I

Sənə min göz baxıb, alışa-yana…
Bir cütü yadında qalıbmı görən?
Hamıya bir gözlə baxma, sonala,
Axı, onlar kimi baxmamışam mən.

Bu göz tünlüyündə qarışıq düşüb,
Gözünə dəyməyib gözlərim, yəqin.
Gözündən könlümə bir işıq düşüb,
Sönüncə yolunu gözlərəm sənin.

II

Saralıb hicrandan gözümün kökü,
Yoxsa gözə gəldin, gözə görün bir!
Üstümə bir həsrət dumanı çöküb,
Gözümə bu boyda dünya görünmür.

Gözüm yolda qalıb, yol intizarda…
Gəl məni sevindir, yol kama çatsın.
Bir gözün bir gözə hökmü çatar da,
Bir soyuq ürəkdə sevgi oyatsın.

III

Bir an olmamısan gözümdən iraq,
Sənə səndən yaxşı göz olub eşqim.
Göz görüb bəyənsə, ürək susacaq,
Gözə yazılanı dəyişməz heç kim.

Gözündən könlümə nur sapı düşüb,
Onu yığıb-yığıb taparam səni.
Bircə arzum qalıb bir də görüşüb,
Sevda dünyamıza aparım səni.

Bakı, 1967

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran