Səhifə 1 / 5

Bikə xanım günorta evə gəlmişdi.

– Nə olub, ay kişi? Görürəm, çox bikefsən, pərişansan neçə gündü. Dünyada pensiyaya çıxan elə bir sənsən? İtiyi itmiş adam kimi ora-bura çovuyursan. Şakir kimdi ki, sən onun sözüynən ərizə verirdin ki? Dəvədən böyük fil var. Mənə desəydin, qoymazdım səni ərizə yazasan, kişi.

– Eh, sən də. Arvad ki, arvad. Məgər sən bilmirsən, elə şeylər var ki, nəinki səninlə, heç atamla da dirilib gəlsə belə məsləhətləşmərəm?

– Mən sənin pensiyaya çıxdığını eşidəndə, düzü, sevindim, kişi. Bəsdi ta. Bir az da dincələrsən. Evdə-eşikdə tapılarsan. Yoxsa istirahət günlərindən, tətillərdən başqa sənin üzünü gündüzlər bu evdə gördüyüm yadıma gəlmir. Kişi olan bəndə bir öz ev-eşiyinə, həyət-bacasına baxmaz bəgəm? Budu bax, maşallah, neçə gündü evdəsən, gör nə qədər iş görmüsən. Bağçanı şumlamısan, hasarın sarmaşığını qayçılayıb abıra mindirmisən...

– Həyəti süpürmüşəm hər gün...

– Hə, atan rəhmət, həyəti süpürmüsən. Bu gün bazara gedib kartof, göy-göyərti almısan.

– Sən işin gözünə görünən tərəfini deyirsən, Bikə. Amma məsələnin o biri tərəfini görmürsən.

– Hansı tərəfini?

– O tərəfini ki, sən bilmirsən, məsələn, bax, elə bu gün nə qədər əsəbiləşmişəm. Ömrüm ən azı üç il geri düşüb.

– Niyə ki?

– Evdə darıxdım. Kəndə çıxdım. Bir adam yoxdu, qoca da, cavan da çöldəydi, tarladaydı. Danışmağa, həmsöhbət olmağa bir başıpapaqlı tapmadım. Dedim gedim rayon mərkəzinə, bazara-dükana bir baş çəkim. Neyləyim, indi mən vaxt öldürürəm. Sən təsəvvür elə, dünyada qızıldan da qiymətli bir şey varsa, o da vaxtdır, Sədnikin qızı. Cavan olanda adam bunu o qədər də yaxşı başa düşmür. Amma ömrün qürubu yaxınlaşanda, doğrudan da görürsən vaxt qızıldan da qiymətlidi. Vallah, qiymətlidi, billah, qiymətlidi. İndi mən o qızıldan qiymətli vaxtı şüurlu surətdə öldürməyə çalışıram. Bax, mənim üçün bu dəhşətdi, Sədnikin qızı. Hə, girdim bazara. Pay atonnan, bazar od tutub yanır. Mən indiyəcən bilməmişəm. Adə, hökumətin mağazasında qənd bir manatdı, bazarda acı soğan iki manat, pendir səkkiz-on manat, kartof manat yarım. Allahın bu göygöyərtisinin dəstəsi iyirmi qəpik. Vay, sizin atanıza lənət, faşist uşağı faşist. Belə şey olmaz axı. Buna pul çatar, maaş çatar? Nə isə, bundan bir əsəbiləşdim. Bir az o yana keçdim, gördüm Cura müəllim,— səkkiz qızı da var ha, bax, o, — kamali-səliqə ilə piştaxtanın qabağında dayanıb pendir satır. Əvvəl gözlərimə inanmadım, dedim yəqin oxşadıram. Xeyr a?! Yaxın gəldim, gördüm özüdü ki, var. Cin vurdu kəlləmə. Müəllim — alver?. Adə, bunların başı xarab olubdu, nədi, baş açammıram. Deyirəm, ay Cura, bu sənsən? Deyir, necə ki görürsən, Nəzər müəllim, mənəm. Deyirəm, ay müəllim, bü nə gündü, bu nə rüzgardı? Axı, sən müəllimsən, ay kişi. Sən öz ləyaqətinə necə sığışdırırsan gəlib burada tərəzi dalında dayanırsan, alıcılarla çənə döyürsən. Deyir neyləyim, müəllim, məcburam, heyifim gəlir, qalıb çürüyür. Gətirdim ki, satım, uşaqlara bir az əyin-baş alım. Dedim, Cura, yığışdır bunu, sən canın, özünü də, müəllim adını da ləkələmə, qardaş. Dedi, bunları mən də başa düşürəm, Nəzər müəllim, yaraşmaz. Ancaq çarəm yoxdu, vallah. Təkcə ləyaqətnən arvad-uşağın qarnını doydurmaq olmur, Nəzər müəllim.

Bütün günü dəli kimi gəzmişəm, Sədnikin qızı. İnanırsan, Qəribə baş çəkəcəkdim, o da yadımdan çıxdı, bir də onda ayıldım ki, gəlib evə çatmışam, Məktəb, dərs mənim başımı qatmışmış, dunyadan xəbərim yoxmuş, Sədnikin qızı. Aləm imiş dunyanın işi.

– Bəs nə bilmişdin, kişi. Bu neçə ilin evi mən dolandırmışam, ağrımı-acımı da sənə açıb-ağartmamışam, elə bilmisən həyat elə sənin oxuduğun, dərs dediyin o kitablardakı kimidi. Yox, əzizim, həyatla kitablarda yazılanlar arasında yernən göy qədər fərq var. Bunu başa düşmək, alışmaq lazımdı.

– Sənin dediyndən belə çıxır ki, onda yazıçılar, alimlər də yalan danışırmış? Halbuki, qələm əhli gərək yalandan, riyadan uzaq olsun, ağa ağ, qaraya—qara desin. Bizə belə deyiblər, biz belə oxumuşuq, belə öyrənmişik? Sədnikin qızı. Bir də mən onların — yazanların demək olar ki, əksərini tanıyıram, aralarında həyatı yazanlar, düz yazanlar və buna görə də başı ağrıyanlar var, arvad.

– Nə bilim, ay kişi! — dedi Bikə xanım və dil-dodağının təpidiyini hiss eləyib çay tədarükü görmək üçün getdi.

...Nəzərin qabağındakı armudu stəkanda Bikə xanımın həmişə xüsusi bir məharətlə dəmlədiyi xoruzquyruğu çay buğlanırdı. Gödək, qara muştüyünə keçirdiyi «Avrora»nı arxayın-arxayın sümürür, gözlərini darvazadan çəkmirdi, elə bil kiminsə indicə qapını açıb içəri girəcəyini gözləyirdi. Üzə vurmurdu, neçə gün idi açıb-ağartmırdı, ancaq gözləməsi vardı; ürəyinin dərinliyində iynə ulduzu boyda bir ümid közərirdi ki, bəlkə Şakir, heç olmasa quru rəsmiyyət xatirinə, kinini, hikkəsini udub, unudub, öz qoca müəlliminin yanına gələr, hal-əhval tutar, o yandan-bu yandan danışıb könlünü alar. Umurdu, istəyirdi. Gəlsəydi, Nəzər bağışlardı, keçərdi. «Başa düşürsə, onun özü də böyük şeydi», — deyib təskinlik tapardı. Amma o, gəlmirdi. Və indicə, nə üçünsə məhz indicə o iynə ulduzu boyda işıq, ümid işığı söndü Nəzərin ürəyində və o, darvazadan gözlərini çəkib, qabağında lal-dinməz oturmuş arvadına da məhəl qoymadan, damdaşa baxmağa başladı, ürəyindən keçirdi ki, Bikə xanım bu illər ərzində düz deyirmiş: nahaq onun sözünə baxmayıb, bu kənddə hamı həyətinə daş hasar çəkib, ağ daşdan bir mərtəbali, eləsi var, iki mərtəbəli ev tikdirib. O isə rəhmətlik. Səlminaz arvadın müharibədən də neçə il qabaq bina etdirdiyi o köhnə dam-daşda yaşayıb, çox vaxt söküb yenisini tikməyə imkanı olmayıb; imkanı olanda da ürəyi gəlməyib ki, ana yadigarıdı, ana ocağıdı. Uzun illər Canəli bəyin kolxoz idarəsi edilmiş evindən başqa yeganə göz-könül oxşayan ev idi bu ev. İndi divarları dibdən nəm çəkib urlayıb, Nəzər fikrində neçə dəfə onu uçurmuşdu, yerində ikimərtəbəli, aynabəndli ev tikmişdi. Xəyaldan, ayılanda elə o köhnə ana ocağını görüb qüssələnmişdi.

İndi də, hələ ki Bikə xanım səsini çıxarmırdı, dinib-danışmırdı, Nəzər yenə fikrində söküb-tikirdi. Arvadı isə dirsəklərini stola dirəyib yumru, xallı - çənəsini ovucları içinə alıb, qonur, uzun kirpikli, yaşlansa da, hələ işığı, gözəlliyi azalmamış gözlərini ərinə zilləyib tamaşa -edirdi; elə baxırdı ki, guya onu çoxdan görməyib, darıxıb, indi doyunca -tamaşa eləmək üçün əlinə fursət düşüb, bu fürsəti buraxsa Nəzər çıxıb gedəcək və kim bilir, bir də haçan belə imkan olacaq.

Nəzər sövqi-təbii ilə hiss eləyirdi ki, Bikənin gözü ondadı və nə isə sözlü adama oxşayır. Kişi başa düşürdü ki, o, nigarandı, onu evdə tək qoymaq istəmir, nahara tez gəlir, gec gedir neçə gündü və bunu ürəyində çox qiymətləndirirdi.

O, müştüyünü külqabının qırağına qoyub stəkanı əlinə aldı və bir qurtum içib:

– Xeyir ola, ay arvad, mənə nə belə zənn ilə baxırsan? Buynuz-zad çıxartmamışam ki? — deyə bayaqdan bəri davam edən sükut buzunu parçaladı və sol əlini geniş alnına çəkib gülümsündü — guya buynuz çıxarıb-çıxarmadığını yoxlayırdı.

Bikə görünür, hələ öz aləmindəydi, ərinin nə dediyini başa düşmədiyi üçün fikirli-fikirli:

– Nə? — deyə xəbər aldıqda Nəzər qayğılı-qayğılı söylədi:

– Fikirlisən, nə olub?

– Heç. Sənin barəndə fikirləşirəm. Nəzər stəkanı yerə qoyub gülümsündü. Bikə astadan:

– Nəyə gülürsən? — dedi.

– Heç. Yadıma bir lətifə düşdü.

– Hə? — deyə Bikə xanım yerini rahatlayıb tələsik soruşdu.

Nəzər «Avrora»nın kötüyünü müştükdən çıxardıb külqabına basdı, tələsmədən başladı:

– Bir faşist oğlu faşist varmış, aləmi çapıb-çalarmış, hər gün iki əlində də dolu zənbil evə gələrmiş, ayağının ucu ilə qapını döyərmiş, bütün günü evdə yatıb yuxu bişirən arvadı elə yuxulu-yuxulu da gəlib qapını açarmış, ərinin üzünə baxmadan onun zənbillərini alarmış. Vaxt olur bu kişinin qaraçuxası yatır, bir şey qazana bilmir, o gün evə əliboş gəlməli olur. Arvadı adəti üzrə yenə yuxulu halda qapını açır, ərinin əlinə baxır, görür heç nə yoxdu. Yuxulu gözlərini qaldırıb təəccüblə ərinin üzünə nəzər salır və birdən:

– Vay, kişi, sənin burnun nə yekəymiş? — deyir. Kişi qanıqara halda: — «Evini Allah yıxmasın, arvad, iyirmi ildi mənimlə bir damın altında yaşayırsan, burnumun yekə olduğunu hələ indi görürsən? İndiyəcən sən mənim ancaq əlimə baxıbsan, arvad, burnum heç yadına düşməyib» — söyləyir. İndi o kişinin sözü olmasın, ay Bikə, az qala qırx ildi mənimlə ömür-gün sürüdürsən, nə əcəb səndən, gün hayandan doğub ki, birdən-birə mən barədə fikirləşmək yadına düşüb? Hə, xırdala görək nə fikirləşirdin mənim haqqımda?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, yeddinci fəsil

Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.

5 dəq
Dördüncü hissə, səkkizinci fəsil

Məleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.

7 dəq
Dördüncü hissə, doqquzuncu fəsil

Bəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.

3 dəq
Dördüncü hissə, onuncu fəsil

Ağayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.

5 dəq

Başqa şairlərin şeirləri