Bu ellərlə ömür sürər,Neçə qəlbi sevindirər.Neçə qəlbə şəfa verər,Bizim yaylaqlar, yaylaqlar.

Yaşıllanır çinar-çinar,Hər çinar bir yaşıl fanar.Yaz gələndə havalanarBizim yaylaqlar, yaylaqlar.

Nəğməni sellərdən alar,İlhamı ellərdən alar.Müjdəni yollardan alar,Bizim yaylaqlar, yaylaqlar.

Keçənləri yoldan eylər,Sinəsində mehman eylər.Ayrılıqdan aman eylərBizim yaylaqlar, yaylaqlar.

Qardaşlaşıb bu dağlarla,Nəğmələnər bulaqlarla.İstilənər ocaqlarlaBizim yaylaqlar, yaylaqlar.

Hər güldə bir dərman saxlar,Nanə, yarpız, reyhan saxlar.Qocaları cavan saxlarBizim yaylaqlar, yaylaqlar.

“İsti su”lu, “Turş su”ludur,Xatirələrlə doludur.Neçə ömür-gün yoludurBizim yaylaqlar, yaylaqlar.

Yolu, izi unutmarıq,Əhdimizi unutmarıq.Heç vaxt sizi unutmarıq,Bizim yaylaqlar, yaylaqlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri