Mahirə Abdullanın qatmaqarışıq nizamı
Bu yazı – bu kitabı görən kimi fikrimə gələn ilk təəssüratdır! İlk təəssürat – ilk məhəbbət kimi, bir az kor, bir az mübaliğəli olur. Amma çox təbii, ilkin və saf!
İndi keçirəm yazını oxumağa. Yaşımı nəzərə alın. Bu qədər sözü əzbər deyə bilmərəm.
Mahirənin əvvəlki kitabının adı «7 ayın ovqatı»dır. Bu kitab da elə o kitabın sovqatıdır. O misralar ki, «7 ayın ovqatı»nda vardı, burda onlar metamarfozaya uğrayıb, xəttə çevrilib. Bu hala «istihalə» deyirlər. Türk dilində bu söz sadəcə «çevrilmə»dir. «Qatmaqarışıq nizam» – təkcə kitab adı deyil. Təbiətin bir adıdır. Kainatın sinonimidir. Həyatın görünən xətləridir. Bu xətlər çəkilməyə başlanan anda qələmin ucu qoyulan nöqtənin yeri bilinirdi, şəkli çəkiləndən sonra o nöqtə gözdən itdi. Nöqtə gözdən itən kimi xətlər bir-birinə qarışdı. Bu xətlər fikrin modelləridir. Xəyalın saplarıdır. Yuxunun kserokopiyasıdır. Yerdən Göyə, Göydən Yerə rabitə telləridir. İsmarıclardır. Gənclər buna «mesaj» deyirlər.
Şeirdə söz var, oxuyub başa düşürsən. Bu şəkilləri başa düşmək üçün gərək sən də şairin bu şəkili çəkəndə nə çəkdiyini başa düşəsən. O əhval-ruhiyyəni, o ovqatı yaşayasan. Qayıdasan «7 ayın ovqatı»na!
Şəkillərə verilən adlar da şərtidir. Məsələn: «Demokratiya» (ikinci şəkil). Mən «Don-Kixot» adlandırardım. Çünki orada yel dəyirmanına bənzəyən bir şey gördüm. Amma körpənin adını öz anası qoyar. Bu həqiqətdir ki, kim şəklə hansı bucaqdan baxarsa, nəyə oxşadarsa, ad da qoya bilər. Bu, elə həyatdır! Çoxtinli, çoxtərəfli, ziddiyyətli, ağlı-qaralı həyat!
Çünki həyat deyəndə ölüm yada düşür. Bunlar bir-birinin içindədir. Bu kitabda toplanan qatmaqarışıq şəkillər – Göydən Yerə, sonra da Yerdən Göyə nizamla uzanan şüalardır. Adicə top yerə dəyib, sonra yuxarı qalxır. Yerdən su içməsə, sünbül də bitməz. Göydən Yerə fikirlər yağdığı kimi, Yerdən də göyə fikirlər axışır. Bu şəkilləri çəkən əllər də şüadır. Bu şəkillər birər-birər dualardır. İn-SAnın Tanrıya münnətdarlığıdır.
Mən Mahirəyə demişdim. Bu həftə başım bərk ağrıyırdı. Bu şəkillərə baxa-baxa, bir də baxıb gördüm ki, başımın ağrısını bıçaqla kəsdilər elə bil! Söz var ki, müəmma baş ağrıdar. Amma bu müəmmalar mənim başımın ağrısını kəsdi. Deməli, bu şəkillərdə nəsə var. O hər nədirsə, həm də şəfalıdır. Gözyorucu, darıxdırıcı deyil, gözoxşayan və sakitləşdiricidir. Kimsə Mahirənin əlindən tutub bu dəfə söz əvəzinə, sözün şəklini çəkdirib ona. Şeirdən əvvəlki dövrə, Qobustandan əvvəlki çağa qaytarıb onu. Sonra yenə bugünə qayıdıb, gələcəyə baş çəkib. Bu şəkillərdə Keçmiş, Bu gün, Gələcək bir-birinə qarışıb. Özü də bu zamanlar donuq şəkildə deyillər. Hərəkətdədirlər. Civə kimi oynaqdırlar. Saat kimi oyaqdırlar.
«Qatmaqarışıq nizam» elə budur. Qatmaqarışıq nizam Eynşteynin nisbilik nəzəriyyəsinə bənzəyir bir az! Sufiliyin, hurifiliyin gözlə görüləsi, əllə tutlası şəkillərdir bəlkə!
Mahirə özü boynuna alır ki, mən şəkil çəkə bilmirəm. Amma şəkil çəkir. Özü də çəkilir durur bir kənarda, çəkdiyinə baxır. Gözünə inanmır. Qələmin ucunda uzaqdan idarə edilən düymə var. Yadımdadır, mən birinci sinifdə oxuyanda ucudüyməli qələmlər var idi. O qələmlərdən indi yoxdur. O qələmlərə hüsni-xətt qələmləri deyilərdi. İndiki yazılarda hüsn (gözəllik) yoxa çəkilib. Xətt qalıb ancaq. Deməli, hüsni-xəttin də əsası, dayağı xətdir. Göy, göy qurşağı, kəhkəşan, ağ yol, hətta qara lağımlar, (dibsiz səma tunellər) xətdir. Yer, yollar, dərələr, dağlar, səhralar, meşələr, ağaclar, daşlar xətdir. İnsan, ailə, tayfa, qəbilə, el-oba, millət xətdir. Sevgi, arzu, ümid, təsəlli, vüsal, sevinc bir xətdir, ayrılıq, dərd-qəm, intizar, təklik bir xətdir. Burdakı bütün şəkillər də xətdir. Xətt əyri və düz olur. Bu əyri və düz xətlər birləşəndə şəkil olur. Həyat da əyri və düz xətlərdən ibarətdir. Hər şeyin üstündən xətt çəkmək olar. Təkcə xəttin üstündən xətt çəkmək olmaz.
İşdir, əgər xəttin üstündən xətt çəksən, müsbət alınacaq. Toplama işarəsi olacaq. Toplama olan yerdə çıxma yada düşəcək. Yenə iki xətt – müsbət və mənfi xətlər yan-yanaşı yol gedəcək. Hətta bərabərlik işarəsində də üst-üstə, ya alt-alta yazılan iki xətt də bərabər deyil. Biri üst xətdir. Biri alt xətdir. Bax, elə budur qatmaqarışıq nizam. Bərabərlikdə bərabərsizlik!
Bu qarışıq xətlərin arasında ilişib qaldığım bəsdir. Vaxtdır, bir az yana çəkilim. Hərçənd ki, bu xətlərin əhatəsindən çıxmaq olmaz.
Son zamanlar jurnallarda, qəzetlərdə (istəyirsiniz rənglərini də deyim) boz. Sarı, hansı bir məsələnin ağını çıxardan ağ mətbuatda «postmodernizm» adı altında yeni-yeni çiy, qatmaqarışıq, amma nizamsız şeirlər, romanlar sırıyırlar bizə.
Sizə «postmodernizm» lazımdırsa, alın «bu şəkilləri»!
Bizə düşmən gözü ilə Qərbdən gətirilən «postmodernizm» lazım deyil. Bizə olsa-olsa, «Dostmodernizm», yəni, dost-doğma Modernizm – Yeniləşmə lazımdır ki, onu da özümüz yazıb-yaratmalıyıq.
«525-ci qəzet», 6 dekabr, 2006-cı il
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-mahire-abdullanin-qatmaqarisiq-nizami
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Oxumaqla bülbül olmaz sərçələrOxumaqla bülbül olmaz sərçələr,Budaq kölgəsində daldalansa da.
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.