Birinci hissə, yeddinci fəsil
Səhifə 3 / 5 · 40%
Bikə yenə də özü bilmədən ərinin yaralı yerinə toxundu. Nəzərin sifətinin dərisi dartıldı, gözlərinə kədər buludu çökdü elə bil. Baxışlarını başı üstə yüngül mehdən bir-birinə toxunub qəribə bir xışıltı ilə səslənən yaşıl yarpaqlarda dolandırıb ah çəkdi:
⎯ Bilirsən, mənim aləmimdə müəllim həmişə müqəddəs varlıq olub. Yadıma gəlir, uşaq vaxtı elə düşünərdik ki, müəllim çörək yemir, müəllim yatmır. Nə isə ilahi bir varlıq idi müəllim bizim gözümüzdə. Elə bu sənəti seçməyimdə də o hiss çox böyük rol oynamışdı. İstəyirdim Əli kimi bir müəllim olum. Bu, həyatda mənim ən böyük arzum idi. Vaxt dolandı, həmin arzuma çatdım və ömrümü onun kimi müəllim olmağa sərf elədim. Peşiman da deyiləm. Əgər yenidən dünyaya gəlməli olsaydım, yenə müəllimlik sənətini seçərdim, Bikə. Çünki müəllim ⎯ işıq deməkdi, müəllim ⎯ elm, bilik, mərifət deməkdi. Bunu sən məndən pis bilmirsən, Sədnikin qızı.
Bikə başını tərpətdi ağır-ağır. Nəzər təzə siqaret yandırdı və asta-asta sözünə davam elədi:
⎯ Ancaq mən neçə vaxt idi ki, bir müəllim kimi sınmışdım məktəbdə. ⎯ Bikənin nazik qaşlarının dartıldığını, üzünə bir təəccüb ifadəsi qonduğunu görüb tələsik söylədi: ⎯ Yox, yox, qorxma, şəxsən mənə heç nə olmamışdı, Bikə, inan. Sadəcə görürdüm ki, məktəb də, müəllim də, şagird də, valideyn də mənim on il, otuz il bundan qabaq gördüyüm, tanıdığım deyil; nə isə hiss olunmadan, elə bil gözəgörünməz bir əlin köməyi ilə onlar yavaş-yavaş dəyişməyə başlayır. Əvvəllər bunu ayrı-ayrı adamların ayağına yazıb pis şagird, pis müəllim, pis valideyn görəndə «meşə çaqqalsız olmaz» məsələsini yadıma salaraq özümə təskinlik verirdim. Bəli, əvvəllər bunlar tək-tük idi və mən bütün qüvvəmi, təcrübəmi işə salıb, hörmətimdən, ağsaqqallığımdan istifadə edərək bunları düzəltməyə, düz yola çağırmağa çalışırdım. Ancaq günlərin birində ayıldım və gördüm ki, uşaqların çoxu, mən deyərdim böyük əksəriyyəti oxumur, oxumaq istəmir, elə-belə, xala xətrin qalmasın deyə, bir attestat almaq üçün məktəbə gəlib-gedir; gördüm, məsələn, otuz şagirddən biri, ikisi, lap uzaq başı üçü dərsə can yandırır. Halbuki qabaqlar otuz şagirddən biri, ikisi, lap uzaq başı üçü axsayardı, oxumazdı. Bu fikir məni götürdü. Səbəbini araşdırmağa çalışdım və başa düşdüm ki, bunun bir səbəbi ⎯ ilin əvvəlində, təzə fənnlərin öyrənilməyə başlanan çağı uşaqları ta pambıq planı dolanacan, üstəlik öhdəlik də yerinə yetirilənəcən çöllərdə saxlamağımızdı, dərsdən avara eləməyimizdi. Sentyabrın, oktyabrın dərslərini sonra çatdıraq deyə, ağına-bozuna baxmadan yükləməyimizdi. Beləliklə, pambıq elmi yeməyə başladı. Bunun ikinci səbəbi ⎯ müəllim özü imiş, sən demə. Müəllim ⎯ bizim vaxtımızdakı müəllim deyilmiş. Cavan müəllimlər qurtarıb gəliblər, dərs deyirlər. Bunların savadına baxırdım, heyrətə gəlirdim. Məlum olurdu ki, onların bəzisi savadsızdı, zamanın tələblərindən uzaqdı, mütəliədən qaçaqdı. Sən inanırsanmı ki, onların arasında «ensiklopediyaya» «enkislopediya», «məmnuniyyətlə» əvəzinə «məmuniyyətlə», «şərh» əvəzinə «şəhr», «saat» əvəzinə «sahat», «dəqiqə» əvəzinə «dəyqə» və s. və s. deyən müəllimlər vardı?
⎯ Bəs bunların belə savadsız olmağının səbəbi nədi, kişi, görürəm, sən hər şeyin səbəbini axtarıb tapansan. Bunun səbəbi, kökü nədi?
⎯ Kökü? İstər orta məktəbdə, istər ali məktəbdə hökmranlıq edən və iyirmi-otuzuncu illərdə ⎯ təhsilə böyük ehtiyac olan çağları ⎯ məktəb sisteminə daxil edilmiş faiz məsələsidir. Sən təsəvvür elə, uşaq oxumaq istəmir, huşu-başı yoxdu, həvəsi yoxdu, ancaq ona müəllimin aşağı qiymət vermək ixtiyarı yoxdur, çünki sinfin faizi aşağı düşər və deyərlər ki, filan sinif, ya ümumilikdə götürüləndə filan məktəb geri qalır. Demək, müəllim işləmir, təlim işi bərbaddı. Müəllimlərin avqust müşavirəsində maarif müdiri, ya Bakıdan maarif nazirliyindən gəlmiş nümayəndənin qılıncından qorunmaq üçün müəllim, ya bütöv bir məktəb saxtakarlığa yol verib, oxumaq istəməyən uşağa istər-istəməz yüksək qiymət vermək məcburiyyəti qarşısında qalır. Axı, hamı oxuyub alim, müəllim, mühəndis ola bilməz. Bu heç mümkün deyil. Bu, heç lazım da deyil, vallah, lazım deyil, billah, lazım deyil. Nə qədər demişəm, nə qədər yazmışam? Hələ bu yaxınlarda nazirliyin nümayəndəsi məni buna görə bərk tənqid də elədi, «sən siyasətimizi, görünür, başa düşmürsən, Nəzər müəllim», ⎯ dedi, «səni təkmilləşdirmə kurslarına göndərmək lazımdır. Deyəsən, həyatın sürətli axınından geri qalırsan, müəllim. Sən, təcrübəli bir müəllim, belə düşünəndə, indi gör sıravi müəllimlər nə fikirləşir». Söz yox, mən də yerimdən qalxıb dedim ki, «mən həyatın özünü oxuyub deyirəm sizə bunu, yoldaş Şərifzadə! Sizin bərk-bərk yapışdığınız o tədris üsulu çöxdan köhnəlib, həyatın tələblərinə cavab vermir!» Amma nə olsun, kim idi mənim sözümə qulaq asan! Hamıya attestat vermişik, onların da çoxu bax, bu iki vərəqli sənədin ətəyindən yapışıb Bakıya, Gəncəyə, nə bilim daha hara, ali təhsil almağa gedib, bir qismi öz başının gücünə, kimisi qardaşının, dayısının, əmisinin hesabına, kimi də pul-maya gücünə girib oxuyub, bir az o attestatdan qalın, bir az da böyük bir diplomla geri qayıdıb. Geri qayıdıb dedim? Yox, yox, çoxu şəhərlə ilişib qalıb. Tək-tükü gəlib çıxıb öz doğma kəndinə, rayonuna. Elə bu tək-tükün özünü indi bu saat məktəblərdə yerləşdirmək, hamısına heç olmasa bir ştat dərs vermək və beləliklə, onun yaşayışını təmin etmək çox çətinləşib. Kəndlər isə boşalıb, ərsəyə gələn cavanları özümüz uçurmuşuq şəhərlərə. İşçi qüvvəsi yoxdu indi kəndlərdə, təsərrüfat, əkin-biçin qız-gəlinin, artıq yaşlaşıb-qocalmış arvadların, kişilərin umuduna qalıb! Bunun iqtisadi ağrısını biz hələ sonra çəkəcəyik, Bikə. Çünki indi sən artıq əlində diplom olan o cavanı gətirib kolxozda, sovxozda, əkində, biçində işləməz. Amma axı, bu sahələrdə də adamlar lazımdı bizə də, o özü şəninə sığışdırıb kənddə traktorçu, suçu, çoban işləməz. Amma axı, bu sahələrdə də adamlar lazımdı bizə. Yoxsa «sən ağa, mən ağa, bəs inəkləri kim sağa?!»
⎯ Düz deyirsən, kişi ⎯ Nəzər dinmədi. Yenə sarmaşıqlı hesa-ra göz gəzdirdi, baxışlarını bir az dincəldəndən sonra əlavə elədi:
⎯ Maarifimizə başçılıq eləyən böyük yoldaşlar hardasa səhv elədiklərini başa düşdülər və bunu düzəltmək üçün orta məktəbdə «attestat balı» sistemini irəli sürdülər. Qocaman, təcrübəli bir müəllim kimi, mən bu siyasəti çox götür-qoy elədim, insafən, bunun yaxşı cəhətləri var idi, uşağın məsuliyyətini artırırdı. «Yüksək qiymət ala bilməsəm, ali məktəblərin qapıları üzümə bağlanacaq!» ⎯ deyə düşünürdü uşaqlar və dərsə can yandırırdı. Ancaq bunun başqa, ilk baxışda gözə görünməyən cəhəti də varmış ki, onu o yoldaşlar nəzərə almamışdılar.
⎯ Nə cəhət idi ki o? ⎯ deyə çox nadir hallarda, beş ildə, on ildə, ürəyi lap dolub yağmaq istəyəndə belə müfəssəl danışmaq həvəsi olan ərinin filosof kimi ağır, təmkinli fikir karvanını axıra qədər izləmək arzusunu boğa bilməyən Bikə xanım xüsusi bir maraqla soruşdu:
⎯ Bu cəhət o idi ki, orta məktəbə də rüşvət ayaq açdı. Bir çox fənlərin müəllimləri bu və ya digər uşağa qanunla aşağı qiymət verməli idi, bunu isə nə uşaq, nə də onun ata-anası istəyirdi. Çünki attestat qiymətləri üç olan uşaq ali məktəbə gedə bilməzdi. Oxumaq isə dəb halını almışdı. Valideyn bu maneəni aradan qaldırmaq üçün müəllimin yanına gəlməli, onu «görməli»və ümumi dil tapmalı idi. Bax, bu zaman rüşvət dal qapıdan orta məktəbə girməyə başladı. Müəllim ⎯ rüşvət! Ən müqəddəs varlıq və ən iyrənc bir məfhum, hərəkət! Rüşvət ki, məktəbə girdi, o məktəb öldü. Müəllim ki, rüşvət aldı, o müəllim şərəfsiz oldu. O daha müqəddəslikdən danışa bilməz, o, dərs dediyi uşağın gözünün içinə şax baxa bilməz, onu doğruluğa, düzlüyə, vicdanlı olmağa, halal zəhmətə çağıra bilməz. Heç vaxt çağıra bilməz. Əgər artistlik eləyib belə sözlər desə də, o uşaq onun sözünə inanarmı? Yox! İnanmaz, Qurandan köynək geysə də, inanmaz, Bikə! Sən uşaqlarnan işləyirsən, sən uşaq psixologiyasını yaxşı bilirsən, uşaq beyni, uşaq ürəyi yazılmamış ağ vərəqdi, ora sən gül-çiçək ətirli, ağıllı, müdrik sözlər də yaza bilərsən, cəfəngiyyat da. Və sonra onu heç cür pozmaq mümkün deyil ⎯ o vərəqi yazarkən səhv etməyə heç kəsin ⎯ nə valideynin, nə məktəbin və müəllimin mənəvi ixtiyarı yoxdu, Bikə. Bir insanın, bütövlükdə götürsən isə, bir nəslin taleyi bundan çox asılıdı, Bikə! Bir az da dərinə getsən, bir xalqın taleyində bu çox mühüm və əhəmiyyətli nöqtədir, inan.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.
Dördüncü hissə, səkkizinci fəsilMəleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.
Dördüncü hissə, doqquzuncu fəsilBəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.
Dördüncü hissə, onuncu fəsilAğayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.