Birinci hissə, yeddinci fəsil
Səhifə 4 / 5 · 60%
⎯ Amma bir şey də var axı, Nəzər!
⎯ Nə?
⎯ Axı, bütün müəllimlər sən deyən kimi deyil.
⎯ Mən demirəm ki, hamısı belədir. Yox, mən bu fikirdən çox uzağam. Bizim namuslu, savadlı, müəllim şərəfini qoruyan yaxşı kadrlarımız var, bunu inkar etmək olmaz; bu, ən azı vicdansızlıq olardı. Amma bunu da inkar edə bilməzsən ki, belələri də var aramızda və təəssüf ki, azalmaq əvəzinə, çoxalır. Bunun hesabına təmiz müəllimlər də camaatın gözündən düşür, heç olur və adamlar elə bilir ki, hamı, məsələn, bizim Şakir kimi ⎯ o faşist oğlu faşist kimidir. Bizim məktəbdə o, Sarıcalı məktəbində attestat satan Mollazadə, Çiçəklidə öz müəllim yoldaşlarının hər ay maaşında iyirmi-iyirmi beş manat kəsən direktor Ürfanlı və s. və s. yenə sayım? Bəs bunlar azdı? Bəs el deməyib ki, bir dana bir paxırın adını batırar?
⎯ Onda niyə əl-ələ verib belələrini rüsvayi-cahan eləmirdiniz?
Niyə susurdunuz, niyə ağzınıza su alırdız?
⎯ Hə, bax, elə məsələ də budu, arvad. Bunun da səbəbi var. Yadında saxla; dünyada səbəbsiz baş verən heç nə yoxdu, Bikə. Yoxdu və ola da bilməz. Soruşacaqsan ki, bəs bunun səbəbi nə idi? Soruşma, özüm deyəcəyəm, bittə-bittə, deyəcəyəm. Əvvəla, bunu gizli eləyir, faşist uşağı faşist. Kim mənim, sənin yanında rüşvət alar? Heç kim! Qabaqlar rüşvət alanı tuturduq, o hər an ifşa olunmaq qorxusu altında, tülkü kimi səksəkə içində yaşayırdı, yuxusu gecələr ərşə çəkilirdi, yediyi-içdiyi harama dönürdü, bəlkə ona rüşvət verən namərddi, getdi satdı, gəlib əlini-qolunu bağlayıb apardılar. Sənə deyim ki, bu qorxu çox güclü idi və hardasa rüşvətin qabağına müəyyən sədd çəkirdi. Ancaq sonra özümüz dərindən düşünmədən nəticə etibarilə rüşvətxorun bu qorxusunu aradan götürən bir qərar çıxartdıq ⎯ rüşvət alanı da, rüşvət verəni də. Bax, burada bu faşist uşağı faşistin bəxti gətirdi, aşığı alçı durdu, əl-qolu açıldı. İndi rüşvət verənin də canına bir qorxu düşdü ⎯ və bu qorxu onu rüşvət alanın həmkarına, əlinə su tökəninə (su yox, pul) döndərdi. Rüşvət verən ələ keçmək qorxusundan, canının dərdindən balıq kimi susdu. Bax, ərz eləyim ki, burda müsibət başlandı. İndi bu qərarın sayeyi-mərhəmətindən ancaq o rüşvətxorlar ələ keçir ki, onlar daha sırtıqdılar, girinə keçirdiyi müştərisini zorla məcbur edir ki, filan qədər gətir, bu işini düzəldim; onun da imkanı olmadığına görə, ya haqlı olduğunu sübut etmək üçün, yaxud da qəzəbini, kinini soyudub ağrısını canından çıxartmaq məqsədilə orqana müraciət edir, nömrələnmiş pul alır və verən yerdə gəlib hərifi yaxalayırlar. Bu, nadir hallarda olur, Bikə. Əksər hallarda hər iki cinayətkar necə deyərlər, «sülh şəraitində», mehriban-mehriban kişilikdən, mərdlikdən danışa-danışa şirin alver eləyir. Bax, buna görə onları ifşa eləmək, sən deyən kimi, onlara qarşı mübarizə aparmaq məsələsi çətinləşib, çox çətinləşib! Əqidə, məslək pula satılanda ölür, arvad. Mən baxdım gördüm ki, mənim məktəbimin direktoru Şakirə ⎯ müəllim deməyə dilim gəlmir ⎯ biologiya, kimya, riyaziyyat müəllimləri ⎯ bu cavan adamlar səkkiz martda ⎯ qadınlar bayramında, iyirmi üç fevralda ⎯ Qızıl Ordu günündə uşaqlardan, onların valideynlərindən hədiyyələr alır, bəziləri isə hətta diliynən istəyir ⎯ bax, onda mənim ürəyim şüşə kimi çilik-çilik olub yerə töküldü və sındım. İnanırsan, az qala dəli olmaq dərəcəsinə gəlmişdim. Elə bilirdim özüm böyük cinayət eləmişdim, uşaqların üzünə baxa bilmirdim, utanırdım, istəyirdim yer aralansın, yerə girim. Pedsovetdə iki-üç dəfə bu məsələni qaldırdım, dişimin dibindən çıxanı dedim, əsib-coşdum. Şakir iri həvəng dişlərini ağardıb hırıldadı, o biri müəllimlər mənə altdan yuxarı baxıb: «Xahiş edirik, bizim təmiz adımızı ləkələməyəsən. Hədiyyə haçandan rüşvət olub?!» ⎯ dedilər. Axı, faşist uşağı faşist. Utanmazlar, vicdansızlar! Sən hədiyyəni ala bilərsən dostundan, qohumlarından, qardaşından, amma dərs dediyin şagirdindən hədiyyə almağa sənin haqqın yoxdu. Vallah, yoxdu, billah yoxdu. Bu, heç yerdə, heç bir qanun kitabında yazılmayıb. Tək bizim bu Əsgərabad kəndində belə olsaydı, dərd yarı idi. Öyrənmişəm, yoldaşlarnan söhbət eləmişəm, rayonun bir çox məktəblərində, hətta sənə deyim, başqa rayonların, lap o Bakının da bəzi məktəblərində elə şeylər eləyirlər. Xəstəlikdi bu, özü də yoluxucu xəstəlikdi, Bikə, zəhrimar çox tez yayılır. Bu isə gələcək cavanın, gələcək vətəndaşın əxlaqını yaman pozur. Mən əlimin içi kimi indidən bilirəm ki, bax, o cavan səhər bir sənət sahibi olub ortalığa çıxanda gözü onun-bunun əlində olacaq, nə isə qopartmağa çalışacaq. Çünki o, gözünü açıb belə görüb, belə də olacaq ⎯ istəməsə də belə olacaq!
⎯ Elədi, elədi, kişi. Bizim bağçada da belə eləmək istəyən biri vardı, Səlmanı deyirəm ey, hesabdar Mustafanın arvadını. Baxırsan, dolanışıqları yaxşıdı, ailələri böyük deyil. Di gəl ki, yaman acgözdü gödəninə şiş girmiş. Göz qoydum, gördüm, o işə gələndə yemək gətirmir, nahar vaxtı özünü mətbəxə verib uşaqların xörəyinə girişir. Bəzən hətta səhərlər də belə eləyir: «Çay-çörək yeməyə vaxtım olmadı, tələsdim». Nə bilim, nə!.. Dedim bura bax, sən bu hoqqaları yığışdır, mən öz yeməyimi gətirirəm, o biri arvadlar da həmçinin. Zəhmət çək, sən də özünlə bura yemək gətir, ye! Sən ataları, anaları səhərdən axşamacan çöldə, tarlada qan-tər tökən bu uşaqların boğazortağı ola bilməzsən. Bu, vicdansızlıqdı, üstəlik günahdı da. Sən yeyirsən, deməli, hansı uşağınsa payını yeyirsən, o isə ac qalır. Bir müddət əl-ayağını yığışdırdı. Ancaq lap bu yaxınlarda gördüm ki, işin axırında zənbilində bir kiloya qədər ət aparır evinə!
⎯ Ay faşist qızı, faşist! ⎯ deyə Nəzər fısıldadı.
⎯ Hə, beləcə aparır. Dedim aaz, bu nədi belə? «Hə, artıq qalmışdı, qazana yerləşməmişdi, dedim heyifdi, qalıb xarab olacaq, aparım evə, Mustafa piti sevəndi, onunçün bir piti qoyum» Əlindən aldım, qoydum xolodilnikə, özünün də elə o dəqiqə əmrini verib işdən çıxartdım. «Hara istəyirsən get, ⎯ dedim, ⎯ kimə istəyirsən şikayət elə! Sənin ayağın bir də bura dəyməyəcək».
⎯ Əcəb eləmisən, Bikə. Heç mən bilmirdim. Bə niyə mənə deməmisən?
⎯ Səni heç evdə tapırdım ki, deyəm də. Səhər gedirdin, axşam gəlirdin. Yorğun-arğın. Onda da qıymırdım başını ağrıdam.
⎯ Hm… Deyirəm axı, Mustafa son vaxtlar salamımı da almaq istəmir. Məni görəndə yan keçməyə çalışır. Sən demə, torbada pişik varmış. Elə o özü də faşist oğlu faşistdi, sədr onu hesabdar götürəndən sonra yaman tüklənib.
⎯ Kolxoz sədri Qurbana gedib deyib. Mən də əhvalatı açıb ona danışdım. Xoşuna gəldi, dedi: ⎯ «Yaxşı eləmisən, gərək qoymayaq bir el çöpünü də haramzadalar aparsın, öz malı eləsin».
⎯ Hə, Qurban təmiz adamdı. Nəhayət, uzun-uzun illərdən sonra bizim bu kəndə abırlı, iş bilən, camaata ürək yandıran bir kolxoz sədri gəlib çıxdı. Onu düz deyir Qurban, camaat əl-ələ versə, dili, ürəyi bir olsa, beş-üç naxələf əl-qol açıb meydanda cövlan eləməz, mənim, sənin zəhmətinin hesabına qudurub əndazədən çıxmaz, sonra da bizə yuxarıdan aşağı baxa bilməz.
⎯ Elədi, gərək şəri, əyriliyi beşiyinin içində boğasan, boğmasan o, günü-gündən xərçəng kimi hər yana rişə atıb səni boğacaq, məhv eləyəcək.
⎯ Bax, sənin Səlmanı əliəyriliyi üstündə cəzalandırmağın o birilərinə də dərs olar, məncə. Heç kəs daha belə qələt eləməz.
⎯ Getdi katibin yanına.
⎯ Pay atonnan. Faşist qızı faşistdə üz var hələ katibin də yanına gedir. Hə, nə deyib Süleyman?
⎯ Nə deyəcək, çağırıb Qurbandan soruşub; Qurban gözünə döndüyüm də məsələni olduğu kimi danışıb katibə. Kişi deyib ki, əla eləyib Bikə. Üstündən də Qurbana qayıdıb ki, o arvadı bas getsin pambığa, kimin qızından artıqdı? Sənin arvadın camaata qoşulub çöldə, tarlada işləyə bilir, o yox? İndi Səlma pambıq yığır. Düzdü, mənə, balalarıma qarğış eləyir, amma eybi yoxdu. Allah natəmiz adamın səsini eşitməsin gərək. O qarğışlar ağzından çıxsın, öz başına düşsün.
⎯ İndi ağlı gələr başına.
⎯ Tamahı az eləyəydi.
⎯ İnsan acgözdü, Bikə. Sənin bu söhbətini eşidəndə yadıma bir hikmət düşdü. Deyirlər, Harunərrəşidin vaxtında kasıb bir kişi yerdən qəribə, parıltılı bir şey tapır, ancaq bilmir ki, bu nəmənədi.
Aparır Bəhlul Danəndənin yanına. Aləmin bilicisi olan Bəhlul baxıb deyir ki, bu, çox qiymətli bir mirvaridi, get padşahın hüzuruna, de ki, bunu məndən al, əvəzində onun özü ağırlığında mənə qızıl ver. Acgözdü, alacaq. Kişi o cür də eləyir. Şah mirvarini tərəzinin bir gözünə qoyur, o biri gözünə bir qızıl atır. Mirvari qalxmır. İki qızıl, üç qızıl. Mirvari yenə qalxmır. Nə başını ağrıdım, xəzinədəki bütün qızılları tərəzinin gözünə tökürlər, mirvari qalxmır ki, qalxmır. Heyrətlənən şah deyir gedin o Bəhlul Danəndəni gətirin bura, görək bu nə hikmətdi. Bəhlulu çağırırlar. İnsanın acgöz yarandığını çoxdan qardaşı olan şaha sübut eləmək istəyən Bəhlul gülüb deyir: «Şah sağ olsun, bu, mirvari deyil, insan gözüdü. Dünyanın bütün qızıllarını yığıb bura töksən də, o göz «yenə azdı» deyib duracaq. Onu ancaq torpaq doydura bilər, şahım». Belə deyir, əyilir, yerdən bir çimdik torpaq götürüb o gözün üstünə tökür. Tərəzinin gözü o dəqiqə qalxır.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.
Dördüncü hissə, səkkizinci fəsilMəleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.
Dördüncü hissə, doqquzuncu fəsilBəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.
Dördüncü hissə, onuncu fəsilAğayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.