Müşviq yoxsa Müşfiq?

Sevimli şairimiz Mikayıl Müşfiqi kim tanımır ki? Di, gəl, bu başı bəlalı şairin adını aparıcılar, qəzetçilər, hətta müəllimlər də düz demir.

Müşfiqabad qəsəbəsinin girəcəyindəki lövhədə də Müşviqabad yazılıb.

Müşviq yoxsa Müşfiq?

Kar da eşidib ki, Müşviq yox, Müşfiqdir. Kor da baxıb görür ki, şəfəq sözündəndir.

Tez-tez təkrar olunan bu hərf səhvi məşhur şairimizin ruhunu incitmirmi? Onun vaxtında bir nəfər də onun adını təhrif etməzdi. Çünki, onda adamlar sözləri bilirdilər. Sözün hardan gəldiyindən, necə tələffüz edildiyindən xəbərləri var idi. İndiki nəsil eşitdiyi sözün mənasını bilmir. Biri səhv eləyəndə o biri də ona baxıb səhv eləyir. Dilimizdə işlənən sözləri tanımaq lazımdır. Tanımadığın sözü işlətmə!

Məs: «Azadlıq» qəzetindən bir xəbər (6 may, 2009) «Müşviqabadda həkim xəstəni şikəst elədi». Bu xəbəri yazan müxbirə mən də deyirəm ki: «Sən də ən əziz bir sözü şikəst elədin!»

Heç yatanda yuxuma da girməzdi ki, bu təhrifi Yazıçılar Birliyinin divarında da görə bilərəm. Mikayıl Müşfiqin şəklinin altında «Müşviq» yazılmışdı.

Əhməddə, yoxsa Əhməd də?

Bir var ismin yerlik halındakı da, də şəkilçiləri, bir də var da, də bağlayıcıları.

Son illərdə (deyəsən Azadlığa çıxandan sonra) nədənsə hamı bu iki kateqoriyanı qarışdırır. Bu təhrif çox yayılıb. Yazıçılar, qəzetçilər, aparıcılar, tələbələr, şagirdlər də çaşıb «Əhməd də dəstəyə qoşuldu» deməli ikən, «Əhməddə dəstəyə qoşuldu» deyir (qoşuldu ha, qatıldı yox!). Yaxud «Əhməddə qələm var» deməli ikən, «Əhməd də qələm var» deyirlər. Bu səhv əsasən kompüterlərdən, telekanallardakı «qaçan sətir»lərdən gəlir. SMS-lərdə təkrar-təkrar səslənir. Savadsız müəllimləri olan məktəbdən, testdən gəlir. Bəlkə də lap qəsdən gəlir. Kimsə (ya kimsələr) bizim işlətdiyimiz türkcəni gözdən salmaq istəyir, dolaşdırır.

Əvvəllər 3 dəfə «Qarşı» sözünə qarşı» yazdım. Bir dəfə də «Bu yer məşğuldur» deyilməz dedim. Rus dilindən gələn bu tərcüməni açıb-ağartdım. İndi də, «da», «də»! bunlar xırda qüsurlar deyil. «Böyük səhvlər xırda qüsurlardan doğulur» – demişlər!

Dilini qoruyan elini qoruyar.

Elini qoruyan dilini qoruyar!

Bu yerdə «Speys» telekanalında bir qəribə ifadə eşitdim. Aparıcı deyir ki, «bu parçanı (musiqi parçasını) eşitmək istəyənlər 009 nömrəsinə zəng vursunlar». Canım, gözüm, «nömrəsinə» deyilməz, «nömrəsi» sözündə mənsubiyyət var (kiminsə, nəyinsə). Bizim demək istədiyimiz telefon nömrəsi xüsusi deyil, ümumidir, adidir, bəzək-düzəksizdir. Ya sadəcə demək lazımdır ki, 009-a zəng vurun! Ya da 009 nömrəli telefona zəng vurun! Bazarda, siyasətdə, ticarətdə, vergilərdə xalqa doqquz gəlmək bəs deyilmiş, indi də başlayıblar dilimizə doqquz gəlməyə.

Dil – toxunulmazdır.

Dil – müqəddəsdir.

Dil bilməsən – lalsan.

Səhv danışsan – pəltəksən.

Ana laylasının sözlərini tay-dəyişik salmaq, unutmaq nankorluqdur. Dilə etinasızlıq – anaya, Ana yurda etinasızlıqdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri