Aradakı incikliyi, giley-güzarı unudan Salman otağa girən kimi təzə xəbəri Nadirəyə birnəfəsə söylədi. Nadirə əlindəki qələmi yerə qoyub qulaqlarına inanmırmış təki Salmanın üzünə baxdı.

– Heç nə başa düşmürəm, — dedi. Salman Orxanın gündəliyini Nadirəyə sarı uzatdı, vərəqləyib son səhifəsini açdı:

– Bunu oxu, hər şeyi başa düşərsən. Orxanın gündəliyidir. Kağız-kuğazın içindən tapmışam.

Nadirə dəftəri aldı. Mizin üstünə qoyub Salmanın göstərdiyi səhifəni oxumağa başladı. .

Nadirə hökm verməyə tələsən adam deyildi: Orxanın gündəliyi ilə yaxından, ətraflı tanış olmağı üstün tutdu və dəftəri başdan-ayağa, ötəri də olsa, nəzərdən keçirdi.

Bu, çox ciddi məsələ idi. Hələ bu, gündəliyin varlığından bixəbər olan Gülmirə üçün, Əqdəmin özü üçün nə qədər maraqlı və necə də əhəmiyyətli məsələ idi.

Nadirə düşündükcə Orxanın solğun və yorğun siması gözü önünə gəlir, gündəlikdəki sözlər sanki səs kəsb edir, Orxan hiylədən-məkrdən uzaq bir səmimiyyətlə, özünə xas bir təmkinlə olub-keçənləri onlara danışır və beləliklə, Gülmirənin üstünə düşən qara ləkəni yuyub safa çıxarırdı. Orxan sanki o dünyadan, məzardan dillənib dağılmaq təhlükəsi qarşısında olan bu günahsız ailəni müdafiə edir, qara-qorxunc şübhələri bu ailənin başı üzərindən uzaqlaşdırmağa çalışırdı.

Nadirə Orxanın gündəliyini nəzərdən keçirdikcə iki cavanın arasında yaranmağa başlayan səmimi münasibəti dərindən hiss edir, bu səmimiyyətin getdikcə atəşin bir məhəbbətə çevrildiyini görürdü. Onlar təkcə hisslərin qanadında uçmayıblar, onları ağıl-idrak da mühakimə və idarə edib özünün qadir, aqil hökmü ilə xəyanət yolundan uzaqlaşdırıb. Onlar uçurumun qırağına gəliblər, ancaq o uçuruma düşməyiblər. Ağıl, idrak hissə qalib gəlib.

Orxana — indi daha heç bir şey söyləmək iqtidarana malik olmayan Orxana kömək eləmək, onun sözünə qüvvət vermək zərurəti çıxırdı meydana. Gülmirəni təmizə çıxarmaq, şübhəni onun adı üzərindən götürmək zərurəti!

– Yaxşı oldu, Salman, bu gündəlik tapıldı,— deyə Nadirə sevincini gizlətmədən söhbətə başladı.— Yoxsa o qız lap gözümdən düşmüşdü. Yazığım da gəlirdi ancaq daha çox qəzəblənirdim, Salman. Əqdəm kimi bir oğlana xəyanət etmək, onun qol-qanadını sındırmaq, ən azı, vicdansızlıq olardı. Mən inanmışdım. İnanmışdım ki, o, Əqdəmə xəyanət eləyib.

– Mən də,— deyə Salman onun sözünə qüvvət verdi.

—Əqdəmi o vəziyyətdə görəndə mən lap varımdan yox oldum. Dəli vəziyyətində idi, Salman. İndi məsələ aydınlaşır. Sevirmiş onu, sadəcə sevirmiş. Aralarında başqa, çirkin heç bir şey olmayıb, demək.

Ər-arvad çox götür-qoy elədi. Yollar-çarələr axtardılar. Gülmirəyə bu dəftəri göstərsinlərmi? Axı indiyəcən ona Salman da, Nadirə də məsələni bildiklərini qandırmayıblar. Qoy utanıb sıxılmasın, gözükölgəli olmasın, — deyiblər. Öz dərdi özünə bəsdi, — deyiblər. İndi necə, desinlərmi? Salman məsləhət bilmədi. «Qoy onun xəbəri olmasın». Nadirə ayrı təklif irəli sürdü: «Bu dəftəri Əqdəmin özünə göndərək, oxusun, hər şeyə özü inansın. Bilsin ki, Orxanla onun arvadı arasında ciddi heç nə olmayıb».

Salman Nadirənin bu fikrini bəyəndi. Ancaq Əqdəmin ünvanını haradan tapmalı?

Gülmirə şəhərdə yox idi. Mərdəkanda istirahət eləyirdi. Əqdə-min ünvanını ondan başqa kim bilirdi?

– Səhər tezdən mən Mərdəkana — Gülmirənin yanına gedərəm. Ünvanını öyrənərəm, — deyə Nadirə qətiyyətlə bildirdi və ayağa durdu: — Yatmaq vaxtındı. Gecdi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on beşinci fəsil

Kiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.

13 dəq
İkinci hissə, on altıncı fəsil

Siminbər tezdən oyandı. Bu, onun uşaqlıqdan elədiyi adət idi. Atası evində olarkən, demək olar ki, anası ilə birgə qalxardı yatağından, sil-süpür, yır-yığış işlərində anasına kömək elərdi. Fatimə bazara gedərdi, o isə uşaqların yanında qalardı, oynadardı, başlarını qatardı. Simin anasının sağ əli idi. Ona görə arvad, demək olar ki, hər gün bir neçə dəfə qızına alqış-sana eləyər:– Səni görüm xoşbəxt olasan, bala! — deyərdi. Ana bu sözləri o qədər demişdi ki, onun haçansa, haradasa xoşbəxt olacağına ürəyində möhkəm bir inam yaranmışdı. Beyninə batmışdı ki, o, mütləq xoşbəxt olacaq — intəhası geci-tezi var. İndi Simin yuxulu gözlərini açıb özünü qar kimi ağappaq, yumşaq və isti yorğan-döşəkdə, Elməddinin böyründə görəndə sinədolusu nəfəs aldı, şirin-şirin gərnəşdi, həqiqətən xoşbəxt olduğunu anlayıb hədsiz dərəcədə sevindi: anasının dəfələrlə dediyi o sözləri xatırladı və ürəyindəcə, səssiz-səmirsiz: «Sənin arzun çin oldu, ana. Mən bəxtəvərəm, ana!»

11 dəq
İkinci hissə, on yeddinci fəsil

Ətiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı

8 dəq
İkinci hissə, on səkkizinci fəsil

Heyranın gəlişi ilə Nəcməddinin çoxdan bəri sükunətə qərq olmuş malikanəsində həyat əvvəlki qaydasına düşürdü yavaş-yavaş. Nə vaxtdan qadın nəfəsi, qadın əli dəyməyən ev-eşik indi isinmişdi, səliqə-sahman yaranmışdı. Ürək sıxan məhzunluq, kədər harasa uçub getmişdi. Tək qalıb çox zaman öz-özünə danışan, körpə ilə oynayan, başını qatmağa çalışan, ancaq bütün bunlarla da həyatında əmələ gəlmiş boşluğu doldura bilməyən, buna görə də son dərəcə üzüntülü günlər keçirməyə məcbur olan Əbdül, Heyranın gəlişini əvəzsiz bir nemət kimi qiymətləndirir, söhbət etməyə, dərdi-dil eləməyə, məsləhətləşməyə bir həmdəm, bir nəfəs tapdığından uşaq kimi sevinir, yerə-göyə sığışmırdı. O indi bu evin ağası, başıpapaqlısı, külli-ixtiyar sahibi olsa da, özünü lap Dünya xanımın, ağayi Nəcməddinin sağlığında olduğu kimi sadə, demək olar ki, nökər kimi aparır, qüdrətini, gücünü hiss etdirmir, mehribanlığı, qayğıkeşliyi, canıyananlığı ilə Heyranın xoşuna gəlməyə çalışır, burada özünü qərib, kənar adam kimi hiss eləməyə qoymurdu. Danışır, gülür, Heyranın sıxılmasına, çəkinməsinə qətiyyən imkan vermirdi. İstəyirdi ki, o, şad yaşasın, boş-bikar qalıb çox istədiyi mərhum ərinin yoxluğu barədə düşünməsin: unutsun onu da, dərdini də. Lap əvvəl gündən, burada qalacağının razılığını aldığı gündən Əbdül Heyranı yaxşıca yedirdib qonaq eləyəndən sonra yanına salıb otaqları bir-bir gəzdirmiş, evin üzdə olan bər-bəzəyini göstərmişdi. Heyran siftə gələndə bu otaqlara ötəri baş çəkmişdi, ancaq, həyəcanlı olduğundan, heç nəyə diqqətlə, doyunca baxa bilməmişdi, indi arxayın-arxayın hər şeyə tamaşa eləyir, zəngin, müzəyyən bir muzeyi xatırladan otaqlar, ömründə heç vaxt, heç yerdə belə bərbəzəkli ev-eşik görmədiyi üçün onun gözlərini qamaşdırır, könlünü oxşayır, fərəhləndirirdi. Dünya bacısının bu cah-calal sahibi olması ona qəribə, inanılması mümkün olmayan bir nağıl, əfsanə kimi görünürdü. Əbdülün dediyindən məlum olurdu ki, bu otaqlar elə beləcə, bax bu səliqə-sahmanda da qalmalıdı, çünki onu Dünya xanım belə düzəltmişdi, Əbdül istəmirdi ki, bu nizam pozulsun. Heyran evləri silib-süpürəcək, ancaq səliqə-sahman elə-belə, olduğu kimi qalacaq. Sonra Əbdül Heyranı həyət-bacada gəzdirmiş, qarajı, hamamı, anbarı, vaxtilə özünün yaşadığı hücrəni göstərmişdi. Hücrənin içinə baxanda Əbdül ona demişdi:– Mən buranı sizin üçün nəzərdə tutmuşdum. Demişdim ikiniz yaşarsınız. Ancaq... qismət olmadı. Heyran kədərli-kədərli köks ötürüb:

13 dəq

Başqa şairlərin şeirləri