Bu yay görüşünə gələ bilmədim,Səninlə danışıb gülə bilmədim.Həsrətin ağırmış belə, bilmədim,Xəzər, ay Xəzər.

Həm şirin, həm duzlu, laylayımsan sən,Səsimsən, özümsən, harayımsan sən.Bir dəniz qəsrimsən, sarayımsan sən,Xəzər, ay Xəzər.

Uçar qağayılar, açar ağ yelkən,Gözəl görünürsən bu yelkəndə sən.Saçların ağarar elə bil dən-dən,Xəzər, ay Xəzər.

Səhərlər suların zərlə yuyunar,Axşamlar ulduzlar köksünə qonar.Ay keşikçin olar, sübhəcən yanar,Xəzər, ay Xəzər.

Yenə ürəyimdə gəlmisən dilə,Sanki danışıram indi səninlə.Ehey, bu nəğməmi bir anlıq dinlə,Xəzər, ay Xəzər.

Dinlə bu nəğməmi, sənindir nəğməm,Mən kiçik zərrənəm, sənsə bir aləm.Bu ülvi sevgidən doyan deyiləm,Xəzər, ay Xəzər.

Bu ani həsrətdir, ani ayrılıq,Səndən ayırarmı məni ayrılıq.Heç zaman, heç zaman biz ayrılmarıqXəzər, ay Xəzər.

İsitsin o qızıl günəş sinəmi,Tərk etməz qəhqəhə, gülüş sinəmi.Nəğmələr bəzəsin gümüş sinəni,Xəzər, ay Xəzər...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran