İkinci hissə, onuncu fəsil
Səhifə 1 / 2
Gəlini — Zərrintac xanımı aparmağa gəlmişdilər. Darvazalar taybatay açılmışdı, həyət qonaq-qara ilə, qonum-qonşu ilə dolu idi. Camaat dövrə vurub dayanmışdı, hasarın dibində ayaq üstə durmuş çalğıçılar şıdırğı çalır, oynayanlar bir-birini əvəz edirdilər. Nökər Əbdül isə ortalıqdan çıxmaq bilmir, gələnə yoldaş, kedənə qardaş olub oynayırdı. Təzə paltar geymişdi — kostyumu, köynəyi, ayaqqabısı təzə idi. Nəcməddinin evinə gəl-gedi olmayanlar onun nökər olduğunu əsla ağıllarına belə gətirməzdilər.
Məşşatələr, Dünya xanım, Məleykə xanım Zərrintacın otağına yığışmışdılar, gəlini bəzəyib-düzəyir, zər-zibalarını geyindirir, oxuyub oynayırdılar. Zərrintac gəlinlik paltarının içində alışıb-yanırdı, daş-qaş içində itib-batmışdı.
Nəcməddin, Məhəmməd Şəfi və dostları eyvanda dayanıb oynayanlara, şadlananlara baxıb öz aralarında nəsə danışıb gülürdülər.
Ağayi Nəcməddin qızına toy eləmişdi bu gün. Bu elə bir toy idi ki, çoxdan, lap çoxdan şəhərdə belə toy olmamışdı. Gəlib-gedənin, yeyib-içənin sayı-hesabı yox idi. Kişi məclis üçün heç nə əsirgəməmişdi, gələnlərdən də nə pul, nə hədiyyə qəbul etməmişdi. Düzdür, mövcud adət-ənənəyə əməl olunmamışdı bu toyda. Yəni oğlan adamı qapıya elçiliyə gəlməmişdi — hərçənd ki, bunu Elməddin və onun dostları eləyə bilərdilər. Ancaq Nəcməddin razı olmamışdı. Onun fikrincə, belə işlərdə ata-ana qabaqda durmalı, qol çırmayıb hər şeyi yoluna qoymalı idi. Madam ki oğlanın ata-anası, bacısı-qardaşı yoxdu, onda heç dostları da əziyyətə salmağa dəyməzdi. Onlar elə qara versinlər, gəlsinlər, yesinlər-içsinlər, çalıb-oynasınlar, vəssalam. Nəcməddin belə demişdi və heç kəs də sözünü çevirə bilməmişdi.
Nəcməddin eyvanda, yanında dayanmış Məhəmməd Şəfiyə üz tutdu:
– Bəs Elməddin hanı, Şəfi? Şəfi təəccübləndi:
– Məgər Elməddin də burda olmalıdır?
– Olmamalıdı bəs?
– Yox! Adətə görə...
– Eh, ay Şəfi. Sən də lap avam adamlar kimi danışırsan! Nə adət, nə qayda? Sən birdəfəlik bil: rəhmətlik atam deyərdi ki, şəriət avamlar üçündür. Mənim üçün nə adət, nə ənənə, ay Şəfi. Mənim özümün adətim var, ənənəm var. Adəti biz insanlar özümüz yaradırıq və sonra da, qanımıza-canımıza işləyəndən sonra əsiri olub qalırıq, ha çapalayırıq zəncirini qıra bilmirik, kişi. Mən heç kəsdən utanmıram, heç kəsdən qorxmuram, indiyəcən ürəyim istəyən kimi yaşamışam, bundan sonra da belə yaşayacağam.
– Yaxşı eləyirsən, Nəcməddin. Mən də elə sənin kimi düşünürəm. Sadəcə olaraq, fikirləşdik ki, bəlkə Elməddinin gəlin aparmağa gəlməsi sizin xoşunuza gəlməz, ona görə...
– Hə, onda, neçə ilin dostu olsaq da, sən məni yaxşı tanımırsan, Şəfi. Əhədullanı tap, getsin Elməddini harda olsa, qoysun maşına gətirsin. Mən qızımı bu camaata vermirəm ki, Elməddinə verirəm, o da zəhmət çəkib gəlib xanımını aparsın...
– Baş üstə. Mən bu dəqiqə... — deyib Şəfi pilləkənləri düşdü, darvazanın qabağına yüyürdü. Sonra qayıdıb gəldi, Nəcməddinə dedi: — Göndərdim...
– Lap yaxşı...
Nəcməddin aynabəndin sütununa söykənib aşağı, həyətə tamaşa eləməyə başladı. Şəfi də böyründə dayandı. Əbdül yenə oynayırdı. Üz-gözü gülürdü. Tər alnından axırdı. Ancaq yoruldum demirdi. Bu ara cavan, mütənasib bədənli, səliqəli geyinib-keçinmiş, kürən bir oğlan da meydana girdi, qollarını qaldırıb Əbdülü yarışa çağırırmış kimi ayaqlarını yerə döydü və «ehehey» — deyib süzməyə başladıqda, çalğıçılar iki bir oyun havası çaldılar. Bu, şıdırğı bir hava idi. Oğlan elə gözəl rəqs eləyirdi ki, dövrə vurub duran adamlar, qeyri-iradi əl çalırdılar. Az sonra, görən də, görməyən də əl çalmağa başladı. Bu, eyvanda dayananlara da sirayət etdi. Nəcməddin də, Şəfi də, başqaları da camaata qoşuldular. Arada nə üçünsə eyvana çıxmış Dünya xanım da eyvanın o başından başını irəli uzadıb dairənin içində süzənlərə fikir verdi. Oğlanın çevik, müvazi hərəkətləri, hərdən-bir başını qaldırıb iri, yaraşıqlı gözlərini eyvana sarı dolandırması, başını silkələyib kürən saçlarını arxaya atması... elə gözəl idi ki, Dünya bir neçə an gözlərini ondan çəkə bilmədi. Sonra ötəri Əbdülə fikir verdi. O da yaxşı oynayırdı, ancaq deyəsən yorulmuşdu. Dünya çəkilib içəri girdi. Şəfi Nəcməddindən soruşdu:
– O oğlan kimdi, Nəcməddin?
– O, qonşunun oğludu. Səlimullahın oğludu, darülfünun professoru vardı ha, keçən il öldü ey. Fransada öldü ha...
– Hə, hə.
– Bax, onun oğludu.
– Yaxşı oynayır, zalım oğlu. Elə bil anadangəlmə rəqqasdır.
– Cavandı də, ay Şəfi. Mən cavanlıqda ondan da yaxşı oynayırdım. Çalğıçılar çalardılar, mən arxaya əyilərdim, alnımı yerə qoyub yerdəki dəsmalı dişimlə götürərdim. Hamı deyərdi Nəcməddinin sümüyü yoxdu. Amma indi... indi əyilib ayaqqabılarımın bağını bağlaya bilmirəm. — Söhbət bura çatanda Əbdül, elə bil bu sözləri eşidibmiş kimi, yavaşıdı. Nəcməddin ürəyində: «Köpəkoğlu yordu özünü, gərək bic tərpənəsən, havaya güllə atmayasan, belə həriflərin qabağına gərək qoz qoyasan!» — deyə düşündü və az qala qışqıracaqdı ki, onu yormamış çıxma oyundan, Əbdül. Lakin Əbdül əl atıb cibindən dəsmal çıxartdı; Nəcməddinin gözlərinə elə bil işıq gəldi.
– Aha, Şəfi, ora fikir ver... — dedi sevinclə.
– O sənin nökərin deyil?
– Hə, mən ölüm ora bax!
Əbdül işarə elədi, çalğıçılar havanı dəyişdilər, ağırlaşdırdılar; o, dəsmalı yerə sərdi, ətrafına dolanıb irəli keçdi, eyvana göz gəzdirdi , ağasının gülən gözlərini görüb ürəkləndi, daha kimi isə axtardı və sonra, musiqinin ahənginə uyğun olaraq yavaş-yavaş bədənini əsdirə-əsdirə geri əyilməyə başladı. Asta-asta əyilirdi, Səlimullahın oğlu isə, tez-tez gözünün üstünə düşən saçlarını yana ataraq ətrafda fırlanır və nə isə indicə maraqlı bir şey olacağını gözləyirmiş kimi baxırdı. Yəqin yıxılacağını güman eləyirdi, ya nə idi? Əbdül isə əyilir, əyilirdi. Hamı nəfəsini içinə çəkib tamaşa eləyirdi. Nəhayət, Əbdül kəlləsinin düz ortasını yerə qoydu, bədənini bir az da irəli verib alnını yerə yapışdırdı və dəsmalının azca dikəlmiş ucunu uzanmış dodaqları ilə tutdu, sonra yenə yavaş-yavaş dikəlməyə başladı. Qamətini düzəldib qalib bir tərzdə qonşu oğlanın qabağında fırlandı. Hamı əl çaldı, uğultu həyəti başına götürdü. Əbdül yenə eyvana göz gəzdirdi, Dünyanı gördü, Nəcməddini gördü. Sevinə-sevinə yanındakı oğlana baxmaq istəyəndə onu görmədi. O, oyundan çıxmışdı. Bu ara Nəcməddin yerindən qopdu, pilləkənləri quş kimi uça-uça aşağı endi, meydandan çıxmaq istəyən Əbdülün qabağına keçdi, cibindən iki dənə minlik çıxarıb birini ona, birini də armançalana bağışladı. Sonra üzünü Əbdülə tutdu:
– Halal olsun, o beçə!—dedi. — Xoşum gəldi səndən.
Əbdül minnətdarlıqla əlini döşünə qoyub adamların arasına girdi.
Darvazanın ağzında maşın siqnalı eşidiləndə Şəfi Nəcməddinə dedi:
– Elməddin gəldi deyəsən!
– Hə, get, gətir bura.
İki dəqiqədən sonra bəylik paltarı geymiş, utandığındanmı, həyəcanındanmı yanaqları pul kimi qızarmış Elməddin Şəfinin yanındakı adamların arasından keçib yuxarı çıxdı. Camaat uğuldayırdı:
– Damad gəldi.
– Nə qəşəng oğlandı.
– Damad özü qızın dalınca gəlib? Vay, vay!
– Nəcməddindi də. Ağlına nə gəlir, onu da eləyir. Nə Allahdan qorxur, nə padşahdan.
– Allahdan qorxsaydı içməzdi, padşahdan qorxsaydı, qızını onun oğluna verərdi, yetimin birinə verməzdi.
Şəfi ilə Elməddin eyvanda dayanmış Nəcməddinin yanına gəldilər. Elməddin qayınatasının üzünə baxmağa utanırdı. O öz aləmində idi, elə bil yatmışdı, bütün bunlar yuxuda baş verirdi. Sanki, onun yox, kiminsə yaxından tanıdığı bir adamın toyu idi. Sevinmirdi. Sadəcə məst adam kimi, maraqlı, gözəl tamaşaya baxan kimi hər şeyə baxır, hər şeyi görür, ancaq heç nə düşünmürdü. Ona elə gəlirdi ki, bir azdan camaat dağılışıb gedəcək, səs-küy kəsiləcək və tamaşa qurtaracaqdı, o da, hamı kimi, öz hücrəsinə bağlanacaq, soyuq otağına gedəcək, yıxılıb yatacaqdı. Ancaq hərdən, bu vurhayın içində kəsik-kəsik, lent parçası kimi Yusifin toyu gözünün qabağına gəlirdi, haradasa Əfsanə cilvələnirdi nəzərində, sonra, özünün bəlkə də toy adlandırmaq mümkün olmayan uğursuz izdivac gecəsi, kəndlərindəki evlərində, alaqaranlıqda Əfsanənin soyunub yatağa girməsi, paltarının xışıltısı yadına düşdü Elməddinin. Və o düşünürdü ki, ən ağıllı adamlar belə dünyanın, həyatın əlaqəli, əlaqəsiz hadisələr axınına düşəndən sonra, sabah, beş gün, hətta beş il sonra başına nə gələcəyini görə bilməz, təsəvvür edə bilməz — bu, insan idrakının imkanları hüdudundan çox kənarda olan bir şeydir. Bax, elə Elməddin özü, heç cürə ağlına belə gətirə bilməzdi ki, günlərin birində Nəcməddin kimi möhtəşəm, evinin sütunları da qızıldan olan bir adamın qızını ala bilər, yazıçı ola bilər, əsərləri çap oluna bilər, onu tanıyarlar, sevərlər, nifrət edə bilərlər. Bunlar Elməddin üçün ömrünün-gününün səhifələrinə yazılmalı olan şeylər imiş ki, özünün də xəbəri yoxmuş. Amma indi-indi oxuyurdu o səhifələri. Onu Nəcməddinin səsi fikrindən ayırdı:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-onuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərləçox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.
İkinci hissə, on dördüncü fəsilGülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.Gülmirə ürəyindən keçirtdi:
İkinci hissə, on beşinci fəsilXəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.
Birinci hissə, birinci fəsilAyrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.
Başqa şairlərin şeirləri
Nə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.