Səhifə 2 / 7 · 14%

Arzu aradakı gərginliyi unutmağa çalışaraq özünü ələ aldı, onu qucağına götürüb saçına sığal çəkdi, üzündən öpdü.

– Nədi, qızım?

– Sabah Nüsrət əmi bizə gələcək, hə? – Arzu bu söhbətin araya düşməsindən, Adilin təzədən əsəbiləşəcəyindən ehtiyat edərək könülsüz halda cavab verdi:

– Nə bilim, qızım.

Ancaq Könül dil boğaza qoymadı:

– Axı demişdi üç gündən sonra gələcəyəm, sizi maşınla gəzməyə aparacağam?

Arzu Adilin üzünə baxmadan:

– Yadıma gəlmir, haçan demişdi, qızım? – deyə soruşdu.

– Nə tez yadından çıxdı, ana? Burda oturmuşdu ha, papamnan söhbət eləyirdi ha. Çay içə-içə dedi. Mənim yadımdadı. Ata, sənin də yadında qalmayıb?

Adil üzünü yana çevirib dinmədi. Arzu uşağı öpüb yerə qoydu:

– Nüsrət əmin sözündə düz adamdı, qızım. Əgər deyibsə, arxayın ol, gələr.

– Gəlməsə ondan küsəcəyəm, ana.

Arzu qəmli-qəmli gülümsündü:

– Yox, qızım, adam əmisindən küsməz.

– Axı, mən onu çox istəyirəm, ona görə ondan küsə də bilərəm. Birdən Arzunun ürəyində Adili sancmaq arzusu oyandı, ancaq bu hissi özündən tez uzaqlaşdırıb yerində lal-dinməz oturub tavana baxan ərinə istehzalı bir təbəssümslə baxıb uşaqdan xəbər aldı:

– Onu nəyə görə çox istəyirsən, qızım?

Könül anasının xalatının açıq düymələrini oynadaraq dedi:

– Ona görə ki, ona görə ki, o da məni çox istəyir, mənə nağıl danışır, şəkil çəkir, sonra. Dondurma alır, maşında gəzdirir.

– Elə buna görə?

– Yox, tək buna görə yox. Bilirsən, o bizə gələndə başa düşmürəm, nədənsə çox sevinirəm, ana, lap çox sevinirəm.

Arzu gülümsünüb, xüsusi vurğu ilə dedi:

– Demək, Nüsrət əmi gələndə sənə sevinc gətirir, yəqin sən buna görə onu çox istəyirsən, qızım.

– Hə, ana.

– İndi get, oyna. Bir azdan yatmaq vaxtıdı.

Könül gedəndən sonra Arzu öz-özünə danışırmış kimi, əslində isə Adilə eşitdirmək məqsədilə astadan dedi:

– Amma təəssüf ki, onu bizim evdə görmək istəməyən də varmış.

Adil elə oturduğu yerdə dikəlib gödək boynunun damarları şişə-şişə, səbirsizliklə dedi:

– Bəli, açığını bilmək istəsən, mən onu görmək istəmirəm. Arzu, başa düşdün? Özüm də bilmirəm bu nə sirdi, onu görəndə bütün ürəyim parçalanır, fikrim dolaşır, əsəblərim gərilir. O bizim evə ayaq açan gündən rahatlığım pozulub, yuxum ərşə çıxıb, bilirsənmi? İndiyə qədər özümü zorla saxlamışam, boğmuşam ürəyimin səsini. Ancaq indi qəlbimlə bacarmıram. Mənə elə gəlir ki, o bizim evə bədbəxtlik gətirir.

– Axı nə bədbəxtlik, Adil?

– Heç nə bilmirəm, heç nə bilmirəm, ancaq bədbəxtlik gətirir.

– Axı, o yazıq neyləyib sənə? Həmişə hörmət eləyib. Oturub-durub hər yerdə – atamgildə də, idarədə də səni tərifləyir. İşdə ailədən söz düşəndə deyir ki, Arzu xoşbəxtdir, xoşbəxtdir ki, Adil kimi sadə əri var. Mən də rəfiqələrimin yanında sevinirəm, yerə-göyə sığışmıram. Nüsrət haçan mənim, ya sənin xahişimizi yerə salıb? Nə vaxt lazım olub Simurğ quşu kimi qulluğumuzda hazır olub, ən vacib işlərini bir kənara atıb bizim işimizin dalınca gedib. Hara demişik, ora da aparıb. Bir dəfə üz-gözünü turşutmayıb. Elə bilirsən tək səninçin belədi o? Yox, Adil, o, hamıya, bütün dostlarına belədi, inan. Sənin özünə az yaxşılıq eləyib? Ev alanda, mebel alanda... hansını deyim? Sənə maşın sürməyi o öyrətməyib? O sənə neçə dəfə deyib ki, Adil, indi daha maşın sürə bilirsən, vəsiqən var, nə vaxt lazımın olsa, sənə etibar edə bilərəm. Səndən xoşu gəlir. Sən isə... İnsan gərək nə qədər nankor olsun ki, bu yaxşılıqları görməsin, qiymətləndirməsin.

– Elə onun yaxşılıqları məni dəli eləyib, bilirsənmi? Axı, o, nəyin xatirinə bizə belə xeyirxahlıq edir? Onun bir təmənnası yoxdursa.

– Gör nə qədər qəlbiqara adam imişsən, Adil. Adam bir-birinə yaxşılıq eləyəndə gərək hökmən təmənna gözləməlidir? Səndən onun nə təmənnası ola bilər axı?

– Məndən heç nə, amma…

– Amma məndən ola bilər, hə?

– Sən niyə adicə həqiqəti başa düşmürsən, Arzu?

– Nədir o həqiqət, Adil?

– O adicə həqiqət odur ki, o, sənə vurulub, bildin?

Arzu ona sarı çevrildi:

– Kim? Nüsrət? Nüsrət mənə vurulub?

– Bəli, vurulub!

– Bu təzə xəbərdi? Bəs mən niyə bilmirəm bunu. Sən nədən bilirsən ki, Nüsrət mənə vurulub?

– Bilirəm. Sən özün də bilirsən, ancaq özünü bilməməzliyə qoyursan.

Arzu susdu, mat-mat ərinin üzünə baxıb xeyli fikrə getdi, Nüsrətin onlara gəldiyi günləri, oturuşunu, duruşunu, sözlərini birər-birər xatırlamağa çalışdı, lakin onun hərəkətlərində, hətta baxışlarında belə qeyri-adi, şübhə doğura biləcək heç nə yadına sala bilmədi. Yox idi, olmamışdı elə şey, ola da bilməzdi. Nüsrət qız kimi həyalı, başıaşağı, tərbiyəli idi. O, idarədəki bütün qızlara, gəlinlərə qardaş gözü ilə baxırdı həmişə. Onlarla deyər, gülər, zarafat eləyər, ancaq heç vaxt ədəb-ərkan dairəsindən kənara çıxmazdı və buna görə də qızlar çox vaxt onu “qız qardaşımız” adlandırardılar: ürəyiaçıq, mehriban xasiyyətli Nüsrət isə bundan qətiyyən inciməzdi, şirin-şirin gülüb susardı. Yaşı otuzu çoxdan haqlasa da, hələ evlənməmişdi, tələsmirdi. Ondan xoşu gələn qızlara məhəl qoymur, uzaq gəzib-dolanırdı. Təmiz, səliqəli geyinir, özünə xüsusi fikir verirdi.

Arzu Nüsrətin ona bəslədiyi hissləri, münasibətləri göz qabağına gətirdi və ha fikirləşdisə də, səmimiyyətdən, mehribançılıqdan başqa heç nə görə bilməyib köks ötürərək dedi:

– Yox, Adil, sən səhv eləyirsən, çox böyük səhv eləyirsən. Nüsrət mənə vurulmayıb, belə şey olsaydı, mən bunu hiss eləyərdim, Adil. Neçə ildi onunla bir idarədə işləyirəm. İndiyə qədər ondan güldən ağır bir söz, ikibaşlı bir eyham eşitməmişəm, inan. O mənə bir bacı gözü ilə baxıb həmişə. Sənin dediyin şey məncə, onun heç ağlına da gəlməyib, gəlməz də. O, sənin dostundur, bilir ki, bizim ailəmiz, uşağımız var.

– Məhəbbət gələndə dosta, ailəyə, uşağa baxmır.

– Onda sən məni yaxşı tanımırsan, Adil. Görünür, sən özün elə adamsan. Məhəbbət gələndə dosta da, uşağa da baxmazsan, elə çıxır sənin sözündən. Amma onu bil ki, mən ləçək deyiləm başdan-başa bağlanam. Mənim bir ürəyim var, onu yeddi il əvvəl sənə vermişəm. Dünyasında elə şey ola bilməz.

Arzunun bu sözləri Adilin ürəyində bir işıq yandırdı. Qırışığı açılan kimi oldu, alnının şişmiş damarlarının sanki köpü alındı, gözlərinə enmiş qəm-kədər pərdəsi uçub dağıldı. O, diksinib, arvadının gözlərinin içinə şax baxmaq istədi, ancaq bacarmadı, elə bil gözəgörünməz bir əl sığal çəkib onun kirpiklərini aşağı endirdi və Adil hiss elədi ki, Arzu ilə göz-gözə gəlməkdən utanır. Anladı ki, bu söhbəti başlamaqda çox böyük qəbahət eləyib. Ancaq artıq gecdi, deyilən söz yayından çıxmış oxa bənzər, onu bir də geri qaytarmaq mümkün deyil. Adil bunu da başa düşürdü ki, deməyə də bilməzdi, çünki dərd ürəyini söküb dağıdırdı, bütün varlığını qurd kimi gəmirirdi. İndi heç olmasa bir az toxdadı.

Adil heç nə demədən durub ağır-ağır yataq otağına keçdi, soyunub yerinə girdi. Gözlərini yumdu, ancaq qəribə idi: elə bil, kimsə göz qapaqlarını kəsib götürmüşdü və qaranlıq otaqdakı hər şeyi apaydın görürdü. Hətta arvadının da – o biri otaqda otursa da – qəmli-qüssəli, azca əvvəl bu xoşagəlməz söhbətdən solğunlaşmış çöhrəsini qaranlıqda aydınca seçirdi. Adil xəcalətli baxışlarını onun məzəmmət dolu nəzərlərindən yayındırmaq üçün üzünü yana çevirdisə də, mümkün olmadı. Arzu ona baxır, baxırdı.

Bayaqdan ürəyini sıxan peşmançılıq hissinin üstünə bir qorxu da əlavə olundu və bu elə dəhşətli bir hiss idi ki, Adilin bədənini lərzəyə gətirdi, onu üşütdü. O, yorğanının altında büzüşüb balacalaşdı.

«Heç ağlına gəlməyən bir şeyi yadına saldım: özüm Arzu ilə onun arasında gizli bir körpü saldım. Çox axmaq iş gördüm. Arzunun ürəyində belə iş yoxmuş, aman allah. Onu təhqir elədim, ürəyinə dəydim. Məni sevir, evcanlıdır, ailəcanlıdır Arzu. İlahi, bu gic-gic fikirlər mənim ürəyimə hardan gəlib axıb doldu, heç baş aça bilmirəm» - deyə düşünən Adilin bədəni birdən-birə isindi. Ayağa qalxıb Arzunun yanına qaçmaq, boynunu qucaqlamaq, yalvarıb «Məni bağışla» - demək istədi, ancaq xasiyyətini yaxşı bildiyindən dayandı, fikrindən daşındı. Arzu çox həssas idi, haqsız sözdən tez inciyən idi, küsəndə isə hələm-hələm barışmazdı.

Adil yerində qovrula-qovrula qaldı, ah çəkib ürəyində dedi: «Yox, bu iblis bizim ailəmizi dağıdacaq deyəsən. Belə olmaz, onunla hər haqqı-salamı kəsəcəyəm, bura gələndə qovacağam. Qoy çəkilib otursun yerində, bizi rahat buraxsın. İstəmirəm onun yaxşılığını da, pisliyini də. Maşını da başına dəysin, xeyirxahlığı da. Onunla əlaqəni tamam-kamal kəsəcəyəm, kəsəcəyəm».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, on dördüncü fəsil

Gülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!

3 dəq
Üçüncü hissə, on beşinci fəsil

Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə

7 dəq
Üçüncü hissə, on altıncı fəsil

Vəzifədən çıxarılmağından heç kəsin, hətta, Nadirə xanımın da təsəvvürünə gətirə bilməyəcəyi dərəcədə sarsılmış Salman Qurbanzadə elə həmin günün səhəri növbəti məzuniyyətə çıxmağı barədə ərizə yazaraq, incimiş, küsmüş olsa da, arvadını instituta göndərmiş, məzuniyyət pulunu da almağı ona həvalə eləyib bağa getmiş və bir də iki aydan sonra, vaxtı qurtaranda qayıdıb gəlmiş, içəridən əzilə-əzilə, sıxıla-sıxıla təzədən işə başlamışdı. İstirahət zamanı kökəlmək, yaxşılaşmaq əvəzinə, bir az da sınıxmış, hələ lap diqqətlə baxsan, xeyli də qocalmışdı. Bütün bu müddət ərzində Nadirə ilə də ağızucu danışmış, dindirsə dinmiş, dindirməsə, öz aləminə qapılıb yaşamışdı. Onun yaşına yaraşmayan bu hərəkəti Nadirəni incitsə də, yazıq qadın tənə-təhniz eləməmiş, «Bunu da anası belə doğub də, neyləyə bilərəm?» — deyə dözmüşdü. Salman, Aslanzadədən bərk incimişdi, direktoru olsa da, salam vermir, salamını da almırdı. Dünya görmüş Aslanzadə onun belə eləməyinə gülür, hərdən elə yanında zarafata salıb Nadirəyə deyirdi:– Ay Nadirə xanım, bu kişini bizimlə barışdırsana. Bir qurutlu xəngəl bişir, yığ bizi bu Salmanın başına, barışdır bizi. Belə xırda-xuruş şeylər üstündə bizim umu-küsü saxlayan vaxtımız çoxdan keçib.

5 dəq
Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 dəq

Başqa şairlərin şeirləri