qalsın, bundan sonra yaşayacağı illərdə də heç kəs onu belə alçalda bilməz, bilməyəcək də. Bu, çox ağır bir zərbə idi ki, Elməddin ona vurmuşdu. Zərrintacın bədbəxtliyi bunda idi ki, özündə heç bir günah görmürdü. Xasiyyətindəki tündlüyü, «mənəm-mənəmliyi» başa düşmürdü, elə bilirdi ki, var-dövlət, gözəllik qadının ən ümdə keyfiyyəti və bəzəyidir; bunlara malik olan qadın hakimi-mütləq ola bilər, onun hər sözü qanun olmalıdı. Daha anlamaq istəmirdi ki, qadını gözəl edən, sevdirən, əziz eləyən onun var-dövlətindən, gözəlliyindən çox ürəyinin gözəlliyidir, hisslərinin səmimiliyidir, məhəbbətidir. Bax, bunu o, başa düşə bilmirdi.
Birinci hissə, on ikinci fəsilGünortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.
Başqa şairlərin şeirləri
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,