Gülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.

– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.

– Mənim gözüm üstə, qızım.

Kişi seçməyə başladı.

– Elə et ki, hamısından olsun, əmi..

– O da mənim gözüm üstə.

Gülmirə bir gül götürüb iyləyə-iyləyə düşündü ki, keçən il bu gün o, bazardan gül almadı. Orxan qəsəbədən, öz həyətlərindən yaxşı bir dəmət bağlatdırıb idarəyə gətirmişdi. Evlərinə yox, idarəyə.

– Neynirəm bu qədər gülü, Orxan?— deyə Gülmirə etiraz eləyəndə Orxan sakitcə:

– Axı, bu gün sənin anadan olan günündü,— demişdi.

Bu, Gülmirəyə təəccüblü görünmüşdü:

– Sən bunu hardan bilirsən, Orxan?

– Bilirəm də...

Orxan Gülmirənin anadan olduğu günü idarədə, təsadüfən arxiv müdirəsinin stolunun üstündə gözünə dəyən şəxsi işindən öyrənmişdi. Ancaq Gülmirəyə bunu demədi.

Gülmirə:

– Çox sağ ol, Orxan. Diqqətinə görə təşəkkür eləyirəm,— demişdi. Evə gələndə Əqdəmin də onun üçün gül aldığını görüb sevinmişdi.

Əqdəm soruşmuşdu:

– Bu güllər hardandı? Nə yaxşı güllərdi. Gülmirə ərinə ilk dəfə yalan danışmalı olmuşdu:

– Bazardan almışam.

İndi Orxan şəhərdə deyildi. Burda olsaydı, yəqin yenə ona bir dəstə gül gətirərdi.

Gülmirə kişinin pulunu verdi. Bazardan ət, göy-göyərti, limon, dükana girib bir «Qaraçanaq» şərabı aldı. Əqdəm bu şərabı çox xoşlayırdı. O, hələ gəlib çıxmamışdı. Amma bu gün hayanda olsa gələcəkdi, çünki bu gün Gülmirənin anadan olduğu gündü. Yəqin, o, böyüklərindən icazə alıb. İndi yolda olar, həmişə günortadan sonra gəlib çıxır.

Gülmirə nə qədər ki, atası evində idi, valideyni onun ad gününü təntənəli şəkildə qeyd edirdi. Sən demə, anası əhd eləyibmiş: «Nə qədər ki, qızım ərə getməyib, onun ad gününü özüm bayram eləyəcəm. Elə ki ərə getdi, qoy zəhmət çəksin, əri eləsin»

İndi iki ildi ki, Gülmirə Əqdəmlə xudmani bir stol açır, ata-ana gəlib təbrik eləyir, yeyib-içir, çıxıb gedirdi.

Maşa xala kölgədə oturub kitab oxuyurdu. Gülmirə əlində dolu zənbil həyətə girəndə, arvad kitabı örtüb dizinin üstünə qoydu.

—Əqdəm hələ gəlməyib ki, Maşa xala?— deyə Gülmirə səbirsizlik göstərib həyətdəcə soruşdu.

– Yox, Gülya gəlməyib.

– Bu gün gərək gəlsin.

– Hə, çoxdan gedib qızım, gərək gəlsin. Həm də bu gün sənin ad günündü axı...

– Hə, sənin yadından çıxmayıb, Maşa xala?

– Yox, Gülya, sənin Maşa xalan yaxşı günləri heç vaxt yaddan çıxarmır.

Gülmirə zənbili yerə qoydu.

– Əlimi kəsdi lap, — o, qanı qaçmış barmaqlarını açıb yumdu.

– Bazarlıq eləmisən, deyəsən.

– Hə, istəyirəm bir balaca stol açam. Maşa xala eynəyini düzəltdi:

– İndi ikimiz köməkləşib düzəldərik. Əqdəm gələr görər ki, hər şey hazırdı, hər şey...

Gülmirə güldü.

Vaxt keçirdi. Əqdəm isə hələ görünmürdü. Maşa xala ilə Gülmirə ikisi bir yerdə stol açdılar. Güldana da gül qoydular. Xörəyi asdılar

Gün günortadan çoxdan keçmişdi. Saat üç oldu, dörd oldu, ancaq Əqdəmdən bir xəbər çıxmadı. Gülmirənin daha otaqda səbri çatmadı, küçəyə çıxıb yollara baxdı.

İntizarla keçən dəqiqələrdən elə bil daş asılmışdı.

«Gəlib çıxmadı. Bəlkə, başında bir qəza var?—Əqdəmin «məni göylərin yeddi qatına qaldıran təyyarə dünyanın ən möhkəm, ən gözəl təyyarəsidir» sözləri qulaqlarında səsləndi. — Yox, bəlkə icazə verməyiblər. Hayanda olsa gələr»,— deyə fikri yüz yeri dolanan Gülmirə nəhayət, yenə ümidə sığınır, «Gələr» deyərək özünə təsəlli verirdi.

Lakin Əqdəm gəlmədi. Gülmirə az qalırdı ağlasın. Onu təbrik eləməyə gəlmiş ata-anası qızı qanıqara görüb pərt oldu:

– Nə olub, ay qız?— deyə Xatın arvad ha soruşdusa, Gülmirə cavab vermədi. Maşa izah elədi:

—Əqdəm gəlib çıxmayıb, ona görə qanı qaradı.

– Hə, hələ gəlib çıxmayıb?

– Yox.

– Gördün kişi? Saqqalım yox idi, sözüm ötmürdü, — deyə Xatın səsini başına atıb kənarda dayanaraq papiros çəkən ərinin üstünə çımxırdı:— Mən deyən oldu, olmadı? Salaməleyküm, dedim ay kişi, ağlını yığ başına, qızı da başa sal, qoy otursun yerində, qocalmayıb, qarımayıb. Dedin yox, qızın könlü var, vəssalam! Bəlkə qız axmaq idi, ağlı heç nə kəsmirdi? Götürüb gül kimi uşağı verdin uçağanın birinə, o da bədbəxt elədi.

Gülmirənin atası heç nə demir, papirosunu sümürür, düşünürdü.

– İndi mən o qızın göz yaşlarına necə tab gətirim?

Xatın arvad bir haray-həşir saldı ki, ad günü — bu şad günü az qala matəmə döndü.

– Ay arvad! — Nəhayət, atanın səbir kasası daşdı: — Bu qaraqışqırığı saxla bir! Heç fikirləşmirsən ki, bu zalım oğlu iş adamıdı, vəzifə başındadı. Bəlkə elə vacib işi olub, gələ bilməyib. Bura deyil, ora deyil, neçə saat gərək təyyarə ilə yol gedəsən. Siz oturubsunuz burda, elə bilirsiniz dünya dərəbəylikdi, hər kəs nə istəsə eləyə bilər?

– Bir teleqrama sözün nədir? Onu da vura bilməzdi?

Elə bu zaman saya çitdən qolsuz don geymiş sarışın bir rus qızı həyət qapısının ağzında göründü:

– Gülmirə kimdi? — deyə soruşdu.

Gülmirə gözlərinin yaşını silə-silə ayağa durub onun qabağına qaçdı:

– Mənəm.

– Sizə teleqram var..

Gülmirə qızın uzatdığı qələmlə kağıza qol çəkib teleqramı aldı.

– Gördün, arvad, gələ bilməyib, tel vurub?! Yaman hay-küyçü arvadsan ha!.. Bir bu xasiyyətindən zəhləm gedir.

Xatın ərinin sözünə əhəmiyyət verməyib:

– Nə yazır ay qız?— deyə xəbər aldıqda Gülmirə qəribə bir tərzlə:

– Teleqram ondan deyil,— dedi, elə bil hamının üstünə su çiləndi. Xatın ərinin, əri də Maşanın üzünə baxıb yenə məyusluqla çiyinlərini çəkdilər.

– Bəs kimdəndi, ay qız?

– İş yoldaşlarımdan biri vurub,— dedi.

Əlində tutduğu teleqram Tiflisdən — Orxandan gəlmişdi. O, göz yaşlarını axıda-axıda teleqramı ikinci dəfə oxudu: «Səni ürəkdən təbrik edirəm, Gülmirə! Xoşbəxt ol, xoşbəxt ol!..»

Gülmirə stolun üstündəki gülə, düzülü qablara baxdı. Əlindəki teleqramı rəfdəki kitablardan birinin arasına qoyub, solğun üzünü atasına, anasına, Maşa xalaya tutdu:

– Gəlin, gəlin oturaq. İndi çörəyimizi arxayın yeyə bilərik,— dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, doqquzuncu fəsil

Müseyib öz nazirinin ⎯ Ələmdar Qədirovun rayona gəlmək istədiyini və onu Süleymandan soruşduğunu, üstəlik «Ağ balığı var?» ⎯ deyə maraqlandığını eşidən kimi evə zəng eləmişdi. Dəstəyi Simuzər götürmüşdü.⎯ Sənsən, qız?! Bə anan hanı?

49 dəq
İkinci hissə, onuncu fəsil

Cura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?

12 dəq
İkinci hissə, on birinci fəsil

Günortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…

16 dəq
İkinci hissə, on ikinci fəsil

Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.

8 dəq

Başqa şairlərin şeirləri