Səhifə 1 / 3

Böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın bədii irsinin xeyli hissəsi farsca olsa da, onun doğma ana dilində – türkcə qələmə aldığı əsərlər də, özünün yüksək poetik məziyyətlərinə görə, misilsiz sənət nümunələridir. Son 50 ilin qəti şəkildə təsdiqlənmiş həqiqətlərindən biri budur ki, Şəhriyar təkcə Azərbaycan, İran və şərq poeziyasının deyil, ümumilikdə dünya ədəbiyyatının görkəmli simalarındandır. Amma bu da danılmaz həqiqətdir ki, Şəhriyar vətəndaşı olduğu ölkənin – İranın təəssübünü nə qədər çəksə də, farsdilli şeirin gözəl nümunələrini yaratsa da, soykökünü bir an unutmayıb, ömrü boyu ürəyində sonsuz Azərbaycan eşqi, türk dili sevdası daşıyıb. Hətta İranda irticanın ən amansız dövründə, şərin, şovinizmin meydan suladığı zamanlarda da Şəhriyar mənsub olduğu xalqa, Azərbaycana bəslədiyi əzəli-əbədi sevgini dilə gətirməkdən, Ana vətənini tərənnüm etməkdən çəkinməyib. Məhz, bu tükənməz sevginin məhsulu kimi Şəhriyar qələmindən Azərbaycan yanğılı poetik nümunələr çıxıb, türkdilli poeziyanın nadir incilərindən olan «Heydərbabaya salam» yaranıb. Şairin bu ruhda yaratdığı gözəl əsərlərdən biri də farsca qələmə aldığı «Azərbaycan» şeiridir. İranda türk sayılan, özünə «türkəm» deyən hər kəs üçün ağır bir dövrdə yazılmış bu şeirin meydana gəlməsinə görə biz, sözsüz ki, Şəhriyara – onun qüdrətli şair qələminə, böyük vətənsevərliyinə və hədsiz cəsarətinə əbədi borcluyuq.

Son vaxtlar İran həm daxilən təlatümlər keçirir, həm də xarici aləmlə münasibətlər baxımından ciddi gərginlik içərisindədir. Bu proseslərin fonunda Şəhriyarın soydaşlarının – İrandakı azərbaycanlı-türklərin taleyi xüsusi narahatlıq doğurur. Görünür, bu da təsadüfi deyil ki, Şəhriyar zaman-zaman belə keşməkeşlər yaşamış Güney Azərbaycanın İrandakı azərbaycanlı-türklərin taleyini, sabaha gedən yolunu özünün «Azərbaycan» şeirində mükəmməl səviyyədə təcəssüm etdirib.

Qeyd etdiyimiz kimi, Şəhriyar «Azərbaycan»ı farsca qələmə alıb, şeirin bu tayda – Bakıda doğma dilə tərcüməsi və nəşri ötən əsrin 60-cı illərində həyata keçib. Şeirin poetik tərcüməsi dəyərli şairimiz Fikrət Sadığın qələmindən çıxıb. «Başı çox bəlalar çəkmiş» (ifadə F.Sadığındır) bu şeirin sətri tərcüməsi isə unudulmaz alimimiz, Azərbaycan ədəbiyyatının və Şəhriyar irsinin fədakar tədqiqatçısı Qulamhüseyn Beqdeliyə məxsusdur. Bu şeirin Azərbaycan türkcəsinə tərcümə zamanı guya təhrif edildiyi, F.Sadığın çevirmə zamanı guya məzmun baxımından ifrat sərbəstliyə yol verdiyi barədə arasıra iddialar səsləndiyi məlumdur. Oxuculara təqdim etdiyimiz bu məqalədə F.Sadığın «Azərbaycan»ın ana dilimizə tərcümə olunmasının tarixcəsini açıqlayan şeirlə bağlı illərdən bəri səslənən məlum mülahizələrə münasibət bildirir.

Seyfəddin Hüseynov

1961-62-ci illərdə mən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində beşinci kursda oxuyurdum. Diplom işi yazırdım. Mövzu «Məhəmməd Hadinin sənətkarlığı», elmi rəhbərim, müəllimim görkəmli şair Bəxtiyar Vahabzadə idi. Bir axşam Bəxtiyar müəllimgilə getmişdim. Orda ədəbiyyatşünas alim Şəhriyarı bu taya «gətirənlərdən» biri – Qulamhüseyn Bəydili (Beqdeli) ilə görüşdüm. Bəydili müəllim demə, bura gəlibmiş ki, Şəhriyarın üç şeirini Bəxtiyar müəllimə tərcümə elətdirsin. Amma məlum oldu ki, Bəxtiyar müəllim harasa, uzağa iki aylıq müalicəyə gedir, Bəydili müəllim dedi ki, mənə tez lazımdır.

«Azərnəşr»də «Şəhriyar» monoqrafiyam var, bu tərcümələri misal kimi orda işlədəcəm. Axırda Bəxtiyar müəllim bir çarə tapdı, dedi, şeirləri verək tələbəm tərcümə eləsin. Bəydili məni tanımırdı. Bəxtiyar müəllim Məhəmməd Hadiyə yazdığım elegiyanı mənə oxutdurdu. Bəydili naümid razı oldu. Hər üç şeiri çox dəqiqliklə edilmiş sətri tərcümələrini mənə verdi: «Azərbaycan», «Mumyalanmış adam», «Eynşteynə xitab».

Bu məqaləni yazmaq üçün köhnə kağızlarımın içindən həmin sətri tərcümələri tapdım. Tanrıya şükürlər olsun ki, itməyib. Çünki bu şeirlərdən birinin başı çox bəlalar çəkib. Bəlkə də, adının «Azərbaycan» olmasındandır. Çünki Azərbaycanın da başı olmazın bəlalar çəkib. Bu yazıya həmin şeirin həm sətri, həm də bədii tərcüməsini qoşuram.

İndi mən, gec də olsa, inanmayanlara, dedi-qodu yapanlara cavab verirəm. Tutuşdurun! Durun, bir az fikirləşin. Əgər, şeirin mənbəyini də bilmək istəsəniz, onu da deyirəm. Şəhriyar. «Divan», I cild, səh. 132. Fars dilini bilənlər tapıb, bu şeirin varlığına və yəqinliyinə inanarlar.

Bircə bunu bəribaşdan deyirəm, bayaq adını çəkdiyim «Məhəmmədhüseyn Şəhriyar» monoqrafiyası 1963-cü ildə işıq üzü gördü. O kitab bu tayda Şəhriyarı tanıtmaq üçün atılan ilk addımlardan biri, çox da uğurlu addım idi. Mənim tərcümə elədiyim «Azərbaycan» şeiri həmin monoqrafiyada misal çəkilir və bu şeir haqqında Qulamhüseyn Bəydili deyir: «Göründüyü kimi, bu şeirdə qəzəllərindəki mistik əhval-ruhiyyədən bir əlamət yoxdur. Burda odlu bir ürəyin çırpıntısı ilə bərabər, azadlığa çağırış vardır».

Mən də şeirdəki azadlığa çağırış ruhunu saxlamışam. Bu işıq telində köklənmişəm.

«Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!» – deyən şairin sözləriylə qanadlanmışam. Bəlkə də yeganə günahım bu olub ki, mən bu şeiri başa düşmüşəm. Bizim zamanda başa düşmək o qədər də müsbət keyfiyyət sayılmır. Nadanlar daha hörmətlidirlər.

Şeir farscasından çıxıb, türkləşdikcə daha aydın, daha parlaq göründü. Bəzi nakəslərin gözünü qamaşdırdı. «Şəhriyar bu cür açıq-açığına azadlığa çağırmaz» – dedilər mənə. Şəhriyara gücləri çatmırdı, tərcümələrinə daş atırdılar. Amma bu daş qayıdıb öz başlarına düşdü.

Zaman keçdikcə inandılar ki, Şəhriyar azadlıq carçısıdır. Mən şeirin fars libasını dəyişdim. İzafət birləşmələrindən təmizlədim. Orda qafiyələr yad-e, azad-e, ustad-e, şümşad-e, Fərhad-e Azərbaycan… şəklində gedirdi. Mən qafiyəni dəyişdim. Amma həcmini, qəzəl şəklini, məna və məzmunu olduğu kimi saxladım. Vəzni əruza çox yaxın olan 16-lıq hecayla əvəz etdim. Bu, daha doğmadır. Türkcə məgrur səslənir. Sərtdir.

Qaldı «tərcümədəki üsyankarlıq ruhu hardan gəlir» sualına, bir də təkrar edirəm: Elə Şəhriyardan! Onun bu şeirinin hər sözündə, hər beytində həqiqət və üsyan var. Bu ruha bir az da 60-cı illərin inqilabiliyi qarışıb. «Azərbaycan» şeiri bizim üçün 60-cı illərin şeiridir. Budur cavab! Mən bu şeiri o taydan gətirmişəm, indi də bu taydan o taya aparmaq lazımdır. «Varlıq» dərgisi bunu bir dəfə eləyib. Bu tərcümə 1982-ci ildə dərginin iyun-iyul sayında Tehranda dərc olunub. Tərcümə öz qafiyələri ilə qalsaydı, yenə fars şeiri olacaqdı. Mən bunu fəhmlə, göydən gələn vəhylə bilirdim. Mütləq qafiyə – rədif vəhdətini pozmalıydım.

