Sən xalq şairi ol, canın sağ olsun,Qara camaatın şairiyəm – mən.Sən sevinc içində boğul, qəmin kəm,Bu dərdli elatın şairiyəm – mən.

Fəxr et ki, hər yerdə adın başdadır,Haram şan-şöhrətin dadı başqadır.Şöhrət baş aldadır, şöhrət baş qatır,Başqa bir həyatın şairiyəm – mən.

Daha səngiyibdir o səs-səmirin,Dərin bir sükuta qərq olub, ömrün.Sən şirin şərbət iç kefindən hər gün,Bu acı həyatın şairiyəm – mən.

Daha indən belə dahisən, oğul!Ad səni yaşadır, o – ağa, sən – qul!Səfakeş üstə qatın dostu oldun, ol!Cəfakeş alt qatın şairiyəm mən.

İndi ayıran yox qızılı misdən,Gecəni gündüzdən, kömürü hisdən.Bunu eləyənlər eləyir qəsdən,Belə təsnifatın şairiyəm – mən.

Bir umu-küsüdən bu boyda giley?Nə tale suçludur burda, nə də göy.Niyə doğma şerim görünür ögey?Guya ki, bir latın şairiyəm – mən.

Nahaq çıxıb durub, haqdan yuxarı,Qara dırmaşıbdı, ağdan yuxarı.Məhək daşı yoxdur xalqdan yuxarı,Haqqın-ədalətin şairiyəm – mən.

14.07.2005

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri