Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!

Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.

Yoxlamadan sonra çox uzun, əzablı, saatlarının ucundan daş asılmış bir gecə keçdi. Səhərisi, saat ona qalmış, Elməddini kamerasından çıxartdılar, rəisin otağına gətirdilər.

Rəis, eynən o vaxt, Şəfi ilə onu üzləşdirərkən mizin arxasında necə oturmuşdusa, indi də elə oturmuşdu. Sanki bu iki-üç ildə heç yerindən tərpənməmişdi. Başını sol çiyninə tərəf əyərək kök, yoğun barmaqları arasında tutduğu on iki rəngli qələmlə nə isə yazırdı. Cavan nəzarətçi içəri girəndən sonra, rəisin məşğul olduğunu görüb, hay-küy salmadan, yavaş səslə:

– Rəis sahib, «iyirmi bir»i gətirmişəm sizin əmrinizlə! — dedi. «İyirmi bir» — Elməddinin nömrəsi idi. Rəis başını qaldırıb nəzarətçinin böyründə dayanmış Elməddinə gözucu nəzər yetirib:

– Otur! — deyə qabağındakı mizin aşağı ucundakı kətili göstərdi və üzünü nəzarətçiyə tutaraq: — Sən gedə bilərsən! — söylədi. O, dabanlarını bir-birinə vuraraq şaqqıldatdıqdan sonra çıxdı, qapını örtüb dəhlizdə dayandı. Rəis hələ yazısını qurtarmamışdı, ona görə otaqda sakitlik idi! Elməddin qapı ağzında, dəhlizin sement döşəməsində asta-asta var-gəl eləyən gözətçinin addım səslərini eşidirdi. Və istər-istəməz bu çağırışın nə üçün olduğu, nə ilə qurtara biləcəyi barədə düşünürdü. Elməddin artıq təcrübəsindən bilirdi ki, bu otaqda rəislə müttəhimlər arasında bu və ya digər məsələ haqqında söhbət gedir, əvvəl çox mədəni şəkildə suallar verilir, istədikləri cavabı aldıqda hər şey yaxşı qurtarır — yəni nə rəis əsəbləşir, nə müttəhim döyülür; yox, əgər, müttəhim «düzgün» cavab vermirsə, onda rəis hirslənir, rəis hirsləndisə, pəzəvəngi Dostməmməd içəri gəlir və söhbət başqa cür davam edir. Çox vaxt öz ayağı ilə bu otağa girən dustaq, burdan necə çıxdığını heç cür xatırlaya bilmir. Bunları Elməddin başa düşürdü.

Rəis qələmini yerə qoydu, kürəyini kreslosunun söykənəcəyinə dirəyib şirin-şirin gərnəşdi. Eynəyinin altından ət basmış gözlərini qıyaraq Elməddinə xeyli diqqətlə baxdı, iə üçünsə gülümsədi və gər səslə:

– Eşitmişəm sən yaxşı şəkillər çəkirsən, eləmi? — deyə söhbətə başladı.

Elməddin çiynini çəkdi:

– Nə bilim, hərdən çəkirəm.

– O divardakı şəkilləri sən çəkmisən, eləmi.

– Hansı divardakı, rəis sahib?

– Otağındakıları deyirəm! Uşaqlar yaman tərifləyirdilər.

– Hə... Kömür qırığı ilə...

– Kimdi onlar? Biri, deyəsən, şair dostundu. Eləmi?

—…

– Amma o dəfə bir-birinizi tanımadığınızı deyirdiniz.

– Onunla məni burda siz tanış elədiniz. Biz sonra dost, olduq. İndi danmıram. O, ustadımdı, məmləkətin böyük söz sənətkarıdır.

– Bəs o qadın kimdi? Arvadınızdı, eləmi?

– Bəli...

Rəis susdu, gonbul şəhadət barmağı ilə mizin şüşəsini döyəclədi, sonra siqaret yandırıb damağına qoydu, tüstünü sağ cəhəngindən havaya buraxıb mülayim-tərzdə dedi:

– Rəssamlıq Allah vergisidi, hər adam şəkil çəkə bilməz. Sənin yerinə olsaydım, ancaq elə bu işlə məşğul olardım. Şöhrəti şöhrət, pulu da ki, pul.

– Bilirsən səni bura niyə gətizdirmişəm?

– Bilirsən?

– Bəli!

– Niyə?

– Əvvəl sorğu-suala, sonra, əgər sizi təmin eləməyən cavab versəm, döydürməyə!

Rəisi gülmək tutdu. İri qarnı atıla-atıla uğundu.

– Vay səni!.. Yox, düz tapmadın. Mən səni ona görə çağırtdırmışam ki, mənim şəklimi çəkəsən. Bu gün mənim anadan olan günümdü, altmış yaşım tamam olur. İstəyirəm... sən... mənim şəklimi çəkəsən!.. Çəkərsənmi?

Elməddin dizləri üstünə qoyduğu qandallı əllərini yuxarı qaldırdı:

– Belə??

– O, yox. Bu saat əmr verərəm dəstbəndini açarlar! — Bunu deyib o, mizin sol böyründəki düyməni basdı, iki dəqiqə keçməmiş qapı açıldı və Dostməmməd içəri daxil oldu.

Rəis Dostməmmədə:

– Onun əllərini aç, o kağız-qələmi də qabağına qoy, mənim şəklimi çəkəcək, — dedi.

– Beçeşm, rəis sahib!—Dostməmməd dustağa sarı dönəndə Elməddini gördü, daha doğrusu, tanıdı. Elməddin onun gəlişindən üşürgələndi, vücudunu soyuq bir gizilti gəzib-dolaşdı. Yenə o qanlı gün — Şəfinin döyüldüyü gün gəlib yadına düşdü

– O, köhnə dost. Bu oğlan məni yaman çox istəyir, rəis sahib. Baxışlarından bilirəm. Əgər təklikdə əlinə düşsəm, məni bağrına basıb öpər, — dedi. Elməddin onun səsindəki kinayəni duyub üzünü yana çevirdi. Dostməmməd baxışları ilə rəisə işarə eləyib qımışdı. Sonra dəstbəndi biləklərindən çıxartdı, stolun üstünə qoydu. Hardansa eni, uzunu bir metrə yaxın olan qalın kağız gətirdi, stolun üstünə qələm atdı. Elməddin haçandı qələm-kağız görməmişdi. Əli qələm üçün gicişirdi elə bil. Kağız o qədər ağ və gözəl idi ki, ürəyində xoş duyğular oyatmışdı. O, sağ əlinin keyimiş barmaqlarını üç-dörd dəfə açıb, yumdu, sonra əlini ağ kağızın üstündə gəzdirdi. Yaxşı gül çəkmək olardı bu kağızda, ustadın, Siminin şəklini çəkmək olardı bu kağızda. Elməddinin ürəyi dolu idi — yazdığı şerləri bura köçürmək olardı; xırda xətlə yazsaydı, hamısı yerləşərdi. Ancaq o, indi rəisin şəklini çəkməli idi... Ürəyi istəmirdi, ancaq kağız, qələm həsrəti o qədər güclü idi ki, fikrində rəisin şəklini çəkməyə razılaşdı və qələm götürdü. Rəisə, onun gözlərinin içinə, sifətinə, burnuna bir dəfə diqqətlə baxdı. Sonra qələmi kağız üzərində asta-asta gəzdirməyə başladı.

Bu zaman Dostməmməd rəisə nəzər yetirdi və Elməddinin sağ əlinə işarə elədi. Rəis gözlərini qırpmaqla «hə» dedi. Bu gizli işarəni Elməddin tutdu, ancaq mənasını başa düşmədi. Ona elə gəldi ki, Dostməmməd nə isə əlinin qabiliyyətini təriflədi rəisə. Buna əhəmiyyət verməyərək rəisin üzünün çizgilərini, qaşlarını kağız üzərinə köçürür, tələsmir, arxayın-arxayın işləyirdi. On-on beş dəqiqəyə şəkil hazır oldu. Elməddin onun yaxşı çıxmasına qətiyyən çalışmamışdı, sadəcə ümumi oxşarlıq yaratmağa cüzi səy göstərmişdi.

Vərəqi rəisə tərəf uzatdı. O, şəkli alıb baxdı:

– Hə. Oxşayır. Afərin! — Dostməmməd də boylanıb vərəqə nəzər yetirdi, dodaqlarını büzüb:

– Pis deyil. Ancaq daha yaxşı çəkə bilərdi... — söylədi. Elməddin dillənmədi. Rəis şəkli bürmələyib arxasındakı pəncərənin qabağına qoyduqdan sonra:

– Hə, işimizin birini gördük, qurtardıq. İndi əsl mətləb üstünə gələk, — dedi, — Hə, necə bilirsən, Dostməmməd?

– Əlbəttə, gərək çoxdan başlayaydıq, intəhası sənin rəsmin qabağa düşdü.

Elməddin diqqətlə qulaq asırdı. Zənnində yanılmadığını başa düşmüşdü. İndi o şer məsələsi, «Pərçəm» məsələsi ortaya atılacaqdı. Dünən onun otağında nahaq yerə axtarış aparmamış, nahaq yerə onun səbətinin içindən qadağan olunmuş ədəbiyyat — Fərruxinin şerini, «Pərçəm» ruznaməsini «tapmamışdılar».

Dünən gödəkboylu, sallaqdodaq nəzarətçinin onu döyməsi yenidən yadına düşdü və qarnındakı sancılar təzələndi. Sözlərini xatırladı: «Bir də o sözləri dilinə gətirsən, dilini çıxardaram!» Və o, ağrı, əzab həkk olunmuş gözlərini rəisə zillədi, bayaq söylədiklərini təkrar eşidən kimi oldu: «Yox, düz tapmadın, mən səni ona görə bura cağırtdırmışam ki, mənim şəklimi çəkəsən.» Elə onda rəisin yalan danışdığını hiss eləmişdi — ancaq buna inanmaq istəməmişdi. «Yekə kişidir, nə üçün yalan danışsın, onu ki məcbur eləyən yoxdur?» — deyib onun sözlərinin həqiqət olacağına inanmaq istəmişdi. Lakin indi deyir əsl mətləbə keçək!.. Bu ikiüzlülük, hiyləgərlik onda ikrah hissi doğurdu. Və həmin ikrah duyğusu onun gözlərinə yazıldı elə bu an. Rəisin rəsmi, gər səsi Elməddini fikrindən ayırdı:

– Şəkil üçün sağ ol. İndi isə zəhmət olmasa bizi başa sal görək bax bunları — o, «Pərçəm» ruznaməsini və şeri siyirmədən çıxarıb stolun üstünə atdı, — bax bu zir-zibili sənin otağına kim gətirib?

Sual dünənki sual idi. Cavabı da dünənki oldu:

Mən dünən bu suala cavab verdim, rəis sahib! O, ruznaməni də, o şeri də mənim otağıma dünən sizin nəzarətçilər gətiriblər, onlardan mənim qətiyyən xəbərim yoxdur. Heç əlimi də vurmamışam, inanın, rəis sahib!

Rəis üzünü Dostməmmədə tutdu:

– Düz deyir?

– Yox. Yalan deyir, rəis sahib! — Bunu deyib o, qəzəblə irəli cumdu, Elməddinin qolundan yapışıb qaldırdı və qeyzlə: — Sənə dünən demədilər ki, o sözü dilinə gətirmə? — deyə bağırdı.

– Dedilər.

– Yenə təkrar eləyirsən?

– Mən həqiqəti deyirəm. Onları sizin... — Dostməmməd Elməddinə sözünü bitirməyə aman vermədi, iri, kobud yumruğu onun çənəsinin sol tərəfini tutdu və o, tappıltı ilə yerə sərildi. Dodağı partlamışdı, ağzından qan axırdı. Huşsuz halda arxası üstə uzanmışdı. Sol əli qan axan ağzında idi, sağ əli yanına düşmüşdü. Dostməmməd yaxın gəldi, əyilib Elməddinin sifətinə nəzər saldı: o, pıçıltıyabənzər səslə təkrar edirdi:

– Xəbərim yoxdur, xəbərim yox...

Birdən Dostməmməd ayağını qaldırdı, altı dəmir vallı, ağır çəkməsi ilə Elməddinin yanına uzanmış qoluna, düz biləyinin üstünə zərblə bir təpik ilişdirdi və bilək sümüyünün şıqqıltı ilə sındığını hiss elədi. Elməddin vəhşi bir səslə «vay» deyib bağırdı, yerində qıvrıldı, qıvrıldı, sonra təzədən bayıldı...

Çoxmu belə qalmışdı, azmı, bilmirdi. Gözlərini açanda başı üstə başqa adam gördü. Deyəsən o, həbsxana həkimi idi.

Rəisin ona dediyi bu sözləri güclə ayırd eləyə bildi:

– Bu heyvan vurub onun qolunu sındırıb. Xahiş edirəm onun biləyini mən deyən kimi bağla, sərtəbib sahib!

– Axı bu, cinayətdir, rəis sahib!

– Bağla deyirəm sənə!

Və həkim onun sağ əlini sarıdı. Sonra onu kamerasına aparıb atdılar, qapını üzünə bağladılar...

Qonşu kamerada yatanlar onun qışqırığına dan yeri ağaranacan göz yuma bilmədilər...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, səkkizinci fəsil

Hava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.

12 dəq
Dördüncü hissə, doqquzuncu fəsil

Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.

8 dəq
Dördüncü hissə, on üçüncü fəsil

Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.

9 dəq
Dördüncü hissə, on birinci fəsil

Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.

11 dəq

Başqa şairlərin şeirləri