Birinci hissə, onuncu fəsil
Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:
– Daha niyə ağlayırsan, ay dəli?
Nəcməddin Dünyanın ipək tellərini qoxulaya-qoxulaya, pıçıltıyabənzər bir səslə:
– Doğrudan mən dəli olmuşam, Dünyam mənim! —deyə cavab verirdi. — Sənin eşqin, sənin gözəlliyin məni divanə eləyib, gülüm. Ancaq məni qınama, sən allah, ürəyində mənə gülmə, Dünyam. Mən yer üzünün bəlkə ən bəxtəvər kişisiyəm indi. -Elə bilirəm, dünyanı mən yaratmışam, kainatda hər şey, hər şey, hətta bax o göylərdəki ulduzlar da mənimdi. Mən ömrümdə özümü belə qadir, belə əzəmətli, belə xoşbəxt hiss eləməmişəm, inan buna! Bu gücü mənə sən veribsən, sənin kəncliyin, gözəlliyin, məhəbbətin verib, mənim gözəl Dünyam. Bunun üçün tanrıma, sənə minnətdaram, elə minnətdaram ki, söz tapıb deyə bilmirəm. Əgər ən qüdrətli şair olsaydım, belə, çox güman ki, ürəyimdəkilərin, sənə bəslədiyim məhəbbətin onda, yüzdə birini də bəyan eləyə bilməzdim.
Dünya xanım Nəcməddinin bu sözlərindən məst olmuş halda xoşbəxtlik içində söyləyirdi:
– Çox sağ ol, əzizim. Sən də məni bəxtiyar eləmisən, səni heç kəsə, hətta ölümə belə verməyəcəyəm. Özüm isə ölüncə qulunam, ölüncə səninəm, ay mənim allahım.
Onların arasında tez-tez, bu və ya digər şəkildə, belə söhbətlər olurdu. Hər ikisi ürəyi gözəl hisslər, duyğularla dolu halda bir-birini əzizləyir, xoş sözlər deyir, şad-xürrəm yaşayırdılar. Yaşayırdılar və günlər, həftələr keçdikcə bu qəribə eşq nəinki azalırdı, əksinə, üstünə yağ tökülmüş od kimi daha da çox alovlanır, şölələnir, hər ikisini xoş bir gizilti ilə yandırırdı.
Bütün bunları, əlbəttə, evin içində Zərrintac eşitmirdi, ancaq yetkin, ərgən bir qız kimi duyur, anlayırdı. Və sevinirdi ki, nəhayət, atası — vaxtını əvvəllər orda-burda keçirən, ev-eşiyə sığışmayan Nəcməddin indi, necə deyərlər, ev toyuğu olmuşdu, mehriban olmuşdu, az hirslənirdi, qanqaralığın daşını atmışdı; kişini bu Dünya xanım elə bil, təpədən-dırnağa dəyişmişdi, cavanlaşdırmışdı, Zərrintac aradabir qısqansa da, əsasən Dünyaya bağlanmışdı, atasını çox istədiyinə görə, o da Dünyanı sevməyə başlamışdı, Dünya ilə mehriban dolanır, bir çox şeylərdə məsləhətləşir, dərdini-sərini bölüşdürürdü. Dünya isə Zərrintacın qulluğunda uşaq kimi, qulluqçu kimi dayanır, yeməyinə-içməyinə, təmizliyinə fikir verir, bir xoş söz eşidəndə ona xoş söz deyirdi. Hərdən, kişi evdə olmayanda, Dünya rəqqasə kimi, paltarındakı pulları cınqıldada-cınqıldada, ayağındakı xal-xalı səsləndirəsəsləndirə qaval çalıb qabağında oynayar, «hurilər dərəsi»nin ürəyəyatan mahnılarından oxuyar, cürbəcür gülməli söhbətlər danışar, qızı elə əyləndirərdi ki, konsertdən, teatrdan çıxan adam kimi qızın əsəbləri dincələr, yüngülləşərdi. Dünya sanki sinədəftər idi, o qədər söz, nəğmə bilirdi ki, qurtaran deyildi. Dünyanın sanki sümüyü yox idi, elə incə, zərif hərəkətlərlə əyilib-düzəlirdi ki, baxanda göz dincəlirdi. Dünyanın gözəlliyi, kəncliyi Nəcməddinin həyata da, evinə də, qızının ömrünə də bir təzəlik, bir təravət gətirmişdi və adama elə gəlirdi ki, bu növrağı, bu səadəti, bu xoşbəxtliyi heç vaxt, heç kəs pozmağa qadir deyil.
