İkinci hissə, on ikinci fəsil
Şəfi son iki günü çox həyəcanlı idi. İşdə də, evdə arvad-uşağının yanında da özünü nə qədər tox tutmağa çalışsa da, daxili bir
1 gərginlik, gizli bir təlatüm vardı ürəyində. Srağagün vəzire-dərbar Əli xan şəxsən lütf eləyib zəng çalaraq əlahəzrəti-humayunun onu qəbul etmək arzusunda olduğunu bildirdikdə, Şəfi heç nə düşünməyə imkan tapmadan, tələsik razılıq vermiş, əlahəzrətlə görüşmək səadətinin özü üçün şərəf saydığını söyləmişdi. Vaxtı-vədəsi cümə gününə düşürdü. Bu qəbul nə üçün idi, tək onumu qəbul edəcəkdi əlahəzrət? — Belə şeyləri soruşmaq ədəb dairəsindən kənar olduğu üçün şair heç nə xəbər almamış, qulaqları guruldaya-guruldaya dəstəyi yerinə qoymuşdu. Əsl təlatümlü anlar, saatlar sonra başlamışdı. Qarşısında oturan Elməddin Şəfinin telefon danışığından məsələnin nə yerdə olduğunu anlayıb mat-mat ustadının üzünə baxırdı. Onun yanında birinci dəfə belə iş baş verdiyindən bilmirdi ki, buna sevinsin, ya kədərlənsin! Hər halda onun fikrincə, bu, balaca məsələ deyildi—əlahəzrət bu məmləkətdə hər şer yazıb adını şair qoyanı hüzuruna çağırmırdı; bildiyinə görə, o, ancaq ən nüfuzlu, görkəmli adamları (onların da hamısını yox!) nadir hallarda, bu və ya digər münasib bir gündə, lazım bildiyi məsələ ilə əlaqədar qəbul edirdi. Ona görə də Elməddin belə hesab etdi ki, bu, ustad üçün də, heç şübhəsiz, bir şərəf olmalıdı, buna ancaq sevinmək olar. Odur ki, Şəfi dəstəyi asan kimi, Elməddin, ani təxirdən sonra, Şəfini təbrik etməyi lazım bilmişdi:
– Nəhayət, əlahəzrətin yadına siz də düşdünüz, ustad. Təbrik edirəm.
Elməddin bu sözləri deyərkən Şəfinin gözlərinin içinə baxmış, onlarda gözlədiyi sevincin əvəzində bir təşviş və nigarançılıq görmüş, elə söyləməyinə peşman olub duruxmuşdu. Şair mənalı-mənalı gülümsünüb:
– Çox sağ ol, Elmi — demişdi və səsindəki istehzanı gizləməyə bilmədiyindən Elməddin səhv elədiyini anlamışdı. Sual dolu gözlərini ustadın ağzına dikmiş, onun nə isə əlavə bir şey deyəcəyini gözləmşidi. Lakin şair, ayağa qalxıb cibindən siqaret çıxararaq yandırmış, otaqda var-gəl eləməyə başlamışdı. Siyasət — riyaziyyatdan qat-qat çətin elm imiş. Bu alamə düşən adam ağıllı, uzaqgörən olmaqla yanaşı, həddən artıq çevik də olmalıdı düz getdiyi yolda birdən sağa, birdən sola dönməyi, bəzən də yerində dayanmağı, hətta, lazım olarsa, geri çəkilməyi bacarmalıdı. Məqsədə çatmaq üçün siyasət adamı məhz belə olmalıdı —Yoxsa onu tez məhv edərlər, aradan götürərlər!
Şəfi gəzinə-gəzinə bunları Elməddinə asta-asta izah elədikdən sonra, qabağında dayanıb demişdi:
– Bax, sən indi məsələyə birtərəfli yanaşdın, Elməddin, mən sənin gözlərindən hiss elədim ki, məni əlahəzrətin yanına dəvət etdikləri üçün sevindin. Hətta, dedin ki, nəhayət, əlahəzrətin yadına siz də düşdünüz, ustad! Mən səni başa düşürəm, Elmi, sən yaşda olanda elə mən də belə, bəlkə bir az da dayaz düşünürdüm, qardaş! Sən yəqin o an düşündün ki, əlahəzrətin qəbuluna düşmək böyük səadətdi, hər kəs bu şərəfə nail olmur və s. Zahirən, məsələyə birtərəfli, bəsit baxanda bu, belədi. Amma dərindən nəzər salsan, bugünkü mürəkkəb daxili vəziyyəti təhlil edərək məsələlərə açıq gözlə baxsan görərsən ki, torbada pişik də ola bilər. Yəni əlahəzrət mənim qara qaşıma, qara gözümə tamaşa etmək üçün yox, tamam başqa, daha ciddi məsələlər barədə danışmağa da çağıra bilər. Başqa sözlə desəm, mən əlahəzrətin yanına gedə də bilərəm, qayıda da bilərəm. Belə də ola bilər ki, gedərəm, amma qayıtmaram.
– Nə danışırsınız, ustad? — deyə Elməddin də həyəcanlanmışdı; ayağa durmuşdu.
– Bəli, bəli, Elmi, bizim zəmanəmiz elə mürəkkəb, qarmaqarışıq bir zəmanədi ki, gərək heç nəyə heyrət eləməyəsən, daha doğrusu, heyrət eləməli heç nə qalmayıb; qardaşım. İndi elə bir vaxtdır ki, hər gün evdən çıxarkən arvadınla, balalarınla səssiz-səmirsiz (onlar qorxmasın deyə səssiz-səmirsiz deyirəm) xudafizləşəsən, çünki axşam evə qayıtmaya bilərsən, bu gedişin son gediş ola bilər.
– Ustad, siz məni lap... sarsıtdınız! — deyə Elməddin gözləri böyümüş halda ayağının birini götürüb o birini qoyanda Şəfi ahəngini dəyişib mülayim səslə:
– Mən bunları sənə ona görə demirəm ki, qorxuzuram səni — dedi, — yox, mən istəyirəm ki, sən həyata, cəmiyyətə, insanlara, hətta özünə belə açıq gözlə baxmağı öyrənəsən, bacarasan, İstəyirəm bunu da biləsən ki, mən kimdənsə, nədənsə qorxduğuma görə belə düşünmürəm. Xeyr, Elmi. Həyatı qorxa-qorxa yaşamağa dəyməz.
Onların söhbəti xeyli uzanmışdı. Şəfi, yeri gəlmişkən, lazım bildiyi bəzi həqiqətlərin, hikmətlərin, necə deyərlər, sandığını açıb Elməddinin qabağına tökmüşdü. O, eyni zamanda bir həssas şair gözü ilə baxaraq Elməddinin onun üçün çox qorxduğunu, başına bir iş gələcəyindən vahimələndiyini duyub onu arxayınlaşdırmış, başının altına yastıq qoymuşdu. Elməddinin onun bir şair kimi, bir insan kimi, bir böyük qardaş kimi çox istədiyini həmişə hiss eləyəndə o, kövrələrdi. İndi də beləcə kövrəlmişdi Şəfi. Elməddinin ona bəslədiyi məhəbbət övladın ataya bəslədiyi dərin, diləgəlməz məhəbbətə bənzəyirdi: bu, Şəfinin şairliyinə görə idimi, xeyirxahlığına görə idimi — bilmirdi. Elməddin, şübhəsiz, ağıllı və istedadlı oğlan idi, başadüşən idi. O, öz balaları kimi, Elməddinin də taleyini düşünürdü. Elə indi də Şəfi qabağında ayaq üstə dayanmış bu qayğıkeş cavanın —on-on beş gündən sonra ailə həyatı quracaq, Məleykənin çox təriflədiyi Siminbərlə evlənəcək Elməddinin bu çətin, mürəkkəb mühitdə gələcək taleyinin necə olacağını götür-qoy edirdi. Bir az əvvəlki danışıqları zamanı Elməddinin heyrətlənməyindən Şəfi lap aydın başa düşmüşdü ki, o, həqiqətən hələ cavandı, həyat burulğanında hələ tamam bişib bərkiməyib. Düzdür, o, neçə il əvvəl qəryədən gələn Elməddin deyil — gözü açılıb, siyasi-ictimai həyatın bir çox qanunlarını və qanunsuzluqlarını görüb, yazılarında, xüsusən son yazılarında kəskin fikirlər, inqilabi məfkurələr söyləmək səviyyəsinə qədər yüksəlib; ən ümdəsi isə, həbsxanaya düşüb. Həbsxanaya düşmək isə mükəmməl həyat məktəbi keçmək kimi bir şeydir.
Hər halda, Elməddin də Şəfinin qayğılarından biri idi. Vəziri-dərbar şairə zəng etdiyi zaman beynində sürətlə bir-birini təqib edə-edə doğub-batan qayğılarının, dərdlərinin içində Elməddin də var idi. Əlbəttə, bu barədə Elməddinə heç nə demirdi, lazım da deyildi əslində. Ancaq ürəyində balalarının fikrilə qoşa onun da fikri dolanmaqda idi.
Şəfinin əlahəzrətin hüzuruna dəvət olunması xəbəri evdə də müzakirə olunanda (əlbəttə, uşaqlarsız) Məleykə xanım sevinmək əvəzinə, kədərlənmişdi. Ərinin qabağına çay qoyub özü də qənşərində oturaraq sağ əlini çənəsinə dayayıb məyus bir səslə:
– Neynir səni o? Hardan yadına düşdün o ciyəri yanmışın? — deyə xəbər aldıqda Şəfi arvadının təşvişə düşdüyünü hiss edib gülümsündü:
– Əli Tüğyan eşitsə ki, əlahəzrət məni qəbul eləyəcək, paxıllıqdan bağrı çatlar. Sən niyə sevinmirsən, arvad? — Əlahəzrət hər uşaq-muşağı qəbul etmir ki? — deyə zarafatla özünü dartıb boğdu, ovurdlarını köpürtdü, ancaq lovğalanmağın ona yaraşmadığını yaxşı bildiyi üçün pıqqıldayıb ucadan güldü. Bu, Məleykənin kefini xeyli açdısa da, ürəyinə daman gərginliyi tamam apara bilmədi. Məleykə xanım nigaran-nigaran soruşdu:
– Xeyir ola, Şəfi, doğrudan? Ağlınca bu kişi yuxusunda nə görüb?
– Yaxşı şey görər, Məleykəm mənim, nigaran olma. Sənin üçün fəxr deyilmi ki, məmləkətin şəxsi-əvvəli sənin şairini öz mübarək hüzurunda görmək istəyir?
Məleykə hiss eləyirdi ki, Şəfi gərgindi, gözlərinin dərinliyindəki kədəri təbəssümü də, zarafatları da ört-basdır eləyə bilmir. Ona görə Məleykə köks ötürüb:
– Əzrayıl balamı əlimdən almasın, istəmirəm onun verdiyi balanı, — dedi.
– Qorxma, Məleykəm, əzrayıl əlahəzrət sənin balana dəyməz! — deyə Şəfi yenə zarafatla aradakı gərginliyi lap azaltmaq istəmişdi və: — deyəsən «əlahəzrət əzrayıl» daha yaxşıdı. Necə bilirsən, arvad? — demişdi Məleykə də ona qoşulub gülmüşdü:
– İkisi də bir zibildi!
Şəfi barmağını onun dodaqlarının üstünə qoyub:
– Sss... Əlahəzrət haqqında elə danışma. Qabaqlar deyərdilər: «Yerin də qulaqları var!» İndi o məsəli belə deyirlər: «Sazmaneəmniyyənin də qulaqları var!» — söyləmişdi.
Ümumiyyətlə, şair həmin gün Elməddinlə də, Məleykə xanımla da söhbət edib təklənəndən sonra başa düşmüşdü ki, onların heç biri ilə qəlbi istəyən kimi danışmamışdı; çünki Elməddin cavan idi, Məleykə də qadın idi. Onları üzdən, elə-belə, nigaran qalmasınlar deyə bu cür başa salmışdı. Əslində isə bu dəvət, bu görüş çox yerinə düşürdü. Şəfinin illər uzunu ürəyində yığılıb cavabsız qalmış suallar, məsələlər, dərdlər, ağrılar lap çoxdan belə bir görüşün zəruri-olduğunu söyləmirdimi? Şəfi özü neçə dəfə bu fikrə düşməmişdimi? Düzdü, o, hiss elədiklərini, ürəyini ağrıdan əzabları vaxtaşırı öz şerlərində yazırdı, nəşr etdirirdi və müəyyən dərəcədə qəlbini boşaldırdı! Ancaq onları məmləkətin taleyini həll etməyə qadir olan adamlar, deyək, nəxost-vəzir, ya əlahəzrət özü oxuyurdumu? Oxuyurdusa, bəs nəticəsi hanı? Niyə məmləkətin biçarə vətəndaşlarının böyük əksəriyyəti gündən-günə sürətlə artan aclığın, səfalətin, işsizliyin qanlı, rəhmsiz pəncəsində daha çox boğulur, çırpınırdı. Əgər oxuyurdusa, bəs niyə?... Şəfi bir zamanlar bu sualların caynağında çırpınırkən onun ağıllı və müdrik dostu, indiki əfqan cəmiyyətinin ən savadlı və uzaqgörən adamı hesab etdiyi Bəbir özünə xas təmkin və məntiqlə başa salıb demişdi:
– Sən elə bilirsən ki, bu əğayi-nəxost-vəzirlər, o əlahəzrət kordur, savadsızdır, o dərdləri görmür, hiss eləmirlər? Yox, Şəfican, elə deyil, elə deyil, qardaş. Onlar axmaq adamlar deyillər. Məsələ tamam başqa şeydədi.
– Nədədi axı?
– Mən indi başa salım səni. Bax, indi bir anlığa təsəvvür edək ki, əlahəzrət sənsən. Sən olmusan. Bax, bu saat səni əlahəzrət təyin etmişəm. Gördüyün, duyduğun, qəlbini ağrıdan bu acınacaqlı vəziyyəti necə düzəldə bilərsən? Milyonlarla acın, yalavacın qarnını necə doydurarsan? Milyonlarla evsiz-eşiksizi necə təmin edə bilərsən? Yüz nəfər, min nəfər sərmayədarın, varlının əmlakını müsadirə edib əhaliyə paylamaqlamı? Yox, bu, yol deyil, bu, xilas yolu deyil, Şəfi.
Nəxost-vəzirlər gəlir, gedir. Amma görürsən ki, vəziyyət elə həmən-həməndir. Əlahəzrəti necə? Onu da tez-tez dəyişsək, işimiz düzələr? Yox, Şəfi. Niyə? Çünki sistem özü çürükdür. Çürük olan şey isə ölümə məhkumdur. Evin əgər özülü batırsa, çökürsə, divarlarının çatdaqlarını təmir etməklə rəngləməklə o evi saxlamaq olmaz. O ev uçmalıdır. İndi bizim yaşadığımız bu xanimanın özülü çürüyüb, qardaş. Əlahəzrətlər, nəxost-vəzirlər onu yaşatmaq istəyirlər. Ona görə də biz tamam başqa yolla getməliyik—Lenin yolu ilə.
Bəbirin o axşam ürəyi dolu imiş. Şəfiyə ağzını açmağa belə imkan vermədən uzun-uzadı danışmışdı və şair elə o zamandan Bəbirin savadına, məntiqinə, məlumatına heyran olub, vurulmuşdu. Bu söhbətdən xeyli əvvəl başlamış yaxınlıqları sonralar möhkəm dostluğa çevrilmişdi, illərdi ki, davam eləyirdi. Bəbiri tələbkar, ağıllı, mehriban bir dost kimi sevən Şəfi bütün həyatını, qələmini, istedadını onun dediyi və getdiyi haqq yola sərf etməyə çoxdan and içmişdi. Şəfi, əlahəzrətin huzuruna getməmişdən əvvəl Bəbirlə görüşməyi, dərdləşməyi, məsləhətləşməyi özünə borc bilirdi. Elə həmin axşam şair Bəbirin yanına getdi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-on-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gülmirənin taleyinə yazılmış hər sevincin gözünə bir niskil qatılmalıymış! Qışın çıhxaçıx vaxtında günlərin birində «istitut həmkarlar təşkilatının sədri illərlə ev siyahısında birinci olan Gülmirəni kənara çağırıb sevindirmiş, ona ev verildiyini söyləmiş, order almaq üçün rayon icraiyyə komitəsinə getməyini tapşırmışdı. Gülmirənin bu xəbəri eşidəndən sonra uçmağa qanadı olmamışdı– bu günü o, neçə il gözləmişdi. Əqdəmin sağlığında gözləmişdi, Əqdəm öləndən sonra gözləmişdi. Ancaq son vaxtlar nədənsə bu barədə əsla heç nə düşünməmiş, demək olar ki, unutmuşdu. Həm də illərlə qayğı və mehribanlıq görüb az qala anası kimi isinişdiyi Maşa xaladan, təzə qonşularından — mehriban və sadə insanlar olan Sahibə ilə Mir Sahibdən ayrılıb uzaq düşəcəyini yadına salanda çox vaxt məyus olmuşdu. Xüsusilə Sahibədən heç ayrılmaq istəməzdi Gülmirə. İdarədəki qadınlarla — Ümmügülsümlə, Sarışınla, Fazilə ilə onu bağlayan tellər çox nazik idi, ancaq iş əlaqələri vardı aralarında. Təkcə Nadirə xanımla o, açıq idi, dərdini-sərini istədiyi vaxt açıb deyə bilirdi, onu özünə böyük bacı hesab eləyirdi. Salman — Mirzə Yanar məsələsini ortalığa atandan sonra Nadirə ilə münasibətinin də üstünə su çilənmiş, kölgə düşmüşdü, doğrudur, Nadirə xanım, ona əvvəlki münasibətini dəyişməmişdi, danışırdı, deyirdi-gülürdü, ancaq haradasa heç özü də hiss etmədən yəqin Gülmirənin onun ərinin ad-sanına, nüfuzuna balta çalan, ləkələyən o hərəkəti yadına düşən anlarda tutulurdu, dönürdü, laqeydləşirdi və bu, Gülmirənin qəlbini yaman incidirdi. Gülmirə bu barədə Nadirəyə heç nə söyləmir, onu qınamır, əksinə, özünü günahkar sayır, dərin peşmançılıq hissi keçirir və dərdini ürəyinə salıb susurdu. Bir həqiqət gün kimi aydın idi ki, aralarında qabaqkı səmimiyyət yox idi. Hər ikisi bunu aydın dərk edir, ancaq açıb-ağartmır, zahirdə hər şeyin əvvəlki kimi olduğuna biri-digərini inandırmağa çalışırdı. «İşdə münasibətlər haçalanır, hardasa mənafelər, mühakimələr toqquşur və bu şəxsi münasibətlərin də dəyişməsinə səbəb olur» — bu həqiqəti Gülmirə də, Nadirə xanım da çox yaxşı başa düşürdü. Amma Sahibə ilə onun arasında bu cür qeyd-şərtlər, çəpərlər, hasarlar yox idi, olmayacaqdı da. Ona görə Sahibə ilə dostluğu təmiz idi, bu dostluğun keçmişi yox idi, səhvləri, peşmanlıqları yox idi; bu dostluğun ancaq bugünkü vardı—xoş idi, təmiz idi bu günlər—gələcəyinin də təmiz olacağına inam, ümid çox idi. Sahibə xoşqılıq, şirindil, özünü istədən idi və aralarındakı yaş fərqi az olsa da, kiçik bacı kimi aparırdı özünü, Gülmirəyə, «alim bacısına» hörmətlə, ehtiramla baxırdı həmişə və bu hörmət, onun Sakit Aranlı ilə şəxsən tanış olduğunu, onunla bir yerdə
Birinci hissə, on üçüncü fəsilTəzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.
Birinci hissə, on dördüncü fəsilAna-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Başqa şairlərin şeirləri
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
AllahBir az istər ayıla milləti-İran, allah!Dəsti yorğanı çəkər başına mollan, allah!
Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdiMəni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi,Famxanəsində bir idüm rövşənzəmir etdi.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır