Səhifə 1 / 2

Topu yerə nə qədər bərk vursan, göyə o qədər çox qalxar» — bu həqiqət, ağıllı və müdrik adamların haçansa, haradasa söylədiyi bu hikmət, qolları qandallı halda dar, rütubətli, qaranlıq həbsxanaya düşəndən, dişləri vurulub sındırılandan, dırnaqları çıxarılandan sonra Məhəmməd Şəfi Rəhgüzər üçün inkaredilməz bir həqiqətə çevrilmişdi. Üstündə gəzdiyi, yaşadığı, hər qarışını müqəddəs sandığı şirin vətən torpağına, onun əsrlər boyu haqqı tapdanan, gecə-gündüz rahatlıq bilmədən çalışsa da, qarnı ac, əyni çılpaq, ayağı yalın övladlarına qəlbində doğulub pərvəriş tapmış məhəbbət nə qədər böyük və sonsuz idisə, bu torpağın, bu xalqın qədrini bilməyənlərə, adil adı ilə zalimlik eləyənlərə, vətənin taleyi ilə oynayanlara, əlinə düşən vəzifədən, məqamdan ancaq öz xeyri üçün istifadə edənlərə nifrəti bir o qədər artıq və nəhayətsiz idi. Bu qəzəb, nifrət günlər, aylar keçdikcə çoxalırdı. Şəfi həbsxanadan çıxandan sonra, elə bil qəflət yuxusundan ayılmışdı, keçən ömrünə heyfsilənirdi. Düzdür, o, qabaqlar da bu hisslərlə yaşamışdı. Qəlbində vətən eşqi yaşamışdı, onun düşmənlərinə nifrəti yaşamışdı — ancaq bu, necə də az imiş. O, əvvəllər də xalqının, doğma torpağının dərdlərindən yazmışdı — ancaq bu da az imiş, sən demə. Sən demə, məmləkətdə zülm ərşə dirənibmiş ədalətsizlikdən yer-göy qan ağlayırmış, haqq deyən ağızlar tikilirmiş, qapılar bağlanırmış!!!. Elin-obanın sevimlisi olan, məmləkətin hər guşəsində uşaqdan tutmuş böyüyə qədər hamının sevdiyi, pərəstiş etdiyi, adı gələndə fərəhdən göz yaşaran bir sənətkara hörmət edilməyəndə, adi, bəlkə də heç adını belə yaza bilməyən polis tərəfindən qoluna qandal vurulanda, çiyni çinli məmur tərəfindən dişləri vurulub salınanda daha hansı ədalətdən, haqdan danışmaq olardı? Şəfinin özünün içində elə bil nə isə sınmışdı: Zahirən süst, yorğun və küskün görünürdü: ancaq əvəzində qəlbində bir nifrət məşəli yanmışdı ki, daha onu heç nəylə söndürmək olmazdı. Hətta onu öldürsəydilər də, o məşəlin göylərə zəbanə çəkən qırmızı dilləri torpağın altında belə sönməzdi, yanardı, yandırardı. Və bu nifrət onu son dərəcə qorxusuz, cəsur bir adama çevirmişdi. Qəlbində sanki bulağın gözü daşdan, çınqıldan təmizlənmişdi. Şer qarşısıalınmaz sel kimi, ağ vərəqlar üstünə axırdı. Bu şerlərdən qan iyi gəlirdi — çünki şairin qəlbini qanatmışdılar. Həzinlikdən, kövrəklikdən əsər qalmamışdı o misralarda. Sevən aşiqin vüsal həsrəti, hicran əlindən şikayəti yox idi daha o misralarda. İnsan azad olmasa, məhəbbət də azad ola bilməz. «İnsan azad olmasa, məhəbbətin qisməti ayrılıqdı, göz yaşıdı, həsrətdi» — deyirdi şair. Siyasi-ictimai mövzular Şəfinin başını elə qatmışdı ki, son vaxtlar bircə dənə də lirik şer yazmamışdı. Qələmindən çıxanları aşkarda-xəlvətdə oxuyan Məleykə xanım da ərinin yazılarının büsbütün kəskin xarakter aldığını görür, bir tərəfdən sevinirdisə, bir yandan da kədərlənirdi. Sevinirdi ona görə ki, ərinin böyüklüyünün, əzəmətinin, sevilməyinin sirrinin bu cür əsərlərdə olduğunu yaxşı bilirdi: bu şerlərdə söylənilən həqiqətlər xalqın, elobanın dərdləri, qayğıları, faciəsi idi, bugünün həqiqətləri idi; o, həbsxanaya düşəndə məhz belə şerlər üstündə düşmüşdü, xalq, camaat onu azad etdirmək üçün əldə qırmızı bayraq küçələrə nümayişə çıxanda da onun məhz bu cür siyasi, kəskin şerlərini deyirdi. Ancaq Məleykə bu sevinclə bərabər gizli bir qorxu hissi də keçirirdi: — onu belə şerlər üstündə yenə apara bilərdilər.

Məleykə kədərlənirdi, ona görə ki, bu qədər şerin içində bir misra da olsa, məhəbbət şeri yox idi. Heç olmasa Məleykəsinə də bircə şer yazmamışdı. Halbuki, qabaqlar həmişə ona şer həsr edərdi, onu şerin sehrli dili ilə əzizlər, öpüb oxşar, nəvaziş göstərərdi. Bu, Məleykədə gizli, daxili bir qürur doğurardı və o, bu qürurla özünü dünyanın ən xoşbəxt qadını sayardı. İndi isə... belə misralar tapmayanda... Məleykə yüngülcə köks ötürər, qüssəli gözlərini ərinin ağarmış saçlarında gəzdirər, «qocalır mənim əzizim!»—deyə xiffət eləyər, ancaq heç nə deməzdi.

Şəfi son vaxtlar çox işləyirdi. Məleykənin dili ilə desək, lap canına qəsd eləyirdi. Redaksiyada çəkdiyi zəhməti-əziyyəti görmürdü Məleykə, ancaq evdəki işi gözünün qabağında idi. Kabinetinə girərdi, elə hey yazardı, oxuyardı. Məleykə onun çayını, çörəyinn elə buradaca təşkil elərdi. Qonaq-qarası olanda da o, burda oturardı, olmayanda da. Vacib, əlimyandı iş olmasaydı, Şəfi heç yerə getmirdi.

Bir dəfə Məleykə onun çox işləyib özünü əldən saldığından giley eləyəndə Şəfi qələmi yerə qoyub.

– Heyf, ömür birdi, Məleykəm, — demişdi. — İndi isə... nə ömrə etibar var, nə də onlara...

– Onlar kimdi, Şəfi?.. — deyə Məleykə yaxın gəlib əlini ərinin çiyninə qoymuşdu. — Onlar... yəni kim?

– Onlar... «Dostlarım». Bir də gördün çağrılmamış qonaq kimi, yenə gəldilər, apardılar...

– Allah eləməsin, Şəfi.

– Allah eləmir, Məleykə. Nə eləyir, bəndə eləyir! Mənim nə ömrə etibarım qalıb, nə də o «dostlarıma». Yatdım, durmadım. Olurmu? Olur. Getdim, gəlmədim! Olarmı? Olar! Bu dünyada təəccüb və heyrət eləməyə daha heç nə qalmayıb, Məleykəm mənim.

– Son vaxtlar çox ümidsiz olmusan, Şəfi!

– Yox, Məleykəm mənim. Əksinə, mənim qəlbimdə böyük və güclü bir ümid məşəli yanır indi, əzizim. Mən işimizin, mübarizəmizin haqq olduğuna, qalib gələcəyinə son vaxtlar daha çox inanıram, Məleykə. Biz indi dünənkindən qat-qat güclüyük. Zülm də dünənkindən qat-qat çoxdur — zalım zülmünü artırdıqca, öz ölümünü daha da tezləşdirir. Bu, mənim qəti inamımdır.

– Hər halda, mən səndə gizli bir ümidsizlik görürəm və pərişan oluram, Şəfi.

Şəfi azca fikrə getmiş, arvadının daxili bir kədər və nigarançılıq ifadə eləyən gözlərinə baxmış və:

– Onu düz deyirsən, ay mənim həssasım. Bu ümidsizlik məndə var. Nədənsə, axır zamanlar ölüm məsələsi məni çox düşündürür. Elə bilirəm ki, məqsədimə çatmamış öləcəyəm.

– İraq candan, Şəfi!

– Yox, o öz yerində. Ancaq ölüm haqdır, Məleykə. Elə bilirəm sözümü deməmiş, arzuma çatmamış... Odur ki, gecəmi gündüzümə qatıb işləyirəm, ürəyimi boşaldıram, gülüm. Dünyada əbədi heç nə yoxdur, Məleykə. Hər şey, hər kəs ölümə məhkumdur. Bircə əbədi şey var—o da xalqdır, xalqın tarixi, mübarizəsi və xalqın hafizəsidir. Bir də adını xalqın ürəyinə, tarixinin, mübarizəsinin şanlı səhifələrinə, hafizəsinə həkk etməyə qadir olanlar ölməzdi, gülüm. Mən bu həqiqətə gün kimi inanıram!!!

Məleykə Şəfinin hansı arzularla yaşadığını çoxdan bilirdi, ancaq heç vaxt o, fikrini beləcə aydın şəkildə dilinə gətirməmişdi. Məleykə daxili bir qürur hissilə əyilib onun saçlarından öpmüş və:

– Ağıllım mənim! — demişdi və sonra barmaqlarını daraq kimi tellərində gəzdirib: — Saçlarını tamam ağartdım, — deyə əlavə etmişdi. Bu zaman Şəfi baxışlarını dolandırıb altdan-yuxarı arvadının sifətinə, gözlərinə tamaşa eləmiş və günahkar kimi başını aşağı salmışdı:

– Yadımdadı, sən mənim qara, cod saçlarımı çox xoşlardın... İndi onlar ağarıb... və sənə dərd-qəm gətirir hər baxanda...

– Yox, yox, mən bunu ona görə demədim ki, sən kədərlənəsən, yox, Şəfi. Mən sənin ağ saçlarını da çox sevirəm. İnan ki, lap çox. Bir də... bir də elə bilirsən tək sənin saçın ağarıb? Bax, mənim də saçlarım ağarır, Şəfi!! Bir bura bax!?

Şəfi, Məleykənin sinəsinə sığınmış başını əlləri arasına alıb tağından öpmüş, qara telləri arasına yuva salmış ağ tükləri görüb bulud kimi dolmuş, titrək səslə:

– Sənin də saçlarını mən ağartdım, əzizim! —demişdi...

Sonra tutqun-tutqun otaqda var-gəl eləmiş, pəncərədən həyətə, qayğısız-qayğısız oynayan uşaqlarına baxmış, Məleykə xanım əlində çay dəstgahı içəri qayıdıb gələndə, çevrilib bu şeri bədahətən demişdi;

«Saçlarım ağarır» — söylədin, aman!

Söküldü bağrımın başı, ah, bu dəm.

Qəm yemə, gözəlim, o ağ saçları

Oxşaya-oxşaya qaralda billəm.

Günlər görmüşəm ki, qaradan qara,

Ahlar çəkmişəm ki, güllər saralıb.

Səni göz yaşımda çimizdirərəm —

Bir də görərsən ki, saçın qaralıb.

Sönməsin qəlbimin odu, atəşi,

Qoyma haqdan yanan bu ocaq sönə.

Mən yanım, tüstümdən saçın qaralsın,

Ağlıq bəxş eləyim o ağ bədənə!!!

Nə vaxtdan bəri Şəfidən belə isti, belə şer eşitməyən Məleykə xanım sinini haçan stolun üstünə qoyduğunu, haçan ona sarı qaçdığını onu qucaqladığını, başını sinəsinə söykəyib ağladığını bilməmişdi. Şəfi yenə onun saçlarından öpmüş, kürəyinə, çiyinlərinə əl gəzdirib:

– Niyə ağlayırsan, Məleykəm? — demişdi. O, başını qaldırıb yaşlı gözləri ilə gülümsünə-gülümsünə:

– Heç, elə-belə Xoşbəxtliyimdən ağlayıram, Şəfi, — söyləmişdi və təzədən başını ərinin sinəsində gizlətmişdi. Şəfi də ürəyində qəribə, anlaşılmaz bir nisgil üçüncü dəfə Məleykənin saçlarında dodaqlarını gəzdirmiş və təkrar etmişdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, altıncı fəsil

Elə həmin gün, səhər tezdən evdən çıxarkən Heyran qar yağdığını görüb üşümüş, kədərlənmişdisə, şəhərin bu başında, yataq otağının həyətə açılan pəncərəsindən qarladığını görən Məhəmməd Şəfi çox sevinmişdi. Şair qarı çox sevirdi — soyuğunu, şaxtasını yox, sadəcə sakit-sakit, lopa-lopa yağmasından olmazın ləzzət alırdı həmişə. Xüsusilə Kabilin küləksiz qış günləri gözəl olurdu, havada elə bil saysız-hesabsız ağ kəpənəklər uçurdu, bir-birini qovur, birləşir, fırlana-fırlana, ləngər vura-vura yerə, ağacların, adamların, damların, hasarların üstünə düşürdülər. Şəfi üçün qar havada uçarkən gözəldi — yerə düşdümü, olurdu adicə qar. Belə havalarda o, yaxşı işləyirdi: elə bil, ilham çeşməsinin gözü açılırdı, beynində, ürəyində qar dənələri kimi bir-birini təqib edən, dünyaya gəlməyə çan atan fikirlər ağ vərəqlər üstünə tökülür, yenicə doğulmuş körpəsinə baxıb sevinən ana kimi şair də onlara baxıb sevinirdi. Belə günlərdə, lap vacib işi olsaydı, o, evdən çıxmazdı!. Otağına çəkilib yazardı. Məleykə xanım uzun illərin təcrübəsindən bilirdi ki, Şəfi bu cür havada heç yerə getmir. Odur ki, onun çayını, çörəyini verir, özü isə çəkilib gedir, ev işləri ilə məşğul olurdu. Nahar vaxtı çatanda isə, Məleykə içəri girib onu stulundan qoparır, yemək otağında açdığı süfrə başında uşaqlarla birlikdə oturub xörəklərini yeyir, ordan-burdan danışır, deyib-gülürdülər. Şəfi özü üçün xüsusi rejim yaratmışdı; bu barədə Məleykəyə heç nə deməmişdi, çünki Məleykə təşvişə düşə bilər, nigarançılıq çəkərdi. Həbsxanaya düşəndən sonra Şəfi başa düşmüşdü ki, bir çoxlarınınkı kimi, onun da ömrü təkcə taleyindən asılı deyil; taleyindən başqa — əgər varsa — bir də «yuxarıda» əyləşən ağaların hökmündən asılıdır onun ömrü. Bilmək olmaz harda, haçan şairin ömür kəndirini kəsmək əmri veriləcək. Ona görə, qalan vaxtı-ömrü ağılnan, düşünə-düşünə yaşamaq gərəkdi. Şəfi indi, qalan pullarını ağıllı işlərə sərf etmək, mənfəət gətirə bilən şeylərə xərcləmək qərarına gəlmiş bir tacirə oxşayırdı. Hərdən özünə, bu fikirlərinə gülürdü. Neyləmək olardı, həyat belə qurulmuşdu. Şair qəlbində, beynində gəzdirdiyi, vaxtın azlığı, çatışmazlığı üzündən ildən-ilə adlatdığı əsərlərini kağız üzərinə köçürməklə yanaşı, başqa bir səhvini də düzəldirdi: o, bu çağa qədər evə, ailəyə, uşaqlarına az fikir vermişdi, lazım olduğundan az diqqət yetirmişdi. Evin dərd-səri Məleykənin boynunda idi, o, bu işləri böyük həvəslə görürdü, ancaq Şəfi başa düşürdü ki, hardasa o da əl yetirməlidi, kömək olmalıdı Məleykəyə. Uşaqlar da ata qayğısını tam mənası ilə hiss eləməmişdilər, onların tasəvvüründə ata həmişə yazı masası arxasında oturan, gündüzlər harasa gedən, kitab yazan, kimlərlə isə oturub saatlarla nəsə danışan bir adam kimi qalmışdı indiyəcən. Şəfi bilirdi ki, bu, düz deyil; onların da atalıq haqqını qaytarmalıdı Şəfi. Buna görə son vaxtlar Şəfi həftədə iki dəfə arvadını, uşaqlarını yanına salıb «Sinema-Kabul»a aparırdı, Bəbrəkin dərslərinə baxır,qızları Jaləni, Rəbiəni əyləndirir, onlara nağıl danışır, şer oxuyur, şer öyrədirdi. Qış aylarında onları qalın geyindirib bayıra çıxarır, qartopu oynayır, balaları üçün qar adamı düzəldirdi. Belə oyunlardan uşaqlar da ləzzət alırdı, o da. Elə bil təzədən özü də dönüb uşaq olurdu Şəfi. «Qoy məni tam varlıqları ilə hiss etsinlər balalarım, sevsinlər məni, sevə bilsinlər. Bir də gördün gözlənilmədən «getdim». Balalarımın yadında nə qalacaq? Heç nə? «Bu fikir Şəfini evə, ailəyə daha möhkəm bağlayırdı. Həmin qərara gəldiyi ilk günlərin birində Şəfi uşaqların otağına keçib onlara qoşularaq top-top oynayanda heç birisi gözünə inanmamış, təəccüblənmişdilər. Jalə heyrətlə Rəbiəyə baxıb:

10 dəq
İkinci hissə, yeddinci fəsil

Heyran Darüləmanın mərkəzində, Kabil muzeyinin qabağında servisdən düşdü, əlindəki zənbili yelləyə-yelləyə, iti addımlarla evə tələsdi. Yüngülvarı bazarlıq eləmişdi, acından başının hərləndiyini, gözlərinin tor gətirdiyini görüb küçədə isti çuğundur satan oğlandan bir qıça qırmızı çuğundur alıb elə ayaq üstə yemiş, açlığını dəf eləmişdi. Uçmağa qanadı yox idi. Əynindəki paltar onun haçandan sevinməyən ürəyini hədsiz bir fərəhlə doldurmuşdu. Əbdül onun gözündə yox yerdən peyda olmuş bir xilaskara dönmüşdü. Necə də xeyirxah adamlar varmış bu dünyada?! Desəydilər, Heyran bəlkə də buna inanmazdı — nağıl, əfsanə hesab eləyərdi. «Ərini də götür, gəl. Burda yaşarsız. Yeməyinizi-yerinizi verərəm». — Bu sözləri o özü Əbdülün dilindən eşitmişdi. Necə inanmaya bilərdi?! «Görünür, zatən yaxşı adamdı. Həm də, deyəsən, Dünya bacım da ona yaxşı baxıb. Yoxsa... Mən onun nəyiyəm ki?» Heyran bütün yol boyu ürəyində beləcə danışmışdı, ancaq söz-söhbəti qurtarmamışdı. Fikri paltardan, Əbdüldən, cibindəki pullardan qopub Cabbarın üstündə qərar tutmuşdu: «İndi məni bu paltarda görəndə heç tanımayacaq Cabbar. Həmişə arzusu idi məni yaxşı geyindirib-keçindirsin. Axır görəcək məni gözəl paltarda, sevinəcək yazıq. Özü üçün də yaxşı olacaq — isti otağımız olacaq, yeməyimiz bol olacaq. Biçarə haçandı doyunca xörək yemir, yoxdur. Bəlkə əmələ gələr, Allah kərimdi. Yoxsa lap üzülüb, canı-cəsədi qalmayıb».Heyran Darüləmanın kənarındakı yastı-yapalaq evlərin arası ilə iti addımlarla yeriyirdi. Bura artıq öz məhəllələri idi. Qabağına tanış qadınlar, uşaqlar çıxırdı, ancaq salam verməmiş keçib gedirdilər. Deyəsən, təzə paltarda Heyranı tanımırdılar. Bunu o, evə lap az qalmış, qonşu arvadla üz-üzə gələndə müəyyən etdi. Kürəyində dəri su tuluğu olan, ağzı yaşmaqlı qadın qarşısına çatanda Heyran addımlarını yavaşıtdı, nəfəsini dərib:

6 dəq
İkinci hissə, səkkizinci fəsil

Zərrintac xanım boş və mənasız bir həyat keçirirdi. Günləri ağır-ağır, yeknəsəq və sevincsiz ötüşdükcə qəlbinə vahimə çökür. Doğrudanmı həyatının beləcə sıxıntı, təklik məngənəsində sovuşub gedəcəyini ağlına gətirdikcə məyuslaşırdı; hər şeyə biganə olmuşdu. Bir vaxt Elməddinin gördüyü işləri özü yerinə yetirirdi — xeyli müddət bu, onun başını qarışdırır, günlərin hardan gəlib hara getdiyindən xəbəri olmurdu. Ancaq az sonra bu da onu yorub usandırdı. Kinolar da, şirkətin sexlərini gəzmək də. hər şey, hər şey ona artıq bir yük-kimi görünməyə başladıqda o, «belə olmaz, bir çarə tapmaq gərəkdir!» — deyə qərara aldı. Lakin nə etməli? Günlərlə, həftələrlə götür-qoy elədi, ölçdü-biçdi, ancaq axırını bir yana çıxara bilmədi. Gah istədi bu ev-eşiyi satıb atasının xanimanına qayıtsın, Əbdülün yanına! Uşağı özü saxlayardı, Əbdülə isə Elməddinin vəzifəsini həvalə eləyərdi. Yox, bu mümkün deyildi. Əvvələn, ona görə ki, onun uşaq saxlamağa hövsələsi yox idi, ağlayanda, qışqıranda, sözünə baxmayanda vurub şikəst elərdi yazıq uşağı. O isə özgə deyildi, atasının yadigarı idi. İkincisi ona görə ki, Əbdülün qətiyyən savadı, yazı-pozusu yox idi, təbii ki, o, Elməddinin vəzifəsinin öhdəsindən gələ bilməzdi, yox, bu variant qətiyyən Zərrintac xanımı təmin eləmirdi. Məhz buna görə də iki-üç gün bu barədə düşünəndən sonra bir daha onun üstünə qayıtmamağı qərara aldı.Siracəddinin təklifini eşidəndə Zərrintac xanımın ayağı lap yerə yapışmışdı. O, yalnız bundan sonra bu kidi dünyanın son dərəcə mürəkkəb, baş çıxarmaq mümkün olmayan qəribə bir aləm olduğunu dərk edib həyata, insanlara çirkin, alçaq, murdar bir varlıq kimi baxmağa başladı. O dəhşətli, ağılsız gecədən — Siracəddin onun yanında olduğu gecədən iki ay sonra kişi qəribə bir həyasızlıqla, əslində isə heç bir şey olmamış kimi, Zərrintac xanıma təklif etmişdi ki, əgər razılıq versə, onu kiçik qardaşının böyük oğluna alardı. Tərifləyirdi qardaşı oğlunu: «Gözəldi, ağıllıdı, əsl sənin adamındı. Tək qalmaq sənə qətiyyən əl verməz, xanım, — deyirdi, — gözəlsən, həm də subaysan. Bu şəhərin yaman adamlarının dilinə-ağzına düşmək dəhşətdi. Sonra dünya dağıla o pis, ləkəli adı üstündən götürə bilməzsən, xanım. Həm sənə qulaq yoldaşı olar Sultan xan, həm də sənin işlərini görər. Bu iş ki, indi sən görürsən, qadın işi deyil, bala. Sən gəl razılıq ver, bu xeyir işi qurtaraq!» — deyirdi Siracəddin. O danışdıqca Zərrintac xanım dinləyir, utandığından kişinin üzünə baxa bilmir, ürəyində düşünürdü ki, bu necə alçaq kişidi, necə şəxsiyyətsiz-heysiyyətsiz insandı. İçərisində ona qarşı sonsuz bir qəzəb, kin qaynadı, bu söhbət küçədə olmasaydı, Zərrintac xanım bəlkə də onun üzünə tüpürərdi, bəlkə də qadın olduğuna baxmayaraq, Siracəddini

13 dəq
İkinci hissə, doqquzuncu fəsil

Təklik dəhşətli şeymiş! Bunu Heyran əvvəllər bilməzdi, deyən olsaydı, inanmazdı. Ancaq biçarə Cabbarın o qarlı gündə ölümündən sonra keçən bu yalqızlıq aləmində Heyran dünyada kimsəsiz qalmağın, dörd divar arasında tənha yaşamağın nə demək olduğunu anlamışdı, böyüklü-kiçikli, qonaqlı-qaralı olmamışdı, Cabbar səhər gedib axşam yorğun-arğın qayıdıb gəlmişdi. Bütün günü evdə, həyət-bacada tək qalan Heyran onda heç vaxt özünü yalqız hesab eləməmişdi. Cabbarın axşam, yataqda dediyi bir xoş sözü, bir isti nəvazişi bütün günü yadına salıb rahatca gəzib-dolanmış, səbirsizliklə ərinin işdən qayıtmağını gözləmişdi. Cabbar xəstələnib yatağa düşəndə də o, gah ərilə danışmış, gah da ürəyində allahla həsb-hal eləmiş, ona cansağlığı diləmişdi. Hər iki halda Heyranın başını qarışdıran, ona tək olmadığını hiss etdirən bir şey olmuşdu. Ancaq indi...Cabbar gözünün qabağında ölmüşdü. Onun qışqırığına yığılıb gələn qonum-qonşu—ağsaqqallar, qoca arvadlar Cabbarın ağır xəstəlikdən öldüyünü zənn edirdilər. Təkcə Heyran bilirdi ki, o, xəstəlikdən ölmədi, bu xəstəliklə hələ çox yaşaya bilərdi, məsələn, hələ beş il də yaşaya bilərdi. Heyran yaxşı bilirdi ki, Cabbarın bağrı çatladı, öldü; əgər onu yarsaydılar, tibbi muayinə eləsəydilər, mütləq təyin edərdilər ki, Cabbarın ürəyi partlayıb! Heyran cənazənin üstündə saç-birçəyini yola-yola, üz-gözünü cıra-cıra ağladıqca, «Cabbarım!» deyə ağı söylədikcə bu məşum hiss — özünün günahkar olmağı hissi azalmırdı və onun ürəyini, beynini yandırırdı. Qonşulardan yığılıb gəlmiş beş-altı kişi, Cabbarı yuyub kəfənə bükərək, günortadan sonra dəfn eləməyə aparanda da, yaxınlıqdakı qəbiristanda torpağa tapşırıb geri qayıdanda da, yasa gəlmiş beş-on qonşu arvad gecə saat onda dağılışıb evlərinə-eşiklərinə gedəndə də, on beş-on altı il ərzində ilk dəfə damın altında tək-tənha qalıb gecə səhərəcən göz qırpmayanda da, bir-birinin dalınca çox böyük ləngərlə ağır-ağır ötüb keçən bu qırx gün müddətində də—heç vaxt, bircə an da olsa o məşum günahkarlıq hissi Heyranı tərk eləməmişdi, onu köz üstə atılmış ət parçası kimi - cızhacızla yandırmışdı. Qəribə idi, Cabbarla yaşadığı on beş ilin acılı-şirinli xatirələrindən indi bircəciyi də yada düşmürdü; yada düşən ancaq onun ölümqabağı keçirdiyi çılğın vəziyyət idi. — Heyranın təzə paltarda əlidolu qayıdarkən gördüyü anlarda düşdüyü vəziyyət idi. Bəli, on beş illik həyatdan ancaq bu qalmışdı Heyran üçün. İlahi, o da elə ağır idi, elə yandırıcı idi—isti yaranın üstünə səpilən duz kimi cızdağını çıxarırdı. Bu, cəmi üç-dörd dəqiqə çəkməmişdi heç. Amma bir ömrün, özünə görə xoş olan bütün şirinliklərinin, gözəlliklərinin üstündən xətt çəkmişdi. İnsan necə də anlaşılmaz məxluq imiş! On beş ildə Heyran bircə dəfə də olsa, Cabbarda belə sifət görməmişdi, hirsləndiyini, ona güldən ağır bir söz dediyini eşitməmişdi, duymamışdı. Amma onda Cabbar tamam başqa adama çevrilmişdi, tanınmalısı qalmamışdı. Yəqin onun o dəqiqələrdə iqtidarı olsaydı, durmağa taqəti olsaydı, vücudu sözünə baxsaydı, Heyran Cabbarın daha başqa snfətlərini də görə bilərdi. Yəqin ürəyində tüğyan eləyən o lənətə gəlmiş qısqanclıq hissi ilə vücudunun qüdrəti uyğun gəlmədiyinə görə, hirsindən, hikkəsindən ürəyi partlamışdı Cabbarın. Bu faciənin əgər yarısı qəzəbindən baş vermişdisə, yarısı da gücsüzlüyündən, zəlilliyindən meydana gəlmişdi.

8 dəq

Başqa şairlərin şeirləri