...Dünya xanım Zərrintacı həyətdəki hamamda çimizdirmişdi, qızın yanaqları pörtüb qızarmış, daha da qəşəngləşmişdi. Əyninə bu üzündən baxanda o üzü görünən mavi rəngli gecə köynəyi geymişdi, o mavi ipəyin arxasında qızın bədəninin ağ dərisi, sinəsi apaydın görünürdü. Saçları hələ qurumamışdı. Dünya qızın böyründə, çarpayısı üstündə oturub tiftikli dəsmalla yumşaq tellərini qurulayır, üzündə, yanaqlarında əmələ gələn tər damcılarını silirdi. Zərrintac isə bu qayğıkeşliyi, mehribanlığı görüb xəyala dalmışdı, gözləri yol çəkirdi. Anası yadına düşmüşdü. Ana, Zərrintac uşaq olanda, elə lap böyük vaxtında da, ölməmişdən azca qabağacan qızını beləcə yuyundurar, əlləri üstə evə gətirər, əzizləyə-əzizləyə, nəğmə oxuya-oxuya qurulayıb geyindirərdi, sonra bir stəkan şərbət verərdi. İndi Dünya da onu bax beləcə, anası kimi nəvazişlərə qərq etmişdi, hətta qabağına şərbət də qoymuşdu. Ancaq Zərrintacın gözü yol çəkirdi, şərbəti görmürdü.
– Niyə fikrə getmisən, ay Zəri? — deyə Dünya onun saçlarını daraya-daraya çönüb baxdı. — Şərbəti niyə içmirsən, qadası?
Zərrintac elə bil yuxudan ayıldı, Dünyanın sifətinə dalğın bir nəzər salıb gülümsündü:
– Heç, — dedi. — Elə-belə...
Dünya yerindən qalxdı, dəcəl uşaqlara məxsus çevik bir hərəkətlə fırlanıb Zərrintacın qabağında dayandı və gülə-gülə:
– Yoxsa şairin yadına düşüb, Zəri? — dedi və cavab gözləməmiş davam etdi: — Hə, vallah, elədi. İstər kişi olsun, istər qadın hamamlanıb yüngülləşəndə, nə sirri-xudadırsa, ürəyinin ən əziz adamını — sevdiyini yadına salır, onun yanında olmasını arzulayır. İndi sən də, gül kimi cavansan, dərilməmiş qönçəsən, toxunulmamış nərgizsən, Zəri, özü də tərtəmiz yuyunub ətirlənmisən; vallah, billah, qadınlığımla mənim sənə tamahım düşür. Onda qalmış ola şair. Şair,— adı nə idi onun, hə, Elməddin — o şerləri sənə yazır, ay bəxtəvər. Ürəyinin ən incə, zərif hisslərini sənə bağışlayır, gül kimi, çiçək kimi sənin başına səpir, Zəri. Çox xoşbəxtsən ki, səni şair sevir, Zəri. Mən eşitmişəm, sənin qibləgahın danışıb mənə, bu şairlərin məhəbbəti qəribə olur, vallah. Deyir, onlar yaman sevirlər, elə sevirlər ki, o məhəbbət axırda sevdiyini də, özünü də yandırıb külə döndərir.
Bayaqdan ilk dəfə ağız açıb dinən Zərrintac, yumşaq əlini sol döşünün giləsində gəzdirib söylədi:
– Bütün şairlər elə olmur, Dünya. Çox şair var ki, hərcayı olur, gündə birinə eşq elan eləyir, buna bir şer, ona beş şer yazır, bəzən deyirlər, belə də eləyirlər ki, bir qıza yazdığını, ondan üzülüşəndən sonra, başqasına: «Bunu bu gecə sənə yazmışam» — deyir, aldadır. Ağlım belə kəsir ki, şairlərin içində əsl sədaqətlisi az olur, Dünya!
Dünya adam boyu ucalığında olan bədənnüma güzgünün qənşərinə gəldi, istər-istəməz öz camalına, gözlərinə baxdı, birçəyini burub ətir şüşəsini götürdü və yaxınlaşıb Zərrintacın saçlarını, qulaqlarının dibini, sinəsini, döşlərinin arasını ətirlədi; otağı xoş, bihuşedici bir qoxu bürüdü:
– Oxqay, nə gözəldi!—deyib gözlərini yumdu. Çarpayının üstündə uzanmış Zərrintac altdan-yuxarı Dünyanın məst olduğunu görüb: «Çox atəşli və həssas qadındı» — deyə ürəyindən keçirib dilləndi:
– Özün də vur!
Dünya ətrin ani olaraq apardığı o xoş, gözəl aləmdən səsə qayıtdı:
– Yoox, — dedi, — sağ ol. Mən də çimərəm, sonra...
– Sən də çiməcəksən?
– Hə. Mən çiməndə qibləgahının yaman xoşuna gəlir.
– Qibləgahımı çox istəyirsən, Dünya?
Dünya ani duruxdu və sonra bic-bic gülümsündü:
– Bəli, xanım. Onu çox istəyirəm. Ancaq, düzü, o məni daha çox istəyir, Zəri. Kişi elə bil on səkkiz yaşında oğlandı. — Sonra nə isə fikirləşdi, belə getsə çox şeyi açıb deyəcəyini hiss edib özünə xas bir ustalıqla sözünün axırını çöndərdi: — Ərə get, Zəri, ər yaxşı şeydi. Adama həyan olmağından başqa, bir də bilirsən ki, yaşayırsan... İnsan kimi yaşayırsan, dünyanın hər dərdi-sərini unudursan, xoşbəxt olursan. Duyursan ki, kimə isə lazımsan. Ona görə deyirəm ki, get ərə, Zəri.
