Mən sizi ürəyimin başında gəzdirmişəm,Mən sizə ürəyimin atəşini vermişəm.Ömrümün mənasını sizdə, sizdə görmüşəm,Ay mənim gah ağlayan, gah gülən nəğmələrim.

Siz mənim qanadlarım olmusunuz hər yerdə,Sizə uğurlar dedim bir uğurlu səhərdə.Yaşarsınız nə qədər doğma xatirələrdə,Ay mənim gah ağlayan, gah gülən nəğmələrim.

Bir körpənin gülüşü bal dadıbdır sizinçün,Bəzən təşnə insana su oldunuz bir içim.Yanmısınız bir həsrət anaya için-için,Ay mənim gah ağlayan, gah gülən nəğmələrim.

Dağlar qızıl lalədən bir qızıl don biçəndə,Yaşıl cığırlar boyu el yaylağa köçəndə,Haldan-hala düşərsiz siz də bir an içində,Ay mənim gah ağlayan, gah gülən nəğmələrim.

Nağıllaşan çöllərdə dönərsiniz nağıla,Gəzib dildə, ağızda bənzərsiniz noğula.Qoymaram düzümünüz ayrı düşə, dağıla,Ay mənim gah ağlayan, gah gülən nəğmələrim.

Dünyanın sevincindən pay düşübdür sizə də,Hay verdiniz bir kövrək, bir inadlı sözə də,Dünyanın dərdlərindən düşdüz oda, közə də,Ay mənim gah ağlayan, gah gülən nəğmələrim.

Hər kiçik vurğunuzda havası var vətənin,Sizi başsız küləklər əyərmi, çətin, çətin.Tərcümanı oldunuz bir xalqın, bir millətin,Ay mənim gah ağlayan, gah gülən nəğmələrim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən