Üçüncü hissə, on ikinci fəsil
Səhifə 1 / 2
Qəribə idi — bu günlər Əfsanə Elməddinin yadına tez-tez düşürdü. Bəlkə ona görə ki, Siminin xahişi ilə onun şəklini çəkmişdi, başının üstündən asmışdı — indi Əfsanə, qucağında körpə tutmuş Siminbərlə birgə qarşı divardan hər gün öz məhzun baxışlarını ona zilləyib baxır, baxırdı. Elməddin hər ikisinin rəsmini həbsxanadan çıxandan sonra, sol əlilə çəkmişdi. Özü də hiss edirdi, baxanlar da deyirdi ki, rəsmlər pis çıxmayıb, canlıdır, səbirlə, təmkinlə işlənib. Ancaq solaxaylığı da öz işini görmüşdü. Həmin şəkillər indikindən qat-qat gözəl ola bilərdi, daha ürəyəyatımlı ola bilərdi. Sol əli qələm, fırça tutmuşdu, ancaq sağ əli də ağrımışdı; onun həbsxanadan şikəst qayıtması bütün dostları kimi, Ziyaülhəqqə də böyük dərd olmuşdu, cavan, qəşəng, qabiliyyətli oğlanın beləcə ömrü boyu şikəst qalmasına dözməmiş, Şəfi ilə məsləhətləşəndən sonra, qonşuluqlarında yaşayan qoca sınıqçını Elməddinin yanına gətirmişdi. Kişi Elməddinin çəpinə bitmiş əlinə baxandan sonra qaşlarını çatmış, kiməsə puştuca söymüş, Elməddinə demişdi: «Burda elə bir şey yoxdu, azca dözümlü olsan, düzəldərəm. Hə, necəsən, dözümlü oğlansan, ya ağciyər?» «Nə bilim, usta» — deyə sual dolu nəzərlərlə Ziyaülhəqqə baxmışdı. Onun əvəzinə Ziyaülhəqq dillənmişdi: «Əlbəttə, dözümlü oğlandı, usta. O, bizim hamımızdan dözümlüdü. Sən işində ol, usta». Usta ilə əvvəlcədən söhbət eləmişdi, usta heç baxmamış demişdi ki, «Gərək biləyini təzədən qıram, sonra düz bağlayam. Başqa əlacı yoxdur — ömürlük elə qala bilər». Ziyaülhəqq Elmdddinə təfsilatı başa salıb qorxuzmadan irəlicədən razılığını vermişdi. Ağ saqqalı sinəsinə tökülən, iri sümüklü, saqqalı bir kişi olan sınıqçı Ziyaülhəqqin bir daha baxışları ilə verdiyi icazəni görəndən sonra, elə söhbət eləyə-eləyə, böyük pəncəli əlilə Elməddinin biləyini çox münasib bir fəndlə elə qırmışdı ki, oğlan «vay!»— deyib qışqırmışdı; ağrı o qədər şiddətli olmuşdu ki, az qala ürəyi gedəcəkdi, alnına, sifətinə tər damcıları gəlmişdi. «Yox, maşallah, ürəkli oğlan imişsən, balam!» — deyə usta onu tərifləyə-tərifləyə biləyinə yumurta sarısından düzəltdiyi hansı dərmanısa sürtmüş, əlinin üstündən və altından iki gödək taxta parçası, qoyub sarımış, iyirmi bir gündən sonra gəlib açacağını söyləmişdi. Həmin o iyirmi bir gün ərzində Elməddin sümük ağrılarına dözə-dözə o şəkilləri çəkmişdi. İş başını elə qatmışdı ki, çox vaxt ağrısını da unutmuşdu. Simini, qucağındakı körpəni, itkin Əfsanəni hər gün bir az qəlbindən, gözlərindən, yaddaşından qalın, ağ kağızın üstünə köçürmüş, onlar canlandıqca Elməddin sevinmişdi, fərəhlənmişdi. Simin Elməddini körpə kimi əzizləmiş, başına dolanmış, ağrılarına da, sevinclərinə də şərik olmuşdu. Vaxt tamam olandan sonra Ziyaülhəqq ustanı
gətirmiş, əlinin sarığını açdırmışdı — Elməddin əlini əvvəlki vəziyyətində görəndə çəkdiyi ağrıları, iniltiləri unudub hədsiz dərəcədə sevinmişdi. Ziyaülhəqqin üzündən öpmüş, ustaya minnətdarlığını bildirmişdi. Ziyaülhəqq ustaya lazım olduğundan çox pul verəndə usta götürməmişdi, «bu çoxdur, ağa! — söyləmişdi, bu zaman Zizaülhəqq zarafata salıb: «Götür kişi, bu əl adi əl deyil ey, çoxlarının başından çox qiymətli əldi, kişi!» Usta onlara dua-səna eləyə-eləyə çıxıb getmişdi.
Sonra həyat adi qaydasına düşmüşdü. İşi, yazı-pozusu, ailəsi. Hər şey, hər şey istədiyi kimi idi. Təkcə Əfsanə son günlər ona rahatlıq vermirdi — nə xəyalından çəkilib gedirdi, nə gözlərinin önündən. Bəzən ona elə gəlirdi ki, indicə qapı açılacaq və Əfsanə içəri girəcək. Bu hisslərini, düşüncələrinn Siminə söyləmək istəmirdi. «Bəlkə də Simin onun şəklini mənə çəkdirməsəydi, gözümün qabağından asmasaydı, belə olmazdı» — deyə hərdən düşünür, Əfsanənin şəklinə bəzən baxmamağa çalışırdı — ancaq bu, mümkün olmurdu, bir də özünü onda tuturdu ki, qəmli baxışları Əfsanənin rəsminin cizgiləri üzərində gəzir, baxdıqca gözləri yol çəkir... hətta elə anlar olur ki, Əfsanə lap canlanır, sanki divardan qopub səssiz addımlarla ona sarı gəlir, yanında dayanıb heç nə demədən... xısın-xısın ağlayır...
Gözü yollardan yığılmışdı, məqsədinə çatmış, itiyini, tapmış adam kimi bəxtəvər olmuşdu. Balaca Əfsanə onun dəfələrlə uçub dağılmış könül otağında nurlu bir çıraq yandırmışdı, gəlişi ilə ömrünü bahara döndərmişdi. Körpə dünyaya qədəm basmamışdan o, Əfsanənin adını səssiz-səmirsiz, ancaq ürəyində dilinə gətirərdi, özü deyib özü eşidərdi həyatının əfsanəsinə dönmüş bu gözəl adı; Yuxularında görərdi onu ancaq və ayılandan sonra da Siminin ürəyini bilsə də, çox vaxt arvadına heç nə deməzdi, fikirli-fikirli gəzibdolanardı. Elməddinin bir Əfsanəli dünyası vardı — onu ancaq özü bilirdi, özü görürdü — bu dünya onun xəyal dünyasına, düşüncə dünyasına çevrilmişdi; usananda, çətinliyə düşəndə Elməddin o dünyaya sığınar, isinər, təskinlik tapardı. Bu gizlin, xəyali, əfsanəli dünya onun içində idi, ömrünün bir gözəl, şirin parçasına dönmüşdü, hətta onunla birgə həbsxanalara da düşürdü, yenə ayrılmırdı.
Bir də aşkar, həqiqi Siminli dünyası vardı Elməddinin. Bu dünya nəvazişlə, məhəbbətlə dolu idi, balaca Əfsanənin qığıltısı, gülüşü ilə dolu idi. İndi Elməddin hər gün, hər saat «Əfsanə» sözünü eşidirdi xanımanında. Gah özü deyirdi, gah da Simin çağırırdı bu adı. Hər dəfə də o gül kimi ətirli, məstedici, şirin kəlməni eşidəndə Elməddin daxili bir ehtizazla titrəyir, ötən günlərinə ani də olsa, dönür, fikri, xəyalı, gözləri dumanlanır, kövrək, həzin xatirələr sözsüz-sovsuz dilə gəlib qəlbini göynədirdi. Belə hallarda o, ciyərparasının qonur gözlərinə, xınayı saçlarına baxıb fikrə gedirdi, xoşbəxtlik hüznlü bir xatirəyə qarışıb daha da şirin olurdu. Bu cür anlarda Simin ərinə göz qoyur, onun haldan-hala düşən sifətinə, xəyalpərəstliklə alışıb-yanan gözlərindəki nisgilə nəzər salır. Elməddinin zahirən burda olduğunu, huşunun-xəyalının isə itkin düşmüş Əfsanəsinin yanına qanadlandığını anlayır və mənalı-mənalı gülümsünüb susmaqla kifayətlənirdi. O, mənən ucalıqda dayanan bir qadın kimi ərinin hisslərini, ürəyini başa düşür və qiymətləndirirdi. Sevinirdi ki, nə yaxşı iş görüb uşağın adını Əfsanə qoyub, nə yaxşı iş görüb o nakam bədbəxt gəlinin şəklini ərinin özünə böyütdürüb divardan — Elməddinin başının üstündən asdırıb. Bəli, Simin belə etdiyinə görə özündən çox razı idi və buna uşaq kimi sevinirdi. Bəli, bu balaca, qəşəng körpənin simasında, divardan asılan o portretin varlığında Əfsanə təzədən Elməddinin ocağının başına qayıtmışdı, köhnə, əziz xatirələrini ölməyə, uçub getməyə, unudulmağa qoymamışdı. Bax, buna görə Elməddinin gözü artıq yollardan yığılmışdı, daha nigarançılıq yox idi: — Əfsanəsi gəlmişdi, Əfsanəsi...
...Elməddin idarəyə kefi kök, damağı çağ gəlmişdi. Hər günkü adəti üzrə Simin tezdən oyanmış; çay-çörək hazırlamış, üzbəüz oturub birlikdə səhər yeməyi yemişdilər. Sonra Elməddin barmaqlarının ucunda qızının beşiyinə yaxınlaşıb əyilərək mışıl-mışıl yatan körpənin yanağından ehmalca bir busə almışdı. Qapının ağzında Simin dabanlarını qaldıraraq sağ yanağını Elməddinə tərəf tutmuş və o da azca aşağı əyilib Simini öpmüşdü.
İndi də həmişəki kimi yoldaşları onu gülərüzlə qarşılamışdı, deyib-gülmüş, görəcəkləri işləri planlaşdırmışdılar.
Elməddin Şəfinin stolunun arxasında otururdu. «Pərçəm»in gündəlik işlərini, dostlarının — Bəbirin və Şəfinin tapşırığı ilə o görürdü. Elməddin həftədə iki-üç dəfə ustadın yanına gedir, ruznamənin növbəti nömrəsində dərc olunacaq materialları saf-çürük eləyir, Şəfi ona lazımi tapşırıqlarını verəndən sonra o, evə qayıdırdı. Ruznamə yenə Şəfinin imzası ilə çıxırdı.
Redaksiyaya təzə bir işçi də qəbul olunmuşdu — bu, Anahita xanım idi. Bəbir onu yaxşı tanıyırdı, hələ Kabil Universitetində oxuyarkən arıq, ucaboy, gözlərində həmişə ciddi bir ifadə olan bu qızın qələmi Bəbirin çox xoşuna gəlmişdi — o, əsasən əfqan qadınlarının tarixi keçmişini sevə-sevə qələmə alır, yazılarını dövri mətbuatda çap etdirirdi. Şəfi vurulandan, Elməddin həbs olunandan sonra Bəbir ona «Pərçəm»də işləməyi təklif etdikdə Anahita xanım sevinmiş və razılıq vermişdi. Xoşbəxtlikdən, Anahita ağıllı, zəkalı qadın olmaqla yanaşı, həm də mehriban bir insan kimi də az müddətdə «Pərçəm»çilərlə qaynayıb-qarışmış, bütün yoldaşların dərin hörmətini qazanmışdı. Hamı ona «bacı» deyə müraciət edirdi. Elməddin də həbsxanadan çıxandan, əli sındırılıb-sağalandan sonra onunla burda tanış olmuşdu və başa düşmüşdü ki, Anahita xanım onu qiyabi surətdə çoxdan tanıyır — yazılarını oxuyur, karikaturalarını görüb.
Anahita xanım tez-tez məqalələr yazırdı. Şəfi, Bəbir onları əlyazmasında oxuyur, məsləhət verirdi. Anahitanın heç yadından çıxmaz — bir dəfə Bəbir onun məqaləsinin qırağına öz dəst-xətti ilə belə bir cümlə yazmışdı: «Qadınlarımızın qəhrəmanlıqla dolu keçmişindən yazmağın xoşuma gəlir, Anahita xanım. Ancaq mən istərdim ki, siz öz ana və bacılarınızın bugünkü hüquqsuz günlərindən də, onların bugünkü dərd-lərindən də yazasınız...»
Bəbirin bu sözləri Anahitanı çox düşündürmüşdü və o, tarixi unutmamaqla müasir əfqan qadınlarının ictimai vəziyyətini əks etdirən məqalələr yazmağa başlamışdı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:
VIII fəsilBəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.
IX fəsil...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.
X fəsilBəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?