Üçüncü hissə, dördüncü fəsil
Səhifə 1 / 2
Hökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.
Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:
– Bu ağanı təkadamlığa sal! - demişdi. — Kimsə ilə danışmağa ixtiyarı yoxdur. Gündə yarım saat havaya çıxartmaq olar, — ciddi nəzarət altında, əlbəttə. Kitabdan, kağız-qələmdən istifadə etməsi qəti qadağandır. Aydındır?
Zabit dabanlarını bir-birinə vurub şıqqıldatmışdı.
– Bəli, sahib?
Sonra amir sahib Elməddinin üst-başına, yorğun sifətinə baxıb:
– Ağıllanmadın, eləmi? — deyə soruşmuşdu. Elməddin amirin səsindəki kinayəni duyub kinayə ilə cavab vermişdi:
– Mən dəli olmamışdım, amir sahib!
Amir qabağındakı kağızlara nə isə bir də diqqətlə baxmışdı və sual etmişdi:
– Yenə yazıb-pozurdun, şəkil-məkil çəkirdin, eləmi?
– Polis aparana qədər hə, amir sahib!
Amir yenə nə isə mənalı-mənalı gülümsünmüşdü: Ümid eləyirəm bu dəfə burdan çıxandan sonra daha yazmazsan, çəkməzsən...
—…
– Apar! — deyən amirsahib söhbətin bitdiyini bildirərək üzünü zabitə tutmuşdu. Havaya çıxarılan vaxt Dostməmmədlə arabir dəhlizdə, həyətdə rastlaşırdı. Dostmədməd ona baxıb müəmmalı-müəmmalı qımışırdı, Elməddin isə yaman əsəbiləşirdi. İçində sonsuz bir nifrət qaynayırdı ona qarşı. Adamdan çox vəhşi təsiri bağışlayırdı Dostməmməd. Elməddin hiss eləyirdi ki, əgər imkanı və ixtiyarı olsa, o, Dostməmmədi uf demədən öldürə bilər, rəhmi gəlməz.
Dustaqlardan çoxu—köhnələri tanıyırdı onu. Təzə gələnlərə onun buraya ikinci dəfə düşdüyünü söyləyirdilər. Kiminin yazığı gəlirdi, kimi isə ona rəğbətlə, məhəbbətlə baxırdı. Elməddinin dəyanətli, mərd olması, o vaxt öz dostunu — şairi satmaması dustaqlar içində dərhal yayılmışdı və hamı onu əsl kişi, əsl mərd hesab eləmişdi. Bu dəfə isə nə üstündə həbs olulduğunu hələ bilmirdilər. Məqam, fürsət axtarırdılar ki, öyrənsinlər; nəzarət güclü idi. Bu, bir tərəfdən Elməddini çox sıxırdısa, o yandan da özünə, tutduğu doğru yoluna inamını artırır, dözümlü, səbirli olmaq hissi aşılayırdı. «Qorxurlar demək! Məni də ustad kimi təhlükəli hesab eləyirlər demək!» — deyə düşünürdü.
Günləri ağır keçirdi. Gecələrini oyaq qalırdı — taxtabiti yatmağa aman vermirdi. Taxtın üstünə uzanan kimi saysız-hesabsız qaniçən həşarat canına daraşırdı, bədənini dalayırdı. Qırmaqla qurtaran deyildi zəhrimar! O vaxta qədər çırpınıb çapalayırdı ki, tamam əldən düşürdü, vucudunda hey-hərəkət qalmırdı, gözləri öz-özünə yumulurdu. Ondan sonra yorğan-döşəkdə yox, quru sementin üstündə tirtap uzanırdı. Nə zaman yatdığını bilmirdi. Yeməklərin karsızlığından yox, yuxusuzluqdan arıqlayıb üzülmüşdü. Üzünü saqqal basmışdı. Qırxdırmaq da istəmirdi. Həbsxana dəlləkxanasına gedə bilərdi — ancaq güzgüdə özünü görməkdən qorxurdu. Bilirdi ki, tanınmalısı qalmayıb — bu da ona bir dərd olacaq. Yaxşı ki, xəyallar, xatirələr, dərdlər varmış; Simini yadından çıxara bilmirdi, gecə-gündüz fikri onun yanında idi. «Görəsən neyləyir? Xalqın uşağını da bədbəxt elədim. Gərək evlənməyəydim. İndi asudə oturardım burda, o da dalımca göz yaşı tökməkdən azad olardı. Bu yolun yolçusu gərək ailə qurmasın məqsədə çatanacan. Amma Simin gözəldi, ağıllıdı. Şükür ki, tək də deyil. Atası-anası yanındadı. Korluq çəkməyə, darıxmağa qoymazlar».
İkinci dərdi, qayğısı Şəfi idi. Ziyaülhəqqin, Əhədullanın dediyinə görə, ustad yaxşı idi. Ölməmişdi — bu, Elməddin üçün nəyə desən dəyərdi. Ancaq onu yandıran bu idi ki, qatil tapılmamışdı, görünür, heç tapılmayacaqdı da. Bir də bu yandırırdı ki, Elməddin onun yaralı, nasaz vaxtında yastığının yanında ola bilməmiş, qulluğunda dura bilməmişdi. Qoymamışdılar. Ziyaülhəqqin mülahizəsi, dərindən düşünəndə, Elməddinin ağlına batırdı; Şəfinin vurulması ilə Elməddinin həbs olunması arasında nə isə gizli bir əlaqə vardı — bu, düşünülmüş, planlaşdırılmışdı deyəsən qabaqcadan, hətta ustadın əlahəzrət tərəfindən qəbul olunması ruznamələrdə şəkillərinin verilməsi də nə isə irəlicədən düşünülmüş, qurulmuş bir tədbirə daha çox oxşayırdı. Fikirləşmək üçün vaxt çox idi. Kağızı, qələmi olsaydı, yaza da bilərdi. Ancaq bundan məhrum idi. Çörək əvəzinə, qaynar su əvəzinə kağız-qələm versəydilər, gözəl olardı. Yeməyini bir parça kağıza, qələmə dəyişməyə razı idi. O düşünürdü, dodaqları şer pıçıldayırdı. Qələmsiz, kağızsız yazdıqlarını əzbərləyirdi, unudulmasın deyə hər gün təkrar eləyirdi. «Sağlıq olsun, çıxandan sonra köçürərəm» — deyirdi. Yaddaşı yazılmamış maqnitofon lentinə oxşayırdı. Və bu, onu çox sevindirirdi.
Tez-tez gülünc mühakiməsi yadına düşürdü. Çeşməkli, tosqun hakimin onu nəyin bahasına olursa-olsun, həbs etmək, iş kəsmək cidd-cəhdi açıq-aşkar hiss olunurdu. O, fikirlərini əsaslandırmaq üçün əlinin altındakı ruznaməyə — Əli Tüğyanın məqaləsinə müraciət edir, ondan sitatlar oxuyurdu:
– Hə, buna, müttəhim, necə baxırsınız?
Böhtandır, — Mən o hekayəni yazarkən Əli Tüğyan cənablarının dediklərinin heç birini nəzərdə tutmamışam!
– Nəzərdə tutubsunuz-tutmayıbsınız, bunun bizə dəxli yoxdur. Sizin hekayəniz bizim dövlətimizin əsasını sarsıtmağa, dövlətlə, hökumətlə xalq arasında nifaqa, qan döyüşünə çağırışa yönəlmişdi. Buna nə deyirsiniz?
Mən həyatın kiçicik bir parçasını yazmışdım, möhtərəm hakim.
– Bəs elə isə, nə üçün xurma yeyən dükançının adını Dövlət xan qoymusunuz?
– Elə-belə. Soltan xan qoysaydım, məsələnin mahiyyəti dəyişirmi?
– Onda, bəlkə də, belə üsyankar səslənməzdi sizin cızmaqaranız!
– Sonra «Qanuni-əsasi»dən, onun mətbuat, söz azadlığı haqqındakı maddələrindən sətirlər oxunur, Elməddin bu maddələri pozmaqda təqsirləndirilirdi. Elməddin o gün verilən ittihamdan anlamışdı ki, o, cəmiyyətin pozucu ünsürü imiş!
Bu sözlər yadına düşəndə Elməddin niyə təkadamlıq kamerada yalqız saxlandığının səbəbini anlayırdı. Sən demə, dustaqları bu «pozucu ünsürdən» qoruyurmuşlar!!
Elməddin bir dəfə hava almağa çıxarılanda ayaqyolunun divarının dibində barmaq boyda kömür qırığı tapmışdı, dustaqlardan, kiminsə cibindən düşübmüş. Sevinc içində götürüb cibinə qoymuş, vaxtı qurtarıb otağına qayıdandan sonra, dəmir qapı ilə üzbəüz divara ustadın şəklini çəkmişdi. Onun gözlərini rəsm eləyəndə birdən tutulub dayanmışdı, axı indi ustadın sağ gözü yox idi. O, əl saxlayıb taxtın üstündə oturmuş, onunla tanış olduğu gündən bəri keçirdiyi günləri, söhbətlərini xatırlamış, xəyalın aynasında şairin adamın ürəyinin içinə nüfuz edən mənalı, qəşəng gözlərinə tamaşa eləmiş, sonra onun qanlı sifəti nəzərində canlanmışdı. Bəli, bu həqiqət idi — ustadın sağ gözü yoxdu və heç vaxt da olmayacaqdı.. Birdən o ayağa qalxmış, divara yaxınlaşmış, ustadın gözlərini çəkmişdi. Divardan Şəfi əvvəllər olduğu kimi, indi də mehriban-mehriban ona baxırdı. Burda onun iki gözü də var idi və Elməddin düşünürdü ki, çıxandan sonra, yaxşı kağız tapacaq və ustadının şəklini elə beləcə də yaradacaq, evindən asacaq.
Kömürün yarısı qalmışdı. Elməddin gizləmək istəyirdi, ancaq fikrini dəyişmiş, yan divara Siminin şəklini rəsm eləmişdi. Bu «kəşfindən» xoşu gəlmişdi. İki əziz adamı vardı — ikisi də yanında idi. İndi tez-tez onlarla danışır, məsləhətləşir, dərdi-dil eləyirdi. Şəkillər elə canlı çıxmışdı ki. …
Bu da bir təsəlli idi dörd divar arasında. Sonra təsəlli verən ikinci hadisə də olmuşdu. İsti yay günlərinin birində nəzarətçi Elməddini yenə həyətə çıxartmışdı. O, kənarda tək gəzinirdi. Bir az aralıda, söyüd ağacının altında dustaqlar cəmləşib oturmuşdular. Elməddin gözucu nəzər yetirib gördü ki, saqqallı kişi dizinin üstünə qoyduğu kağızdan nə isə oxuyur, yanındakılar da diqqətlə qulaq asırlar. Onu çölə çıxaran zabit bunu hiss edib uzaqdan qışqırmışdı:
– Ey, orda neynəyirsiniz?
Qıraqda dayanmış oğlan, astadan yoldaşlarına nəsə deyib ucadan gülə-gülə söyləmişdi:
– Heç, zabit sahib. Papağımıza xurma çərdəyi yığırıq!
– Nə?
– Deyirəm papağımıza xurma çərdəyi yığırıq.
Zabit, görünür, dustağın dediklərindən heç nə başa düşməmişdi, çiyinlərini çəkmişdi. Ancaq Elməddinin qulağı bu sözləri alan kimi, hər şeyi anlamışdı. Yuxusuzluğu da, taxta-bitinin bədənini dalamağı da, əzabları da yadından çıxmışdı. Demək, «Pərçəm» həbsxanaya gəlib! «Xoş gəlibsən, əzizim!» — deyə pıçıldamışdı özü-özünə. O gün Elməddin üçün əvəzsiz bayram olmuşdu həbsxanada. Heyf ki, sevincini bölmək üçün bir həmdəm tapmamışdı. Fərəhini divardakı rəsmlərlə — ustadı Şəfi ilə, arvadı Siminbərlə bölüşdürmüşdü. «Həbsxanalarda məhkumlar da papağına xurma çərdəyi yığır, ustad. İndi bütün məmləkət papağına xurma çərdəyi yığır deyəsən, ustad, gözün aydın. Sənin həsrətiylə yaşadığın o müqəddəs günə — qəzəb dalğasının qalxacağı, tufanın qopacağı günə az qalır deyəsən, ustad!»
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...
Birinci hissə, yeddinci fəsil– Ceyhun.– Nədi?
Birinci hissə, səkkizinci fəsilOrxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:
Birinci hissə, doqquzuncu fəsilŞöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə. Orxanın qoyduğu güllər eləcə dururdu.Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:
Başqa şairlərin şeirləri
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Vəfasız xanımEşqi, məhəbbəti unudan xanım,Nə qəsd edib yara vurdun Əfqana.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü