VII fəsil
Tikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.
Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:
– Qulam, – dedi. – orda neyləyirsən?
– Heç. Motoru təmizləyirəm.
Bəhruz:
«Motoru təmizləmək asandır, ancaq...» – deyə düşündü.
– Ziyadxan səni deyəsən yaman yaxalamışdı.
– Hə...
– Bura bax, ə? – deyə Qulam Bəhruzun ağır dindnyini və pərt olduğunu görüb dikəldi. – Niyə qanın qaradır? Yoxsa Ziyadxan ikidən-üçdən qopardıb, ona görə?!
– Yox, əşi... Sən də...
– Bəs yaxşı, nə olub?
Bəhruz Qulamın düz gözlərinin içinə baxdı:
– Bayaq döngədə düşüb qalmış kişini görmədin, Qulam? – deyə boz-boz soruşdu.
Qulam Bəhruzun gözləmədiyi bir arxayınlıqla və dərhal cavab verdi:
– Gördüm!
Bəhruz qulaqlarına inanmırmış kimi gözlərini döydü və o sözü, o bircə kəlməni bir də eşitmək istədi, uzada-uzada soruşdu:
– Gördün??!
Qulam heç şey olmamış kimi gülümsünərək:
– Gördüm! – dedi, – Necə bəyəm?
– Bəs niyə... niyə qoyub qaçdın? – Bəhruzun səsi titrədi.
– Tövbəliyəm, qardaş, – deyə Qulam yenə laqeydliklə cavab verdi. – İlan vuran ala çatıdan qorxar, Bəhruz!
Ani olaraq susdular. Yad adamlar kimi bir-birinə baxdılar.
– Mən başa düşmədim. Səndə söz var deyəsən, Qulam.
– Eh, ay Bəhruz. İndi durub sənə danışacağam, oxuduğun kitablardakı bütün yaxşı cümlələri döşəyəcəksən qabırğama. O ki var, deyəcəksən. Çünki sən kitab adamısan. Kitablarda oxuduqlarınla yaşayırsan. Sənin həyatdan az xəbərin var, Bəhruz, çox az acığına gəlməsin a. Demə ki, Qulam mənə cip-cip öyrədir.
– Yaxşı, uzatma, agah elə görüm, bu nə məsələdir, Qulam? Danış, danış, – deyə Bəhruz az qala yalvardı.
Qulam əlini əski parçası ilə silə-silə dedi: – Üç il bundan qabağın söhbətidir, Bəhruz. Yolnan gedirəm. Saqlığına, kefim kök, damağım çağ. Papağı yan qoymuşam, özümçün oxuyuram. Saatda da altmış-yetmiş sürürəm. Birdən elə bil zalım oğlu yerdən peyda oldu, ya göydən düşdü, bilmədim. Görürəm bir cavan oğlan qabağımdan yolu keçmək istəyir. Adə, ay aman. Tez ayağımı basdım əyləcə. Dedim, zalım oğlu məni də bədbəxt elədi, özünü də maşın sürüdü. İnsafən, oğlan özü də cəld tərpəndi, maşının qabağından qaçdı. Ancaq qaçanda ayağı şalvarının gen balağına ilişdi, üzü üstə yıxıldı. Maşının yeli də bu yandan vurdu, bir az süründü. Günah özündə idi zalım oğlunun. Özü mənim yoluma keçmişdi. Mən saxlamayıb gedə bilərdim. Ancaq yazığım gəldi. Tezcənə düşdüm, qaldırdım. Burnu asfalta dəyib qanamışdı, dizinin gözü də deyəsən əzilmişdi. Yeriyə bilmirdi. Götürüb qoydum kabinaya. Kənd uşağı idi. Şamxordandı. Qəribə bir adı vardı. Tiflis. İmtahana gəlmişmiş. Səhər imtahan verəcəkmiş. Düşdüyü yeri filanı soruşdum. Dedi, məni qardaşımın yanına apar. Qardaşının adı İdrisdi. Politexniki institutda – budey, bu görükən binada oxuyurdu. Dedim, hə, neynək, apardım.
Qardaşım sənsən, bu İdris qırsaqqız olub yapışmadı yaxamdan?! Əvvəl üstümə bir xoruzlandı. Dedi ki, qardaşımı vurubsan; o, imtahana gedəcəkdi. Qəbul olunacaqdı, oxuyacaqdı, nə bilim diplom alacaqdı... Bilirsən də, o Molla Nəsrəddinin əhvalatı kimi... Dedi ki, səni tutduracağam. Dedim ədə, allaha bax, tarıya bax. Dedi yox ki, yox. Qırxdı, biri əskik döyül. Dedim, ə, Tiflis, səni mən vurmuşam? Allahın varsa, de! Tiflisin üstə İdris necə göz ağartmışdısa o da durdu üzümə. Qərəz milisə düşdüm. Məni çox çək-çevirə saldılar. Çox ora-bura apardılar. Düzü ki, incidim!.. – Qulam söhbətini qurtarıb bir papiros yandırdı. – İndi bildin niyə tövbə eləmişəm? Bax, elə buna görə! O vaxtdan söz vermişəm ki, nəinki başqaları vuranı, nəinki öz günahı ucundan maşının yelilə yıxılıb zədələnəni, hətta, özüm vurub xurd-xəşil elədiyimi belə götürməyəcəyəm! Qoy nömrəmi yazsınlar, qoy tutub damlasınlar, razıyam. Ancaq götürməyəcəyəm. İstəyir, mən ölüm, lap yüzü böyür-böyürə tirrənsin. Heç belə gözümün ucuynan da baxmayacağam.
Bəhruz fikrə getmişdi. Bu söhbət onu elə tutmuşdu ki, Qulamı tamam yaddan çıxartmışdı, İdris – tanımadığı, görmədiyi İdris bütün varlığı ilə gəlib onun gözləri qarşısında dayanmışdı.
– Yaramaz! – deyə o, birdən səsləndi. Qulam ciyərlərnnə çəkdiyi tüstünü havaya üfürüb qaşlarını dartmış halda:
– Kiminləsən, ə? – deyə soruşdu. – Mənə deyirsən yaramaz?
Bəhruz cavab vermədi. İti addımlarla uzaqlaşıb maşının yanına gəldi. Fikirli-fikirli kabinaya qalxdı.
«İdris adam öldürməyib, oğurluq eləməyib. Onu tutmaq da olmaz. Amma o, qatildir. O, insanlıq öldürub, xeyirxahlıq öldürüb, inam öldürüb!» Bu yerdə nə üçünsə Bəhruz bu qış vəfat eləmiş qonşuları Əsgər kişini xatırladı. O, neçə müddət idi xəstə yatırdı. Həkimlər böyük oğluna, arvadına xəlvət başa salmışdılar ki, kişi xərçəng xəstəliyinə tutulub. Sağalıb bir də yorğan-döşəkdən durmağına ümid yoxdu. Gündən-günə zəifləyir, üzülürdü. Gözləri çuxura düşmüşdü. Ancaq kişi elə nikbin idi ki, ölüm fikrini ürəyinə belə gətirmirdi. Balalarını başına yığıb ümidlə:
– Qışın çıxmağına az qalır, – deyirdi. – Bu gün-sabah yaz, yay gəlir. Onacan mən də yaxşılaşaram, ayağa duraram. Köçərik bağımıza. Dənizə gedərik, çimərik. Mən də uzanaram kəhraba kimi qumun üstündə, gün vurar, bütün azar-bezarım canımdan çıxar...
Günlər, həftələr beləcə keçirdi. Kişi bu ümidlə yaşayırdı. Quruca nəfəsi qalmışdı, ancaq inam onu yaşadırdı.
Bir gün... Əsgər kişinin yeddi yaşlı oğlu, həkimdən eşitdiyi o məşum sözü atasının yanında dilinə gətirdi.
– Ata, xərçəng nədi? O gün doktor əmi anama deyirdi ki, sən xərçəng olmusan. Düz deyir?
Kişinin çuxura düşmüş gözləri tərpəşdi, heyrət və qorxu ilə böyüdü, parladı və sonra... sanki birdən-birə öz olan-qalan işığını da itirdi. Heç nə demədi. Susdu, dərindən köksünü ötürdü. Sanki onun canı da, ümidi də, inamı da bu ahla onu tərk elədi. Oğlu, öz doğmaca oğlu onun inamını öldürmüşdü. Səhəri kişi özü öldü...
Bəhruzun nəzərində Qulam da öldürülmüşdü. Əsgər kişi kimi. Onu oğlu öldürmüşdü, Qulamı İdris. Düzdür, Qulam gəzirdi, maşın sürürdü, işləyir, adamlar arasında yaşayırdı. Ancaq o, əslində diri ölü idi, diri ölü...
İş icraçısı Tağının acıqlı səsi Bəhruzu xəyaldan ayırdı:
– Adə, Bəhruz?
– Nədi, Tağı?
– Adə, yatıbsan, nədi, maşında?
– Yox.
Tağı yaşı əllini haqlamış, ucaboy, çalsaç, göygöz bir kişi idi. O, kabinanın qapısı ağzına gəldi. Gözlərinə inanmırmış kimi diqqətlə Bəhruza fikir verdi:
– Adə, içib eləməmisən ki?
– Yox, Tağı.
– Adə, bəs hardasan? Hay? Bu neçənci reysindi, adə?
– Üçüncüdür, yoldaş Əsgərov, – deyə Bəhruz yorğun-yorğun cavab verdi.
Tağı əlini havada yellətdi:
– Bəh, bəh! Adə, bunnan kommunist əməyi qabaqcılı olmaq istəyirsən? İclasda danışanda ağzuva çullu dovşan sığışmır. Odey, bax, Qulam onuncu reysi gətirdi. Sən isə...
– Bir iş düşmüşdü, Tağı.
– Nə iş, adə? Yoxsa xalturaya-zada getmişdin?
– Yox, Tağı.
– Bəs nə işdi o?
Bəhruz Tağının xasiyyətinə bələddi. Onunki iş idi. Yaxşı işlə, atasına söy, sənnən haqq-hesabı olmazdı.
Bəhruz güman eləyirdi ki, nə üçün gecikdiyinin səbəbini açıb deyəndə Tağı onu danlamaz. Lakin Bəhruzun gözlədiyi kimi olmadı. Tağı əhvalatı eşidən kimi dilxor oldu və özündən çıxdı.
–Adə, sən «iskori pomoşsan», nəsən bəgəm? Səni yaralı-zad daşımağa göndərmişik, ya daş daşımağa? Sən ölmüyəsən, üç gündən sonra iclasdı, işi «sarvat» elədiyinə görə sənə bir yağlı töhmət...
– Hadisədir, Tağı, rast gəldi. Vicdanım...
Tağı onun sözünü kəsdi:
– Adə, qoy oturmuşuq, mən ölüm. Vicdan nədi, zad nədi? Məndən, səndən iş istəyirlər bu saat, vicdan yox. Hökumətin bu boyda maşınını ora-bura sürmək olmaz, Bəhruz. Hələ gör neçə gün də avara olacaqsan.
– Niyə, Tağı?
– Adə, sən elə danışırsan, elə bil bu saat göydən düşübsən. Bilmirsən ki, belə hadisəyə rast gələndə milis-filan gəlməmnş onu yerindən tərpətmək olmaz. Gərək onun şəklini çəksinlər, nə təhər vurub, nə təhər yıxılıb, nə bilim day nə. Bilmirsən qayda-qanunu?
– Bilirəm, Tağı. Ancaq milis gəlincə o kişi ölə bilərdi!
– Əh, ölə bilərdi, ölə bilərdi. Sənə nə ölə bilərdi! Bir də bura xəstəxana döyül; sən də «iskori-pomoş» sürmürsən. Bizə bu saat daş lazımdır. Binanı ayın axırına qədər tikib qurtarmalıyıq, təhvil verməliyik. Yoxsa briqadamız filan qədər premya itirəcək.
İş vaxtı qurtarırdı. Fəhlələr önlüklərini, əlcəklərini, kombinezonlarını çıxarır, iri çənin yanına gəlib zarafatlaşa-zarafatlaşa yuyunurdular. Qaldırıcı kranda, o «hacıleylək yuvasında» işləyən oğlan «Bülbül» mahnısını zümzümə edə-edə aşağı düşürdü.
Tağı daha nəsə deyirdi, Bəhruz ona baxırdı, ancaq sözlərini əməlli başa düşə bilmirdi, çünki fikri ayrı yerdə – tikinti idarəsinin geniş dəhlizindəki yaraşıqlı «şərəf lövhəsi»ndə idi. İdarənin bütün briqadalarında çalışan ən yaxşı işçilərin– əmək qabaqcıllarının iri şəkilləri o lövhədən asılmışdı. Tağının şəkli birinci cərgədə idi.
«– İşinə görə layiqdir, – deyə Bəhruz dalbadal üyüdüb tökən Tağıya baxa-baxa düşünürdü. – Ancaq gərək tək işinə görə adamı «şərəf lövhəsi»nə vurmayalar, irəli çəkməyələr. Onun vicdanına da, ürəyinə də, insanlığına da baxalar, sonra!»
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-inam-vii-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda
Üçüncü hissə, səkkizinci fəsilSüleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»
Dördüncü hissə, birinci fəsilXoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…
Dördüncü hissə, ikinci fəsilNəzər altı il idi ki, burada – bu ağzıbirdəydi və bu altı ildə beş il universitetdə, altımış iki il o azad dünyada yaşaya-yaşaya öyrəndiklərindən, götürdüklərindən qat-qat çox şey görüb öyrənmişdir. Sən demə, o, heç nə bilmirmiş, dünya deyilən, bir gözü ağlayan, bir gözü gülən bu qəribə aləmi tanımırmış. Sən demə arvadı Bikə, oğlu Qərib: Sən kitablarla yaşayırsan, kişi həyat kitablarında yazılan, göstərilən kimi deyil, kişi! – deyəndə haqlıymışlar. Bir ömür özümü də, dərs dediyim o uşaqları da aldatmışam. Bu dünyanı olduğu kimi onlara tanıtdıra bilməmişəm. Hardan tanıtdıra bilərdim ki, heç özüm onu yaxşı tanımırmışam. Ədalətdən, insafdan, təmizlikdən, vicdandan, namusdan danışmışam ömrüm boyu, yeni insan tərbiyə eləməyə çalışmışam ömrüm boyu. Zülm, haqsızlıq, zorakılıq, ədalətsizlik, ağaqul qaldı iyirminci ildən o yana.» – demişəm, özüm inanmışam buna, başqalarını da inandırmağa çalışmışam. «Dünyanın ən ideal, ən təmiz cəmiyyətidi, sovet adamı isə dünyanın ən kamil insanıdı.» - demişəm və bu fikri başqalarına da aşılamaq üçün nə az, nə çox, düz qırx il boğaz yırtmışam, aman allah! Məgər Mikayıl, Şakir, Müseyib, İsrayıl, İsrafil, Ağayev, Süleyman, Xuduş, Hilalov və bax, bu hündür hasarlı həbsxanada oturanların çoxu mən bədbəxtin xəyalında yaratdığı, təsəvvüründə canlandırdığı, təbliğ elədiyi «Sovet adamı»dı?Bura – həbsxana o uca hasarın o üzündəki böyük və rəngarəng dünyanın daha maraqsız, daha çirkin və daha dəhşətli kiçik bir nümunəsi idi. Orada, heç olmasa bir gözəllik vardı, sevinc də olurdu hərdən-birdən, sən sərbəst idin, hara istəyirdin, kimin yanına istəyirdin, gedə bilərdin. Ancaq burada…Yox, burda nə sevinc var, nə sərbəstlik var, ola da bilməz olmamalıdır da. Bura düşənləri daha adam hesab eləmirlər, onlara adam olduqlarını unutdurmağa çalışırlar. Bu dörd divar arasında olan beş il, on il ömür sürməyə məcbur olanlar, burdan çıxandan sonra adam kimi yaşaya bilmirlər, tərcümeyi-hallarındakı, alınlarındakı ləkə, damğa onların tək özlərini yox, nəslini də oğul-uşağını gözü kölgəli eləyir, azad, sərbəst yaşamağa qoymur. Yəqin helə buna görədir ki. Bir çoxu o azad dünyada yaşaya bilmədiyindən təzədən qayıdıb o dörd divar arasına düşür. Bu altı ildə Nəzər neçə beləsini öz gözləri ilə görmüşdü və ürəyi ağrımışdı. Nəzər bunu da başa düşmürdü ki, o azad dünyada olduğu kimi, burada da pullular, qoluzorlular, zəiflər,pulsuzlar, vicdanlılar, vicdansızlar var. Qumar əxlaqsızlıq, morfi… hər şey var, hər şey… Nəzəri bu, hər şeydən çox təcübləndirirdi ki, orda adamlar rüşvət aldığına görə tuturlar, ora göndərirlər. Deməli, rüşvət pisdi. Amma burada da Nəzər rüşvətin ayaq tutub yeridiyini görəndə yer ayağının altından qaçırdı. Qapıçı rüşvət alır, nəzarətçi rüşvət alır. Pulun varsa, səni ağır işə göndərmirlər. Pulun varsa, sənə ayrıca otaq ayırırlar, rəngli televizor verirlər, arvadın gəlib yanında qala bilər. Pulun, adamın yoxsa, ümumi barakda, otuz-qırx adamın arasında, çirkin, üfunətin içində yaşa! Yaşa görüm necə yaşayırsan! Eşitmişdi ki, həbsxanaların, məhbusların özlərini xüsusi, yazılmamış qanunları var, amma inanmamışdı. İndi inanırdı.Buna elə o vaxt, altı il bundan qabaq, qarlı bir qış günü, şər qarışan vaxtı gətiriləndən az sonra, yekəpər nəzarətçi onu qabağına qatıb iyirmi birinci baraka salandan bir saat keçməmiş inanmışdır Nəzər.