Birinci hissə, səkkizinci fəsil
Səhifə 3 / 3 · 67%
Bu şirin dünyadan doymayır gözüm.
Deyirəm ağrıya, əzaba dözüm,
Təki gözüm baxsın cahana, ömrüm.
Sən mənə dayaq ol, mən sənə bəzək,
Yolunda şam kimi əridim ürək.
Səninçün hər şeyəm: - su, arzu, çörək,
Bilməm nə istərsən, daha nə, ömrüm!
Bircə təmənnam var, səndən ay canım,
Başına dolanım, oduna yanım.
Qıyma yarı yolda durum, dayanım,
Çalış zinət olaq zamana, ömrüm.
Kiçik xanım susdu, kitabı örtüb Aslanın üzünə baxdı. Aslanın ağ sifətində bir təəssüf ifadəsi yatırdı. Kiçik xanım baxışları ərində olduğu halda, ürəyində götür-qoy eləyirdi ki, bu, yaxşı haldı, ya yox. Bir qərara gələ bilmirdi. Aslan yerində qurcalanıb:
− Orxan hayıf oldu, getdi – dedi. – O yaşda ömrün mənasını çox yaxşı başa düşürmüş biçarə. Özü də o şeri xəstə vaxtı yazıb – ömrünə yalvarırmış, ürəyinə yalvarırmış ki, məni yarı yolda qoymayın. Amma qoydular, Orxan yarı yolda dayandı hayıf ki.
− Yazıq, cavan öldü, evlənməmiş. Heç bir nişanəsi də qalmadı yer üzündə.
− Niyə qalmadı, Kiçik! Bəs əlindəki o kitab nədi? Nişana deyil? Bəs Mirzə Cəlil haqqında yazdığı o gözəl kitab nişana deyil?.. Kitab övladdan da yaxşı nişanadı, Kiçik. Kiçik xanım bu sözləri eşitməməzliyə vurdu, üstündən keçdi, Aslanın dərdini təzələyib qəlbini qanatmamaq, özünü də məyusluqdan qurtarmaq üçün:
− Qulaq as, başqa bir şer oxuyum sənə – dedi və yenə kitabı açdı. Ancaq bu dəfə niyyət eləmədi:
Sən mənim allahımsan –
İnanmırsan, inanma.
Göz yaşımsan, ahımsan –
İnanmırsan, inanma.
Ürəyimsən, canımsan,
Damarımda qanımsan,
Dinimsən, imanımsan –
İnanmırsan, inanma.
Günəşimsən, ayımsan,
Fəryadım, harayımsan,
Mənim tale payımsan –
İnanmırsan, inanma.
Kiçik xanım şeri oxuyub qurtarıb:
− Tiflis! – dedi.
− Nə Tiflis? – deyə Aslan soruşanda Kiçik xanım:
− Deyirəm şeri Tiflisdə yazıb… - söylədi.
− Həəə – Aslan səsini uzatdı – o zaman Salman onu aldadıb Tiflisə göndərəndə yazıb bu şeri Orxan!..
− Necə yəni aldadıb göndərəndə?
Aslan uzaq illərin yaddaş səhifələrini varaqladı, xatırladı:
− Orxana Yazıçılar İttifaqının plenumunda məruzə tapşırmaq istəyirmişlər. Salman bunu bilən kimi, Orxanı təcili surətdə Tiflisə ezamiyyətə göndərdi ki, orada guya, Dövlət arxivində Mirzə Cəlilə aid yeni sənədlər tapılıb. Get gətir. Özün də Mirzə Cəlildən yazırsan, o sənədlərsiz əsərin kamil olmaz. Orxan da Mirzə Cəlilin bir sözü üçün nəinki Tiflisə, hətta dünyanın o başına gedərdi. Yazıq uça-uça getdi, ancaq əliboş qayıtdı. Sonra mənə rəhmətlik özü danışdı – Sən demə, Salman paxıllığından Orxanı göndərib. Bunun - Salmanın şəstinə toxunub ki, bu dura-dura niyə məruzəni Orxan kimi ağzından süd iyi gələn bir uşağa tapşırsınlar!
