İkinci hissə, yeddinci fəsil
Nadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.
Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»
Nadirə qorxu içərisində idi. Elə o saat geyinib-keçinmişdi. Sədəflə birgə atasının görüşünə gəlmişdi. Ata-bala mehriban-mehriban görüşüb qucaqlaşmış, üzbəsurət oturub olandan-keçəndən danışmış, gah deyib-gülmüş, gah da kədərlə susub bir-birinə baxmışdılar. Nadirə uşaqlıqdan Müseyibin sevimlisi olmuşdu. Kişi qızının fərasətinə, ağlına, kamalına bel bağlayıb onu özünə qız yox, oğul bilmişdi.
Nadirə atasının vəziyyəti ilə tanış olandan sonra ürəyində çalpaşıq fikirlər baş qaldırıb onu daha da darıxdırmışdı: «Yükçülükdən çıxmağı lap yaxşı olub». İnsafən Nadirə özü neçə dəfə ismarlamışdı ki, kişi, bəsdir bu yükün altında əzilə-əzilə işlədin, çıx otur evində-eşiyində, bir adamı dolandırmaq nədir ki!.. Ancaq Müseyib ipə-sapa yatmamış, daşı ətəyindən tökməmişdi: «Müseyib yük altında böyüyüb, qocalıb, yük altında da canı çıxsın gərək!»—deyə ömrünün axırına qədər kimsənin qoltuğuna sığınmağı ağlına gətirməmişdi.
İndi Nadirə gözünü atasının üst-başından çəkmirdi. Əl sumkasının ağzını açdı, bir dəstə pul çıxardıb atasının qabağına qoydu:
– Bunları götür, lələ!
– Nəmənədi bunlar, qız?
– Rəhim gəlsin, çıxın şəhərə, özünə bir yaxşı kostyum al.
– Yox ay bala, elə bu paltarım da təzədi. Ay yarım bundan qabaq idarədən almışam. Bir də mənim harama təzə kostyum yaraşır? Hay-hayım gedib, vay-vayım qalıb. Elə siz yaxşı geyinin, mən də sizə baxıb sevinim.
– Götürəcəksən, lələ.— Nadirə pulu kişinin döş cibinə zorla basdı.— Bura Gəncə deyil ey, Bakıdı... Yaxşı-yaxşı geyinərsiz, axşam ikiniz də bizə gələrsiz, yaxşımı? Ceyhun da Krımdan gəlib. Sədəfi indi mən özümnən aparıram.
Rəhim işdən qayıdanda babası onu gülər üzlə qarşılayıb:
– Ağzına bir loxma çörək al, gedək şəhərə, məni şəhərinizdə gəzdir, bala,— dedi,— görmək istəyirəm.
– Baş üstə.
Yarım saat sonra onlar şəhərdə idilər. Təzə univermağın yanından keçəndə Müseyib:
– Bir bura dəyək,— dedi.
Univermağın mərtəbələrində tərpənmək mümkün deyildi. Müseyib kişi ilə Rəhim üçüncü mərtəbədə, tikili paltar şöbəsinin qabağında dayandılar.
– Qızım, o kostyumu bəri elə görüm,— deyə Müseyib boz lafsandan paltar geymiş göyçək qıza müraciət elədi.
– Sizin əyninizə kiçik olar.
– Özümə istəmirəm.
Qız gətirdi. Rəhim çaşbaş qalmışdı.
– Gey görək əyninə necə gəlir.
– Baba, mənə lazım deyil, özünçün al.
– Gey ay bala, adam böyüyün sözünə qulaq asar.
– Axı baba...
– Gey, gey deyirəm!
Rəhim istər-istəməz geyindi.
– Bir belə çön görüm. Hə, lap əyninədi, bala, sağlığnan geyəsən.
– Sağ ol, baba!
Rəhim iri bədənnüma güzgüdə özünə baxdı, kostyum elə bil, əyninə biçilib tikilmişdi. Ürəyində tutqun bir sevinc duydu. Dönüb babasına fikir verəndə kişinin gözlərinin qeyri-adi bir şəkildə parladığını gördü.
Baba-nəvə Nadirəgilin pillələrini ağır-ağır yuxarı qalxırdılar. Üçüncü mərtəbədən uzun, qıvraq bir kişi qabaqlarına çıxdı; ayaq saxlayıb zənlə Müseyibə fikir verdi və birdən gur səslə:
– Mənim canımçın, bu, Nadirənin atası olacaq! —dedi. — Elədi, elə deyil?
Müseyib salam verib uzun kişinin sözünü təsdiqlədi.
– Elədi.
– Mənim canımçın, görən kimi ürəyimə gəldi. Gör necə oxşayırsınız!
Bu, Salmangilin həkim qonşusu idi. Görüşdü, xudahafizləşib getdi. Müseyiblə Rəhim beşinci mərtəbəyə danışa-danışa qalxırdılar. Səsə Sədəflə Nadirə çıxdı. Elə bu vaxt eynəkli qadın da başını qapının arasından qırağa uzatdı. İki daşın arasında fürsət tapıb Nadirəyə üz tutdu:
– Qonşu, bu kimdi?
Nadirə onun sözünü eşitmədimi, ya qəsdən cavab vermədimi, dinmədi. Qonşu arvad bu dəfə Sədəfdən soruşdu:
– Bu kişi kimdi, a?
– Atamızdı, — deyə Sədəf dilləndi. — Atamızdı. — Acıqla bir də təkrar elədi.
– Doğrudan?
Sözünə daha əhəmiyyət verən olmadığına görə qonşu arvad qapı arxasına çəkilib yox oldu.
Ceyhun ağ, qolsuz köynək geymişdi. Kənarda dayanıb Müseyibə baxırdı. Baba irəli yeridi:
– Yallah, yallah, kişi oğlu,— deyə nəvəsinin əlindən tutub sıxdı. Ceyhunun xırda, yumşaq əli Müseyibin düyün-düyün olmuş ovcunda görünməz oldu. Kişi əyilib nəvəsinin alnından da öpdü. Nadirə baba ilə nəvənin görüşünə tamaşa eləyirdi. Nədənsə ona elə gəldi ki, Ceyhun çəkinir, qorxur ki, babası üst-başını çirkləndirər. İkicə dəqiqə sonra Nadirə bu təxminində yanılmadığını yəqin elədi; Ceyhun mətbəxə keçdi və əllərini, üzünü yumağa başladı. Nadirə arxasınca gəldi:
– Bəs indicə yuyunmamışdın?
– Yenə yuyunuram. — O, şəhadət barmağını təkləyib başını qaşıdı.
Ceyhun alnına murdar bir şey yapışmış kimi, dırnağı ilə oranı qaşıyırdı. Nadirə onsuz da pərt idi; atası özünə kostyum almamış, elə yükçü paltarında durub bura gəlmişdi, üstəlik Ceyhun da belə... babasından iyrənirdi. Nadirə: «Eqoistlər!» — deyə ürəyində söylənə-söylənə qonaqların yanına keçəndə Salmanın turşumuş sir-sifətlə o biri otaqdan çıxıb, qaynatası ilə könülsüz görüşdüyünü gördü.
Müseyib kişi ayağa qalxdı.
– Əyləş, — deyə zorla dillənən Salman özü də onunla qabaq-qənşər əyləşib, yerə baxdı. Gecdən-gec soruşdu:— Gəncədə nə var, nə yox?
– Sağlıq, Gəncəynən də üzülüşdüm. Salman başını qaldırıb qaynatasının üzünə təəccüblə boylandı.
– Evimiz söküldü, çıxdım gəldim. — Kişi tutqun cavab verdi.
– Mənim bir rəhmətlik dostum vardı, deyərdi, harda günün xoş keçdi, ora vətəndi. Deyirəm, bu Bakı vağzalında elə xırda-xırda işlərəm.
Salman qaş-qabağını salladı: «Bu nə danışır?! Bizim tanışların gündə beş-onu Moskvaya, Riqaya, Tiflisə, nə bilim daha haralara gedir. O yanlardan gələnləri də var. Elə hərəsinə bir dəfə desə ki, mən professor Qurbanzadənin qaynatasıyam, işimiz düzəldi də!..»
Müseyib Salmanın gözlərinin içinə baxdı: «Salman dəyişib. Əvvəllər belə deyildi, özünü çəkmirdi. Amma indi...— Müseyib zorla özünü ələ alıb susmağı, hələ gözləməyi məsləhət bildi:— Qızı peşman eləməyim. Bəlkə işdən dilxor qayıdıb, heç mən fikirləşdiyim kimi deyil?»
Müseyib pərtliyini biruzə verməmək üçün ayağa qalxdı. Küsülü kimi oturmuş Rəhimlə Ceyhunun qabağında dayandı.
– Hə, niyə danışmırsız?
– Nə danışaq?— Rəhim soruşdu.
– Olandan-keçəndən. Ceyhun səfərdən gəlib, gəzdiyi yerlərdən danışsın.
– Nə danışım? O yerləri gərək gedib gözünlə görəsən. Yoxsa danışmaqla,— Ceyhun başını yırğaladı, bir şey çıxmaz.
Sədəflə Nadirə yaxşı bir süfrə açmışdılar. Balkonda manqal qızarır, külək körük vurur, şişlərə çəkilmiş təzə qoyun əti cızhacızla bişir, xoş iyi evə və küçəyə yayılırdı.
Sədəf atası üçün bozbaş gətirdi. Müseyib kasaya çörək doğradı, qabın böyrünə qoyulmuş çəngələ, bıçağa əhəmiyyət vermədən əli ilə yeməyə başlayanda Ceyhun «pıqx» eləyib güldü. Ancaq yaxşı ki, onu çeçəmək tutdu, nəyə güldüyünə fikir verən olmadı.
Salman isə tez duyuq düşüb oğluna baxdı və qəribə bir tərzdə gülümsündü, sonra üz-gözünü elə qırışdırdı ki, guya Müseyibin yeyişi onun iştahasını küsdürdü. Başını tərpədib könülsüz halda əlindəki qabırğanı sümürməyində davam elədi. Bunlar Nadirənin gözündən yayınmadı, qıpqırmızı qızardı. Açıb ağartsınmı? Lələsinə desinmi? Kişi pərt olmazmı?! Salman da, Ceyhun da gülür, lağ edir, hələ sonra nə qədər söz-söhbət olacaq...»
Nadirə özünü toplayıb astadan:
– Lələ, qaşıqnan niyə yemirsən?— dedi.
– Düzü, qızım, canıma sınmır. Mən bozbaşı həmişə əlnən yeyirəm. Elə bilirəm qaşıq onun dadını qaçırır,— deyə Müseyib izah elədi.
Nadirənin baxışları Salmanın baxışları ilə rastlaşdı. Nadirənin ürəyi istehzalı baxışlardan sıxıldı. Salman elə bil, deyirdi: «Yaxşı ki, evdə kənar adam yoxdur, yoxsa lap biabır olmuşduq...»
Üç-dörd dəqiqədən sonra Müseyib kişi xörəyini yeyib qurtarmışdı. Kənardan baxan adama elə gələ bilərdi ki, Müseyib aclıqdan çıxıb. Ona görə belə tez-tez «qovdu-qaçdı ilə» yeyir. Əslində isə bu cür yemək onun adəti idi. Yemək yeyəndə həmişə tələsmişdi, ömrü uzunu... Arxayın süfrə başında oturduğu yadına gəlmirdi. Heç bir işi olmayanda belə, tələsmədən, arxayınlıqla çörək yeyə bilməzdi.
Kişi kasanın qırağından iki əlli yapışdı. Boz-başın noxudlu suyunu xorultu ilə başına çəkib üstündən də bir «pəhh» elədi və kasanı yerə qoydu. Ancaq bu dəfə Ceyhunun gülməyini Müseyib özü də gördü və başa düşdü ki, nəvəsi ona gülür.
«Bu gedə öz-özünə niyə gülür, ə, görəsən?..» — deyə düşünən baba iri, parlaq gözlərini süfrə başında oturanların üzündə gəzdirdi. Əlini süfrədən çəkdi, köksünü ötürdü. O bu evdə çörək yemədi, elə bil zəhrimar yedi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İydə sovulmuşdu. Ancaq qollu-budaqlı ağacın əl-ayaq çatmayan nazik şaxlarının ucunda qalmış beş-altı iydə yeri-yurdu yandıran isti Gülüstan günəşi altında sarı kəhrəba dənəsi kimi parıldayırdı. İki boz sərçə cikkildəşə-cikkildəşə budaqdan-budağa atılır, iydələri dimdikləyir, həyətdə hökm sürən sükutu pozurdu.Saplağından üzülmüş iydə dənəsi ağacın kölgəsində həsirin üstündə oturmuş, ovduq-doğrama düzəldən Əfsanənin qabağına tappıltı ilə düşəndə gəlin səksənən kimi oldu. Bıçağı kasanın içinə qoyub iydəni götürdü; iydənin göynəyini sərçələr yırtmışdı — qabığını soyub ağzına atdı. Yaxşı yetişmişdi, xarlanmışdı. Tumunu çıxartmamış biri də Əfsanənin önünə düşdü, gülümsünə-gülümsünə onu da götürüb yedi və başını qaldırıb iydə «göndərən» sərçələri görmək istədi, lakin sıx, bozumtul yarpaqlar arasında gözünə heç nə dəymədi. Həsirin üstünə süfrə salınmışdı. Göy soğan, üç-dörd göy xiyar, arpa unundan bişirilmiş təndir çörəyi, üç dənə kasa və qatıq küpəsindən qeyri ortalıqda bir şey yox idi.
Birinci hissə, dördüncü fəsilArtıq günün şaxı sınmışdı: bozumtul yarpaqlı iydə ağacının kölgəsi sürünüb yerini dəyişmişdi. Hava azca sərinimişdi. Səbihənin iki saat qabaq yoğurduğu xəmir «gəlmişdi». Arvad dizlərini yerə qoyub gündələyirdi. Hasarın dibindəki təndirin qırmızı, tüstüqarışıq alov dilləri burula-burula yuxarı qalxır, yanan çör-çöpün, ot-əncərin qaralmış-bozarmış xırda gülləri havada oynaşırdı.Elməddin təzəcə payalarını basdırdığı çardağın üstündə dayanıb (elə bil, bu saat uçacaqdı) qamış döşəyirdi — altına odun-ocaq, tir-tikan yığmaq üçün. Yanacaq qışın yağışı-qarı altında qalıb çürüməsin deyə. Əfsanə tövlənin böyründə qalaqlanmış tikanı çardağın altına daşıyırdı. Heç kəs ona belə göstəriş verməmişdi — özü işləmək, evin işinə kömək etmək istəyirdi. Tikanların əlinin nazik dərisinə batdığı yerdən xırda-xırda qan qətrələri pırtlayıb çıxırdı. Göynərtisi ürəyini sızıldadırdı. Sanki əllərinin ikisini də biləkdən aşağı isti suyun içinə basıb pörşələmişdin — od tutub yanırdı. Dirəyin üstündən baxan Elməddinin gözü Əfsanənin qızarmış əllərinə sataşanda canıyananlıqla söylədi:
Birinci hissə, beşinci fəsilKəndin kənarındakı düzənlikdə qırmızı lalələr açılmışdı. Göz işlədikcə hər yan sanki alışıb-yanırdı, sakit bir atəşlə yanırdı. Hərdən çırpınan bahar mehi çöllərin allı-güllü xalısını dalğalandırırdı.Kömgöy çəmənlikdə ağır-ağır, tələsmədən addımlayan Elməddinin ayaqqabıları səhər şehindən islanmışdı. Ağ dağın zirvəsindən yenicə qalxmış Günəş hələ lalələrin xallı piyalələrindəki ağ mirvari danələrini ilıq nəfəsi ilə qurutmağa macal tapmamışdı.
Birinci hissə, altıncı fəsilElməddin evə qayıdanda Əfsanə damın böyründə çömbəltmə oturub qabağına qoyduğu iri, paxırdan qızarmış teştdə paltar yuyurdu. Su isti olduğundan teştdən buxar qalxır, bir az aralıdakı ocağın burulubucalan tüstüsünə qarışırdı. Ocağın üstündə iri su qazanı qaynayırdı.Əfsanə islanmış paltarları çəngələdikcə bədəni yırğalanır, su kənara sıçrayırdı. Başı, üzü açıqdı. Ağ dizləri görünürdü. Uzun hörüklərinin biri ağ çiynindən sürüşüb qabağa, o biri isə kürəyindən axıb yerə dəyirdi. Əndamı tərpəndikcə hörükləri də asta-asta yırğalanırdı.
Başqa şairlərin şeirləri
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Buzlu yollarHər tərəf buz içində, buzdur hər tərəf,Qorxur günəş də orda olmasın tələf,
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Niyə...Sən ki, o yolları son dəfə keçdinNiyə daş olmadın, ayağım, niyə?