Ağzındakı dilindən bir ibrət al!
Çevik gərdişinə bax!
Gördüyü işinə bax!
Otuz iki düşmən –
dişin arasında
cəsarətlə ömür sürür.
Müstəqildir, əyilməzdir,
Yeri darısqal olsa da.

Lap dönüb lal olsa da,
İnadından
dönməz bir an.

Mat qalmışam sənə, insan!
İndi ki, sən belə azad,
belə məğrur,
fail-muxtarsan belə.
Bəs nə üçün
bir düşmənlə bacarmırsan?
Barışırsan taleyinlə,
Haqsızlığa baş əyirsən.
Elə bil ki,
o, əvvəlki
türk oğlu türk deyilsən?!


Təəccübdən, heyrətdən
«Ayağım altdan
yer qaçdı» – deyirlər.
Bu ya qanadlı sözdür,
ya şeirdir,
ya da əsl zəlzələ.
Sənin üzünə gülə-gülə,
Ayağının altından
çəkib apardılar
bir parça
Vətən torpağını.
Bu söz deyil,
Bu əməldi,
O da başımıza gəldi.
İndi qalmısan baxa-baxa,
Uzaqdan boylanırsan.
Görə də bilmirsən
İtirdiyin o yerlərin
Dərəsini, dağını,
bir parça
Vətən torpağını.

07.10.2003

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri