Birinci hissə, yeddinci fəsil
Səhifə 1 / 2
Zümrəyin meyitini həsirin üstünə qoymuşdular. Səkidə. Üzünə qara parça örtmüşdülər. O, bir də tezdən ayağa qalxmayacaq, heybəsinə pendirdən-çörəkdən qoyub hay-küylə mal-qaranı çölə-örüşə aparmayacaqdı. O, bu doğma həyətdən tək bircə dəfə çıxacaqdır, — çiyinlərdə və bir daha onu nə bu evdə, nə həyətdə, nə dükanda görən olmayacaqdı. Ömrünün gündüzlərini tək-tənha keçirən Cahan arvad, indi və bundan sonra ömrünün gecələrini də bu kimsəsiz, qu deyəndə qulaq tutulan həyətdə tək-tənha keçirəcəkdi. Kənd camaatının çiynində bu həyətdən axırıncı dəfə çıxanacan...
Cahan arvadın ağı deyib ağlayan səsi ilk axşamın qaranlığında uzaqlara, kəndin hər tərəfinə yayılırdı. Qonşu arvadlar da onun dərdinə şərik olub səsinə səs verir, qopan vay-şivəndən adamın tükləri biz-biz qalxırdı.
Cahan arvad üzünün dərisini dırnaqları ilə cırıb qanatmışdı. Sinəsindən qopan ah-nalə ürəyinin yanğısını söndürmür, hərdənbir öz başına ikiəlli qapaz da endirirdi.
Kişilər kənarda səssizcə dayanıb fikrə getmişdilər. Başına araqçın qoymuş, əli təsbehli Molla Qulu acıqlı-acıqlı deyirdi:
– Əşi, zəmanə lap xarab olub gedib. Bir kasa südün də üstündə adam-adamı öldürər?
– Süd üstə öldürməyib ey, — deyə başqa birisi etiraz edirdi, – rəhmətlik, Səbihəyə qancıq deyib, nə bilim, nə deyib, Yusif də eşidib. Bunun üstündə dava düşüb... Axırı da belə. Bıçağı götürüb soxub qarnına.
– Qarnına yox, — Molla Qulu cavab qaytardı, — qarnına soxsaydı, o dəqiqə ölməzdi. Görünür, bıçaq ürəyinə sədəmə yetirib ki, yazıq fövrən ölüb. Zümrəy canlara dəyən oğul idi. Kimsədə işi yox, başıaşağı. Yusif gərək belə insafsız iş görməyəydi.
Cahan arvad ağı deyirdi.
İndi təkcə Cahan arvadın yox, Səbihənin də evində matəm idi. Fərqi bu idi ki, Səbihənin evində hələ ki, ağlayan yox idi. Ailə üzvlərinin hamısının rəngi qaçmışdı, Səbihə səkinin qırağında oturub vaysına-vaysına dizinə vururdu:
– Evimiz yıxıldı. Zəhərə dönəydi o süd də, şöqəribə qalaydı o keçi də. Kaş dilim quruyaydı; mən boynusınmış hardan biləydim ki, iş belə olacaq...
Yusif eyvanın dirəyinə söykənmişdi. Gözlərini bir nöqtəyə zilləyib durmuşdu. Qulaqlarında Zümrəyin dəhşətli bağırtısı səslənirdi və ona elə gəlirdi ki, bu səs heç vaxt susmaq bilməyəcək, elə hey səslənəcək...
Sağ əlini gözünün qabağına gətirib baxdı. Qan qurumuşdu, qaranlıqda qara ləkə kimi qaralırdı.
Əfsanənin qorxudan bədəni titrəyirdi. Hürkmüş, hədəqəsindən çıxmış gözlərlə tor pərdə arxasından Yusifə baxır, ağlamaq istəyirdi. Ancaq bacarmırdı.
– Ədə, niyə dayanıb gözlərini döyürsən? — deyə Səbihə oğlunu xilas etmək yolları axtarırdı.
– Bəs... neyləyim? — Yusifin səsi elə bil, quyudan gəlirdi.
– Neyləyəcəksən? Nə qədər ki qəryədar Qulamın adamları tökülüb gəlməyib, divan-dərə xəbərdar olmayıb, qaç, başını qurtar.
Elməddin anasının sözünü tamamladı:
– Dur, çıx aradan. Deyərəm mən öldürmüşəm.
Yusif başını qaldırıb qaranlıqda qardaşının üzünə baxdı. Gözlərini, sifətini yaxşı seçə bilməsə də, bu sözlərin səmimiyyətini açıq-aydın duydu: çünki, sözlər qardaş ürəyindən gəlmişdi və onların səmimiliyinə inanmamağa Yusifin heç bir əsası yox idi. Ancaq Yusifi qan tutmuşdu. Deyirlər, qatil öldürdüyü adamın yanından qaça bilmir, onun ətrafında fır-fır fırlanır, çünki onu qan tutur. Yusif də özündə buna bənzər bir şey hiss eləyirdi. Qaçmaq, aradan çıxmaq haqqında çoxdan düşünmək lazım olduğu halda o, yalnız indi, anası, qardaşı deyəndən sonra bu məsələni xatırladı və elə bil, beyninin dumanı seyrəlib dağıldı. Böyüyüb qan sağılmış gözlərində ani bir sevinc parladı. O, ayağa qalxdı. Elməddinin qənşərinə gəldi. Elməddin onun çiyinlərini sıxıb dedi:
– Get, aradan çıx. Özündən muğayat ol.
Əfsanənin sakit hıçqırığı eşidildi. Yusif səs gələn səmtə qanrıldı. Nəsə demək istədi, ancaq susdu.
Səbihə elədiyi təklifin mənasını sanki indi, Yusif Əfsanəyə tərəf baxandan sonra anlamışdı. Yusif qaçsa: qətli Elməddin boynuna götürəcək... və onu aparacaqlar... sonrası da... məlum! Qaçmasa... gəlib tutacaqlar. Bundan ölüm iyi gəlir!.. Yusif də, Elməddin də onun ciyərparası...
– Vaxtı itirmək olmaz, Yusif, — Elməddin ətrafa boylanıb dedi.
Yusif dərhal hərəkət etmədi və cavab vermədi. Başını qaldırıb ulduzlu göylərə ani olaraq tamaşa eləyərək birdən dönüb qəti bir ifadə ilə üstlərinə su çilənmiş kimi görünən anasına, arvadına nəzər sdldı:
– Yoxx... heç yerə getməyəcəyəm. Qoy gəlsinlər, aparsınlar. Mən öldürmüşəm... cəzasını da... özüm çəkəcəyəm... —Sözünü tamamlamamış iki nəfər ucaboylu, nataraz adam doqqazdan içəri girdi. İkisinin də çiynində tüfəng var idi. Elməddin gələnləri o dəqiqə tanıdı – bunlar qəryədar Qulamın mühafizləri idi. Elməddin irəli yeridi. Qabaqdakı bığlı mühafiz Elməddinə ədəblə salam verdikdən sonra:
– Bağışlayın, ağa, biz Yusifi aparmağa gəlmişik! — dedi.
O biri mühafiz soruşdu:
– Yusif hanı?
Danışığı eşidən Yusif ağır, daş kimi ağır addımlarla onların yanına gəldi.
Mühafiz cəld bir hərəkətlə onun qolunu burub dəmir qandalla qıfılladı.
Mühafiz əmr elədi:
– Düş qabağıma.
Ancaq Yusif yerindən tərpənmədi, qaranlıqda çönüb həyət-bacaya, böyründə dayanıb ağlayan anasına, azca aralıda boynunu büküb duran Əfsanəyə baxdı. Elməddinə sarı da boylandı. Lakin qaranlıqda onun yanaqları aşağı axan yaşı görə bilmədi.
– Haydı. — Mühafiz onu itələdikdə, o, heç nə demədən yola düşdü.