Fars mənim bütöv Ana yurdumu iki yerə bölüb ayıra bilərmiş. Mən onun (farsın) qafiyəsini rədifdən ayıra bilmərəm yəni?! Əvəzində qafiyə ilə rədifi həmqafiyə elədim:

«Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız deyib heçdir Vətənsiz can – Azərbaycan!»

Mən bu işi gördüm. Tərcümə alındı. Tapıldı! Bu kəşfi mən böyük şairimiz Məhəmməd Hadinin adına çıxıram. Əlimin altındakı diplom işində onun «Əşari-pərişan» və yaxud «Solğun çiçəklər» adlı şeirini təhlil edirdim. Ordakı qafiyə-rədif sırasını bəyəndim:

«Şövqi-Vətən ilə ürəyim qan, pərişan,

Könlüm kimi ol dilbəri vicdan pərişan.»

Burda qafiyə ilə rədifin həmqafiyə olması bənzərsiz bir ahəng, musiqi, alliterasiya yaradır. Bu da türk şeirinə xasdır. Qafiyə ilə rədif arasındakı bir nəfəs dərimi dayanıb, sonra ucadan «Azərbaycan» deyəndə səsin hər iki taya yayılır. Şəhriyarın da ruhu şad olur. Tərcümə nədir? Əslində ən dəqiq tərcümədə də qüsur tapmaq olar. Şeir ana dilində yazılmalıdır, ana dilində də oxunmalıdır. Bir dəfə böyük rus şairi A.Puşkinin yubileyi ərəfəsində tərcüməçilər əl-ayağa düşdülər. Onda yazmışdım ki:

(«Yubileyqabağı»)

«Yubiley oldu mütərcimlər
daraşdılar Puşkinə.
Özlərinə gün ağladılar,
Puşkini qoydular pis günə».

Çünki bunların bəziləri özlərindən söz, misra, hətta bütöv bir parça artırırdılar. Elə tərcümələr də vardı ki, görürdün burda əsərdən əsər-əlamət qalmayıb. Mən bunları görürdüm, bilirdim. Odur ki, hər hansı bir şeiri tərcümə eləyəndə həcmini, şəklini, məna və məzmununu qorumağa çalışmışam. Gücüm çatanda vəzni də, formanı da saxlamışam.

Qeyri-təvazökarlıq olsa da, bir misal çəkəcəyəm. Mənim bir miniatür şeirim var:

«Üç cür olur zurnaçılar;
Biri elə zurna çalar,
Biri belə zurna çalar,
Biri də elə-belə zurna çalar».

Görün, bu şeiri gözəl şairimiz Mənsur Vəkilov rus dilinə necə düzgün tərcümə eləyib:

«Odna duda iqraet tuda,
Druqaya duda iqraet suda,
Tretya duda – i tuda, i suda».

Burda əsli türk sözü olan, sonralar ruslaşan «duda» sözü düdük, tütək – necə də yerinə düşüb. Dəqiqliyə baxın!

Mənim fikrimcə şeirin ruhu, məna və məzmunu, həcmi və şəkli gözləniləndə tərcümə alınır. Tərcümə – kserokopiya deyil.

Tərcümə elədiyini də, o şeiri oxuyacaq millətin dilini də bilməlisən. Tərcümə etdiyin əsərdə müəllifin dərdi ilə tərcüməçinin dərdi də eyni görünməlidir. Bu mənada mənim bəxtim gətirib. Çünki mən elə bir şairi tərcümə eləmişəm ki, onun dərdi ilə mənim dərdim birdir, eynidir. Bizi rusnan fars iki yerə bölüb, Şimalı və Cənubi Azərbaycanlar elədilər. Bu Azərbaycanlar – bizim Vətənimizdir. Sonralar «bölmə ustaları»na bu az göründü. Bizi təzədən iki yerə – Qərbi-Şərqi Azərbaycanlara böldülər. Olduq dörd para, dörd parça. Parça-parça parçalandıq. İndi dörd cəhətin dördü də cəm olub bizdə. Dünya fırlanır deyirlər, fırlanan cisimlər fırlandıqca üstündəkiləri də fırladır. Bu cisimlər fırlandıqca bir-birinə sıxılır, qarışıb bütöv olur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri