Səhifə 1 / 2

Axşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.

– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?

– Hə, xanım, sizin ürəyinizə bələd olduğum üçün acığınıza gəlməyəcəyini bilib verdim, geysin. Bacısınındı, qoy geysin.

– Yox, bacısının deyil, Əbdül. Qibləgahımındı hamısı. Onun gələndə nəyi var idi ki! Heç nəyi yox idi.

– Elədi, xanım. Mən uşağın xatirinə.

– Hə, hə, bilirəm. Ümumiyyətlə, yaxşı eləmisən. Qoy geyinsin, yaşasın. Xoşuma gəldi. Uşağa çox yaxşı baxır.- halaldı ona. Amma kəbininizi kəsdirəndə gərək mənə xəbər eləyəydin. Gəlib sizi təbrik eləyərdim.

– Düzü, ürək eləmədim, utandım həm də. Zərrintac xanım güldü, şəhadət barmağını Əbdülün burnunun ucuna toxundurdu:

– Ay xatakar, ay xatakar! Yax...şı.. mən..getdim...

– Amma gərə qalaydın, xanım. Səhər gedərdin...

– Yoox. Yoox...

O, çəkib qapını örtdü, maşını işə salmağı ilə darvazadan çıxmağı bir oldu. Əbdül arxasınca tışırdı:

– Ehtiyatlı sür, xanım! — Ancaq o eşitmədi. Əbdül darvazanı bağladı. Həyətdə gəzindi bir az. Kefi kök idi — ən çox qorxduğu şey bu görüş idi. Zərrintac xanım onun Heyranı — Dünyanın bacısını evə gətirməyə əvvəldən razılıq vermişdi, ancaq evlənmək məsələsindən xəbərsiz idi. Əbdül o vaxt atasının ölümündən sonra, Zərrintacın dediyi sözləri unutmamışdı: «Bu evə başqa qadın ayağı dəyməməlidi. Dəysə, özündən küs!» Və o qorxu həmişə ürəyinin başından daş kimi asılıb qalmışdı. Əbdül indi sərxoş olsa da xanımın acıqlanmadığını, sözünü unutduğunu görüb çox sevinirdi. «Yaxşı adamdı, kinli deyil xanım. Allah onu xoşbəxt eləsin.» — deyə düşünə-düşünə, fit çala-çala pilləkənləri qalxdı, içəri keçdi. Heyran süfrəni, qab-qacağı yığışdırmışdı, uşağı yerinə salıb yatırtmışdı. Özü də soyunub yorğan-döşəyə girmişdi. Açıq saçları ağ balışın üstünə tökülmüşdü. Onu da əhvalı yaxşı idi. Sifətinə sevinc çilənmişdi, iri, yaraşıqlı gözləri gülürdü. O da Əbdül kimi bu görüşdən bərk nigaran idi. Olmadı belə, oldu elə, Zərrintac xanımın acığı tutdu, Əbdülü də qovdu, onu da — neyləyəcəkdilər?! Amma şükür, hər şey yaxşı qurtarmışdı. Heyran Zərrintac xanımın xoşuna gəlmişdi. Elə xanım da Heyranın xoşuna gəlmişdi. Amma Heyran Zərrintacın danışığından, rəftarından, gözlərinə həkk olunmuş kədərdən başa düşmüşdü ki, o, bədbəxt qadındır. Yazığı gəlmişdi ona. Görünür, içməyi də elə bundandır. Görünür, xoşbəxtlik varlılıqda, kasıblıqda deyil. O, düşünə-düşünə paltarını soyunan Əbdülə baxırdı. Heyran fikir vermişdi: Əbdül içəndə çox şən olurdu, deyirdi, gülürdü, lətifələr danışırdı, yorulub əldən düşənəcən onu yatmağa qoymurdu. Bu gecə isə kefi iki qat əla idi — həm içmişdi, həm də Zərrintacın qorxusundan canı qurtarmışdı.

– Hə, qohumun necədi, xoşuna gəldi?

– Gəldi, Əbdül. Yaxşıdı, allah onu xoşbəxt eləsin, Əbdül.

– Eləsin, amin!

– Ancaq içməyindən zəhləm getdi. Qadın da içərmi? Axı...

– Rəhmətlik Nəcməddin özü öyrədib. Əhvallı qızdı. Deyir gərək evlənəndə mənə deyəydin, gəlib sizi təbrik edərdim.

– Biz də qəribə evləndik — «toyumuzda» səndən, məndən bir də uşaqdan başqa heç kəs yox idi.

– Eh, onlar boş şeydi. Təki adam xoşbəxt olsun, Heyranım mənim. Sən mənə de görüm xoşbəxtsənmi?

– Çox, əzizim. Bundan böyük xoşbəxtlik təsəvvür eləmirəm də, istəmirəm də. Allah bu səadəti bizə çox görməsin, Əbdül.

Əbdül soyunub Heyranın yanına girdi, onun dodaqlarından, gözlərindən, sinəsindən öpdü:

– Yavaş, nə fısıldayırsan, uşaq oyanar indi!—deyə Heyran onu özündən kənar eləmək istədi, ancaq bacara bilmədi. Əbdül onu qolları arasına alıb özünə tərəf çəkdi və məst halda dedi:

– Sənə qurban olum, Dünyam mənim! — Heyran səksəndi, bədənindən bir əzab rişəsi keçdi.

– Nə? Nə dedin? — deyə başını yastıqdan qaldırdı və çəpəki Əbdülə baxdı. — Dediyini bir də təkrar elə? Əbdülün fısıltısı kəsildi, dayanıb dinşədi.

– Nəyi təkrar eləyim?

– İndicə dediyini!

Nə dedim ki? Dedim ki, sənə qurban olum, Heyranım mənim!

– Yox, elə demədin. «Dünyam mənim» dedin, Əbdül!

– Mən?

– Hə, sən!

– Elə şey olmaz.

– Vallah, elə dedin!

– Yəqin çaşmışam!

– Yox, çaşıb-eləməmisən. Elə həqiqəti demisən, Əbdül. — Heyran inciyib ondan üzünü çevirdi. Əbdülün sərxoşluğu harasa uçdu və o, pərt halda dikəlib oturdu. Baxışlarını dolandırıb Dünyanın divardakı şəklinə ötəri nəzər saldı. Dünya xanım divardan ona baxırdı, gözlərində təbəssüm... Ancaq bu təbəssümdə Əbdül acı bir istehza duydu nədənsə, məzəmmət hiss elədi və dözməyib günahkar baxışlarını dolandırdı. Heyranın ağ, açıq çiynindən tutdu:

– Heyran.

—…

– Səninləyəm, niyə dillənmirsən, Heyran? — O, Heyranın çiynini silkələdi.

– Əl çək məndən: özün də dur burdan. Eşidirsən, dur burdan. Gözlərsən nə vaxt Dünya gələr, onu qucaqlayıb o sözləri deyərsən.

Nagahan Əbdülün dilindən çıxan «sənə qurban olum, Dünyam mənim» kəlmələri Heyranın ürəyini alt-üst eləmişdi, azca əvvəl qəlbini, ömrünü işıqlandıran bəxtəvərlik duyğusunu, qara bir dumana bürümüşdü, fikrini qarışdırmışdı. Heyran lap ilk günlərdən bu evdə gizli bir sirrin olduğunu duymuşdu, bəzi şeylər ona pərdəli, dumanlı görünmüşdü. Dünya niyə bu cah-calalı qoyub getmişdi—özü də uşağını qoyub getmişdi. Bunu hər ana eləməzdi axı! Dünya heç eləməzdi — o, bacısının lap uşaqlıqdan ağıllı olduğunu yaxşı xatırlayırdı. Sonra... Nəcməddin kimi dünyagörmüş, iradəli, dəyanətli kişi niyə özünü öldürmüşdü? Dünyanın ayrılığınamı dözə bilməmişdi?

Yox, bu da ağlabatan şeyə oxşamır. Bəs atasız-anasız böyüyən uşaq niyə Nəcməddinə yox, Əbdülə daha çox bənzəyir. Qaşları, burnu, çənəsi, gözləri, əlləri eynən Əbdülün deyilmi? Əbdül Nəcməddini canından çox istəyir — yıxılanda, ayağına tilişkə batanda kişi az qalır dünyanı dağıtsın. Bu, ağa, xanım uşağına bəslənən məhəbbət deyil, bu, doğma övlada, ciyərparaya bəslənən dilsiz sevgiyə oxşayır. Heyran bunu da hiss eləmişdi ki, Əbdül Dünyanın adını xüsusi ehtiramla çəkir, ondan danışanda səsi titrəyir, az qalır ağlasın. Ola bilər, Dünya onunla bir nökər kimi çox yaxşı rəftar etmiş, incitməmiş, ərinə döydürməmiş ailənin bir üzvü kimi baxmışdı. Ancaq Əbdülün onun adını çəkərkən keçirdiyi həyəcan, səsində duyulan minnətdarlıq hissi nə isə bunlardan daha yüksək bir hissin ifadəsinə bənzəyirdi!

Bütün bu cavabsız suallar Heyranı çoxdan düşündürürdü, o, burda nə isə bir sirr olduğunu — hökmən bir sirr olduğunu tez-tez fikrinə gətirir, narahat olurdu, lakin bacardıqca onlardan uzaqlaşmağa çalışırdı, unutmaq istəyirdi. Neçə dəfə ürəklənib Əbdüldən həmin narahatedici suallara cavab almaq istəmişdi, lakin, Əbdülün onsuz da ona düzgün bir söz deməyəcəyini yəqin edib susmağı məsləhət bilmişdi. «Sirr heç vaxt axıracan pünhan qalmır, gec-tez, haçansa, lap adi bir təsadüf üzündən açılıb faş olur!» — deyərək gözləmiş, hər şeyi zamanın ixtiyarına buraxmışdı. İndi, budur, neçə ay ər-arvad kimi bir yerdə yaşayandan sonra, Əbdül ilk dəfə idi ki, Heyranı əzizləyəndə, sinəsini, dodaqlarını, gözlərini öz həris öpüşlərinə qərq edəndə çaşıb ona «Dünyam mənim!» deyirdi. Heyranın fikrincə bu, adi səhv deyildi, çaşmaq da deyildi, bu, keçmişin, hansı uzaq və xoşbəxt anınsa təzədən yaşanması idi, təkrarı idi. Bu anda o, bacısı Dünyaya nə qədər oxşasa da, Heyran deyildi, Dünyanın özü idi Əbdül üçün! Neçə dəfə, lap ilk vaxtlar Heyranda da belə hallar olmuşdu — ona elə gəlmişdi ki, yanında uzanan, nə isə şirin sözlər pıçıldayan Əbdül deyil, Cabbardı. Dəfələrlə çaşıb az qala «Cabbar, bəsdi», ya «Cabbar, əzizim» deyəcəkdi, lakin vaxtında dilini saxlaya bilmişdi və buna çox sevinmişdi—hər necə olsa, Əbdülün xatirinə dəyə bilərdi. «Hələ də unutmayıb, hələ də mənə onun kimi baxır!» —deyə fikirləşərdi. Ona görə, Heyran Əbdüllə danışanda, yatağında həmişə sərvaxt olmağa, elə səhvdən özünü qorumağa çalışmışdı. Gec-tez belə olacağını bilirdi Heyran. Xüsusilə, Əbdül içəndə elə bir anın baş verə biləcəyini ürəyinə gətirib onun hər sözünü, hər hərəkətini diqqətlə izləyirdi. Və ürəyində allaha yalvarırdı ki, belə şey olmasın; «heç nə bilmədən yaşamaq, bilib əzab içində yaşamaqdan min dəfə yaxşıdır! Aman allah, həyat nə qədər qatma-qarışıq, dumanlı və mürəkkəbmiş! Budur, mən... mən Cabbar yazığın sağlığında da, öləndən sonra da and içmişdim ki, öldüyüm günəcən mənə yad kişinin əli dəyməyəcək. Yəqin Əbdül də Dünyaya and içibmiş. Yəqin Dünya da Nəcməddinə and içibmiş. İlahi, bəs kim düz danışır, kimə inanasan? Niyə qoymursan hər kəs öz sözünün üstündə dursun, təmiz olsun, andına sadiq qalsın, öləndə də günah içində, vicdan əzabı çəkə-çəkə ölməsin, sənin hüzuruna da günahkar kimi yox, alnıaçıq, üzüağ gəlsin, niyə qoymursan, ilahi?» ...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, on altıncı fəsil

Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.

5 dəq
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 dəq
İkinci fəsil

Paşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.

30 dəq
Üçüncü fəsil

Həyəcanlıydı. Başa düşə bilmirdi ki, gördükləri, eşitdikləri yuxuda olmuşdu və ya… həqiqətən, bax, gözünün qabağındakı o yumşaq stulda cavan, yaraşıqlı, səliqəli geyinib-keçinmiş o adam əyləşib bayaqdan onu danışdırıb dağa-arana, keçmişə ⎯ ömrün ötən çağlarına aparıb təzədən bu günlərinə qaytarmış, köhnə, unudulmuş xatirələrini oyadıb bir möcüzəkar kimi yox olub getmişdi? Yuxuydumu bu? Yox. Axı Paşa yatmamışdı.Xəyalıydımı? Bəlkə də. Amma belə də xəyal olmaz axı? Bu suallar əlində çabalayan Paşa, qeyri-iradi irəli gəlib əlini stulun oturacağına sürtdü: yox, oturacaq soyuq idi, bumbuz idi; adam oturmuş olsaydı, isti olardı. Əl atıb bir-bir otaqların işıqlarını yandırdı, künc-bucağa kimdənsə ehtiyat edirmiş kimi xəlvəti göz gəzdirdi, mətbəxə keçdi, oranı da bomboş görüb küçəyə baxan pəncərənin qənşərindəki mizin arxasında əyləşərək alnını soyuq tərini sildi. «Hə, belə-belə işlər, Paşa bəy. Deməli, sən öz-özünə danışırmışsan, dəli kimi. Heç bir adaşın, filanın, gəncliyin-zadın gəlməmişmiş yanına. Sən sadəcə, dəli olursan, vəssalam. İki gündü giribsən evə, çay içməmisən, ağzına bir loxma yemək almamısan, üzü üstə düşüb yatmısan, sayaqlamısan və bu iki gündə heç kəs sənin öldündən-qaldından xəbər tutmayıb. Kim tutmalıydı, kimin vardı? Bircə qızındı, o da burda yoxdu. Olsaydı da, gəlməzdi. O da mənim kimi, dəlinin biridi: küsdü, incidi, qurtardı. Gör neçə ildi məni danışdırmır? Düzdü, gəlir-gedir, mənim pal-paltarımı yuyur, xörəyimi bişirir. Ancaq bütün bunları mən evdə olmayanda eləyir. Və bu, elə bir dərddi ki, heç kəsin yanında açıb bükə bilmirəm. Bəs dostların, tələbələrin? Onlar hanı bəs? Bəlkə onlar mənim başıma gələn bu müsibətdən xəbərsizdilər? Yox, canım. Nə danışırsan? Yəqin indi bütün şəhər bu barədə danışır. Bəlkə də bir çoxları var ki, indi bayram eləyir, deyib-gülür, sevinir. Ey gidi dünya. Deməli, mən tək imişəm, yalqız imişəm. Dayan, dayan, bəs bu mənim qapıbir qonşum, həmişə böyür-başımda sülənən, «Sən mənim arxamsan, dayağımsan, mən sənin çörəyini yeyirəm, ölüncə qabağında qul kimi borcluyam, Paşa müəllim» ⎯ deyən Qulubəy hardadı? O da bilmir? Yox, o bilməlidi ⎯ kim də bilməsə, o bilməlidi, çünki o, nəinki bu şəhərin, hətta respublikanın, İttifaqın və bəlkə də bütün dünyanın qeyri-rəsmi, necə deyərlər, könüllü informasiya mərkəzi və informatorudu: kim hara getdi, kim kimin adamıdı, kimi hardan çıxardıb hara qoyacaqlar, kim kimi saxlayır, kimin oğlu kimin qızını alır və niyə alır ⎯ bütün bunları südəzbər bilən və ömründə hər şeyindən çox yalnız bununla öyünən Qulubəy heç ola bilməz ki, bu boyda hadisəni eşitməsin və Paşanın yanına qaçmasın?»

46 dəq

Başqa şairlərin şeirləri