İkinci hissə, on dördüncü fəsil
Səhifə 1 / 5
Günəş çoxdan başı nizəyə bənzər dağların dalında gizlənmişdi, zirvəyə səpələnmiş, sərilmiş axırıncı qızılı tellərini də asta-asta çəkib arxasınca aparmışdı. İlk axşamın qatı qaranlığı tarlaları, yolları, ağacları bağrına basıb udmuşdu ⎯ axşamın o vədəsiydi ki, hər şey qaynayıb bir-birinə qarışmışdı; bir az keçəcəkdi, qaranlıq adiləşəcək-di, göz qaranlığa alışacaqdı və sonra hər şey də öz tutqun, qara görkəmini alacaqdı.
Göylər hələ qapqaraydı, orda-burda təkəm-seyrək közərən ulduzlar səmanın qara-boz sifətini işıqlandıra bilmirdi. Yerdə, çöllərdə, tarlalarda bir az əvvəl eşidilən hay-küy, səs-səmir çəkilib yox olmuşdu; hər yan dilsiz bir sükut içində, sanki bütün günü əlləşib-vuruşan, yorulmuş bir adam kimi, əl-ayağını yığışdırıb mürgüləməyə hazırlaşırdı. Bəli, təbiət dincəlmək istəyirdi.
Nəzər kişi də xəndəyin üstündə haçansa, kim tərəfindən əkildiyi bilinməyən söyüdün dibində, sol qıçını irəli uzadaraq kürəyini ağacın gövdəsinə söykəyib siqaret çəkirdi: qaranlıqda onun «Avrora»sı gecəböcəyi –işıldaquş kimi tez-tez görünüb yox olurdu. Tütünün aci iyinə baxmayaraq, üç-dörd ağcaqanad vızıltı-dızıltı ilə Nəzərin gah qulağının dibində, gah burnunun ucunda uçuşurdu. Nəzər tez-tez üzünü, boynunun ardını şapalaqlayırdı, neştərini dərisinə sancıb qanını sormaq istəyən ağcaqanadı öldürmək istəyirdi, ancaq vura bilmirdi. «Dızz-vızz… Vızzz-dızzz!..»
Nəzər sağ yanağına taraz bir şapalaq ilişdirdi. Bu dəfə ağcaqanadı məhv etdiyinə inanaraq qaranlıqda əlinin içinə baxdı, ancaq bir şey görə bilmədi. Zəhlətökən vızıltını təzədən eşidəndə dilləndi:
⎯ Vay sizin nəsliniz kəsilsin! ⎯ dedi. ⎯ Lap «misserşmidt»kimi vızıldayırlar şoqəriblər.
Qəribə idi ki, Nəzər harda, haçan ağcaqanad görürdü, səsinivızıltısını qulağı alırdı, qeyri-iradi cəbhədə keçirdiyi günləri gəlib yadına düşürdü: onda Kursk ətrafındaydılar, elə ilin bu vədəsiydi və Nəzərgilin piyada polku səngərlərdə daldalanmışdı. Arxada topçular gizlənmişdi. Səhərə yaxın, hava işıqlanar-işıqlanmaz, almanlar hava hücumuna başladılar və on iki «misserşmidt» onların mövqeyinin üstündə bax, bu ağcaqanadlar həndəvərində vızıltı ilə uçan kimi, uçmağa, yerə bomba yağışı səpələməyə girişdilər. Səngərlər uçurdu, dağılırdı, qışqıran kim, torpaq uçqunu altında qalan kim, əlində avtomatı, çığıra-çığıra irəli cuman kim, iki addım atmamış biçilib yerə tökülən kim… Topçular atırdılar, yer-göy titrəyirdi. Nəzər səngərin lap qurtaracağındaydı, bir az aralı bomba düşmüşdü, səngər aradan qırılmışdı. Dəmir dəbilqəsi, üst-başı toz-torpaq içindəydi; gözlərini tez-tez gedib-qayıdan «misserşmidt»lərdən çəkə bilmirdi. Zenitçilər o «ağcaqanad»ları bir-bir dənləyirdi. Göydə partlayanı da vardı, yana-yana, uğultu qopara-qopara yerə burnu üstə düşüb dağılanı da vardı.
Nəzər sayırdı, sanki ona vurulan təyyarələri saymaq tapşırılmışdı. Əslində heç kəs heç nə tapşırmamışdı, Nəzər elə-belə, maraq üçün sayırdı və yadında saxlamağa çalışırdı. «Misserşmidt»lərin üçü qalmışdı və onlardane biri ⎯ 44 nömrəli, xaç nişanlısı xüsusilə cəld idi, təyyarə pilotun əlində elə bil oyuncaq idi və o, o boyda maşını istədiyi an gah endirir, gah qaldırır, gah kəlləmayallaq aşırır, xülasə, imkan vermirdi ki, vursunlar. O, havada şığıyıb yerə bomba yağışı yağdırdıqca, gözlərini göydən çəkməyən Nəzər ürək çırpıntısı ilə yanıb qıvrılırdı, «bax, indicə vuracaqlar səni, köpəyoğlu!» ⎯ deyirdi. Və nəhayət, 44-ü vurdular. Təyyarə alovlandı, arxasınca qalın tüstü buraxa-buraxa sürətlə üzüaşağı şığıyanda Nəzər özünü saxlaya bilməyib ucadan «urra!» ⎯ deyə qışqırdı və elə o an da səhv elədiyini başa düşüb sol əlilə öz ağzını yumdu ⎯ elə bil başqa adamın ağzını yumurdu. Birdən təyyarənin üstündən bir qutu vıyıltı ilə yuxarı qalxdı; Nəzər başa düşdü ki, pilot katapult elədi. Bu, doğrudan da beləydi. Az sonra təyyarədən uzaqlaşan o qara qutu ağ, günbəzvari bir paraşütə çevrildi və ağır-ağır yerə enməyə başladı. Bir az o yanda, kiçik təpənin ətəyinə ox kimi sancılan təyyarə dəhşətli bir gurultu qoparıb partladı. Pilot havada süzən ağ günbəzi səngərdən o yana yönəltməyə can atırdı, ancaq sabah yelinin səmti onu düz Nəzərin üstünə gətirirdi. «Gəl, gəl, köpəyoğlu, indi sənin atanı yandıracam!» ⎯ deyə Nəzər avtomatını hazırladı. Pilot tappıltı ilə Nəzərin beş-altı addımlığında yerə düşdü, yıxıldı, qalxıb çiynindəki brezent bağlını özündən kənar eləmək və qaçmaq istəyirdi ki, Nəzər səngərdən dikəlib özünə də yad gələn bir səslə qışqırdı:
⎯ Faşist köpəyoğlu, kaput!
Səsə-qışqırığa səksənən pilot dərhal iki əlini də göyə qaldırdı. O, arıq, ucaboylu, göygözlü cavan bir adam idi. Çiynindəki paqonlardan bilinirdi ki, baş leytenantdı. Sifətində meyit rəngi vardı. Hava soyuq deyildi, ancaq pilot əsirdi. Bu, yəqin qorxudan idi.
Nəzər avtomatı sinəsinə qaldırıb azərbaycanca:
⎯ Ə, köpəyoğlu, sən idin bayaqdan yeri-göyü yandıran? ⎯ deyirdi. Nişan alanda, pilot udqundu, uzun boğazındakı qoz boyda hülqumu qalxıb-endi və o, gözlərini yumdu.
Nəzər birdən qəzəbini boğub ayıldı və fikirləşdi ki, onu vurmağa ixtiyarı yoxdu, diri tutub aparmalıdı, komandanlığa təhvil verməlidi. Bunu o yaxşı bilirdi, ancaq qəzəbindən, hirsindən unutmuşdu.
Güllənin açılmadığını görən pilot, qorxa-qorxa gözlərini açıb yazıq-yazıq Nəzərə baxdı və əllərini bir az da yuxarı qaldırıb:
⎯ Fris kaput! ⎯ dedi.
⎯ Hə, fris kaput! ⎯ Nəzər qışqırdı. ⎯ Bə niyə durubsan orda buz üstə çıxan dana kimi?
Pilotun tərpənmədiyini görüb:
⎯ Bəri gəl, fris, ⎯ dedi və əlilə gəlmək işarəsi verdi.
Pilot iki-üç addım irəlilədi. Nəzər o tərəfə, təpə ətəyinə baxıb birdən səngərdən çıxdı və pilota yaxın gəlib:
⎯ Düş qabağıma, faşist köpəyoğlu, ⎯ dedi. Səngər uçub dağılmışdı, yoldaşlarının bir qismi torpaq altında qalmışdı. Nəzər səngərin qırağı ilə yeriyir, yaralananlara, parça-parça olan meyitlərə baxa-baxa qabağınca addımlayan pilota deyirdi:
⎯ Bunların qanı sənin boynundadı, köpəyoğlu. Yeri, yeri, orda sən öz cəzanı alacaqsan.
… «Vızz-dızz», şart! Nəzər qulağını iynələyən ağcaqanadı «şillələdi» və şillə səsinə xəyaldan yarımçıq ayıldı. Artıq ay doğmuşdu. Gecə bir az açılıb durulmuşdu. Göyün düz qübbəsində buludlar arasında yumru şar kimi süzən ayın ağ-sarı işığı, söyüdün mehdən asta-asta titrəşən yaşıl yarpaqları arasından süzülüb Nəzərin qabağında, tapdanıb hamarlanmış torpağın üstündə ağ abbasılıqlar kimi dəbərişirdi, yarpaqlar tərpəndikcə ağ abbasılıqlar yerini tez-tez dəyişirdi.
Nəzər gözünü torpaq yola zilləmişdi, sağ qolunun dirsəyini qatladığı sağ dizinin kündəsinə dayamış, çənəsini də ovcunun içinə qoymuşdu. Bu yol vaxtilə işlək yol olmuşdu, burdan körpünün üstündən iki istiqamətə haçalanırdı; biri rayon mərkəzinə gedirdi, o biri, çalanın yanından sağa burulub əlli-altmış kilometrdən sonra qonşu respublikaya uzanan əsas yola qovuşurdu. Ancaq üç il bundan qabaq, təzə asfalt magistral çəkilib qurtarandan sonra, bu yol bağlanmışdı. Bağlanmışdı deyəndə, uçurulub dağıdılmamışdı, sadəcə yaddan çıxarılmışdı. Arabir bu kənddən o kəndə traktor, lafet, araba, atlı, bəzən də piyada gedəndə yol, az qala «sevindiyindən» «dirilmək»
istəyirdi. Yolu da yol eləyən gəl-getdi, insan ayağıdı, maşın təkəridi. Bunlar olmasa yol ölür.
Nəzər özündən yaşlı adamlardan, son vaxtlar oturub-durduğu, dostluq elədiyi bəzi cavanlardan da eşitmişdi ki, ilin bu vədəsində, yəni bostan, tərəvəz məhsullarının təzə-təzə çıxan vaxtı, hamının unudulmuş sandığı bu yol, qısa müddətə olsa da, dirilib canlanır, bir çoxlarının yadına düşürdü. Başqa şəhərlərə, rayonlara oğurluqlaəyriliklə mal aparmaq istəyənlər məhz bu yoldan istifadə edirdilər. Çünki əsas yol şlaqbaumla bağlanırdı, kontrol-dispetçer punktları işə başlayırdı, milis, DAM, nəzarət işçiləri yollara səpələnirdilər. Amma di gəl ki, bu alverçilər elə bil gözübağlıcaydılar, elə bil, tilsimli paltar geyirdilər, onların yanından necə gəlib-gedirdilərsə, bir də görürdün, Rostovdan, Novosibirskdən, nə bilim daha haralardan soraqları gəlirdi. Nəzər bu müəmmanı heç cür başa düşə bilmirdi. Keçən iləcən ⎯ yəni hələ təqaüdə çıxmamış belə şeyləri eşidəndə inanmaq istəmirdi. «Filankəs Novosibirskə getmişdi, bir maşın sarımsaq aparmışdı ⎯ otuz min pul gətirib!» «Əşi, heylə şey olmaz, canım!» ⎯ Bunu Nəzər deyirdi. «Filankəs iki maşın pomidor-xiyar aparıb Xabarovska, iyirmi beş min qatlayıb qoyub cibinə!» «Əşi, heylə şey olmaz!» ⎯ Bunu da Nəzər söyləyirdi. Sonra, rayonda, müxtəlif tədbirlərdə, məhsul bayramında, toyda, yasda, Nəzər həmən adını ondan-bundan eşitdiyi adamların geyiminə, keçiminə, oturub-duruşuna, xeyirdə-şərdə pul xərcləmələrinə gözaltı fikir verirdi və görürdü ki, deyəsən deyilənlər düzdü, çünki bu filankəslərin yerişindən yer titrəyirdi az qala, ding-ding dingildəyirdilər, vaxtlarının çoxunu yol üstdəki «Yaxşı yol» restoranında keçirir, işdə-idarədə seyrək-seyrək görünür və hörmətəizzətə gələndə də, yuxarı başda olurdular. Onlar maaş üstə əsmirdilər, bazarda, dükanda ayın-oyun alanda çənə vurmağı şənlərinə sığışdırmırdılar. Düzdü, bu adamlar çox deyildi, barmaqla saymaq olardı, ancaq var idilər bunlar, bunları görməmək mümkün deyildi. Və Nəzər onları çox yaxşıca görürdü, ancaq üzlərinə bir söz deyə bilmirdi, çünki ixtiyarı yox idi. Sadəcə ürəyində «faşist uşağı faşist» deyirdi, vəssalam.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-on-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.
Üçüncü hissə, ikinci fəsilDünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.
Üçüncü hissə, dördüncü fəsilHökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:
Başqa şairlərin şeirləri
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
عشق را از دل سودازده ما ننگ استاین پلنگی که با سایه خود در جنگ است
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə