Rəhgüzər «Pərçəm»in redaksiyasında, balaca, sadə bəzənmiş otaqda oturub növbəti nömrə üçün materialları nəzərdən keçirirdi. Ustadın əhvali-ruhiyyəsi gözəl idi. İşləri hələ ki qaydasınca gedirdi. Qəzetin tirajı getdikcə artırdı, çünki müştərisi çoxalırdı. Deməli, onu başa düşənlər, anlayanlar artır, oxuyanların dairəsi günbəgün genişlənirdi. Bu isə balaca məsələ deyildi. Təkcə Rəhgüzər yox, Bəbir də, Elməddin də, başqa mübarizə yoldaşları da buna sevinməyə bilməzdi,

Keçən nömrədə Rəhgüzər Elməddinin «Təqvim» hekayəsini oxucularına təqdim etmişdi. Hər yazısı dərc ediləndə olduğu kimi, bu dəfə də Elməddin uşaq kimi sevinmiş; yerə-göyə sığmamışdı. Rəhgüzər fikirləşmişdi ki, əsərin çap olunması yaradıcı adam üçün həmişə toy-bayramdı, bu sevinc müəyyən dərəcədə övladı dünyaya gəlmiş ata-ana sevincinə, fərəhinə oxşayır. Neçənci uşaq olur olsun, sevinc eyni sevincdi. Neçənci əsər olur olsun, fərəh həmin fərəhdi. Rəhgüzərə bu hisslər tanışdı, Elməddini yaxşı başa düşürdü. O özü də otuz ildən çoxdu ki, həmin duyğuların oduna isinə-isinə yaşamışdı, yazıb-yaratmışdı. Və hər dəfə hiss eləmişdi ki, dünyada bundan müqəddəs, şirin sevinc yoxdur və ola da bilməz.

Bu gün səhərdən Bəbirin yazdığı və poçtla redaksiyaya göndərdiyi «Nə etmək lazımdır?» məqaləsini oxuyub onun siyasi zonasına, hazırlığına və məntiqinə heyran qalmışdı. Bəbir məmləkətin mövcud iqtisadi-ictimai vəziyyətini elə təhlil etmişdi ki, çap olunarsa, əhalinin böyük əksəriyyətinin ürəyindən tikan çıxaracaqdı, camaatın gözünü açacaq və ruhlandıracaqdı. Buna Rəhgüzərin böyük ümidi vardı. Buna da şübhəsi yox idi ki, Bəbir bu məqaləsi ilə hökuməti möhkəm silkələyəcəkdi, saraya, lap əlahəzrətin canına üşütmə salacaqdı. Və onlar, şəksiz, quduzlaşacaqdı, axtarışlar, həbslər, təqiblər başlanacaqdı. Qoy olsun. O heç nədən qorxmurdu.

«Demək, bu nömrə heç... Gələn nömrədə «Nə etmək lazımdır?» kedəcək. Üç səhifəni bütöv tutacaq. İki nömrədə də vermək olardı, ancaq bu təhlükəlidir, ruznaməni bağlaya bilərlər, onda sözümüzü axıra qədər deməmiş olarıq. Yox, bir nömrədə. Vəssalam. Lap lazım gəlsə, başqa heç bir material verməyəcəyəm, təkcə Bəbiri verəcəyəm»,— deyə Rəhgüzər məmnum halda durub gəzindi.

Bu zaman qapı döyüldü. Rəhgüzər çevrilib:

– Buyurun! — dedi.

İçəri ruhani paltarı — əba və əmmamə geymiş, qara-saqqallı, ortayaşlı bir kişi girib kimdənsə qorxurmuş kimi əvvəlcə otağa göz gəzdirdi, sonra dönüb arxasınca qapıya baxdı, arxayın olub:

– Salaməleyküm, ağayi Rəhgüzər! — dedi.

– Əleykəssəlam! —dedi Məhəmməd Şəfi və gələni tanıyıb, təşvişə düşdü. O bura gəlməməli idi; demək nə isə fövqəladə bir hadisə üz verib!—Xoş gəlibsən, molla Səxi! Səndən nə əcəb?

Molla Səxi, görünür, tələsik gəlmişdi, nəfəsini çiyinlərindən alırdı. Azca toxtayıb:

– Ağayi Rəhgüzər, şeyx Əhmədi apardılar! —dedi. Rəhküzərin rəngi ağardı, gözləri böyüdü:

– Nə danışırsan? Kim apardı? Haçan?

– Bəli, ağa. Bir saat bundan qabaq, «Sazmane-əmniyyə» işçiləri idi deyəsən...

Rəhgüzər keçib yerində əyləşdi. Başını əlləri arasına alıb gözlərini yumdu. Elə o vəziyyətdə:

– Otur görüm! — dedi. — Ətraflı danış!

Molla Səxi nəfəsini dərə-dərə divarın dibindəkn stulda rahatlandı. Araya ani sükut çökdü, Rəhgüzər dikəlib siqaret yandırdı, tüstünü ciyərlərinə sümürüb:

– Necə oldu axı?! —deyə xəbər aldı və ondan cavab gəlməmiş öz qənaətini bildirdi:—Demək aramızda satqın var!

– Bəli, mənə də elə gəlir ki, satqın var aramızda! İşlərimiz yaxşı gedirdi. Şeyx Əhməd özünəməxsus bəlağət və fəsihətlə «dərsini» deyirdi. Şəriətdən başlayırdı, tam əmin-amanlığa inanandan sonra, lazımi siyasi mətləblər şərh edir, insanlar, sübutlar gətirə-gətirə əziz vətənimizin düşdüyü ağır vəziyyəti, camaatın ağır güzəranını izah edir, bu işdə günahkar olanları ittihamlandırdı, sonra yenə Allahtaalanın kəramətindən, qüdrətindən söhbət açıb sözünə xitam verirdi. Düz üç aydı bu qaydada dərsimizi alırdıq Şeyx Əhməddən.

– Dəstənizdə neçə nəfər var, molla Səxi?..

– Əvvəl iyirmi doqquz nəfər idik. Sonra bir nəfər də gəldi — Heratdan gəlmişəm!—deyirdi. — Yazıq və məzlum bir molladı. Yatmağa da yeri yox idi. Mən öz hücrəmdə yer verdim ona.

– Adı nədir onun?

– Adı Molla Qasımdı, ağa.

– Ondan şübhələnmirsən ki?

– Yox, ağa, nə danışırsınız? O, gəlmə, qərib bir adamdı, şəhəri tanımır, hara gedir mənimlə gedir... Şeyx Əhmədin fikri bu idi ki, bir azdan sonra onu da vətəninə göndərsin ki, orada iş aparsın...

– Bəs... başqa... şübhəli adam varmı dəstədə?

– Yox... Məncə, yox...

– Bəs onda... Necə ola bilər, molla Səxi? Molla Səxi çiyinlərini çəkdi:

– Özüm də məəttəl qalmışam, ağayi Rəhgüzər!

– Yox, — Rəhgüzər qətiyyətlə fikrini bildirdi — yox, gün kimi aydın həqiqətdi ki, xain var yoldaşlarınızın içində... — Belə!.. Demək Sazmane-əmniyyə... izə düşüb... Biz sizə böyük ümidlər bəsləyirdik, molla Səxi. Çünki, sən bilirsən ki, bizim məmləkət müsəlman məmləkətidir, ruhanilər böyük nüfuza malikdirlər, camaatımız dindar olduğundan sizin sözünüzə daha tez inanar. Amma, şeyx, görünür, haradasa ehtiyatsızlıq eləyib. Yoxsa... belə asanlıqla... — Rəhgüzər birdən-birə qəzəblə əlini stolun üstünə çırpdı. — Satqın tapılmalıdır, nəyin bahasına olur-olsun tapılmalıdır, molla Səxi!

Molla Səxi səksəndisə də, Rəhgüzərin qəzəbqarışıq inamla dediyi sözlərin təsiri altında:

– Baş üstə, ağayi Rəhgüzər!—dedi. — Ancaq necə? Bunu ondan indi soruşsaydın, əlbəttə, heç nə deyə bilməzdi.

– Demək, ipin ucu düşmənin əlinə keçib... Bu iş çözələnə bilər, kələf açıla bilər və onda, hər şey məhv ola bilər. «Aman allah, bunu Bəbir eşitsə, dəli olacaq, ürəyi partlayacaq!»— deyə o, özü haqqında yox, çox sevdiyi, hətta adını ilk övladına verdiyi Bəbir haqqında düşünə-düşünə Molla Səxidən soruşdu:

Şeyx Əhmədi sən necə tanıyırsan, Səxi? Mən onu on beş ildi tanıyıram. Mənim mürşidimdi, ağa, şeyx Əhməd.

– Mərddi, dözümlüdü?

– Məncə, hə, ağayi Rəhgüzər.

– Biz onu sınamışıq, yoxlamışıq, Səxi. Ancaq... insandır da, bir də görürsən ki, sözübütöv, əsl kişi kimi tanıdığın bir adam, su boğazına çıxan kimi, balasını da qoydu ayağının altına!

– Yox, ağa. O, etibarlı, dəyanətli adamdı.

Rəhgüzər yenə qalxıb gəzindi. Xeyli götür-qoy eləyəndən sonra molla Səxiyə yaxınlaşıb əlini onun çiyninə qoyaraq dedi:

– Heç yaxşı hadisə olmadı. Qanqaralığıdı. Ancaq ruhdan düşmək lazım deyil, Səxi. Səs-küy qaldırmayın, özünüzü elə aparın ki, guya heç nə olmayıb. Oturun, yığışın yenə şəriət dərsinizi aparın. Sən özün hələlik Şeyx Əhmədi əvəz elə.

Onsuz da o xəstə olanda, bir yerə gedəndə vəzifəsini mənə tapşırırdı, ağa.

– Bu, lap yaxşı. Şübhə doğurmaz. İki-üç həftədən sonra mənə dəyərsən, ancaq bura gəlmə, evimizə gələrsən, özü də adi paltar geyərsən, başa düşdün?

– Bəli, ağa!

– Hə! Gələrsən, söhbət eləyərik, görək nə etmək olar, şeyxə necə kömək göstərə bilərik. Ən ümdəsi isə... satqını tapıb ortalığa çıxarmaq bizim başlıca vəzifəmizdi. Bu işdə, bu müqəddəs işdə bizə xəyanət eləyən, əgər ciyərparamız olsa belə, aman yoxdur. Başa düşdün?

– Bəli, ağa, başa düşdüm.

– Özün də adamlarınıza diqqət elə, gör kim necə baxır bu işə, kim nə deyir. Yaxşımı?

– Oldu.

– Hə. İndi gedə bilərsən. Sağ ol ki, vaxtında xəbər verdin. Ehtiyatı əldən vermə, ayıq ol, Səxi.

Molla Səxi baş endirib otaqdan çıxdı; Rəhgüzər pərişan halda içəridə tək qaldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 dəq
Üçüncü hissə, yeddinci fəsil

Hər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda

11 dəq
Üçüncü hissə, səkkizinci fəsil

Süleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»

18 dəq
Dördüncü hissə, birinci fəsil

Xoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…

4 dəq

Başqa şairlərin şeirləri