Darvazadan qolları bağlı çıxanda Səbihə özünə əl atdı:
– Ay bala, bizi qoyub hara gedirsən?! — Onun gur, gümrah səsi azca aralıda ağı deyib ağlayan Cahan arvadın səsinə qarışıb itdi. Çünki Cahan arvadın səsi daha yanıqlı və daha əsərli idi!!
Həyəti sakitlik bürüdü. Elə bil, Yusifin gedişi ilə buradan həyat da öz köçünü çəkib getdi.
Damın böyründə iri mis qazanın altı tüstülənirdi. İçindəki suda bir azdan Yusif, Əfsanə çiməcəkdi. Əfsanənin yataq otağında hələ damcısı da istifadə olunmamış ətir şüşəsi dururdu. Bir azdan Yusif, Əfsanə ətirlənəcəkdilər... Lakin...
... Üç-dörd ev aralıda Zümrəyin cənazəsi ortalığa qoyulmuşdu. Elməddin bir daha öz dostunu görə bilməyəcəkdi.
Hətta dəfnə də gedə bilməyəcəkdir. İndi onlar qan düşməni idilər. Elməddin obada Zümrəyin vurulduğu qızın adını öyrənəcəkdi, ancaq Zümrəy bu adı heç vaxt eşidə bilməyəcəkdi. Çünki ölümün təkcə gözləri kor deyil, qulaqları da kardı.
Zümrəyin aylarla-illərlə arxasınca süründüyü sürü, laləli çöllər, qarlı dağlar, çiynində səhəng çaya su gətir-məyə gedən o naməlum gözəl bir də onun tütəyinin yanıqlı səsini eşidə biməyəcəkdi.
Elməddin düşünürdü və tez-tez onun xəyalatının qaranlıq dumanları arasında ikinci bir cənazə də siyrilib çıxır, özünu göstərir və yenə də çəkilib gedirdi. Bu, Yusifin cənazəsi idi — indi onu xəyal adlandırmaq olardı. Lakin sonra... kaş onda da bu, çılpaq həqiqət yox, xəyal olaydı!
Ertəsi gün, axşam, mal-qara naxırdan qayıdandan sonra, fikir-xəyaldan başı şişmiş, Zümrəyin ölümündə, oğlunun həbs edilməsində özünü müqəssir sayan Səbihə döyülmüş adam kimi əzgin halda kasanı götürüb keçini sağmağa getdi. Hadisədən bəri keçi onun gözünə ayrı cür görünürdü; o, bir kasa süd əvəzinə zəhər versəydi, bundan min dəfə yaxşı idi. Zəhərə dönəydi o bir kasa süd, — iki ailənin, iki cavanın bədbəxtliyinə səbəb oldu. Düşünə-düşünə Səbihə keçinin əmcəklərini əllədi. Qabaqlar dolu, bülöv kimi şüş olan əmcəkləri dünənki, srağagünkü, o biri günkü kimi yenə bomboş idi, torbalaşmışdı. Səbihənin əli süstləşib yanına düşdü: keçini yenə sağmışdılar. «Lənətə gələsən səni, kor şeytan. Nə istəyirlər bizim bu qotur keçinin canından? Bəlkə südü şirindi bu şoqəribin? Deyək Zümrəy dadanmışdı — sağırdı. Bəs təzə naxırçı? Bu gün örüşə çıxıb, bizim keçini sağmağa başlayıb? Özü də bilir ki, onun üstündə araya qan düşüb». — deyə Səbihə ürəyində götür-qoy edə-edə ayağa qalxdı, ala çəpişi anasının altına buraxdı. Ayrı vaxt olsaydı, Səbihə yenə qaraqışqırıq salardı, ancaq indi səsini udub susmağı lazım bildi.
Səhər inəkləri, keçini təzə naxırçının qabağına qatanda istədi əhvalatı astaca ona desin, lakin nə fikirləşdisə dinmədi. Axşam şər qarışıb naxır örüşdən qayıdandan sonra məlum oldu ki, keçini yenə sağıblar.
Səbihə yamanca dilxor olmuşdu: bir yerdə qərar tutub dayanmır, o tərəf-bu tərəfə gəzinir, dərdini kimsəyə açıb deyə bilmirdi, «Bizi bədbəxtlik tutub. Allahın bizə qəzəbi keçib. Yox, bunu qəsdən eləyirlər, mənim balalarımı əlimdən almaq istəyirlər. Bu zülmü kim götürər, ay allah», Səbihə az qalırdı ağlasın. Bu ara doqqazda səs eşidildi:
– Ay ev yiyəsi.
– Kimdi o? — Səbihə irəli yeridi. Qabağında təzə naxırçını görərkən arvadın qanı cuşa gəldi, kinini-qəzəbini onun üstünə tökmək istədi. Lakin təzə naxırçı ona danışmağa macal vermədi:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əhədulla son günlər Elməddinin gözünə fikirli dəyirdi. Kişinin elə bil, rəngi də qaralmışdı, beli də donqarlaşmışdı. Demək olar ki, «salamdan», «əleyküssalamdan» başqa sözünü eşitmirdi. Elməddin özü də pərişan olduğundan, başı öz dərdinə qarışdığından onun əhvalının niyə belə pozulduğunu ətraflı soruşa bilməmişdi. Hərdən ona elə gəlirdi ki, Əhədulla amirinin o təmtəraqlı, firavan həyatının belə asanlıqla və kökündən dağıldığını anlayıb xiffət eləyir, təəssüflənir. Əhvalatı lap elə ilk günlər Əhədullaya qızı danışmışdı. Zərrintac xanımın evə ac-susuz, ancaq kefikök gəlmiş Elməddinin üzünə qapını necə rəhmsizcəsinə açmamasını, onu o şaxtalı-ayazlı havada «çöldə qoymasını» qız, böyük bir müsibət üz vermiş kimi, az qala ağlaya-ağlaya atasına söyləyəndə kişi əvvəlcə qulaqlarına inanmamışdı, Siminbərə «özündən şey toqquşdurma, qız» — deyib üstünə çımxırmaq da istəmişdi. Lakin Siminbər balaca, ailədə indi hamının müqəddəs and yeri olan Vətənyarın canına and içəndə o, Zərrintaca qarşı ürəyində qəribə bir qəzəb duymuşdu. O gözəl, cavan, ipək paltarlar içində itib-batan, brilyant, qızıl-gümüş içində bərq vurub parıldayan Zərrintac xanımın nə qədər rəzil, alçaq nifrətə layiq adam olduğunu ürəyində etiraf eləmişdi. Onun aləmində, Elməddin kimi mələk xislətli təmiz, mehriban bir adamın ürəyinə dəymək, könlünü sındırmaq dunyada ən ağır cinayət idi, günah idi. «Bunu Allah sənə heç vaxt, yüz il dərgahında qolubağlı, dizin-dizin sürünə-sürünə ibadət eləsən də bağışlamaz!» — deyə düşünmüşdü. Həqiqətən bu pis xəbərlər Əhədullanın kefinə soğan doğramışdı, qanını möhkəm qaraltmışdı, Ancaq kişi baxıb görmüşdü ki, Siminbər ondan da yaman hala düşüb. «Mən burda daha qalmaq istəmirəm, qibləgahım, — deyib dururdu. — Apar məni evimizə, apar, qibləgahım!» —deyib yalvarırdı.– Yox, hələ qal, qızım! Qayıdıb gələrsən, bundan sarı xiffət eləmə. Ər-arvaddırlar, savaşıblar, yəqin barışarlar da. Yaxşı deyil, hər necə olsa, ağamız Nəcməddinin qızıdı,— deyirdi Əhədulla ona.
Birinci hissə, yeddinci fəsilMəhəmməd Şəfi Rəhgüzar Elməddinin Zərrintacdan ayrıldıqdan sonra, onlarda yaşadığı günlərdə oğlanın sarsıldığını, ümidsizləşdiyini görüb onu təzədən, kim bilir neçənci dəfə danlamış, təsəlli vermişdi. Əhədulla isə Siminbər haqda söhbət etdiyi gün axşam Şəfi yenə Elməddini danlamışdı:– Darıxma, qardaş, Bu, həyatdır. Onun tərəqqisi də var, tənəzzülü də. Bəzən o, sənin başına gül-çiçək çələngi qoyur, bəzən ayaqlar altına salıb tapdalayır, qədir-qiymətsiz edir. İnsan gərək dözümlü olsun, iradəli olsun, nazik çubuq kimi tez .sınmasın. Amma görürəm ki, sən belə hallarda tez pərt olursan, darıxırsan; eybi yoxdur, hələ cavansan, nə görübsən ki, sən həyatda?... ...
Birinci hissə, səkkizinci fəsilElməddinin ağlına gələn fikir onu sevindirdi. Geriyə dönərək mizin üstünə çayniki qoyan Əhədullaya müraciət elədi:– Əhəd:
Birinci hissə, doqquzuncu fəsil– Ustad, anam yuxuma girib, qəryəmiz yuxuma girib. Görürəm arvad gileyli-gileyli deyir ki, əcəb etibarsız oğul imişsən, bala. Elə biryolluq getdin, gör neçə ildi gedibsən, bircə kərə də dəyməyibsən ki, anamı tək, dörd divar arasında qoyub gəlmişəm, baş çəkim görüm ölüb, qalıb? Getmək istəyirəm, ustad. İstəyirəm gedəm anamın qəbrini ziyarət eləyəm, o doğma yerləri görəm. Baba demişkən, burnumun ucu göynəyir, ürəyim titrəyir, ustad, o yerlərdən sarı. — Elməddin bu sözləri böyük həyəcanla söylədi, elə həyəcanla ki, daha Məhəmməd Şəfi etiraz eləyə bilmədi və ürəyindən keçirdi ki, Elməddini indi danışdıran hisslər müqəddəs hisslərdi, onların qarşısında durmaq, susdurmaq, öldürmək özü günahdı. Nə qədər ki insan ürəyi belə döyünür, anaya, doğulduğu, boya-başa çatdığı, pərvazlanıb uçduğu torpağa qarşı ilıq, isti məhəbbət duyğuları ilə çırpınır, demək, o ürək sahibi əsl insani keyfiyyətlərə malikdi, o, həyatın, yaşamağın mənasını anlayır, qədrini bilir. Şəfinin şəxsən tanıdığı bir çox cavanlar vardı ki, onlar belə təmiz, ülvi hisslərdən məhrum idilər: günləri harda xoş keçsəydi, ora vətən idi, hansı ağbirçək qadın üzlərinə mehriban baxsaydı, o, ana idi onlar üçün! Belələri üçün müqəddəs heç nə ola bilməzdi dünyada. Ancaq, nə yaxşı ki, Elməddin belə deyildi. Elməddin indiyənəcən Şəfinin nəzərində ağıllı idi, bacarıqlı idi, dözümlü, təmkinli idi, qabiliyyətli idi. İndi isə başa düşürdü ki, o, üstəlik, nəcib bir insan imiş. Onun nəcibliyini Şəfi çoxdan hiss eləmişdi — o, həbsxanada olarkən ailəsinə pul verməsi ilə (bəlkə bu borc idi? O qədər borclu olduğunu bilə-bilə belə işlərə biganəlik göstərən görmüşdü ki, Şəfi!), adi bir sürücü olan Əhədullaya bəslədiyi ehtiram ilə bu nəcibliyini sübut eləmişdi. Əslində Şəfi düşünmüşdü ki, burda sən deyən elə fövqəladə nəciblik də yoxdur, bu, adi insanın borcudur, vəzifəsidir. Lakin indiki zamanədə—biganəliyin, laqeydliyin, öldürücü «eh, mənə nə dəxli» fəlsəfəsinin hökmran olduğu, insanların çoxunun, böyük əksəriyyətinin bu mərəzə tutulduğu zəmanədə bunlar, bu keyfiyyətlər qeyri-adiləşir, təəccüb, heyrət və çox vaxt sevinc doğururdu.Şəfi razılıq hissilə başını tərpətdi: