Hava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.

Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.

Ziyaülhəqq şəhərdən çıxıb aşırımı aşandan sonra sürəti azaltmışdı. Daha külək içəri dolub deyilən sözü adamın ağzından qapıb aparmırdı.

Bəbir arxa oturacaqda, Şəfinin sol tərəfində əyləşmiş, sağ qolunu onun çiyninə qoymuşdu, aram, sakit bir səslə danışırdı:

– ...Məzari-Şərifdə, Qəndəharda, Heratda və Qəznidə, aldığım son məlumata görə, vəziyyətimiz o qədər də pis deyil. Firqənin yerli hövzələrində olan yoldaşlar fəal işləyir, yeri gəldikcə, etibarlı, sınanmış adamları öz cərgələrinə cəlb edir, məqsəd və məramımızı səbirlə onlara başa salırlar. Sənin «Pərçəm»in çox yaxşı oxunur. Amma yoldaşlar çox haqlı olaraq tirajın azlığından şikayət eləyirlər,

– bir ruznamə beş-altı adama! Doğrudan çox azdır. Ümumiyyətlə, mənə elə gəlir ki, təkcə bir ruznamə ilə iş aşmayacaq. Ondan başqa bizə sadə dildə yazılmış siyasi kitablar, kitabçalar hökmən lazımdır. Ruznamədə yazdıqlarımız azdır, təbii ki, kifayət deyil. Biz gərək bu məsələni təxirə salmadan həll eləyək, çünki ruznamədə biz hər şeyi deyə bilmirik, deyən kimi, görürsən nə həngamələr çıxır ortalığa.

– Mən səninlə tamamilə şərikəm, Bəbir can. Ruznamənin tirajını nəyin bahasına olursa olsun çoxaltmalıyıq. Bu öz yerində. Qaldı ki, siyasi ədəbiyyat məsələsi, məncə, hələlik sənin yazılarını, çıxışlarını, lap elə məclisdəki son nitqini də ayrıca kitabça şəklində çap eləyib yaymaq lazımdır. Onları bir dəfə ruznamə səhifəsində oxumaq az şey verər camaata. Kitab ruznamədən çox yayılır, çox yaşayır.. Bunu lap tez eləmək olar, mətbəədə işləyənlərimiz yaxşı uşaqlardı, gecəni gündüzə qatıb buraxa bilərlər. Ancaq tək bununla iş aşmaz. Sən də, Ziyaülhəqq də rus dilini gözəl bilirsiniz, məncə rus dilindən Leninin bir sıra əsərlərini — məsələn, «Dövlət və inqilab»ı və s.-ni dilimizə çevirə bilərsiniz, mükəmməl də olmasa, bizim şəraitimizə münasib yerlərini hələlik bizim adamlarımızın ixtiyarına vermək çox faydalı olar!

– Doğrudur. Mən «Nə etməli»dən müəyyən fəsilləri mütaliə etmişəm və sizə tanış olan «Nə etmək lazımdır?» məqaləmi də elə onun təsiri altında yazmışdım. Lenin zəkası dəryadır, o dəryanın zərrələrini xalqımıza çatdıra bilsək, böyük inqilabi iş görümüş olarıq.

– Bəli, ancaq bəla burasındadır ki, xalq savadsızdır, oxuyanımız, başa düşənimiz azdır! — deyə Ziyaülhəqq qeyd elədi.

Bəbir davam etdi:

– Biz hələlik o azlığa söykənməliyik, Ziya! Bir savadlını başa sala bilsək, onun beynini nurlandıra bilsək, o, ətrafına işıq saçacaq, başına adamlar toplanacaq, pərvanə işığa gələn kimi!

– Ustad düz buyurur, hələlik sizin məqalələrinizi ayrı-ayrı risalələr halında çap edib yaymaq gərəkdir. Xüsusilə on çıxışınız, Bəbir can, üstündən neçə ay keçməsinə baxmayaraq hələ də dillərdə dastandır. Siz təsəvvür edirsinizmi, bizim ən kasıb əfqanımızın nəyi də olmasa, bir radioqəbuledicisi var. Siz nitq irad eləyən gün mən maşınla şəhəri gəzirdim. Hər tində, hər küçədə, bazarda, dükanlarda camaat toplaşıb sizə qulaq asırdı. Sevincdən parlayan o gözləri gərək siz özünüz görəydiniz — xalq yalan eşitməkdən bezib, həqiqət eşidəndə, öz dərdini eşidəndə, adamlar uşaq kimi necə sevinirdilər, axı siz deyən o sözləri heç kəsdən eşitməyiblər!

—Amma gərək siz də, — Bəbir qəmli-qəmli gülümsündü — siz də o məclisdə olaydınız, görəydiniz ki, cənab nəxost-vəzir üz-gözünü turş alça yemiş adam kimi necə turşutmuşdu, əlacı olsaydı, məni elə ordaca güllələrdi. Həm də tək o yox, onun qulbeçələri də. Tənəffüsdə mənə dedilər ki, əlahəzrət özü də mənə diqqətlə qulaq asırmış. Əvvəl, mən başlamamışdan qabaq, əmisi ilə — marşal Şah Vəlixanla söhbət edirmiş, mən başlayan kimi əlini çənəsinə qoyub axıracan qulaq asıb, sonra isə Şah Vəlixanın qulağına nə isə pıçıldayıb — ikisi də gülüb.

– Eybi yox, Bəbir can —deyə Şəfi Bəbirin səsindəki kədəri duyub dilləndi. — Qələbə — son gülənindir!

– Ziya sən qərargahla əlaqəni dərinləşdirə bilibsən, ya yox?

– deyə Bəbir qolunu ustadın çiynindən çəkib irəli əyildi.

günlərdə gətirəcəkdir — söz verib. Ancaq komandan Əbdülrəzzaq xandan gərək vaz keçək.

– Niyə?. — Şəfi soruşdu.

– Ona görə ki, o, əlahəzrətin ən yaxın adamıdır. Kiçik bir şey hiss eləsə, hesab edin ki, əlahəzrətə belə deməmiş, özü Əbdülqadir xanı otağındaca güllələyəcək. Ona görə tapşırmışam ki, son dərəcə ehtiyatlı olsun.

– Bəli, düz eləmisən. Hərbi hava qüvvələri əlahəzrətin möhkəm düyünlənmiş sağ yumruğudur ki, istədiyi vaxt havaya qaldırıb bizim başımıza od ələyə bilər. O yumruğu — o qüvvəni onun əlindən almaq bizim üçün çox vacibdir. Bu general Əbdülrəzzaq xanı mən nə qədər çalışıram, təsəvvürümə gətirə bilmirəm. — Necə adamdır?

– General Əbdülrəzzaq xan ortaboylu, kök, iriqarınlı, qara bir kişidir. Yaxşı ingiliscə bilir, azca rusca da başa düşür. Çox zəhmli kişidir, bütün zabitlər ondan tük salır. Əsli deyəsən Heratdandır.

– Bəs müavini kimdir?

– Müavini general Asəf xandır. Məhəmməd Asəf xan. O, mülayim, gülərüz bir kişidir. Əbdülrəzzaq xandan yaşlıdır. Sadəlövh və təmizürəkli bir adamdır, daha Əbdülrəzzaq xan kimi tündməcaz, qanunpərəst, qəddar deyil.

– Əbdülqədir xan cavandır?

– Elə mən yaşda olar!

– O da təyyarəçidir?

– Yox. O, radar mütəxəssisidir — Şurəvidə bu sənəti öyrənib. Təyyarələri kəşf eləyən mürəkkəb texnikanın dilini, yalan olmasın ana dilindən yaxşı bilir. Əvvəl qüvvəyi-radarda, Qəznidə işləyirdi, sonra Kabilə gətirdilər — general Əbdül Əziz xanın yanında işlədi bir müddət. Sonra da Baş qərargaha apardılar. Bir eybi var ki, çox cılızdır, arıqdır. Deyəsən, mədə xəstəliyi var.

– Onu başa sal, özünə fikir versin. Mənim adımdan tapşır. Bəlkə, bir köməyə ehtiyacı var, onu da öyrən. Elə adamları biz qorumalı və qədrini bilməliyik, Ziya! Elə deyilmi, ustad?

– Əlbəttə, əlbəttə!

– Baş üstə, deyərəm! — deyə Ziyaülhəqq Bəbirin tapşırığını yerinə yetirəcəyini bildirdi. — Özü də ədəbiyyatı — şeri yaman sevir Əbdülqədir xan! Ustadın şerlərinin çoxunu əzbər bilir. Elməddinin son hekayəsi ona o qədər ləzzət eləyib ki, hər dəfə görüşəndə onu soruşur.

Elməddinin adı ortalığa gələndə Bəbir də, Şəfi də, qeyri-ixtiyari ah çəkdi. Bəbir siqareti yandırdı, tüstünü sümürdü, havaya buraxıb:

– Ondan bir təzə xəbər yoxdur ki? — deyə soruşdu.

– Yox. Ciddi rejimdə saxlayırlar. Evdən gedən məktubları vermirlər, ondan da məktub gəlmir. Yanına altı ayı tamam olanda bircə dəfə arvadını, qaynatasını buraxıblar. Onu da çox böyük çətinliklə, ali məhkəmədə işləyən bir tanışımın xahişilə ala bildik.

– Ona heç cür kömək eləyə bilmədik, — dedi Bəbir. — Gücümüz çatmadı. Barı ailəsindən xəbəriniz varmı?

– Var. Yaxşıdı ailəsi. Elməddinin bir qızı dünyaya gəlib, heç özünün xəbəri yoxdur. Bizim Məleykə tez-tez baş çəkir.

– O, nə yaxşı, nə yaxşı. Demək Elməddin ata olub!

– Bəli. Vaxtına az qalıb, bir aydan azca artıq qalıb, deyəsən. Gələr, inşallah.

– Təki sağ-salamat qayıtsın, — dedi Ziyaülhəqq...

Maşın sağında-solunda yaşıl ağaclar olan yolla irəliləyirdi. Kəndin içindən keçirdilər. Gecənin qaranlığında adda-budda evlərdən işıq gəlir, it hürürdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, dördüncü fəsil

Oğlu ilə barışandan sonra sanki qıvraqlaşıb cavanlaşmış Əziz xan «Pərçəm» qəzetinin darmadağın edildiyi, Rəhgüzərin, Elməddinin həbs olunduğu o ağır günlərdə, həftələrdə, aylarda Bəbirin necə sarsıldığını, canını qoymağa yer tapmadığını, gecəli-gündüzlü ora-bura qaçdığını, yeməyini-içməyini, hətta şirin yuxusunu belə özünə haram etdiyini görüb bir ata kimi çox nigaran olmuşdu. Əvvəllər guşənişin olub oturan, keçmiş illərin xatirələrini qələmə almaqla, günlərini keçirən və bazneşəstə olandan sonra həyatında yaranmış boşluğu bununla doldurmağa çalışan qoca general, son aylarda özü də hiss etmədən məmləkətin siyasi hadisələrinə maraq göstərməyə, şəhərdə çıxan və bir-biri ilə ideya mübarizəsi aparan qəzetləri mütaliə etməyə, asudə vaxtlarında Bəbirlə bnr çox siyasiitcimai məsələlər barəsində fikir mübadiləsi eləməyə başlamışdı. Bu söhbətlərdə məmləkətin ümumi iqtisadi-ictimai həyatının bir çox dumanlı, pərdəli məsələləri qoca generala aydın olmuş və mövcud quruluşu saxlayan möhkəm zəncirin hansı həlqələrinin sürtülüb incəldiyini, qırılmaq üzrə olduğunu anlamışdı. Qoca general bunu da başa düşmüşdü ki, onun gözünün ağı-qarası olan tək balası necə də həssas bir təbib məharəti ilə bu xəstə bədənin dərdini düzgün müəyyən edir, onun kəsilib atılması üçün heç nəyini əsirgəmirdi. Şəhərdə nəşr olunan qəzetləri hər gün böyük diqqətlə oxuyan Əziz xan görürdü ki, «Pərçəm» məsələlərə tam başqa nəzərlə—ayıq və kəskin bir mövqedən yanaşır və camaatı düşündürən nöqtələri işıqlandırmağa çalışır. Məhz buna görə idi ki, «Pərçəm»in tərəfdarları getdikcə artırdı və məhz buna görə idi ki, hökumət, baş nazirin göstərişi ilə, ilk növbədə «Pərçəm»i yaxalamış, onun baş mühərriri Məhəmməd Şəfi Rəhgüzəri və rəssamı Elməddini həbs etmiş, neçə ay davam edən sorğu-sualdan sonra, xalqın tüğyana gəlmiş qəzəbindən çəkinərək, nəhayət, azad eləmişdi. Əziz xan oğlu Bəbirin gücünü, nüfuzunu və onun başçılıq etdiyi təşkilatın qüdrətini ancaq bu zaman layiqincə anlayıb qiymətləndirmişdi. Şəfi və Elməddin həbs olunan günlərdə, Bəbir qolu-qanadı sınmış qartala dönmüşdü elə bil. Fikirli gəzib-dolanmış, üzü gülməmişdi. Rahatlıq nə olduğunu unutmuşdu. Çox vaxt gecələr də evə dönməmiş, vaxtını iclasda, gizli yığıncaqlarda keçirmiş, dara düşmüş yoldaşlarını xilas etmək üçün, azadlıqda qalan həmkarları ilə birlikdə əlindən gələni əsirgəməmişdi. Bu fədakarlıqlarını görəndə Əziz xan həm sevinmişdi, həm də nədənsə qəlbinin dərinliklərində bir gizli qorxu hiss eləmişdi. Ona görə sevinmişdi ki, Bəbirdə öz xasiyyətlərini, ürəyinin bir parçasını görmüşdü — dost, yoldaşcanlı idi Bəbir də onun kimi. Dostunu, yoldaşını darda qoymurdu, onların dadına çatmaq üçün canından belə keçməyə hazır idi. Əziz xanın fikrincə, bu, indiki zamanda böyük kişilik idi, mərdanəlik idi və həmin sifətə malik adamlar hər cür şərəfə, təhsinə layiq idi. Ona görə qorxurdu ki, yuxarıdan üzüaşağıkükrəyib gələn bu siyasi tufan Məhəmməd Şəfi Rəhgüzər kimi şöhrətli, adı-sanı dillərdə gəzən bir şairi qabağına qatıb həbsxana güncünə ata bilmişdisə, Bəbir kimi cavan və hələ sən deyən bərkiyib bişməmiş bir adamı da öz qoynuna alıb daşa-qayaya çırparaq məhv edə bilər: burada zirək olmaq, çeviklik lazımdır ki, ələ keçməyəsən və dostlarını xilas eləmək üçün çarpışa biləsən. Bu qorxu son vaxtlar Əziz xanın qəlbində lap güclənmiş, kişinin rahatlığını pozmuşdu. Oğlu ilə görüşəndə, dərdləşməyə imkan tapanda qoca general tez-tez bu sözləri təkrar etməyi unutmurdu:

8 dəq
Birinci hissə, beşinci fəsil

Üzdə özünü tox tutsa da, sındırmasa da, içəridə, dərində bu hadisə Elməddini çox silkələmişdi. İyirmi beş illik ömründə az sarsıntılar keçirməmişdi, qəlbinə az zərbələr dəyməmişdi, hərəsi də bir cür göynətmişdi. İlk eşqi daşa dəyib parçalanmışdı — bu, həyatında daddığı ilk acı, göz yaşardan ağrı idi. Deyirdin daha yaşamağına dəyməz. Amma ağrılı canını dişinə tutub yaşamışdı. Sonra Yusif ölmüşdü — qardaş itkisi də onu yaman yandırmışdı. Sonra, Əfsanəsini itirmişdi — o vaxtdan özü də evdən-eşikdən didərgin düşmüş, tale onu bu böyük şəhərə gətirib çıxartmışdı. Daha sonra anası ölmüşdü — o, anasının ölümünü, dəfnini. görməmişdi deyə bu dərdə nisbətən asan dözmüşdü, daha doğrusu hardasa ürəyinin dərinliklərində bu ölümə inanmaq istəmirdi, tutqun bir ümid yaşayırdı varlığında — hərdən özü də bilirdi, dərk edirdi ki, özünü aldadır, anasının ölməyi həqiqətdir.İndiyə qədər görüb-yaşadığı əzabları unutmağa çalışdığı, nisbətən rahat yaşamağa başladığı vaxtda Zərrintac xanım da ona — çəkdikləri az imiş kimi — belə bir zərbə vurmuşdu, dostlarının və tanıyıb-bilənlərin yanında da onu yamanca pərt eləmişdi. «Zərrintac xanım—ağayi Nəcməddinin qızı Zərrintac xanım atası rəhmətə gedən kimi əri Elməddini evdən qovmuşdur!» — xəbəri ildırım sürəti ilə dostlar arasında yayıldı, istəyənləri məyus, istəməyənləri şad elədi. Elməddin döyülmüş, təhqir olunmuş kimi gəzib-dolanırdı. Şəfi, Məleykə, Ziyaülhəqq, Ətiqulla, Əhədulla ona təsəlli verirdilər, bu isə onu daha da sıxıb balacalaşdırırdı. Məleykə xanım zarafata salıb aradakı gərginliyi dağıtmaq, Elməddini yumşaltmaq istəyirdi. Söhbət ciddiləşdikdə isə, Şəfi də Elməddinin tərəfinə keçmişdi:

16 dəq
Birinci hissə, altıncı fəsil

Əhədulla son günlər Elməddinin gözünə fikirli dəyirdi. Kişinin elə bil, rəngi də qaralmışdı, beli də donqarlaşmışdı. Demək olar ki, «salamdan», «əleyküssalamdan» başqa sözünü eşitmirdi. Elməddin özü də pərişan olduğundan, başı öz dərdinə qarışdığından onun əhvalının niyə belə pozulduğunu ətraflı soruşa bilməmişdi. Hərdən ona elə gəlirdi ki, Əhədulla amirinin o təmtəraqlı, firavan həyatının belə asanlıqla və kökündən dağıldığını anlayıb xiffət eləyir, təəssüflənir. Əhvalatı lap elə ilk günlər Əhədullaya qızı danışmışdı. Zərrintac xanımın evə ac-susuz, ancaq kefikök gəlmiş Elməddinin üzünə qapını necə rəhmsizcəsinə açmamasını, onu o şaxtalı-ayazlı havada «çöldə qoymasını» qız, böyük bir müsibət üz vermiş kimi, az qala ağlaya-ağlaya atasına söyləyəndə kişi əvvəlcə qulaqlarına inanmamışdı, Siminbərə «özündən şey toqquşdurma, qız» — deyib üstünə çımxırmaq da istəmişdi. Lakin Siminbər balaca, ailədə indi hamının müqəddəs and yeri olan Vətənyarın canına and içəndə o, Zərrintaca qarşı ürəyində qəribə bir qəzəb duymuşdu. O gözəl, cavan, ipək paltarlar içində itib-batan, brilyant, qızıl-gümüş içində bərq vurub parıldayan Zərrintac xanımın nə qədər rəzil, alçaq nifrətə layiq adam olduğunu ürəyində etiraf eləmişdi. Onun aləmində, Elməddin kimi mələk xislətli təmiz, mehriban bir adamın ürəyinə dəymək, könlünü sındırmaq dunyada ən ağır cinayət idi, günah idi. «Bunu Allah sənə heç vaxt, yüz il dərgahında qolubağlı, dizin-dizin sürünə-sürünə ibadət eləsən də bağışlamaz!» — deyə düşünmüşdü. Həqiqətən bu pis xəbərlər Əhədullanın kefinə soğan doğramışdı, qanını möhkəm qaraltmışdı, Ancaq kişi baxıb görmüşdü ki, Siminbər ondan da yaman hala düşüb. «Mən burda daha qalmaq istəmirəm, qibləgahım, — deyib dururdu. — Apar məni evimizə, apar, qibləgahım!» —deyib yalvarırdı.– Yox, hələ qal, qızım! Qayıdıb gələrsən, bundan sarı xiffət eləmə. Ər-arvaddırlar, savaşıblar, yəqin barışarlar da. Yaxşı deyil, hər necə olsa, ağamız Nəcməddinin qızıdı,— deyirdi Əhədulla ona.

7 dəq
Birinci hissə, yeddinci fəsil

Məhəmməd Şəfi Rəhgüzar Elməddinin Zərrintacdan ayrıldıqdan sonra, onlarda yaşadığı günlərdə oğlanın sarsıldığını, ümidsizləşdiyini görüb onu təzədən, kim bilir neçənci dəfə danlamış, təsəlli vermişdi. Əhədulla isə Siminbər haqda söhbət etdiyi gün axşam Şəfi yenə Elməddini danlamışdı:– Darıxma, qardaş, Bu, həyatdır. Onun tərəqqisi də var, tənəzzülü də. Bəzən o, sənin başına gül-çiçək çələngi qoyur, bəzən ayaqlar altına salıb tapdalayır, qədir-qiymətsiz edir. İnsan gərək dözümlü olsun, iradəli olsun, nazik çubuq kimi tez .sınmasın. Amma görürəm ki, sən belə hallarda tez pərt olursan, darıxırsan; eybi yoxdur, hələ cavansan, nə görübsən ki, sən həyatda?... ...

6 dəq

Başqa şairlərin şeirləri