Zərrintac üçün onun danışıqları şirin idi, birinci dəfə idi ki, beləcə, ərli bir qadınla üzbəüz oturub söhbət etdiyindən hələ dünən həyatda çox şeyləri bilmədiyini, tutqun, dumanlı şəkildə təsəvvür etdiyini anlayırdı və çox istəyirdi ki, Dünya yenə danışsın, onunla lap açıq danışsın, ancaq görünür, Dünya daha usta idi və hər şeyi birdən-birə açıb demək istəmirdi. Bunu hiss etdiyi üçündü ki, Zərrintac onun verdiyi suala sualla cavab verdi:
– Kimə gedim, Dünya?
Dünya yanını çarpayının qırağına qoydu, Zərrintacın mavi gecə köynəyinin altından sivrilib çıxmış qəşəng, dolu və yaraşıqlı ayağını sığallaya-sığallaya dedi:
– Kimə? Odey, Elməddinə! Cavandı, qəşəngdi. Üstəlik şairdi. Ondan yaxşısına gedəcəksən?
– Ondan yaxşıları da istəyir məni, Dünya. Hətta əlahəzrətin oğluna da istəyir versin qibləgahım məni.
– Qibləgahın deyir ki, əlahəzrətin oğlu çirkindir. Ondan keç. O biriləri deyəsən o da tanımır, Zərrintac ahəstə səslə:
– O biriləri, gözəl olsalar da, xoşuma gəlmirlər, Dünya. Nəsə ürəyimə yatmırlar. Onları görəndə elə bil nökərimiz Əbdülü görürəm. Məndə heç bir hiss oyanmır...—dedi.
Dünya söhbətin incə yerə gəldiyini anlayıb məqamında sual verdi:
– Bəs Elməddin necə?
– Onu görəndə... — susdu, çox incə bir ah çəkdi və bunu Dünya da tutdu, — onu görəndə... nədənsə sevinirəm, Səbəbini özüm də bilmirəm, ancaq sevinirəm. Kec gələndə darıxıram.
– Bax, onu sevirsən, Zəri. Bəlkə də bu hələ sevgi deyil, ancaq bu, böyük məhəbbət ola bilər... - Dünya bu sözləri deyərkən səsindəki bayaqkı qətiyyət azaldı, əli süstəlib Zərrintacın ayağının üstündən sürüşüb düşdü. Baxırdı qıza, ancaq fikrində ayrı şey canlanırdı:
Dünyanın həssas təsəvvüründə Elməddinlə Zərrintac qoşalaşmışdı, qaynayıb-qarışmışdı, göz-gözə, nəfəs-nəfəsə toxunmuşdu. Dumanlanmış baxışları qarşısında cilvələnən bu qoşa cavanın xəyalı çəkilib getmirdi ki, getmirdi. Elə bil Elməddin onun idi, bax, indicə bu taxtın üstə uzanıb xumarlanan qız onu əlindən aldı: Ürəyində gizli bir ağrı duydu və elə məhz o anda anladı ki, Elməddin ilk baxışdan xoşuna gəlibmiş və bu hissi dərhal içində boğmağa çalışdı: «Onun mənə nə dəxli var? Nəcməddin bilsə başımı tərsə kəsər!» — deyə düşündü, qəlbindəki küt ağrılı hissi özündən kənar eləməyə müvəffəq olduqdan sonra:
– Bir-birinizə əcəb yaraşırsınız, Zəri!—dedi—Allah eləsin qovuşasınız, xoşbəxt olasınız. Bunu nə qədər tez eləsəniz, o qədər yaxşıdı, Zəri.
– Niyə ki? Nə qaçhaqaçdı? Dünya güldü:
– Qaçhaqaç deyil, bacım. Amma ömür gedir, hər keçən gün bizi bir az da qocaldır, ölümə yaxınlaşdırır. Heç kəs də bilmir ki, nə vaxt öləcək. Sizdən, bizdən uzaq, Bunu elə-belə deyirəm ey. Ona görə həyatda hər anın qədrini bilmək, yaşamaq, sevmək, sevilmək, əzizlənmək gərəkdi, Zəri.
Zərrintac dikəlib dirsəkləndi:
– Yaman çoxbilmişsən ha, Dünya!
– Mən «hurilər dərəsi»nin qızıyam, Zəri. Mən gözəl təbiətin qoynunda, gözəl-köyçək qızların, qəşəng, su sonası kimi gəlinlərin arasında böyümüşəm. Taleyin qismətindən ağılla faydalanmağı bacarmaq gərəkdi, Zəri.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-birinci-hisse-onuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Üçüncü hissə, on altıncı fəsilVəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.
Birinci fəsil«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.
İkinci fəsilPaşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.