− Vay, vay… Yəni Salman…
− O, sən Salmanı tanımırsan, Kiçik. Onun at getməz-at getmək yolları çoxdu. Otuz ildi bir yerdə işləyirik, mən hələ onun qarnının altını – ürəyini öyrənə bilməmişəm.
− Vay, vay… Deyirəm axı yazıq Nadirənin ağzı yanıqdı ondan?
− Nadirə qızıl parçasıdı, Kiçik. Həm yaxşı alimdi, həm də yaxşı insandı.
… Ər-arvad danışırdı, xəbərsiz idilər ki, elə bu zaman, fəxri xiyabanın yanında institutun bir dəstə işçisi, şüşə bazardan çıxıb əllərində gül, içində mer-meyvə olan kağız torba, xəstəxanaya gəlirdi. Cəfər nə isə söyləyirdi, yanındakılar gülürdü. Trolleybus dayanacağında onlar küçənin sağından soluna, xəstəxana olan tərəfə keçmək istəyəndə Nurəddinin qara maşını onların qarşısında dayandı, Nurəddin başını pəncərədən çölə çıxarıb salamsız-kalamsız:
− Xeyir ola, dəstəynən hara belə gedirsiz? – deyə soruşanda lap yaxın olduğundan Gülmirə cavab verdi:
− Aslan müəllimə dəyməyə gedirik, Nurəddin müəllim! –
− Hm… - O, kinayə ilə qımışdı – Gedin, gedin… Daha heç nə demədi, sürücüyə «getdik» – deyə işarə elədi. Maşın şütüyüb getdi. Nurəddinin bütün günü kefi kök olmuşdu. Prezidiumun instituta ayırdığı kağız limitini – gələn ilin nəşriyyat planını – cəmi otuz beş çap vərəqi olan kağızı bölmüşdü. İyirmi çap vərəqini özü götürmüşdü, onunu Sultana vermişdi, beşini də İltifat üçün ayırmışdı. Oğlu üçün nəzərdə tutmaq istəyirdi, ancaq onun əsəri hələ hazır deyildi. «Tənbəl oğlu tənbəl. Bilmirəm nə fikirləşir. Elə bilir ki, mən həmişə direktor olacağam. Yazıb müdafiə eləmir. Yox, gərək bir şey fikirləşəm. Ona qalsa, xəmir çox su aparacaq…» – deyə ölçüb-biçmişdi.
Müavini Sultan Nurəddinin bu bölgüsünə ağızucu, yarı-könül, xalaxətrin qalmasın deyə «etiraz» eləmişdi:
− Sonra səs-küyə səbəb olacaq, Nurəddin. İnstitutda hazır, illərlə yatan əsərlər, monoqrafiyalar var.
− Məsələn?
− Məsələn, Nadirə xanımın şöbəsinin beş monoqrafiyası elmi şuranın portfelində beş ildi yatır.
− Eh, onları sən monoqrafiya hesab edirsən?.. Onlar elm deyil, Sultan, sudu, söz yağışıdı. Şer belə gəldi, təmsil elə getdi, roman elə oldu… Bu, elm deyil, Sultan, cəfəngiyyatdı. – Bu sözü deyəndə xatırlamışdı ki, İltifatdan eşidib. Özü də bir neçə dəfə. İndi özü də buna adət eləyib – Bəli, cəfəngiyyatdı. Mənə həqiqi elm lazımdı.
− Adamlar illərlə zəhmət çəkib, əsər yazıb…
− Yazıb, pulunu da alıb. Daha nə istəyirlər?..
Sultan susmuşdu, Nurəddin siyahını imzalayıb kənara qoymuşdu. Bununla da Nurəddinin bu günkü işi bitmişdi. Buna görə də onun kefi kök idi. Ancaq indi, Aslanın yanına gedən əməkdaşlarını görəndə, qanı birdən-birə qaraldı. İki ay əvvəl bu xəstəxanada o da yatmışdı… On beş gün… Çox az adam gəlmişdi yanına. Sultan, İltifat, oğlu, Şərifə… Daha kim?.. Ha xatırladı, yadına kimsə düşmədi. Amma… Aslanın yanına gör necə gedirlər? Cibindən siqaret çıxarıb yandırdı və çatana qədər sürücüylə bir kəlmə də kəsmədi. Maşından düşəndə həmişə «Sağ ol» deyərdi. Bu dəfə onu deməyi də unutdu.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mir Əkbər uzun illərin ayrılığından sonra, nəhayət, ürəyi istəyən kimi, azad yaşamağa müvəffəq olduğuna görə hədsiz dərəcədə bəxtiyardı. Jandarm libasını əynindən çıxarmışdı, qəlbi daş, vicdanı kor, qulağı kar adamlardan — jandarm və polis amirlərindən, nəfərlərindən uzaqlaşmışdı, öz məslək və mübarizə dostlarına qovuşmuşdu, hər gün onların yanında idi, dərdləri-sərləri bir idi, istədiyi, sevdiyi, həsrətini çəkdiyi işi görürdü — bu onun üçün nəyə desən dəyərdi. Əslində, sən demə, heç bir xidmət, fədakarlıq itmirmiş, unudulmurmuş. Onun kiçik, gərəksiz hesab elədiyi xidmətləri də sən demə, hezbin, burdakı yoldaşların nəzərindən qaçmırmış; yaşadığı günlər, gördüyü işlər, sən demə, elə onun həyatı imiş, tərcümeyi-halı imiş. Bunu Mir Əkbər o vaxt iclasda Bəbirin təqdim etdiyi, az sonra, özünün redaktorluğu ilə nəşr olunan «Pərçəm»in birinci və dördüncü səhifələrində çıxmış məqaləni oxuyanda bir daha başa düşmüş və sevincdən gözü yaşarmışdı. Həmin nömrədə, baş məqalə kimi, Bəbirin yoldaşlara oxuduğu kəsərli məqalə dərc edilmişdi, onun altında isə Mir Əkbərin şəkli və tərcümeyi-halı çıxmışdı. Burada onun bütün həyatı, ailəsinin başına gələn müsibət, həbsxana illəri, polis və jandarm idarəsindəki məcburi xidməti, inqilabi fəaliyyəti, sürgün olunması və s. qeyd edildikdən sonra deyilirdi:«Mir Əkbər Xeybərin əfqan xalqının demokratik hərəkatının meydana gəlməsi və təkamülündə çox böyük və təsirli xidmətləri vardır. Buna görə də, o, istefaya çıxandan indiyə qədər əziz, igid, sadiq, təvəzökar, alim və vətənpərvər bir yoldaş kimi əfqan xalqı ilə, əfqan xalqının demokratik hərəkatı ilə sıxı əlaqədə fəaliyyət göstərir və bu hərəkatın rəhbərlərindən biri kimi kargər sinfinin idoelogiyasını, onun elmi dünyagörüşünü müdafiə edir və Bəbir Karməndin döyüş dostu kimi qorxmadan çalışır.
Dördüncü hissə, yeddinci fəsilİsti iyul ayının ikinci yarsının ikinci günü məmləkətə heç kəsin ağlına gəlməyən, çoxlarının gizli arzusu olan, ancaq kimsəyə etibar edib demədiyi bir xəbər ildırım sürətilə yayıldı: «Əlahəzrətin taxt-tacı devrilmişdir. Şahlıq-üsulu-idarəsi ləğv edilmişdir. Əfqanıstan respublika olmuşdur. Əlahəzrətin doğma bacısı oğlu Sərdar Məhəmməd məmləkətin rəisi-cümhurudur. O Sərdar Məhəmməd ki, düz on il baş nazir olub.»Bu xəbər bütün məmləkəti silkələmişdi. Uşaq da, böyük də sevinirdi. Sevinməyənlər də vardı, təbii ki, Əlahəzrəti sevənlər, onu allahın kölgəsi hesab edənlər, uşağının adını əlahəzrətin adıyla çağıranlar sevinmirdi, təbii ki! Dostları, övladları qohum-əqrəbası yas içində idi.
Dördüncü hissə, səkkizinci fəsilHava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.
Dördüncü hissə, doqquzuncu fəsilƏfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.
Başqa şairlərin şeirləri
Dostlar, sizdən ayrılandaMən özümdən ayrılıram.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlanŞikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər